Azərbaycanın və Bolqarıstanın baş nazirləri Bakıdan Sofiyaya ilk birbaşa aviareysin açılışında iştirak ediblər

Təhsil nazirinin müavininin iştirakı ilə yeni tədris ili ilə bağlı onlayn müşavirələr keçirilib
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Turizm Günü çərçivəsində yeni maarifləndirici sayt istifadəyə verilib

Yanvarın 16-da Bakıdan Sofiyaya ilk birbaşa aviareys açılıb.

AZƏRTAC xəbər verir ki, aviareysin açılış mərasimində Azərbaycanın Baş naziri Artur Rasi-zadə və ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bolqarıstanlı qonaqlara Heydər Əliyev Beynəlxalq Aeroportu barədə məlumat verib. O deyib ki, aeroportun yeni aerovağzal kompleksi 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetrdir. 2017-ci ildə aeroport 4 milyondan çox sərnişinə, 55 aviaşirkətə xidmət göstərib. Eldar Hacıyev Bakı-Sofiya aviareysini həyata keçirən “Buta Airways” loukosteri barədə də məlumat verib.

AZAL-ın vitse-prezidenti bildirib ki, dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq “Skytrax” şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunu 4 ulduza layiq görüb. Ötən il Heydər Əliyev Beynəlxalq Aeroportu Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək “Skytrax World Airport Awards” mükafatına layiq görülüb.

Azərbaycanın Baş naziri Artur Rasi-zadə və Bolqarıstanın Baş naziri Boyko Borisov jurnalistlərə açıqlamalarında Bakıdan Sofiyaya ilk birbaşa aviareysin əhəmiyyətindən danışıblar. Bildirilib ki, bu, Bolqarıstanla Azərbaycan arasında iqtisadi, xüsusən də turizm sahəsində əlaqələrin inkişafına mühüm töhfə verəcək.

Xatırladaq ki, Bakı və Sofiya arasında birbaşa aviareysin açılması barədə razılaşma Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev arasında danışıqlar çərçivəsində əldə olunub.

Bolqarıstanın paytaxtı Sofiya Avropa İttifaqında Azərbaycanın ilk loukosteri “Buta Airways”in birbaşa uçuşlar yerinə yetirəcəyi ilk şəhərdir. Uçuşlar həftədə bir dəfə çərşənbə axşamları həyata keçiriləcək.

Sofiyaya həyata keçirilən ilk reysin sərnişinləri arasında Azərbaycanın bir qrup jurnalisti, o cümlədən AZƏRTAC-ın müxbiri də var.