ƏHMƏDOV Mübariz Əlizadə oğlu

OCAQVERDİYEV Sərxan Surxay oğlu
ƏLİYEV Yunis Əsgər oğlu
NOVRUZOV Ələsgər Xanlar oğlu

(1.1.1963, Sabirabad r-nunun Qaratəpə k. – 24.9.1992, Ağdam r-nunun Abdal-Gülablı k.) – Azərbaycanın Milli Qəhrəmanı (16.9.1994, ölümündən sonra).

1 yanvar 1963-cü ildə Sabirabad rayonunun Qaratəpə kəndində dünyaya göz açmışdır. 1969-cu ildə burada beynəlmiləl orta məktəbə getmişdir. 1977-ci ildə səkkizinci sinfi bitirib, Sankt-Peterburq Kino Texnikumuna daxil olur. Lakin buradakı iqlim şəraitinə uyğunlaşa bilmədiyindən doğma kəndinə qayıdır və təhsilini davam etdirir. 1980-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna (Slavyan Universiteti-red.) imtahan verir. O, üçüncü kursda oxuyarkən ordu sıralarına çağırılır. 1985-ci ildə ordudan tərxis olunduqdan sonra yenidən təhsilini davam etdirir. O, 1988-ci ildən başlayaraq respublikamızda gedən ictimai-siyasi hadisələrə biganə qalmır, meydan hərəkatının fəal iştirakçısı olur.
1989-cu il…Erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başlayır.
Mübariz özünümüdafıə batalyonuna könüllü yazılır və Qarabağın müdafiəsinə qoşulur. O, Ağdam rayonundakı hərbi hissənin bölük komandiri kimi ilk döyüşə atılır. Sonra Dovşanlı, Xramort, Qazançı, Əsgəran, Pircamal, Aranzəmin, Ağbulaq, Yenikənd, Naxçıvanik, Abdal- Gülablı, Kətik, Dəhraz, Xanabad və Şuşa uğrunda gedən döyüşlər… O, mərdliklə vuruşurdu, öz rəşadətilə ad-san qazanmışdı. 1991-ci ildə Müdafiə Nazirliyi ona Türkiyə Respublikasında hərbi təhsil almağı tövsiyə edir. Lakin Mübariz döyüşlərdə iştirak etməyi daha üstün tutur. Ağdam rayonunun Abdal-Gülablı kəndi… 1992-ci ilin 24 sentyabrı… Son döyüş…
Həmin gün kənd erməni işğalçılarından azad edilməli idi. Düşmən gecə yarıdan başlayaraq kəndi ağır silahlarla atəşə tutur . Döyüşçülərimiz qələbə əzmi ilə əks-hücuma keçirlər. Qəflətən yaxınlıqda mərmi partlayır. Mübariz ağır yaralanır. Onu döyüş zonasından uzaqlaşdırırlar. Lakin artıq gec idi. Mübarizi ölümün pəncəsindən xilas etmək mümkün olmadı.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Əhmədov Mübariz Əlizadə oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Sabirabad rayonunun Qaratəpə kəndində Şəhidlər Xiyabanında dəfn edilmişdir. Sabirabad rayonunda büstü qoyulmuşdur.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 69