BAYRAMOV Soltanağa Nəhmət oğlu (17.10.1936, Lənkəran r-nunun Şürük k. – 23.8.1993) – Azərbaycanın Milli Qəhrəmanı (24.8.1993, ölümündən sonra).
Orta təhsilini Astara rayonunda almışdır. 1957-ci ildə Lənkəran Tibb Məktəbini bitirərək, təyinatla hərbi hospitalda əmək fəaliyyətinə başlamışdır. 1967- ci ildə fizio-terapevt, sonra isə rentgenoloq-texnik vəzifəsində iləmişdir.
Soltanağa Bayramov hospitalda çalışdığı müddət ərzində kollektivin dərin hörmətini qazanmışdır. Hamı onu qayğıkeş, prinsipial, qanunpərəst, ədalətli bir insan kimi tanıyırdı. “Səhiyyə əlaçısı” adını qazanmışdı. Milli Ordumuzun neçə-neçə əsgərinin sağalıb fəal həyata qayıtmasında Soltanağa Bayramovun böyük əməyi olmuşdur.
1990-cü il… Xalqımız çətin sınaqlarla üz-üzə durmuşdu. Xarici dövlətlərin havadarlığı ilə daxili düşmənlər: vətən xainləri, nankorlar, satqınlar respublikanı parçalamaq üçün hər cür rəzil əməllərə əl atırdılar. “Talış Muğan Respublikası” yaratmaq xülyası ilə yaşayan Əlikram Hümbətov öz quldur dəstəsi ilə Azərbaycanın cənub bölgələrində ağır cinayətlər törədirdi. Soltanağa həkim kimi neçə-neçə insan separatçı dəstənin şəxsi ambisiyasının qurbanı oldu, onun haqsız əməllərinin güdazına getdi. Lakin Azərbaycanın mərd oğulları bütün bu çətinliklərə sinə gərərək, cinayətkar dəstələri məhv etdi. 23 avqust 1993-cü ildə keçirilən əməliyyatda qəlbi Vətənə, xalqa sədaqətlə dolu olan Soltanağa Bayramov da öz vətənpərvərlik borcunu ləyaqətlə yerinə yetirdi, quldurlar hərbi hospitala hücum edərkən onlara ciddi müqavimət göstərdi. Lakin döyüşdə onun ömrü qırıldı.
O, faciəli surətdə həlak oldu.
Ailəli idi. Dörd övladı var.
Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Lənkəran şəhərindəki küçələrdən birinə onun adı verilmiş və büstü qoyulmuşdur.Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 52