Fevralın 15-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı işini plenar sessiya ilə davam etdirib.
AZƏRTAC xəbər verir ki, energetika naziri Pərviz Şahbazov “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətindən danışdı, bu layihənin uğurla icra olunduğunu bildirdi. Cənub Qaz Dəhlizinin seqmentlərinin “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri olduğunu deyən Pərviz Şahbazov bütün seqmentlər üzrə işlərin cədvələ uyğun getdiyini söylədi, bu tədbirlərin həm də layihəni əhatə edən ölkələrdə sosial-iqtisadi inkişafa təkan verdiyini, yeni iş yerlərinin yaratdığını diqqətə çatdırdı. Vurğuladı ki, bu layihənin icrası Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak bildirdi ki, “Cənub Qaz Dəhlizi” layihəsinin əsas seqmentləri üzrə işlər tamamlanıb. TANAP layihəsinin bu il istifadəyə veriləcəyini deyən Berat Albayrak vurğuladı ki, ötən aydan boru kəmərinə sınaq məqsədilə təbii qaz vurulub. Türkiyəli nazir dedi ki, Aralıq dənizinin karbohidrogen resurslarının da gələcəkdə TANAP və TAP layihələri ilə Avropa bazarına çatdırılma imkanları mövcuddur.
Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kunsişvili son illərdə Cənub Qaz Dəhlizinin reallaşdırılması sahəsində görülən işlərin əhəmiyyətini vurğuladı, bu layihə ilə bağlı ölkəsində həyata keçirilən tədbirlərdən bəhs etdi. O, Cənub Qaz Dəhlizinin Gürcüstanın inkişafında müstəsna rola malik olduğunu vurğuladı. Dmitri Kunsişvili layihənin icrası ilə bağlı tərəfdaş ölkələrin göstərdiyi səyləri yüksək qiymətləndirdi.
İtaliyanın iqtisadi inkişaf nazirinin müavini İvan Skalfarotto enerji marşrutlarının şaxələndirilməsinin əhəmiyyətinə toxunaraq bu baxımdan Cənub Qaz Dəhlizinin və onun seqmentlərinin Avropa İttifaqı üçün önəmini vurğuladı. “Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün strateji enerji layihəsidir”, – deyən İvan Skalfarotto əsas seqmentlərdən biri olan TAP kəmərinin İtaliya və Balkan regionu üçün əhəmiyyətini vurğuladı. İtaliyalı nazir müavini ölkəsinin “Cənub Qaz Dəhlizi” layihəsinə güclü siyasi dəstəyini bir daha ifadə etdi.
ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən xanım Syu Saarnio bildirdi ki, Amerika Birləşmiş Ştatları hökuməti Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan “Cənub Qaz Dəhlizi” layihəsini hər zaman qəti şəkildə dəstəkləyib. Bu layihəni böyük nailiyyət adlandıran Birləşmiş Ştatların nümayəndəsi vurğuladı ki, Amerika bundan sonra da dəhliz boyunca bütün tərəfdaşlarla, o cümlədən Azərbaycanla işləyəcək və Avropa Komissiyası ilə bu istiqamətdə işbirliyini davam etdirəcək.
Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsidir. Bu layihə Avropanın enerji təhlükəsizliyi və mənbələri şaxələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.
Bu sözləri isə Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi xanım Baronessa Emma Nikolsondedi. Bildirdi ki, gələcəkdə interkonnektorların tikilməsi Azərbaycan qazının təkcə “Cənub Qaz Dəhlizi” layihəsində iştirak edən ölkələrə deyil, eyni zamanda, digər ölkələrə də çatdırılmasına imkan yaradacaq. Emma Nikolson Azərbaycanın Avropa qaz bazarında etibarlı təchizatçı olduğunu dedi, Birləşmiş Krallıqla Azərbaycan arasında, həmçinin BP ilə SOCAR arasında enerji əməkdaşlığından qürur duyduqlarını söylədi. “Digər Britaniya şirkətlərinin də Azərbaycanda işləməsində maraqlıyıq”, – deyən Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi ölkəmizdə BP və tərəfdaşları üçün əlverişli imkanların yaradıldığını vurğuladı.
Türkmənistan Prezidentinin müşaviri Yaxşıgəldi Kakayev bildirdi ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısı layihə ilə bağlı hazırkı vəziyyəti və qarşıda duran məsələləri müzakirə etmək baxımından müstəsna əhəmiyyətə malikdir. Türkmənistan Prezidentinin müşaviri layihənin bütün seqmentləri üzrə irəliləyişlərin olduğunu da vurğuladı.
“Cənub Qaz Dəhlizi BP-nin ən nəhəng layihələrindən biridir. Xəzər qazını Avropaya çatdıracaq bu layihədə ölkələr arasında birgə əməkdaşlıq qurulub”, – deyən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz vurğuladı ki, BP SOCAR-la birgə Xəzərdən Avropanın mərkəzinə uzanan bu meqalayihəyə sərmayə qoymaqdan qürur duyur. O vurğuladı ki, BP Cənub Qaz Dəhlizinin tərkibinə daxil olan 4 layihədən 2-sinin – “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələrinin operatorudur və bu layihələr üzrə işlər cədvələ uyğun gedir. BP-nin 25 ildir Azərbaycanda uğurla fəaliyyət göstərdiyini deyən Qəri Counz bu illər ərzində şirkətin Azərbaycan hökuməti, SOCAR və digər qurumlarla sıx əməkdaşlıq etdiyini söylədi. Qəri Counz BP-nin Azərbaycanda digər layihələri də həyata keçirməkdə maraqlı olduğunu bildirdi.
TANAP-ın baş direktoru Saltuk Düzyol Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısının əhəmiyyətinə toxundu, tədbirin yüksək səviyyədə təşkil edildiyinə görə minnətdarlığını bildirdi. Rəhbərlik etdiyi layihə barədə məlumat verən Saltuk Düzyol vurğuladı ki, TANAP Cənub Qaz Dəhlizinin mühüm tərkib hissələrindən biridir. O dedi ki, bu boru kəmərinin ötürücülük gücü gələcəkdə daha da artacaq. Saltuk Düzyol layihə çərçivəsində indiyədək görülən işlərdən danışdı. Bildirdi ki, kəmərin 1340 kilometrlik hissəsi artıq tamamlanıb və qaz Əskişəhərə çatdırılıb. Bu ilin iyulunda kommersiya məqsədilə ilk qazın Türkiyəyə verilməsi nəzərdə tutulur. Layihənin ilk fazası üzrə işlərin 99 faizi icra edilib, ikinci fazada isə 80 faiz irəliləyişə nail olunub. Boru kəmərinin dəniz hissəsində işlər tamamlanıb.
TAP-ın icraçı direktoru Luka Şipati Azərbaycan hökumətinin və tərəfdaşların TAP layihəsinin reallaşmasına göstərdikləri qətiyyətli dəstəyi xüsusi qeyd etdi. Cənub Qaz Dəhlizinin strateji əhəmiyyət daşıdığını deyən Luka Şipati TAP layihəsi üzrə işlərin artıq üçdə ikisinin tamamlandığını, boruların hamısının sahələrə çatdırıldığını və 82 faizinin qaynaqlandığını bildirdi. O, layihə üzrə işlərin digər fazaları barədə də geniş məlumat verdi. “TAP cədvələ uyğun icra edilir və təhlükəsizlik bu layihənin əsas prioritetidir”, – deyə icraçı direktor bildirdi.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç dedi:
-Bu, artıq dördüncü görüşümüzdür. Bu illər ərzində görülən işləri müzakirə etdik. Bu il də çox əlamətdar olacaq. Çünki ilk qaz Türkiyəyə çatdırılacaq. 2020-ci ildə isə Azərbaycan qazı Avropaya nəql olunacaq. Ölkələrin nümayəndə heyətləri ilə birgə qarşıda duran vəzifələr barədə danışıqlar aparıldı. Azərbaycan bizim üçün strateji şaxələndirmədə, Avropaya qaz nəqlində vacib tərəfdaşdır. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz dedi:
-Çox əhəmiyyətli toplantıdır. Birgə səylər nəticəsində böyük irəliləyiş əldə olunub. İlk qazın nəql olunması üçün işlərin 99 faizi artıq tamamlanıb. Layihənin icrası zamanı təhlükəsizliyin təmin olunması, ətraf mühitin qorunması təqdirəlayiqdir.
Türkiyənin energetika və təbii ehtiyatlar naziri Berat Albayrak dedi:
-Çox önəmli, dünyaca məşhur layihədən bəhs edirik. Bu layihənin reallaşması cənab İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderliyi, ortaya qoyduqları güclü siyasi iradə nəticəsində mümkün oldu. İyun ayında nəql olunacaq ilk qaz 2020-ci ildə Avropaya çatacaq və bununla da layihə yekunlaşmış olacaq.
Bolqarıstanın energetika naziri Temenuzhka Petkova bildirdi:
-Dövlətimiz və Avropa İttifaqı bu layihənin həyata keçirilməsini çox yüksək qiymətləndirir. Bu, təkcə Bolqarıstanın deyil, Avropanın enerji təhlükəsizliyinin təminatıdır. “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu inkişafı Avropanın qazla təminatı deməkdir.
TANAP-ın baş direktoru Saltuk Düzyol dedi:
-Çox yaxşı bir nöqtədəyik. Boru xəttinin inşası tamamlanmış durumdadır. Sistemli qaz almağa başladıq. Hər şey rəvan gedir. Toplantının önəmi böyükdür, burada görüşüb perspektivləri müzakirə edirik. Avropa İttifaqı da bu layihənin icrasında böyük dəstək olur. Bu layihənin uğurlu olması üçün siyasi dəstək də önəmlidir. Dövlətlərin bu dəstəyini gördük.
TAP-ın prezidenti Volter Peeraer dedi:
-Burada olduğuma görə çox şadam. “Cənub Qaz Dəhlizi” layihəsi yalnız Azərbaycan üçün deyil, eyni zamanda, region ölkələri üçün böyük əhəmiyyətə malikdir. Azərbaycan qazının 2020-ci ildə Avropaya çatdırılması üçün böyük səylər göstərilir. TAP da “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsidir. Bu layihəyə boru kəmərinin əhatə etdiyi ölkələr böyük maraq göstərir.
TAP-ın icraçı direktoru Luka Şipati bildirdi:
-TAP strateji əhəmiyyətli bir layihədir. Bu layihə Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verir. Eyni zamanda, karbohidrogen resurslarına olan tələbatı ödəyəcək. Dövlətlərin dəstəyi ilə 2020-ci ildə Azərbaycan qazı Avropaya nəql olunacaq. “Cənub Qaz Dəhlizi” layihəsinin uğurlu olması üçün çalışırıq. Bu toplantı da müzakirələr aparmaq baxımından əhəmiyyətlidir. Müxtəlif dövlətlərin nümayəndə heyətləri ilə birgə çox məhsuldar müzakirələr apardıq.