İSGƏNDƏROV Elton Xaləddin oğlu (21.10.1990, Samux r-nunun Əhmədbəyli k. – 18.6.2009, Cəlilabad r.) – Azərbaycanın Milli Qəhrəmanı (25.6.2009, ölümündən sonra).
21 oktyabr 1990-cı ildə Samux rayonunun Əhmədbəyli kəndində anadan olmuşdur. 1997-2008-ci illərdə doğulduğu kənddə orta təhsil almışdır. Elə həmin il Samux rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır.
Onun dünyaya gəlişi elə bir vaxta təsadüf edirdi ki… Bir tərəfdən Qanlı yanvar faciəsi, digər tərəfdən isə Qarabağda erməni ordularının törətdikləri qatı cinayətlər… Elton hələ lap gənc yaşından Vətəni qorumağı, şərəflə xidmət etməyi öyrənmişdi. Hərbiyə getdiyi ilk gündən özünü nümunəvi əsgər kimi göstərərək əsgər və zabitlərin hörmətini qazanmışdı. Elton qısa müddət ərzində Sərhəd Qoşunlarında təlim keçdikdən sonra Cəlilabad rayonunun Göytəpə şəhərindəki «N» saylı Hərbi Hissədə xidmətə başlamışdı. Təsadüfi deyil ki, xidmət etdiyi dövrdə Sərhəd Xidmətinin Komandanlığı tərəfindən dəfələrlə ailəsinə “Təşəkkür məktubu” göndərilmiş, «Dövlət sərhədlərinin mühafizəsində göstərdiyi xidmətə görə» döş nişanı ilə təltif edilmişdi.
18 iyun 2009-cu il… Sərhəd məntəqəsində qəfildən bir qrup sərhəd pozucuları görünür. Daim sərhədi göz bəbəyi kimi qoruyan əsgərlərimiz öz yerlərində möhkəm dayanmışdılar. Az sonra sərhəd pozucuları yaxalandıqlarını hiss edib əsgərlərimizi atəşə tuturlar. Güclü döyüş başlanır. Döyüşün həlledici anıydı. Cinayətkar dəstə sərhədçilərdən yaxa qurtarmağa çahşırdı.Elə bu an cinayətkarlardan biri sərhədçilərimizin cəmləşdiyi mövqeyə qumbara atır. Elton dərhal özünü partlayacaq qumbaranın üzərinə atmaqla zabit və əsgər yoldaşlarını ölümün pəncəsindən xilas edir.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2009-cu tarixli 349 saylı fərmanı ilə İsgəndərov Elton Xaləddin oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Samux rayonunun Əhmədbəyli kəndində dəfn edilmişdir.
Subay idi.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 139