Obamanın seçilməsi ilə Azərbaycan – Amerika münasibətləri əhəmiyyətli dərəcədə dəyişməyəcək

Azərbaycan və Estoniyanın enerji təhlükəsizliyi məsələlərinə baxışları oxşardır
Rusiya politoloqlarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinə baxışları
Necə olur ki, Madər Musayev 5 dəfə deputat seçilə bilir, İlham Əliyev iki dəfədən artıq prezident ola bilmir?

 

ABŞ – ın xarici siyasi kursunda Azərbaycana dair hansı dəyişikliklərin olacağını gözləmək olar? ABŞ – ın Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşması dəyişə bilərmi?

Trend News Agentliyi bu suallarla şərh üçün ekspert və politoloqlara müraciət edib.

Azərbaycan Prezidentinin İcra Aparatı ictimai – siyasi şöbəsinin rəhbəri Əli Həsənov: –Azərbaycan – Amerika münasibətləri hər iki xalqın marağı çərçivəsindədir və tərəfdaşlıq müstəvisində davam etdirilməlidir. Ölkəyə kimin başçılıq edəcəyindən asılı olmayaraq, xalqın seçimi əsasında qurulmuş siyasət davam etdirilməlidir.

Əlbəttə, ən yaxşı prezident xalqın seçdiyi şəxsdir. Amerika xalqı bu gün Barak Obamanı seçibsə, onun fəaliyyətində məhz xalqın istək və ümidləri öz əksini tapacaq. Bu isə Azərbaycanın xeyrinədir;ölkəmizin dövlət maraqları Amerika xalqının maraqları ilə üst – üstə düşür. 

Hər hansı bir diasporun təsiri altında formalaşmış siyasət əksər hallarda amerikalıların maraqlarına cavab vermir. Daha konkret – erməni diasporunun Amerika hökumətinin siyasətini istiqamətləndirmək cəhdləri Amerika xalqının maraqlarına cavab vermir. Buna görə, düşünürük ki, kimin prezident olmasından asılı olmayaraq, Amerikada ümumi və milli marağa, dövlət maraqlarına üstünlük veriləcək. Bu siyasət isə, Azərbaycanın maraqlarına cavab verir. Təəssüf ki, Amerikanın siyasəti yalnız Amerika xalqının istəkləri əsasında deyil, bəzən hər hansı diasporun təsiri altında formalaşır. Bu isə, dövlətlərimizin ümumi maraqlarına cavab vermir.

ABŞ – ın Azərbaycandakı səfiri Enn Dersi: ABŞ gələcəkdə də Azərbaycanla ikitərəfli münasibətlərin inkişafına doğru istiqamət götürəcək, Birləşmiş Ştatların yeni hökuməti isə, yalnız məqsədlərə çatmaq üçün istifadə edilən üsulları dəyişəcək. Məqsəd eyni qalacaq – regionda sülh və sabitliyin əldə edilməsi. ABŞ üçün regionda əsas fokus enerji təhlükəsizliyi, demokratiyanın və regionda sabitliyin inkişafı planında ikitərəfli münasibətlərin irəliləməsi olacaq. Azərbaycan gələcəkdə də ABŞ -ın xarici siyasətində vacib yer tutacaq.

Azərbaycanın müstəqil politoloqu Rüstəm Məmmədov: Amerikanın maraqları prezidentlərin maraqlarından üstdə dayanır və dövlət başçısı bu maraqlara hər hansı bir dəyişiklik etmək istəsə, bu dəyişiklikləri bütün dövlət strukturları ilə razılaşdırmalıdır. Ola bilsin, idarəetmə modelində hansısa təkmilləşdirmələr olsun. Lakin çox ehtimal ki, bu, yeni prezidentlə deyil, Amerika dövlətçiliyinin fəaliyyətində yeni mərhələ ilə bağlı olacaq. İstənilən halda, düşünmürəm ki, ABŞ – ın siyasətində hansısa ciddi dəyişikliklər gözləmək olar. Bundan əlavə, Barak Obama Bakıda olub və vəziyyətlə yaxşı tanışdır. Çalışmaq lazımdır ki, ABŞ gələcəkdə də Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etsin.

Azərbaycanın müstəqil politoloqu Vəfa Quluzadə: – Hesab edirəm ki, ABŞ – ın yeni prezidenti Buşun hakimiyyəti dövründə buraxılmış səhvləri və xüsusilə də İslam dünyası ilə bağlı səhvləri düzəldəcək. Bu seçkilərlə ABŞ özünün demokratikliyini sübut edib. Çoxları Barak Obamanın erməniyönlü əhvallı prezident olmasından danışsalar da, hesab edirəm ki, o, Ermənistanı Rusiyanın əsarətindən çıxarmağa çalışmalı və ona qonşuları ilə normal münasibətlər qurmaqda kömək etməlidir. Çoxları bundan fayda görəcək, Ermənistan qonşuları ilə münasibətlərini yaxşılaşdıracaq, Dağlıq Qarabağ isə, Azərbaycanın tərkibinə qayıdacaq.

Azərbaycan müxalifətini təmsil edən sağ – mərkəzçi Müsavat Partiyasının başqanı İsa Qəmbər: – Adətən, ABŞ – da hakimiyyətə yeni prezidentin gəlməsi xarici siyasətdə kəskin dəyişikliklərə səbəb olmur. Çünki ABŞ -ın oturuşmuş, konseptual əsaslara malik xarici siyasəti var. Yeni prezidentlər xarici siyasəti ABŞ -ın maraqlarına uyğun şəkildə davam etdirirlər. İndiki mərhələdə isə, Barak Obamanın prezident seçilməsi ilə bağlı bəzi dəyişikliklərin olması mümkün görünür. Xüsusən də, nəzərə alsaq ki, Obama qondarma erməni soyqırımını tanımaq haqqında fikir bildirib və təhlilçilərin rəyinə görə, yeni prezidentin ABŞ -ın neft sektoru ilə bağlılığı yoxdur. Bu iki amil Barak Obamanın bölgəyə və Azərbaycandakı proseslərə münasibətində fərqli yanaşmalara səbəb ola bilər. Ona görə də, Azərbaycan tərəfi bu reallıqları nəzərə almalı və bölgənin mahiyyətini, problemlərini, Azərbaycanın maraqlarını aydın şəkildə ABŞ – ın elitasına, yeni administrasiyasına çatdırmağa daha çox səylər göstərməlidir.

Hesab edirəm ki, bu yanaşma, Dağlıq Qarabağ münaqişəsinə də aiddir. Bölgədə Rusiya amilinin fəallaşması, Moskva tərəfindən ABŞ -ın bölgədən sıxışdırılmasına cəhdlər göstərilməsi, yəqin ki, ABŞ -ın yeni administrasiyası tərəfindən nəzərə alınmalıdır.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə: – Barak Obamanın prezident seçilməsi Azərbaycan – ABŞ münasibətlərinə əhəmiyyətli dəyişikliklər gətirməyəcək. Hər iki ölkə tərəfdaşdır və Azərbaycan beynəlxalq terrorizmlə mübarizəyə və regionda enerji təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verib. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına gəldikdə isə, düşünürəm ki, ABŞ prezidenti yaxın iki il ərzində fəal surətdə ölkənin daxili siyasətini müdafiə edəcək və yalnız bundan sonra münaqişənin nizamlanması prosesinə fəal surətdə qoşula bilər.

Müxalifəti təmsil edən sağ – mərkəzçi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli: – Yəqin ki, Barak Obamanın prezidentliyi dövründə ABŞ -ın xarici siyasəti əsaslı şəkildə dəyişməyəcək. Çünki ABŞ – da kimin prezident seçilməsindən asılı olmayaraq, bu ölkənin xarici siyasəti dövlətin milli maraqlarına xidmət edir. Bununla yanaşı, müəyyən dəyişikliklər də olacaq. İlk növbədə, Avroatlantik birlik daha da möhkəmlənəcək. Son illərdə Avropa Birliyi ilə ABŞ arasında yaranan çat aradan qalxacaq və artıq ilk gündən avropalılar böyük ruh yüksəkliyi ilə yeni prezidenti təbrik edirlər.

ABŞ son zamanlar Azərbaycanın ərazi bütövlüyünə ciddi dəstək verməyə başlayıb. Bu, ABŞ – ın dövlət mövqeyidir və yalnız indi fəaliyyətdə olan prezident Corc Buş adminisratasiyasının mövqeyi deyil. Biz özümüz də heç bir iş görmədən gözləməməliyik ki, yeni administrasiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necə olacaq. Biz özümüz də təşəbbüs göstərməliyik və ABŞ – Azərbaycan münasibətlərini sıxlaşdırmalıyıq və buna öz töhfəmizi verməliyik ki, ABŞ bu münaqişənin həll olunmasında Azərbaycanın ərazi bötövlüyünü əsas prinsip kimi qəbul etsin.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, parlamentin deputatı Siyavuş Novruzov: – Azərbaycan və ABŞ arasındakı münasibətlər Barak Obamanın prezidentliyi dövründə ciddi dəyişikliklərə məruz qalmayacaq.

ABŞ administrasiyasında demokratların və ya respublikaçıların təmsil olunmasından asılı olmayaraq, Birləşmiş Ştatlar ardıcıl siyasət aparır. ABŞ -ın yeni administrasiyasının mövqeyi Ermənistan – Azərbaycan münaqişəsinin həllinə yönəlib və bu münaqişənin həlli ilk əvvəl ABŞ – a sərfəlidir. /Trend/