HƏSƏNOV Səyavuş Həsən oğlu

QƏHRƏMANOV Fariz Çoban oğlu
AQARUNOV Albert Aqarunoviç
MƏMMƏDOV Səfəralı Qurban oğlu

(20.1.1964, Şərur r-nunun Yengicə k. – 25.6.1992, Ağdərə r.) – Azərbaycanın Milli Qəhrəmanı (21.7.1992, ölümündən sonra).

20 yanvar 1964-cü ildə Şərur rayonunun Yengicə kəndində Həsən kişinin ailəsində əkiz oğul dünyaya gəldi. Onlardan birinin adını Səyavuş qoydular. Səyavuş səkkizinci sinfə qədər kənd məktəbində oxuduqdan sonra, təhsilini Bakıdakı 54 saylı texniki-peşə məktəbində davam etdirdi. Rəngsaz peşəsinə yiyələndi. Bir neçə ay Bakı Baş Tikinti İdarəsinin nəzdindəki Evtikmə Kombinatında işlədi. Əsgərlik yaşına çatanda hərbi xidmətə getdi. Stavropol diyarında xidmətini başa vurduqdan sonra yenidən işlədiyi kombinata qayıtdı. Bir müddət keçdi. Evtikmə Kombinatından Tümenə 3 il müddətində işləməyə 300 nəfərlik dəstə göndərilirdi. Səyavuş da bu dəstənin tərkibinə daxil edilmişdi.
1990-cı il yanvarın 20-də əkiz qardaşların ad günü qeyd olunurdu. Elə bu vaxt Moskva televiziyasından verilən acı xəbər bütün azərbaycanlıları sarsıtdı. Qəflətən Bakı şəhərinə ordu yeridilmiş, yüzlərlə günahsız insan qətlə yetirilmişdi. Həmin gecəni sübhəcən oyaq qalan eloğlular ertəsi gün Vətənin harayına çatmaq üçün geriyə – Bakıya dönməyi qərara alırlar. O, Bakıya qayıdan kimi Xalq hərəkatına qoşulur.
Qarabağı qorumaq üçün könüllü müdafiə batalyonu yarananda ona ilk qoşulanlardan biri də məhz Səyavuş oldu. O, Azərbaycanın bir çox bölgələrində: Qazaxda, Goranboyda, Gədəbəydə, Şuşada qeyrətlə vuruşdu, mühüm döyüş tapşırıqlarını layiqincə yerinə yetirdi.
Azərbaycanın alınmaz qalası olan Şuşa xəyanətin qurbanı olanda, Səyavuş bir neçə ay özünə gələ bilmədi. Axı, bu qədim şəhər neçə-neçə igidin qanı bahasına qorunub saxlanmışdı. Şuşadakı uğursuzluqlardan sonra o, Respublika Daxili İşlər Nazirliyinin polis dəstəsinə yazıldı.
1992-ci il iyunun 18-də Ağdərə bölgəsinə yola düşən dəstə bir çox kəndlərin geri alınmasında böyük şücaət göstərdi. 1992-ci il iyunun 25-də dəstəyə növbəti tapşırığı yerinə yetirmək əmri verilmişdi. Bu dəfə Qırmızıkənd düşməndən azad edilməli idi. Dəstə kəndə doğru irəliləyirdi. Birdən güclü atəşlə qarşılaşdılar. Dəstə cəld öz mövqeyini möhkəmləndirib, əkshücumu dəf etməyə başladı. Döyüş getdikcə daha da qızışırdı. Düşmən tankı lap yaxınlığa çatmışdı. Səyavuş yaralı olsa da özündə güc tapa bildi. Ə1 qumbaraatanını işə saldı. Tank bir göz qırpımında alova büründü. Sursatı qurtarmışdı. O, açıq meydanda əliyalın qalmışdı. İgid döyüşçü qəfıldən yerə sərildi. O, son dəfə Vətən göylərina baxdı. Hələ buludlu idi göylər… Ağdərə boyunca Milli Ordunun qələbəsilə döyüşlər hələ davam edirdi…
Cəsur döyüşçünün cəsədi bir həftə sonra döyüş meydanından çıxarıldı.
Ailəli idi.
Azərbaycan Respublikası Prezidentinin 21 iyul 1992-ci il tarixli 69 saylı fərmanı ilə Həsənov Səyavuş Həsən oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 114-115