Bakıda maliyyə cinayətləri ilə mübarizəyə həsr olunmuş seminar keçirilib

Davos Forumu çərçivəsində “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiya keçirilib Prezident İlham Əliyev sessiyada iştirak edib
Heydər Əliyev Beynəlxalq Aeroportu bu il 2,5 milyon sərnişinə xidmət göstərib
Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Nüfuzlu maliyyə və ticarət təşkilatı olan Amerika Banklar Assosiasiyası (BAFT) Bakıda “Financial Crime Compliance Workshop 2018” adlı maliyyə cinayətləri ilə mübarizəyə həsr olunmuş seminar keçirib.

“Kapital Bank”ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birgünlük treninq 2016-cı ildən bu assosiasiyanın üzvü olan “Kapital Bank”ın bilavasitə təşəbbüsü ilə keçirilib. Bakı ilə yanaşı Honq-Konq və Orlandoda da (ABŞ-ın Florida ştatı) belə seminarlar keçiriləcək.

Maliyyə cinayətləri ilə mübarizə heç vaxt öz aktuallığını itirməyib. Müxtəlif sorğuların da göstərdiyi kimi, ötən il dünyada şirkətlərin 49 faizi bu və ya digər şəkildə maliyyə və iqtisadi cinayətlərlə üzləşib. Bu kontekstdə maliyyə sahəsində çalışan əməkdaşların ixtisaslarının artırılmasının əhəmiyyəti daha da artır.

Seminarın iştirakçıları maliyyə cinayətləri ilə mübarizə sahəsində zəruri normativ tələblər, adekvat daxili təşkilatın mövcudluğunun, o cümlədən müştərilər üçün risklərin müəyyənləşdirilməsi və azaldılması üçün “üç müdafiə xətti” prinsipinə əməl olunmasının vacibliyini öyrənib, həmçinin terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulması ilə mübarizə sahəsində yeni tendensiyalar və standartlarla tanış olub. Bankir və komplayens mütəxəssislərinə müştərilərin eyniləşdirilməsi üzrə məsələ və tədbirlərə aid normativ tələblər barədə məlumat verilib.

Azərbaycan iqtisadiyyat baxımından Cənubi Qafqazın ən böyük ölkəsidir. “Cənub Qaz Dəhlizi”, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, “Şimal-Cənub”, Bakı-Tbilisi-Qars dəmir yolu kimi nəhəng layihələr bütün dünyadan investisiyaları cəlb edir və eyni zamanda, beynəlxalq ticarətin və digər ölkələrin iqtisadi inkişafına xidmət edir. Beynəlxalq arenada sürətlə nüfuz yığan Azərbaycan regionun iri nəqliyyat və maliyyə mərkəzinə çevrilir. Bu səbəbdən də maliyyə sektorunun iştirakçıları üçün maliyyə cinayətləri və çirkli pulların yuyulması ilə mübarizə baxımından son tendensiyalar və öncül metodikalar barədə biliklərin vacibliyi önəmlidir.

“Kapital Bank” tərəfindən dəstəklənən BAFT-ın bu seminarı azərbaycanlı bankirlərin ixtisaslaşmasının artmasına böyük töhfə verəcək və fırıldaqçılıqla səmərəli mübarizəyə kömək etməklə maliyyə sektorunun gələcək inkişafını dəstəkləyəcək.