ABŞ səfiri Ann Dersi: “ABŞ Azərbaycanla birgə ekstremist və nifrət daşıyan ideologiyalarla mübarizə aparır”

Azərbaycanda 130 illik neft emalı tarixində ilk dəfə emal dərinliyi 80,4% səviyyəyə çatıb
Münasibətlərin yaxşılaşması yalnız Dağlıq Qarabağ münaqişəsinin həlli zamanı mümkün ola bilər
Səməd Seyidov: “AŞ PA-nın münaqişələrlə bağlı yeni alt komitəsi Dağlıq Qarabağ problemini də araşdıracaq”

“Amerika Birləşmiş Ştatları Azərbaycanla birgə əməkdaşlıq edərək ekstremist və nifrət daşıyan ideologiyalarla mübarizə aparır.

Kosovodan İraqa və Əfqanıstana kimi bizim qoşunlar çətinliklərlə üzləşən xalqlara sülh və ədalət qurmaqda kömək edir. İslam Konfransı Təşkilatında müqəddəs İslamın adından ekstremist planları naminə istifadə edənləri ifşa etmək üçün biz birgə mövqe nümayiş etdirmişik”. Bu sözlər ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersinin fevralın 4-də mətbuat üçün yaydığı açıqlamada yer alıb.

Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxil olan açıqlamada səfir bildirib ki, Qəzzadan Kabula qədər qızğın münaqişələr və ümumi maliyyə böhranı kimi saysız-hesabsız çağırışların olmasına baxmayaraq, birgə əməkdaşlıq nəticəsində inkişafa nail olunacaq. “Bu, Amerikada yeni günə olan ümidlərdir. Prezident Barak Obama prezidentliyinin ilk anlarından İslam dünyasına əlini uzadaraq, onlara rəğbətə əsaslanan dialoq aparmağı və anlaşılmazlığı, inamsızlığı aradan qaldırmaq üçün əməkdaşlığı təklif edib. O, andiçmə mərasimində bildirib ki, “Müsəlman aləmi üçün biz qarşılıqlı maraq və hörmət əsasında irəliyə aparan yeni yol axtarışındayıq”. Yeni administrasiyanın ilk günlərindən etibarən Prezident əməllərini sözləri ilə uzlaşdırmağa başlayıb – o, dünyada mənfi rəmzə çevrilən və Kubada, Quantanamo Beydə yerləşən saxlama məntəqəsini bağlamaq üçün addımlar atıb. Barak Obama həmçinin Amerikanın iki ən mötəbər dövlət xadimlərindən olan keçmiş Senator Corc Mitçelı Yaxın Şərq üzrə, uzun illər diplomat kimi çalışan Riçard Holbruku isə Əfqanistan/Pakistan üzrə xüsusi səfir olmağa dəvət edib. Prezident bildirib ki, fəaliyyətinin ilk 100 günü ərzində müsəlman ölkələrindən birinə səfər edəcək və müsəlman aləminə açıq mesaj olaraq, prezident Obama mətbuat üçün ilk müsahibəsini ABŞ-dakı əsas xəbərlər qurumlarına deyil, “Al-Arabia” şəbəkəsinə verib”.

Səfirin sözlərinə görə, prezident müsahibəsində bildirib ki, “mənim vəzifəm müsəlmanlar arasında müstəsna insanların çox olduğunu, onların öz həyatlarını yaşamaq və uşaqlarına daha yaxşı həyat qurmaq istəyində olduğunu amerikalılara aşılamaqdır. Biz, bəzi hallarda, səhvlərə yol veririk. Biz təkmil olmamışıq”. Səfir Amerika ilə islam dünyası arasında körpü yolunu oynamaq üçün prezident Obamanın çox münasib şəxs olduğunu bildirib: “Afrika mənşəli atanın və kanzaslı ananın oğlu olaraq o, öz uşaqlığı haqqında bəhs edəndə, tez-tez İndoneziyanı – dünyada ən çox müsəlman əhalisinə malik olan ölkəni xatırlayır. O, amerikalılara öz müsəlman qohumlarını, Şərqlə Qərbin, Cənubla Şimalın kəsişməsində olan irsini yada salır”.

Səfirin açıqlamasında qeyd edir ki, Barak Obama Amerikanın xarici siyasətinə, Amerikanın dəyərlərinə sadiq qalacağına vəd verib: “Ümumi müdafiəmizə gəldikdə isə, biz təhlükəsizliklə ideallarımız arasında seçim etməyi yanlış hesab edirik. Qurub-yaradan atalarımız bizim təsəvvür etməkdə çətinlik çəkəcəyimiz bəlalarla üzləşiblər, qanunun aliliyi və insan hüquqlarını təmin etmək üçün xartiya tərtib ediblər, o xartiya ki, nəsillərin tökdüyü qanla genişləndirilib. Həmin ideallar hələ də dünyamıza işıq saçmaqdadır və biz onlardan rasionallıq xətrinə imtina etməyəcəyik”. Prezident bu sözləri andiçmə mərasimində söyləyib: “Və mən həmçinin, ən böyük paytaxt şəhərlərindən atamın doğulduğu kiçik kəndə kimi, bu gün bizi izləyən bütün insanlara və hökumətlərə də üzümü tutub deyirəm: bilin ki, Amerika sülh və şərəfli həyat axtarışında olan hər bir xalqın, kişinin, qadının və uşağın dostudur. Və biz bir daha liderlik etməyə hazırıq”. /APA/