“Şamaxı qırmızı terrorun hədəfində (XX əsrin 30-40-cı illər repressiyaları)” kitabı

Bu gün təhsil nazirinin iştirakı ilə 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinq keçirilib
Dövlət Vergi Xidməti vergiödəyicilərini qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə çağırır
Bakıda prezident seçkilərində KİV-lərin rol və vəzifələrinə həsr edilən seminar-müşavirə keçirilib

Xalqımıza qarşı XX əsrin əvvəllərindən başlayaraq dəfələrlə repressiya siyasətinin həyata keçirilməsinə baxmayaraq, bugünkü nəslin yaxın vaxtlara qədər bu faciələr barədə çox az məlumatı vardı. Yalnız Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra bu dəhşətli hadisələr haqqında, kommunist rejiminin törətdikləri qırğınlar haqqında tədqiqatlar aparılmasına və yeni – yeni kitablar nəşr olunmasına şərait yarandı.

Bu baxımdan E.Süleymanov, M.Zülfüqarlı və D.Musayevin yenicə çapdan çıxmış “Şamaxı qırmızı terrorun hədəfində (XX əsrin 30-40-cı illər repressiyaları)” kitabı böyük əhəmiyyət kəsb edir. Ön sözdə müəlliflər ermənilərin Azərbaycana köçürülməsi səbəblərini göstərir və qeyd edirlər ki, I Pyotrun siyasi xətti onun varisləri tərəfindən sonralar da davam etdirilmişdi. I (1804-1813-cü illər) və II (1826-1828-ci illər) Rusiya-İran müharibələri nəticəsində Şimali Azərbaycanı işğal edən Rusiya buraya ermənilərin köçürülməsini reallaşdırmağa başladı. Ermənilər Azərbaycanın digər əraziləri ilə yanaşı, Şamaxının Mədrəsə, Sağiyan, Meysəri, Kələxana, Zarxı və s. kəndlərinə də köçürülmüşdü. Kitabda xalqımızın başına gətirilən müsibətlər tarixi faktlarla, bu vaxta qədər geniş oxucu kütləsinə məlum olmayan arxiv sənədləri vasitəsilə göstərilir.

Əsərin maraqlı cəhətlərindən biri budur ki, müəlliflər azərbaycanlıların kommunist rejimi dövründə digər xalqlarla müqayisədə daha çox repressiyaya məruz qalmasının səbəblərini göstərir. Kitabda o dövrdə Şamaxıda repressiyaları həyata keçirmiş vəzifəli şəxslər haqqında da məlumat verilir. Bu həm faktalogiya baxımından əhəmiyyətlidir, həm də oxucu əyani şəkildə görür ki, o dövrdə repressiyanı həyata keçirən inzibati orqanlarda qeyri azərbaycanlılar, əsasən ermənilər çoxluq təşkil ediblər. Kitabda qeyd olunur ki, qonşu xalqlardan fərqli olaraq azərbaycanlıların həm siyası, həm də dolayı yolla milli qırğına məruz qalması repressiyanın miqyasının daha geniş olmasına, daha çox insanın qırılmasına səbəb olmuşdu. Bu kitab Şamaxıda XX əsrin 30-cu illərində baş vermiş repressiyalara aid ilk geniş tədqiqat əsəridir. Kitab yazılarkən yazılı mənbələrlə yanaşı, Qərbdə geniş yayılmış şifahi tarixdən, yəni hadisələrin canlı şahidi olmuş şamaxılıların da xatirələrindən istifadə olunub.     Əsərin birinci fəsli “Təklə faciəsi” adlanır. Çox maraqlıdır ki, müəlliflər Təklə ficiəsini təhlil edərkən ilk növbədə təkləlilərin qədim tarixə malik olduqlarını, soyköklərinin haradan qaynaqlandığını, hansı nəslə mənsub olduqlarını tarixi faktlarla izah edir.

Müəlliflərin qeyd etdiyi kimi, 70 nəfər kəndlinin heç bir günahı olmadan cəzalandırılması repressiyanın miqyasını artırmaq və Moskvaya hesabat vermək məqsədi daşıyıb. Kitabda doğru olaraq qeyd olunur ki, kommunist rejimində iş bacaran insanın bütün qüvvəsini istifadə edib, aradan götürmək kimi metodlar geniş yayılmışdı. Oxucu bir daha şahidi olur ki, repressiya qurbanlarının istər sadə, istərsə də vəzifəli şəxs olsun, hətta partiyaya sadiq olan şəxslərin məhv edilməsi üçün azərbaycanlı olması yetərli idi. Kitabda həmçinin belə hadisələrin Azərbaycanın digər bölgələrində də həyata keçirildiyi qeyd olunur. Minlərlə günahsız insanın məhv edilməsi haqqında faktlar 30-40-cı illər repressiyaları haqqında obyektiv məlumatlar verməklə yanaşı, həmin dövrdə azərbaycanlılar əleyhinə yeridilmiş siyasətin mahiyyətini də üzə çıxarmağa imkan verir.

Müəlliflər repressiyanın acı nəticələrini mərhələ – mərhələ oxucunun diqqətinə çatdırır və sovet totalitar sisteminin qara yellərinin sonrakı illərdə də Təklə üzərindən çəkilmədiyini faktlarla göstərir. 1930-1940-cı illərdə repressiyaya uğrayanların ailə üzvləri sonrakı illərdə də sovet siyasətinin qurbanına çevrilməsi faktları sovet rejiminin antihumanist mahiyyətinin bir daha üzə çıxarılmasına yaxından kömək edir.

İkinci fəsildə biz Şamaxıda keçirilmiş açıq məhkəmə prosesləri ilə tanış oluruq. Oxuculara təqdim olunan bu kitab çox gərgin zəhmətin nəticəsidir. Günahsız insanlara verilmiş işgəncələri oxuyanda dəhşətə gəlməmək mümkün deyil.

Bu kitab Şamaxı ilə bərabər bütövlükdə azərbaycanlıların başına gətirilən müsibətlərin bir sübutudur. Ona görə ki, əsər başdan-başa tarixi faktlarla, sübutlarla qələmə alınıb.

Şamaxıda keçirilən açıq məhkəmədə müttəhimlər kürsüsündə əyləşənlərdən biri olan Həmid Sultanovun uzun müddət o dövrün iqtidarına xidmət etməsinə baxmayaraq, ona olan haqsız münasibət, verilən işgəncələr kommunist rejiminin iç üzünü bir daha üzə çıxarır. Şamaxı prosesi məhz H.Sultanovu sıradan çıxarmaq üçün təşkil olunduğundan, digərlərinin onun güdazına getdiyi ehtimal olunur. Burada müəlliflər çox düzgün bir nəticəyə gəlir: “Bu dövrdə əgər Bakı – Şamaxı şosse yolu deyil, digər rayon ərazisində yol tikintisi həyata keçirilsə idi, onda Şamaxı prosesinin əvəzinə başqa proses, H. Sultanovdan başqa Şamaxıda ittiham olunanların əvəzinə isə başqa şəxslər müttəhim kürsüsündə əyləşərdilər”.

H.Sultanov əsas hədəf olduğundan, prosesin harada cərəyan etməsindən asılı olmayaraq o, məhv edilməli idi. Kitabda Şamaxının rəhbər vəzifədə çalışan insanlarının, eyni zamanda ziyalılarının saxta ittihamlarla cəzalandırılması faktlarla verilir. Eləcə də mühakimə olunanların şəxsi ifadələrinin olduğu kimi verilməsi əsəri daha maraqlı, oxunaqlı edir. Bu hadisələrlə bağlı mətbuatda çıxan yazılar sübut edir ki,o dövrdə həm qorxu, həm də məddahlıqla yazılan məqalə və şeirlər çoxluq təşkil edib. Bu baxımdan Məmməd Rahimin H.Sultanova həsr etdiyi şeir o dövrün bir növ ədəbi simasını əks etdirir.     Müəlliflər Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanan cinayət işlərinə aid sənədlərdən də geniş istifadə edib. Bu mənbələrin çoxunun oxucuya ilk dəfə təqdim edilməsi kitabın elmi əhəmiyyətini daha da artırır.

“Şamaxının repressiya qurbanları” fəslində mərhələ-mərhələ repressiyaya məruz qalmış şamaxılıların tərcümeyi-halı haqqında geniş məlumat alır, Azərbaycan xalqının mənəviyyatına, tarixinə, mədəniyyətinə vurulan zərbələrin acı nəticələrinin şahidi oluruq. Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Mirmöhsün Həkimzadə, Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi Sultan Məcid Qənizadə, mədəniyyət tariximizdə müstəsna yeri olan Abbas Mirzə Şərifzadə, Cenevrə elmi cəmiyyətinin üzvü, 10 dil bilən poliqlot, Azərbaycanda elektrotexnika elminin, bu sahə üzrə ilk təhsil müəssisəsinin banisi, Azərbaycan dilində elektrotexnika dərsliklərinin, elektrotexniki terminlər üzrə ilk türkcə-rusca lüğətin müəllifi Axundov Ağa kimi ziyalılar haqqında çıxarılan cəza hökmlərini həyəcansız oxumaq qeyri-mümkündür. Kitabda həmçinin bu ziyalıların həyatı və yaradıcılığı haqqında verilən məlumatlar ziyalı şəxsiyyətlərimizi tanıtmaq baxımından da çox önəm daşıyır.

Ümumiyyətlə, XX əsr Şamaxı tarixinin öyrənilməsində bu kitabın çox böyük əhəmiyyəti var, mövzu günümüz üçün çox aktualdır. Bu kitab repressiya dövrünün dəhşətlərindən xəbərdar olmaq üçün çox əhəmiyyətli bir mənbədir. Kitab həmçinin gənc nəslin vətənpərvərlik və milli ruhda tərbiyəsində mühüm əhəmiyyətə malikdir. Biz kitabın nəşr olunması münasibətilə müəlliflər E.Süleymanovun, M.Zülfüqarlının, D.Musayevin simasında bütün xalqımızı təbrik edirik.

Əsədli M.R. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  “Bakı xəbər” qəzeti 08 yanvar 2013