SENYUŞKİN Sergey Aleksandroviç

ARAZOV Ənvər Talış oğlu
ZÜLFİQAROV Elxan Qaçay oğlu
MUSAYEV Fəxrəddin Musa oğlu

(15.9.1957, RSFSR, Samara vil-nin Sızran ş. – 29.2.1992) – Azərbaycanın Milli Qəhrəmanı (14.9.1992, ölümündən sonra).

1974 ildə Sızran Politexnik İnstitutuna daxil olub, 1975 ildən isə təhsilini Ali Hərbi Təyyarəçilər Məktəbində davam etdirib. 1979 ildə məktəbi bitirdikdən sonra Belorusiya Hərbi Dairəsinə göndərilib. Burada ona əvvəlcə şturman – təyyarə operatoru, sonra isə vertolyot komandiri vəzifəsi həvalə olunub. Mİ-8 və Mİ-24 vertolyotlarının uçuş proqramını da dərindən öyrənib. 1989 ildə Zaqafqaziya Hərbi Dairəsindəki hərbi hissələrdən birinə komandir müavini vəzifəsinə təyin edilib. Birinci dərəcəli təyyarəçi, paraşüt idmanı üzrə ustalığa namizəd idi. 1 fevral 1992 ildən başlayaraq xidmətini Azərbaycan Respublikası Silahlı Qüvvələrində davam etdirib. 843 saylı hərbi hissənin Təlim-Məşq Mərkəzinin təyyarəçi təlimatçısı vəzifəsinə təyin edilib. Mayor S.Senyuşkin Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında yaxından iştirak edib. Təlim-Məşq Mərkəzində Mİ-24 döyüş vertolyotunun uçuşlarını həyata keçirmək üçün hərbi xidmətə gələn mülki təyyarəçiləri hazırlaşdırmaqla bərabər, erməni işğalçılarına qarşı Qarabağda aparılan döyüş əməliyyatlarında iştirak edib. Hərbi vertolyotla Xocalıya uçub, qoca, qadın və uşaqların təhlükəli zonadan çıxarılmasında böyük fədakarlıq göstərib. Yaralanmağına baxmayaraq, öz borcunu layiqincə yerinə yetirib. 29 fevral 1992 ildə qəhrəmancasına həlak olub. Ailəli idi. İki qızı yadigar qalıb. Öz vətənində – Samara vilayətinin Sızran şəhərində dəfn edilib. Bakının Xətai rayonunda adına küçə var.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 255

***

Həyat yoldşı Marina Senyuşkinanın dediklərindən:
“Sergey peşəkar hərbçi idi. O, Rusiyanın və MDB-nin digər yerlərində çalışmışdı. 1992 ildə ona Azərbaycanda iş təklif edildi. Mən o vaxt Azərbaycanı tanımırdım. Mənə bu barədə deyəndə açığı bir az tərəddüd etdim. Adətən hərbçilərin işinə qarışmaq olmazdı. O, ilin əvvəllərində Azərbaycana gəldi, təxminən 10 gündən sonra bizi gətirdi. Gələn gündən Qarabağa göndərildi. O zaman Azərbaycanda peşəkar zabit az idi. Hərbi helikopterlərdən istifadə edənlər isə demək olar ki, yox idi. Sergeyin Hərbi Hava Qüvvələrinin yaradılmasında böyük zəhməti oldu. Evə gələndə isə bizə bir kəlmə də olsun bir söz deməzdi. Xocalı faciəsi zamanı o bir neçə dəfə ora gedib, yaralı insanları təhlükəsiz yerlərə çatdırmışdı. Bunu sonradan onun yanında olanlardan eşitdim.  Sergey həlak olandan sonra düzü, Azərbaycanda qalmaq istəmədik. Fikirləşdik ki, burda heç kimi tanımırıq, bizim üçün burada yaşamaq çətin olar. Sergeyi öz doğulduğu yerdə dəfn elədik. İndi mən Azərbaycanı sanki öz vətənim bilirəm. Buradan ayrılmağı heç ağlıma da gətirmirəm. İki övladım var, düzdür, yanımda yaşamasalar da, tez-tez mənə baş çəkirlər.”
Əd.: “Xocalı yaddaşı”, Bakı, 2017, s. 136