Qədim türk törələri: ənənəvi xalq qanunları haqqında

Seşki Qərargahı – “Parlament seçkilərinə hazırlığın I mərhələsinin yekunları”
GUAM-ın baş katibi səsvermənin gedişini müşahidə edib
Əfv Komissiyasının iclasları başa çatıb, siyahı Prezidentə təqdim ediləcək

Böyük Türküstan coğrafiyasına daxil olan Ön Asiya, Qafqaz, Kiçik Asiya, Sayan-Altay dağlarının şimali-qərb bölgəsi, Mərkəzi Asiya, Talas vadisi, Ordos əyaləti, Orxon-Yenisey ətrafı ərazilər, Urmiya gölü hövzəsi, Qara dəniz sahili ərazilərin olduqca əlverişli-coğrafi mövqeyə malik olması qədim türkləri bu ərazilərə bağlamışdır. Ucsuz-bucaqsız çölləri, bol sulu çayları, isti iqlimi və əlverişli coğrafi mövqeyi ilə diqqət çəkən və göz oxşayan bu ərazilər tarixşünaslıqda Türküstan və yaxud da Turan kimi qeyd edilməkdədir. XX əsrin 30-40-cı illərində türk xalqlarının tarixinin araşdırılmasında əvəzsiz xidmətləri olmuş Lev Qumilyov “Qədim türklər” əsərində yazır: “Qərbi Avropa və Çin arasındakı nəhəng ərazi tarixçilərin diqqətini cəlb etməmiş, buna görə də tədqiqat mərkəzindən kənarda qalmışdır. Bu ərazini qədim dövrlərdə yunanlar Skifistan, farslar Turan, çinlilər isə “şimal barbarları” adlandırmışlar”. Qeyd etmək lazımdır ki, Mərkəzi Asiyanı əhatə edən ölkə adı kimi Turan sözü ilk dəfə sasanilər sülaləsindən I Şapura (III əsr) məxsus qaya yazısında çəkilmişdir. Qədim mənbələrdə Turan həm də tayfa adı kimi çəkilir.
Turan adlandırdığımız ucsuz-bucaqsız ərazilərə sahib olan prototürklər bu ərazilər daxilində daima öz yerlərini siklon şəklində dəyişmiş və daha əlverişli yerlərdə məskunlaşaraq ilkin şəhər mədəniyyətlərini formalaşdıra bilmişlər. Buna misal olaraq Surxandərya çayı vadisində aşkar edilmiş Obişir mədəniyyətini, Çaqlin mədəniyyətini, Türkmənistan ərazisində aşkar edilmiş, e. ə V minilliyə aid Ceytun mədəniyyətini, Anau qədim yaşayış məskənini, eləcədə Namazgah və Altun-təpə, Afanasiyev, Okunev arxeoloji mədəniyyətlərini qeyd etmək olar. Burada ilkin şəhər mədəniyyətinə xas maddi-mədəniyyət nümunələri aşkarlanaraq tədqiq olunmuşdur. Nəticədə məlum olmuşdur ki, qədim türklər köçəri həyatla yanaşı oturaq həyata keçid prosesinə daha erkən dövrlərdən qədəm qoymuş və bu kimi qədim yaşayış məskənlərini yarada bilmişlər. Qədim türklər yaşayış evlərini taxtadan və çiy kərpiçdən tikdikləri üçün onlar üzun müddət öz keyfiyyətini qoruyub saxlaya bilmirdi. Nə üçün qədim türklər öz yaşayış yerlərini bu materiallardan tikirdilər? Bu haqda Reha Yılmaz yazır: “Avropalılar hunların çadırlarda və ya taxta evlərdə yaşadıqlarını iddia edərək onların sivilizasiya qura bilməsini inkar edirlər. Amma o dövrdə Çinin özündə də saraylar taxtadan inşa edilirdi. Daş evlərlə müqayisədə taxta evlər qışda daha isti olurdu. Bu da evlərin taxtadan tikilməsinə üstünlük verilməsinə səbəb olmuşdu. “Geostrateji mövqeyi ilə seçilən bu məntəqələr qədim türklərin müvəqqəti deyil əksinə daimi yaşayış yerlərinə çevrilmiş və bəhs olunan dövrdən etibarən bura yaxın olan ətraf ərazilər də türk tayfaları tərəfindən kütləvi surətdə məskunlaşdırılmışdı. İlk olaraq e. ə 1500-cü illərdən etibarən qədim türklər köç prosesinə başlamış və yaşadıqları geniş bölgə Sayan dağlarından Altaylara və Tanrı dağlarına qədər enir, qərbdə Urallara qədər uzanır, cənubda Balxaş gölünü, Xəzər dənizi və şimali-şərq çöllərini əhatə edən böyük bir sahəyə çevrilir. Nəticədə, Xəzər dənizinin cənub-şərqinə qədərki ərazilər demək olarki məskunlaşdırılmışdır. Maldar həyat tərzini üstün tutan türklər mal-qara sürülərinin otarılması üçün güniş çöllük ərazilər axtarışında olduqlarından köç prosesini daha sürətlə keçə bilməmişlər. Köç zamanı türklər vətən daxilində hərəkət etmiş, müəyyən mənada özləri üçün əlverişli məkanları müəyyənləşdirərək ərazilərin sürətlə məskunlaşdırılmasına nail olmuşlar. Bu barədə Məmmədəli Qıpçaq “Türk savaş sənəti” adlı əsərində yazır: “Köçəri heyvandar türklər Turan adlanan öz Böyük Vətənlərinin (Böyük Çöl- nəzərdə tutulur-T.C)” şərqi ilə qərbi, şimalı ilə cənubu arasında (yaşıl ot və su ardınca) köç edirdilər. Türk köçəriliyi ilə qaraçı köçəriliyini eyniləşdirən bəzi adamlar bilməlidirlər ki, türk köçü vətən daxilində baş verirdi.
Bu gün türk tarixşünaslığında mübahisəli məsələlər sırasında ən problemli məsələ türklərin köç prosesi ilə bağlıdır. Bir qrup alimlərin fikirlərinə görə, qədim türklər şərqdən-qərbə köç etmiş və bu proses yüzilliklər boyu davamlı xarakter almışdır. Ələ keşirilmiş ərazilər Turan coğrafi məkanına daxil edilmiş, bir sözlə ərazilərin miqyası daha da genişləndirilmişdir. Digər qrup alimlərin fikirlərinə görə, əksinə qədim türklər qərbdən-şərqə köç etmiş və şərqə doğru ucsuz-bucaqsız çöllərə səpələnmişlər. Bu trayektoriyaya Balkan yarımadası, Qara dənizin şimal sahilləri, Kiçik Asiya, Qafqaz, eyni zamanda Volqaboyu geniş düzənliklər də daxil olmaqla Mərkəzi Asiya ərazilərini əhatə etmişdir. Arxeoloji qazıntılar nəticəsində əldə edilmiş məlumatlara görə yuxarıda adlarını qeyd etdiyimiz ərazilərdən tapılmış maddi-mədəniyyət nümunələrindən, eləcə də qayaüstü rəsmlərdən də aydın olur ki, çox güman ki, bu proses qərbdən-şərqə doğru baş vermişdir. Bunu xüsusilə Qobustan ərazisində aşkarlanmış qayaüstü rəsmlərdən də aydın şəkildə görmək mümkündür. İlk öncə rəsmdə qayıq təsviri verilmiş, qayıqın içərisində insanların əyləşmiş vəziyyətdə üzü şərqə doğru gündoğan istiqamətə üzmələri də fikirlərimizi bir daha təsdiq edir. Görkəmli norveç türkoloqu, arxeoloq Tur Heyerdal da öz məqalələrində dəfələrlə bu haqda fikirlərini bildirmişdir. Onun fikirlərinə görə qədim Qobustan sakinləri dünyada ilk dənizçilər olmuş və onlar Xəzər dənizində sərbəst şəkildə hərəkət edərək şimal, eləcə də şərq istiqamətində üzmüş, Volqa-Don kanalı vasitəsilə Azov dənizə, oradan da Baltik dənizi sahili ərazilərə yayılmışlar. Eyni zamanda O, bir az da irəliyə gedərək norveç xalqının formalaşmasında Azərbaycan türklərinin yaxından iştirak etdiyini qeyd etmişdir. Bir sözlə Mərkəzi Asiya, Xəzər dənizindən şimala uzanan geniş çöllər xalqların siklon formasında hərəkət trayektoriyasını təşkil etmiş və nəticədə qədim türk tayfaları bu və ya digər səbəbdən gah şimala, gah qərbə, gah da əlverişlı şərq ərazilərinə şərbəst şəkildə hərəkət etmişlər. Bu zaman hərbi və iqtisadi cəhətdən daha güclü olan türk tayfa ittifaqları xırda tayfa birləşmələrini öz təsir dairəsinə almış və nəticədə müəyyən lokalizə olunmuş ərazidə türk hökmranlığı ön plana keçmişdir. Beləliklə, e.ə. II minilliyin ortalarından başlayaraq Böyük Çöldə türk hegemonluğunun əsası qoyulmuşdur. Qədim türk tayfalarından olan hunlar Böyük Çölü tamamilə fəth etdikdən sonra burada ilkin dövlətçilik ənənələrinin rüşeymlərini yaradmışlar. Ucsuz-bucaqsız Böyük Çölü nəzarətdə saxlamaq və idarə etmək üçün mütləq dövlət aparatına, güc strukturuna ehtiyac duyulurdu. Qeyd edək ki, bəhs olunan dövrdə türklərin tarixi vətəni olan Turan iki min il ərzində hər iki qitənin paytaxtı rolunu oynamaqla yanaşı, nizam-intizamın da təmin edilməsində güc mərkəzi rolunu oynamışdır. Şərqin-qərbə, eyni zamanda da Qərbin-şərqə hökm etməsinə imkan verilməmişdir. Daima şərqlə-qərb arasında azad ticarət əlaqələrinə təminat verilmiş, bir sözlə xalqların təhlükəsizliyi təmin edilmişdir. Bütün bunlar dəmir nizam-intizama əsaslanan türk dövlətçilik ən-ənələri əsasında idarə olunurdu. Türklər dövlət yaratdıqdan sonra onun işlək mexanizmini- qayda-qanunlar toplusunu işləyib hazırladılar. Ölkədə mövcud qanun-qaydaları qorumaq üçün sərt tədbirlər görülürdü. Müntəzəm olaraq dövlət qanunları təkmilləşdirilirdi. Bir sıra tədqiqatçılarının (Pletnyova, Artamanov, Lev Qumilyov, Biçurin və b.) fikirlərinə görə türk dövlətlərində tətbiq olunan qanunlar dövrünün ən mütərəqqi qanunları hesab olunurdu. İlkin olaraq qədim türklər bunları ən-ənəvi xalq qanunları adlandırırdılar. Burada qərb idarəetmə prinsiplərindən fərqli olaraq Şərqdə-Böyük Çöldə dövlət xaqanın və onun ətrafında , xaqandan tutmuş sıravi əsgərə qədər hər bir türkün əzbər bilib, qeydsiz-şərtsiz yerinə yetirdiyi ilahi Törə-ənənəvi xalq qanunları ilə idarə olunurdu. Burada ənənəvi xalq qanunları dedikdə ilk növbədə xalq tərəfindən müəyyən edilən qaydalar sistemi nəzərdə tutulur. Xalqın mənafeyini yüksək tutan Törə prinsipləri getdikcə təkmilləşdirilərək türk dövlət idarəetmə sisteminin əsasını təşkil etmişdir. Qədim türklərin dini inanclarına görə Göy tanrı türkləri müqəddəs qövm etməklə yanaşı, onların idarə olunması üçün müəyyən qayda-qanunlar sistemini də tətbiq etmişdir. Məhz buna görə idi ki, qədim türklər bu ənənəvi qanunları ilahi qanunlar adlandırıdılar. Qədim türk inancına görə tanrı hökmü olmadan törənin məhvi mümkün deyildi. Bu haqda Bilgə xaqanın öz xalqına ünvanladığı kəlamlar da diqqət çəkicidir: “Ey türk, özünə dön, sən özünə dönəndə böyük olursan. Göylər hökm etməyincə sənin birliyini, sənin törəni heç kəs poza bilməz”. Hər hansı bir şəxs bu qanunları bilərəkdən pozardısa ona sərt şəkildə cəza tədbirləri tətbiq olunurdu. Hazırlanan və təkmilləşdirilən yeni qayda-qanunlar toplusu mütləq ənənəvi xalq qanunlarına-Törəyə əsaslanmalı idi. Ənənəvi xalq qanunlarından irəli gələn məsələlər qədim türklər tərəfindən qeyd-şərtsiz yerinə yetirilirdi. Bu prinsiplər imperiya daxilindəki bütün tayfa və tayfa birliklərinə tətbiq olunurdu. Burada ailə, vətən, ordu, hərb sənətinin tənzimlənməsinə dair məsələlər ön planda dayanırdı. Torpağın, xüsusilə vətənin bölünməzliyi və bağışlanmazlığı prinsipi ən ali məram kimi dəyərləndirilirdi. Bunu hun torpaqlarına mütəmadi yürüşlər təşkil edən monqol dunxu tayfaları ilə hunların münasibətlərindən də görmək mümkündür. Dunxu tayfaları ilə münasibətlərin dinc yolla tənzimlənməsinin tərəfdarı olan Mete xaqan onların torpaq istəklərinin yolverilməz olduğunu dərk edərək nüfuzlu saray məmurları, ordu başçıları, ağsaqqallar arasında məsləhətləşmələr aparır. Məsləhətləşmələr zamanı torpaq məsələsi ilə bağlı bir sıra ziddiyyətli məqamlar üzə çıxır. Ağsaqqallar xaqana yararsız torpaq sahələri uğrunda qan tökülməsinin yol verilməzliyini vurğulayaraq xaqanı bu işdən vaz keçməyə çağırırlar. Lakin Mete xaqan onların bu təkliflərindən qəzəblənərək bildirmişdir: “Torpaq dövlətin təməlidir, torpaq millətindir və babalarımız onu qan axıtmaqla qoruyublar. Millətin malını isə heç kimə vermərəm. Torpaq istəyənlərin bircə cavabı var: onlarla savaşa girmək. Ona görə də mən əmrimi verirəm: hazırlaşın, düşmən üzərinə gedirik”. Belə ki, ilk olaraq böyük hun sərkərdəsi Mete xaqan tərəfindən həyata keçirilən islahatlar da bir növ Törənin möhkəmləndirilməsinə yönəldilmişdi. Mete xaqanın həyata keçirdiyi islahatlar o vaxta qədər mövcud olmuş ənənəvi xalq qanunlarının bir növ rəsmiləşdirilmiş və təkmilləşdirilmiş forması idi. Törə adlandırdığımız ənənəvi xalq qanunları xüsusilə xalq təfəkkürünə əsaslanan ibtidai qaydalar toplusu idi. Mete xaqan isə bəhs olunan Törə qanunlarını rəsmi dövlət qanunları səviyyəsinə qaldırdı və bu adət-ənənələrin zamanın aramsız həmlələrindən və unutqanlığından bir növ xilas etmiş oldu. Xüsusilə Mete xaqanın idarəçilik sisteminin təkmilləşdirilməsi sahəsində atdığı addımlar birbaşa törəyə əsaslanırdı. O, idarəçilik sistemində yeni vəzifə bölgüsünü müəyyənləşdirdi. Belə ki, dövlətin həm şərq, həm də qərb bölgəsində şanyuydan sonra gələn ən yüksək vəzifə cuki knyaz idi. Adətən, Şərqdəki cuki knyaz şanyuyun varisi olurdu. İkinci böyük vəzifə luli knyaz idi. Üçüncü yüksək vəzifə baş sərkərdəyə aid edilirdi. Daha sonrakı pillələrdə böyük duyuy və beşinci pillədə isə böyük danhu vəzifəsi müəyyənləşdirilmişdi. Qeyd edək ki, həm şərq, həm də qərb bölgəsinində bütün bu vəzifələr şanyuy olan soydan çıxmış əyanların əlində idi və irsi bölgəsi var idi. Vəzifə pilləkənində irəlilədikcə həmin zadəganlar vəzifəsinə uyğun bölgə alırdı. Qədim türk törələrinə görə imperiya iki yerə şərq və qərb bölgələrinə ayrılırdı. İmperiyanın qərb bölgəsi tarduş, şərq bölgəsi isə tölis adlanırdı. Tölis və tarduşlara rəhbərlik edən şəxslər şad titulu daşıyırdı. Aşina soyundan olan bütün kişilər tigin (şahzadə) adlanırdı. Vəzifə bölgüsü ilə yanaşı əsilzadə soyların növbə ilə imperiyanı idarə etməsi haqqında məlumatlar da olduqca maraqlıdır. Bu haqda N.Biçurin yazır: “Mete dövründə 24 soydan üçü (Xuyan, Lan, Süybu) əsilzadə soylar hesab olunurdu. Şanyuyun aid olduğu soy Si Lyuandi soyadını daşıyırdı. Şanyuy yalnız bu üç soydan qız ala bilərdi. Deməli, dövlət aparatındakı yüksək vəzifələr bu soyların-zadəgan əyanların əlində idi. Nəzərə alanda ki, vəzifələr irsi idi, bunun nə demək olduğu aydın olur. Çin mənbələrinin verdiyi məlumata görə, hun imperiyasında baş hakim yalnız Süybu soyundan olurdu.
Bəzən tarixşünaslıqda Mete xaqan Hun imperatorluğu daxilində qanunlar müəllifi kimi qeyd olunur. Əslində bu fikir kökündən yanlışdır. Mete xaqan Ölkə ərazisində minilliklər boyu tətbiq olunan və o dövrə qədər qorunub saxlanılan adət və ənənələr toplusunu müasir dillə desək Ana Yasa, Konstitusiya formasına sala bildi və bir növ qanunların hamisi rolunda çıxış etdi. Mete xan dövlət quruculuğu, iqtisadi, hərbi, ailə-məişət və hüquq sahəsində o dövr üçün vacib, mütərəqqi islahatlar həyata keçirtmişdir.Tətbiq olunan yeni qanunlara əsasən silahı lüzumsuz yerə qınından çıxaran adam edam edilməli, oğurluq edən şəxsin nəslinin bütün əmlakı müsadirə olunmalı, yol verilmiş kiçik cinayətlərə görə adamın sifətinə çapıq nişanəsi vurulmalı, andını pozan, satqınlıq edən, ordu xidmətindən boyun qaçıran, fərarilik edən, dövlət sirlərini yayan adamlar edam olunmalı idi.
Mənbələrin verdiyi məlumatlardan aydın olur ki, qanunlara əlavələr və dəyişikliklər zəruri olardısa bu zaman qurultay çağırılır və burada ağsaqqallardan tutmuş yüksək rütbəli məmurlara qədər bütün vəzifəli şəxslər iştirak edirdi. Müasir hüquqi dillə desək qanunlara əlavə və dəyişikliklər qurultayda iştirak edən şəxslərin səs çoxluğu nəzərə alınmaqla qəbul edilirdi. Qəbul olunmuş qanunlar xaqan tərəfindən təsdiq edilirdi. E.ə. 101-ci ildə Böyük hun imperatorluğunda dövlət idarəçiliyində varislik sisteminin tətbiqi haqqında qəbul edilmiş qərar da bunu bir daha təsdiq edir. Demək olar ki, VI əsr müddətində türk dövlətlərində hakim olan idarə etmənin bu forması artıq Göytürk xaqanı Muğan xanın dövründə öz əhəmiyyətini itirdi. Muğan xaqan ölkədə yeni qanun qəbul etdi. Qanuna görə oğul atanın varisi ola bilməzdi, yalnız kiçik qardaş böyük qardaşın varisi hesab oluna bilərdi. Buna görə də Muğan xaqanın ölümündən sonra xaqanlıq taxtına qardaşı Tapo xan keçdi və onun işlərini davam etdirib türk xaqanlığının ərazisini və nüfuz dairəsini daha da genişləndirdi. Göründüyü kimi, imperiyada bəhs olunan dövrdə mükəmməl bir idarəçilik sistemi qurulmuşdu. Dövlətin idarə olunması zamanı ortaya çıxan taleyüklü məsələlər qurultay vasitəsilə həll edilirdi. Reha Yılmaz yazır ki, bu qurultay o dövr üçün indiki parlament rolunu oynayırdı. Bu gün Qərbdə demokratik idarəçilik adlandırılan sistem eramızdan bir neçə yüz il əvvəl hunlar tərəfindən tətbiq olunurdu.
Göründüyü kimi, qədim türk dövlətlərində möhkəm və olduqca sərt qayda-qanunlar tətbiq olunurdu. Məhz bunun nəticəsi idi ki, türklər min kilometirlərlə uzanan ucsuz-bucaqsız turan çöllərinə nəzarət etmiş, onu uzun müddət qorumağa müvəffəq olmuşlar.

Taleh CƏFƏROV, 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası” kafedrasının müəllimi