AVCİYA-nın vitse-prezidenti Ankarada Türkiyə-Azərbaycan qardaşlığının inkişafına dəstək məqsədilə bir sıra rəsmi görüşlər keçirib

Dünyanın ən yaxşı ali təhsil ocaqlarının reytinqi açıqlanıb
ABŞ-ın Pitsburq şəhərində 28 may Azərbaycan Günü elan edilib
1,4 mindən çox şəxsə veteran adı və müvafiq vəsiqəsi verilib

Məhərrəm Zülfüqarlı: “…yüksək səviyyəli görüşlər keçirdik”

“Ankarada Azərbaycan-Türkiyə qardaşlığının inkişafına dəstək üçün silsilə tədbirlər planlaşdırılır”

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitseprezidenti, t.ü.e.d., professor Məhərrəm Zülfüqarlı Ankarada Türkiyə-Azərbaycan qardaşlığının inkişafına dəstək məqsədilə bir sıra rəsmi görüşlər keçirib.

Aldığımız məlumata görə, bu görüşlərdə Azərbaycan Milli Ordusunun 44 günlük müharibədə möhtəşəm qələbəsinin birgə tədqiqi və təbliği əsas müzakirə obyekti olub. Bu görüşlər barədə oxucuları yaxından tanış etmək üçün AVCİYA-nın vitse-prezidenti, t.ü.e.d., professor Məhərrəm Zülfüqarlıya bir neçə sualla müraciət etdik.

– Məhərrəm müəllim, qardaş Türkiyə Cümhuriyyətinin paytaxtında bir sıra görüşlər keçirmisiniz. Xahiş edirik qısa olaraq oxucularımıza bu görüşlərin məqsədi və məramı barədə məlumat verəsiniz.

– Görüşlər barədə qısa məlumat verməmişdən əvvəl sizin qəzetin bütün əməkdaşlarına pandemiyanın hazırkı çətin mərhələsində bizim görüşləri diqqət mərkəzində saxladığınıza görə assosiasiyamız adından təşəkkürümü bildirirəm. Qardaş Türkiyə bizim hamımız üçün ikinci vətəndir. Burada insanların Azərbaycana olan səmimi məhəbbətini hər addımda görüncə adamda milli iftixar hissi daha da artır. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan möhtərəm İlham Əliyev 44 günlük müharibədə möhtəşəm qələbədən sonra çağdaş tariximizin bu şanlı səhifələrini tədqiq və təbliğ etməyi tarixçilər qarşısında bir vəzifə olaraq irəli sürüb. Qardaş Türkiyənin rəsmi şəxsləri, xüsusilə də Türkiyə Cümhuriyyətinin Prezidenti möhtərəm Rəcəb Tayib Ərdoğan öz çıxışlrında bu təşəbbüsə dəstək vermişlər.

Bizim assosiasiya bu təşəbbüsə qoşularaq Azərbaycan, türk və ingilis dillərində “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa” yaddaş kitabını bu ay nəşr edib. Bildiyiniz kimi, AVCİYA çoxcəhətli fəaliyyətində çağdaş tariximizin taleyüklü məsələlərinin tədqiqi mühüm yer tutur. Bu günə qədər bu mövzularda 70-dən artıq kitab nəşr etmişik. Bunlardan Xocalı faciəsinə aid “Milyon imza – bir tələb”, Azərbaycan və ingilis dillərində “Şamaxı soyqırımı”, “Qaradağlı faciəsi”, “Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri”, bunlardan əlavə, “Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi – Göyçay döyüşləri”, “Göyçay döyüşləri Türkiyə tarixşünaslığında” və s. kitablar nəşr olunub. Bunların davamı kimi bayaq adını çəkdiyim Şuşa haqqında kitabımız da bu ay işıq üzü görüb.

Biz hazırda 44 günlük müharibədə şanlı tarix yaradan qəhrəmanlarımızın döyüş rəşadətini tədqiq və təbliğ etməklə məşğuluq. Bu sahədə işlərimizi daha da genişləndirmək, bu işləri qardaş türkiyəli həmkarlarımızla birlikdə davam etdirmək məqsədilə yüksək səviyyəli görüşlər keçirdik və bu görüşlərdə əldə olunan nəticələrdən çox razıyıq.

– Görüşlərinizi konkret kimlərlə keçirdiniz? Görüşlərdə hansı razılaşmalar əldə olundu? Xahiş edirik ki, bu məsələlər barədə ətraflı məlumat verəsiniz.

– Görüşlərdən əvvəl Türkiyə Cümhuriyyətinin banisi, dahi şəxsiyyət Mustafa Kamal Atatürkün və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məmməd Əmin Rəsulzadənin məzarlarını ziyarət etdik. Konkret görüşlərə gəldikdə, qeyd etməliyəm ki, görüşdüyümüz şəxslərin hamısı Türkiyə Cümhuriyyətinin görkəmli şəxsiyyətləri, “Bir millət, iki dövlət” ideyası ilə fəxr edən, Azərbaycanı ürəkdən sevən insanlardır.

İlk görüşümüz TBMM İstanbuldan seçilmiş millət vəkili, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri sayın Şamil bəy Ayrımla parlamentin binasında, millət vəkilinin iş otağında oldu. Daha sonra Ərzurumdan Millət Məclisinə seçilmiş, MHP başqan yardımçısı, sayın professor Dr. Kamil Aydın bəylə görüşdük.

TBMM-də görüşlərdən sonra çoxdan arzuladığım bir elm mərkəzində, Böyük Müstafa Atatürkün əsasını qoyduğu Türk Tarix Qurumunda görüş keçirdik. Görüş Türk Tarix Qurumunun başkanı, professor Dr. Birol Çetin başda olmaqla qurumun əməkdaşları ilə oldu. Bu görüşdə də, əvvəlkilər kimi, ciddi müzakirələr, fikir mübadiləri apardıq. Sonra isə Türkiyə Cümhuriyyətinin ən nüfuzlu universitetlərindən biri olan Ankara Universitetinin rektoru, sayın professor Dr. Necden Ünüvar ilə səmimi görüşümüz oldu. Hörmətli Necden bəylə görüşdən sonra rektor yardımçısı, professor Dr. Hicabi Kırlangıçla görüşüb keçirəcəyimiz tədbirləri planlaşdırdıq.

– Konkret olaraq hansı tədbirləri planlaşdırmısınız?

– Hər şeydən əvvəl onu deyim ki, keçirdiyimiz görüşlərdə müzakirə olunan əsas mövzular “Azərbaycan-Türkiyə qardaşlığının inkişafı”, “Azərbaycan Milli Ordusunun 44 günlük Vətən müharibəsindəki şərəfli qələbəsi”, “İşğaldan azad edilmiş ərazilərimizdəki hazırkı vəziyyət” və s. ibarət idi. Bir də hazırda gündəmdə duran əsas mövzulardan biri Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğanın Ramazan bayramından sonra Şuşaya planlaşdırılan səfəri idi.

Keçirdiyimiz görüşlərdə razılıq əldə olundu ki, Türkiyə Cümhuriyyətinin Prezidenti R.T.Ərdoğanın Ramazan bayramından sonra Şuşaya səfəri ərəfəsi bu səfərə dəstək olaraq bir sıra elmi konfranslar, “dəyirmi masa”lar təşkil olunsun. Bundan başqa, yuxarıda qeyd etdiyimiz mövzularda elmi-tədqiqat işləri aparmaq, Azərbaycan və Türkiyə mütəxəssislərinin iştirakı ilə silsilə tədbirləri davam etdirmək barədə də perspektiv işlərin təşkili üzrə razılıq əldə olundu. Bütün bu tədbirlərin təşkilində başda hörmətli Şamil bəy Ayrım olmaqla, TBMM-in Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaxından dəstək verməsi bizi daha da ruhlandırır və qürur hissimizi artırır.

Bakı-xəbər