AVCİYA Seçki Qərargahı prezident seçkiləri ilə bağlı həyata keçirdiyi KİV-in monitorinqini və hesabatını açıqlayıb

Şamaxıda Mirzə Ələkbər Sabirə həsr edilən kitabların təqdimatı olub
AVCIYA bələdiyyə seçkiləri ilə əlaqədar seminarlara Şirvandan başladı
AVCİYA təmsilçisi ATƏT /DTİHB nümayəndələri ilə görüşdü

Azərbaycanda Vətəndaş  Cəmiyyətinə Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı prezident seçkiləri ilə bağlı həyata keçirdiyi KİV-in monitorinqini və hesabatını açıqlayıb.

APA-nın məlumatına görə, Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirib  ki,  hesabat və monitorinq may ayından bu  yana qədərki dövrü əhatə edir.

M.Zülfüqarlının sözlərinə görə, AVCİYA seçki qərargahı tərəfindən bu günədək 25 rayonda prezident seçkiləri ilə bağlı seminar və təlimlər keçirilib. Regionlarda seçki fəallığı avqust ayından yüksələn xətt üzrə inkişaf edir. Ən passiv ay iyun ayı  oldu. Avqust ayında fəallıq artıb: «Monitorinqimizdə əsas yer tutan məsələlərdən biri seçki administrasiyasının fəaliyyəti olub. ATƏT-in İnsan Haqları Bürosu seçici siyahıları ilə bağlı iradını bildirib. Bu da əhalinin tez-tez yerdəyişməsi, miqrasiyası ilə bağlıdır. Düşünürəm ki, MSK yəqin bu tənqiddən sonra qapı-qapı dəqiqləşdirmə metoduna əl atıb».

Seçki Qərargahının rəhbəri onu da vurğulayıb ki, bu il keçiriləcək Prezident seçkilərinin monitorinqini Avropa Şurasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, MDB-nin və digər beynəlxalq qurumların müşahidə missiyaları həyata keçirəcək. Bu qurumlar Azərbaycanın rəsmi dəvəti ilə seçkilərdə fəaliyyət göstərəcəklər.

Aparılan müşahidələr zamanı məlum olub ki, cəmiyyətdə  9 oktyabr prezident seçkiləri ilə siyasi müzakirələrdə və kütləvi aksiyalarda iştirakla bağlı xüsusi maraq var. Vətəndaşlar çəkinmədən, sərbəst şəkildə siyasi tədbirlərdə, maarifləndirici aksiyalarda iştirak edirlər. İnternet media və sosial şəbəkələrdə seçki ilə bağlı məsələlərin diqqətdə saxlanılması, aparılan müzakirələr vətəndaş fəallığına müsbət təsiri qabarıq hiss olunmaqdadır.

M.Zülfüqarlı qeyd edib ki, AVCİYA 2013-cü il may-avqust aylarında prezident seçkiləri ilə bağlı KİV-in monitorinqinin həyata keçirib. Monitorinq 4 iqtidar, 4 müxalifət və 4 müstəqil olmaqla 12 qəzetin, “Azərbaycan”, “Xalq”, “Azadlıq”, “Yeni Azərbaycan”, “Yeni Müsavat”, “Bizim Yol”, “Xalq Cəbhəsi”, “Ayna-Zerkalo”, “525-ci qəzet”, “Ədalət, “Səs” və “Həftə içi” qəzetlərini əhatə edib: «Yuxarıda qeyd olunan 12 qəzetin monitorinqi sübut edir ki, 4 ay ərzində (may-avqust) ümumiyyətlə seçki xəbərləri xəbərlərin ümumi sayının 12,68%-ni, o cümlədən seçki ilə bağlı xəbərlər 9,80%, informasiya xarakterli seçki xəbərləri isə 2,88% təşkil edib. Fikrimizcə, 4 ay ərzində iqtidar qəzetlərinin müxalifət qəzetlərinə nisbətən seçki xəbərlərinə daha çox yer ayırması əsasən bu düşərgədə vahid namizədin, vahid siyasi kursun mövcudluğu ilə əlaqədardır».

M.Zülfüqarlı qeyd edib ki, AVCİYA regionlarda seçki maarifçilik işinin daha da genişləndirilməsi, iqtidar və müxalifət siyasi partiyalar arasında dialoqun daha da inkişaf etdirilməsi, Milli Məclisdə təmsil olunan partiyalarla yanaşı, parlamentdə təmsil olunmayan, lakin ölkə üzrə geniş fəaliyyəti və strukturları olan partiyalara da dövlət büdcəsindən maliyyə vəsaitinin  ayrılması, şikayətlərə daha operativ baxılmasını təmin etmək üçün “Seçki Məcəlləsi”ndə şikayətlərin verilməsi ilə bağlı müəyyən olunmuş 3 gün müddətinin dəyişdirilməsi və ərizələrin tərtibinin sadələşdirilməsini təklif edir.

AVCİYA alternativ imza yoxlama qrupunun yaradılmasını təklif edib: “Bu, Azərbaycanda yenilikdir. Amma böyük maliyyə tələb edir. Düşünürəm ki, gələcəkdə belə bir qurum yaradıla bilər. Vətəndaş istərsə, onun imzalarını MSK deyil, alternativ qurum yoxlayar”.