Sual-cavab

AVCİYA Regionlarda tədbirlərə start verdi
“Ailə institutunun möhkəmləndirilməsi məqsədilə gənclər üçün psixoloji və hüquqi yardımların təşkili” layihəsinin icrasına başlanıb
Sabirin yaradıcılığına həsr olunan qiraət müsabiqəsinə start verilib

Hörmətli oxucular, AVCİYA-nın təqdim etdiyi seçki səhifəsində seçkilərlə bağlı suallara, sizləri maraqlandıran, narahat edən problemlərə aydınlıq gətirmək istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Rubrikamız vətəndaşlarımızın maarifləndirilməsi məqsədilə hazırlanır. Sizin seçkiləri əhatə edəcək çoxsaylı suallarınızı AVCİYA-nın hüquqşünasları cavablandırır.

– Milli Məclisə seçkilər zamanı namizədliyin qeydə alınması üçün neçə seçici imzası tələb olunur və bir seçici bir neçə namizədə imza verə bilərmi?
– Seçki Məcəlləsinin 147-ci maddəsinə əsasən Milli Məclisə seçkilər zamanı namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Prezident seçkilərindən fərqli olaraq Milli Məclisə seçkilərdə bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər.

– Seçkilərdə namizədliyin qeydə alınması üçün imzaların yığılıb təqdim olunması kifayət edirmi?
– İmzaların yığılması kifayət deyil. Seçki Məcəlləsinə görə imza vərəqələri ilə yanaşı müvafiq seçki komissiyasına digər sənədlərin də təqdim olunması şərtdir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58-ci maddəsinin tələblərinə müvafiq olaraq irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi seçki komissiyasına aşağıdakı seçki sənədlərini də təqdim etməlidir: irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri, seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi, namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat, mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat, namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə).

– Qeydə alınmış namizəd kampaniya dövründə işdən azad olunurmu və bu zaman onun əmək haqqı ödənilirmi?
– Seçki Məcəlləsinin 70-ci maddəsinə görə qeydə alınmış namizəd müraciət etdiyi halda həmin namizədin işlədiyi, qulluq etdiyi, oxuduğu, hərbi xidmətdə olduğu və ya hərbi xidmət keçdiyi dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının rəhbərliyi müvafiq seçki komissiyasında namizədin qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək onu işdən, tədrisdən, xidmətdən ödənilməyən məzuniyyət verilməsi əsasında istənilən gün və vaxt azad etməlidir. İşdən, tədrisdən, xidmətdən azad olunduğu halda, müvafiq seçki komissiyası seçkilərin hazırlanması və keçirilməsi üçün büdcədən ayrılmış vəsait hesabına namizədə onun orta aylıq əmək haqqı (təqaüdü) məbləğində, lakin qanunla müəyyənləşdirilmiş minimum əmək haqqının 20 mislindən çox olmayan haqq ödəməlidir. Qeydə alınmış namizədə pul kompensasiyası əsas iş (təhsil) və ya xidmət yeri üzrə əvəzi ödənilməyən məzuniyyətin verilməsi barədə əmrə əsasən xidməti vəzifədən azad edildiyi dövr üçün ödənilir.
Qeydə alınmış namizəd dövlət orqanının, idarəsinin, təşkilatının və ya bələdiyyə orqanının, təşkilatının, onların vəzifəli şəxslərinin təşəbbüsü ilə işdən, xidmətdən, təhsil müəssisəsindən çıxarıla bilməz və ya razılığı olmadan başqa işə, başqa yerdə işləməyə (oxumağa, xidmət keçməyə) keçirilə bilməz, habelə ezamiyyətə göndərilə bilməz, hərbi xidmətə və ya toplanışa çağırıla bilməz. Qeydə alınmış namizədin seçkilərdə iştirak müddəti, qeydə alındığı gündən başlayaraq, işlədiyi ixtisas üzrə əmək stajına daxil edilir.