QASIMOV İxtiyar Qasım oğlu

SƏMƏDOV Pərviz Əbdüləhəd oğlu
HÜMBƏTOV Fərhad Qənbər oğlu
HACIYEV Əlif Lətif oğlu

QASIMOV İxtiyar Qasım oğlu (22.3.1970, Ağdam r-nunun Salahlı k. – 14.7.1992, Tərtər r-nunun Canyataq k.) – Azərbaycanın Milli Qəhrəmanı (7.12.1992, ölümündən sonra).

22 mart 1970-ci ildə Ağdam rayonunun Salahlı kəndində doğulmuşdur. 1977-ci ildə kənd orta məktəbinin birinci sinfinə getmiş və səkkizinci sinfədək burada təhsil almışdır. İxtiyar 1985-ci ildə Bakıya gəlir və təhsilini kimya-biologiya təmayüllü məktəbdə davam etdirir. Məktəbi uğurla bitirir. O, sənədlərini Gəncə Kənd Təsərrüfatı Akademiyasına verir.     İmtahanları yüksək səviyyədə verərək, aqronomluq fakültəsinə daxil olur. O, ilk kursdan fərqlənməyə başlayır.

Onun torpağa sevgisi, məhəbbəti böyük idi. Bütün fikri soydaşlarımızın öz dədə-baba torpaqlarından qovulmasının qarşısının alınmasında yaxından iştirak etmək idi.

1992-ci ilin yanvarında tələbələr istehsalat təcrübəsinə buraxılmışdı. O, fürsətdən istifadə edib, hərbi komissarlığa müraciət edir. Arzusunu yerinə yetirirlər. O, 836 saylı hərbi hissənin 3-cü batalyonunda əlinə silah götürür. İ.Qasımov döyüşə kəşfiyyatçı kimi başlayır. Seçdiyi düzgün plan nəticəsində Qazançı kəndində ermənilərin üç PDM-i, bir zirehli maşını və onlarla canlı qüvvəsi məhv edilir. İ. Qasımov 15 mayda düşmənin Abdal-Gülablı kəndinə basqınının qarşısının alınmasında xüsusi olaraq fərqlənir.

14 iyul 1992-ci ildə ermənilər Canyataq kəndinə hücuma keçirlər. Döyüş zamanı əsgərlərimizdən bir neçəsi yaralanır. İxtiyar onların düşmən əlinə keçməsindən ehtiyat edərək, özünü qabağa atıb, düşmənlə üzbəüz dayanır. O, əks hücumun qarşısını təkbaşına almağa müvəffəq olur. Yaralıları xilas edirlər. İxtiyarın özü isə qəhrəmancasına həlak olur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Qasımov İxtiyar Qasım oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Salahlı kənd qəbristanlığında dəfn edilmişdir.

Vaxtilə oxuduğu Salahlı kənd orta məktəbi onun adını daşıyır.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 155