NƏCƏFOV Yunis İsa oğlu

MƏCİDOV Eldar Tofiq oğlu
ƏMİROV Faiq İsfəndiyar oğlu
RƏHİMOV Cavanşir İzzət oğlu

(31.8.1967, Kəlbəcər r. – 24.8.1992, Kələbəcər r.-nunun Vəng k. ) – Azərbaycanın Milli Qəhrəmanı (7.12.1992, ölümündən sonra).31 avqust 1967-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 1975-ci ildə Xanlar rayonunun Alabaşlı kəndində məktəbə getmiş, 1985-ci ildə Goranboy rayonunun Qarqucaq kənd orta məktəbini bitirmişdir.

Hərbiçiliyə olan marağı onu Bakı Ali Hərbi Komandirlər Məktəbinə gətirir. Yunis ikinci kursdan təhsilini Çelyabinsk Tank Məktəbində davam etdirir. O, 1989-cu ildə leytenant rütbəsi alır və oradakı hərbi hissələrin birində qulluğa başlayır. 1990-cı ildə 20 Yanvar faciəsi ilə bağlı siyasi çıxışlarına görə hərbi sahədən uzaqlaşdırılır. O, Bakıya qayıdır və Biləcəri Dəmiryol İdarəsində çalışmağa başlayır. Burada bir müddət mühəndis işləyir. O, idmana da böyük həvəs göstərirdi. Sambo üzrə idman ustalığına namizəd idi.

Vətənimizin başını qara buludlar alanda gənc leytenant rahatlıq tapmır. O, 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanır və 701 saylı hərbi hissədə bölük komandiri kimi xidməti vəzifəsinə başlayır.

Cəsur döyüşçü Kərkicahan, Malıbəyli kəndlərinin, Şuşa şəhərinin müdafiəsində iştirak edir. Bir müddətdən sonra onu, döyüşə yeni əsgərlər hazırlamaq məqsədilə Bakıya göndərirlər Şuşa və Laçın rayonları ağır sınaqlarla üz-üzə qalanda Y.Nəcəfov yenidən cəbhəyə qayıdır. O, Kəlbəcər kəndlərinin müdafıəsində iştirak edir, bir neçə kəndin geri alınmasında igidlik göstərir. Baş leytenant Y.Nəcəfovun son döyüşü 24 avqust 1992-ci ildə olur. O, Vəng kəndinin azad olunması uğrunda gedən döyüşlərdə böyük rəşadət ğöstərərak, şəhid olur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə baş leytenant Nəcəfov Yunis İsa oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Goranboy rayonunun Qarqucaq kəndində dəfn edilmiş, Goranboy rayonunda və Biləcəri qəsəbəsində büstü qoyulmuşdur.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 225