Əli Həsənov: Qarabağda erməni muxtariyyətinin yaradılması sonrakı erməni ərazi iddiaları üçün başlanğıc nöqtəsi oldu

Şvıdkoy: “Rusiya Azərbaycan ilə Ermənistan arasında humanitar əlaqələrin qurulmasında vasitəçi olmağa hazırdır”
“ASAN xidmət” mərkəzlərindən yararlanan vətəndaşların sayı 7.3 milyonu keçib
Birləşmiş Krallıq Azərbaycanın etibarlı tərəfdaşıdır və bu, belə də qalacaq

“Xocalı soyqırımı – erməni təcavüzkarları tərəfindən XX əsrin sonlarında Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətdir. Qarabağın Xocalı şəhərinin sakinlərinin kütləvi şəkildə məhv edilməsi bəşər tarixində bu vaxtadək insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi dəyərləndirilir. Xocalı qətliamı Xatın, Liditse, Oradur, Sonqmi, Ruanda və Srebrenitsadakı müdhiş hadisələrdən heç nə ilə fərqlənmir”. Bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov Moskvada çıxan “İrs-Naslediye” jurnalının növbəti nömrəsində dərc olunmuş məqaləsinin birinci hissəsində yazır.

AZƏRTAC xəbər verir ki, Əli Həsənov məqaləsində hələ XIX əsrin əvvəllərində, Rusiyanın Cənubi Qafqazı ilhaq etməsindən sonra ermənilərin İran və Türkiyədən Azərbaycanın əzəli torpağına – Qarabağın strateji əhəmiyyətli dağlıq hissəsinə kütləvi köçürülməsini sübut edən tarixi faktları misal göstərir. “Bu regionda ermənilərin sayının süni artırılması XX yüzilliyin əvvəlində erməni ifrat millətçiləri tərəfindən azərbaycanlıların talanlarına çevrildi. Bu dövrdə erməni şovinistləri “Daşnaksütyun” partiyasının proqramında irəli sürülmüş “böyük Ermənistan” ideyasını rəhbər tutaraq, azərbaycanlıların öz əzəli torpaqlarından qovulmasına yönələn etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirməyə başladılar. 1905-1906-cı illər Bakı, Gəncə, Qarabağ, İrəvan, Naxçıvan, Ordubad, Şərur-Daralagöz, Tiflis, Zəngəzur, Qazax və bir çox şəhərlərdə dinc azərbaycanlı əhalinin kütləvi qanlı talanları ilə xatırlanır, bir çox şəhərlər və kəndlər xarabalığa çevrildi”, – deyə müəllif yazır.

Dağlıq Qarabağda muxtar vilayətin yaranması tarixini xatırladan Ə.Həsənov yazır ki, 1923-cü il iyunun 7-də Qarabağın dağlıq hissəsində Xankəndi mərkəz olmaqla erməni muxtar vilayəti yaradıldı. “Muxtariyyət statusu vilayətin yerli sakinləri olan azərbaycanlıların rəyi nəzərə alınmadan verildi”, – deyə müəllif qeyd edir. Ə.Həsənovun fikrincə, Qarabağda erməni muxtariyyətinin yaradılması nəinki Azərbaycanın inzibati-ərazi bütövlüyünü pozurdu, həmçinin bundan sonrakı erməni ərazi iddiaları üçün başlanğıc nöqtəsi oldu. Eyni zamanda, XX əsrin ortalarında Ermənistandan 150 minə yaxın azərbaycanlı məcburi olaraq köçürüldü.

Məqalədə qeyd olunur ki, 1988-ci ilin fevralında Dağlıq Qarabağda erməni siyasətçilərinin və onların havadarlarının uzun illər ərzində hazırladıqları və vilayətdə vəziyyətin gərginləşdirilməsinə yönəldilən planın reallaşdırılmasına başlanıldı. Sovet rəhbərliyinin açıq-aşkar ermənipərəst mövqeyinə söykənən natamam siyasəti vəziyyətin sonrakı gərginləşməsinə gətirib çıxardı. 1991-ci ilin sonunda Qarabağın dağlıq hissəsində 30-dan çox yaşayış məntəqəsi talan edildi və yandırıldı, 1992-ci ilin əvvəlində erməni qüvvələri DQMV-nin azərbaycanlılar yaşayan sonuncu məntəqəsini işğal etdilər. Daha sonra məqalədə Xocalı soyqırımına gətirib çıxaran hadisələr təfsilatı ilə şərh edilir.

Qeyd edək ki, məqalənin davamı jurnalın növbəti nömrəsində dərc olunacaq.

“Redaktorun sütunu” rubrikasında nəşrin baş redaktoru Musa Mərcanlı oxuculara “İrs-Azərbaycan inciləri” seriyasından ingilis və fransız dillərində səkkizinci kitabının və jurnalın qazax dilində birinci nömrəsinin nəşrindən söz açır. O yazır ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur. Ötən ildən jurnalda bu mövzuya həsr olunmuş rubrika fəaliyyət göstərir. Bundan bir qədər əvvəl isə erməni ifrat millətçiləri tərəfindən dinc azərbaycanlı əhalinin qanlı talanlarının 100 illiyi tamam olur. Bu məşum hadisə hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Baş redaktor Xocalıda baş verən faciəli hadisələri Cənubi Qafqazda müasir etnik təmizləmə mərhələsinin ən dəhşətli epizodu adlandırır. O qeyd edir ki, “İrs-Naslediye” jurnalının yeni nömrəsində həm Xocalı soyqırımına, həm də bu geniş mövzunun digər aspektlərinə həsr olunmuş materiallar verilib.

Bu nömrədə “1918-ci ilin mart soyqırımı belaruslu fotoqrafın gözü ilə”, böyük şair Hüseyn Caviddən bəhs edən “Dahi romantikin taleyi”, habelə “Müsəlman korpusu”, “Azərbaycanın baş örtükləri barədə”, “Erməni folklorunda Azərbaycan mənbələri” və digər məqalələr də yer alıb.

Fəridə Abdullayeva, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva