Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə bağlı Qubada respublika elmi konfransı keçirilib

Prezident İlham Əliyev: Gün gələcək, işğaldan azad olunmuş torpaqlarda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək
Ramil Usubov: Ötən il 2698 cinayət törətmiş 1028 cinayətkar qrup zərərsizləşdirilib
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Martın 31-də Quba Soyqırımı Memorial Kompleksinin zalında 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr edilmiş respublika elmi konfransı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Soyqırımlarının dərsləri” mövzusunda keçirilən konfrans “Quba soyqırımı” filminin nümayişi ilə başlayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa HƏBİBBƏYLİ çıxış edərək son iki yüz ildə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışıb. Akademik respublika elmi konfransının dövlətimizin başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən təşkil olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli ağrılarındandır. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub.

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin mərhələlərlə davam etdiyini vurğulayan akademik bildirib ki, 1937-ci ilin qanlı repressiya hadisələrində də tarix sübut edib ki, erməni barmağı çevik şəkildə işləyib. 1946-1948-ci illərdəki deportasiya hadisələri də əslində soyqırımlarının başqa formasıdır. Tarixi Azərbaycan torpaqları olan, təmiz sulu, sərin havalı Qərbi Azərbaycandan azərbaycanlılar zorla şoran, isti rayonlara köçürülməklə onların böyük bir hissəsi məhv edilib. Beləliklə, bu faciələrin baş verməsindən indiyədək 100 minlərlə azərbaycanlı qətlə yetirilib, məscidlər, qəbiristanlıqlar dağıdılıb, kəndlər, qəsəbələr viran edilib.

“Bu hadisələr nəhayət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanması ilə nəticələndi”, – deyən İsa Həbibbəyli qeyd edib ki, Azərbaycanın ovaxtkı rəhbərliyinin zəifliyi, səriştəsizliyi, vətənpərvər mövqe tuta bilməməsi nəticəsində torpaqlarımızın bir hissəsi Ermənistan tərəfindən işğal olundu, minlərlə həmvətənimiz qətlə yetirildi. Səriştəsiz rəhbərliyin bu ədalətsizliyə hətta siyasi-hüquqi qiymət verməyə cürəti çatmadı. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bu hadisələrə obyektiv siyasi-hüquqi qiymət verildi. Ulu Öndərin qəbul etdiyi qərarlar əsasında ölkəmizin arxivləri Azərbaycan elminə, ictimaiyyətinə, dünyaya açıldı və bu hadisələr barədə obyektiv reallıqları öyrənmək mümkün oldu. Məhz həmin dövrdən AMEA-da azərbaycanlılara qarşı soyqırımlarını tədqiq edən daimi komissiya fəaliyyət göstərir. Artıq beynəlxalq aləm XX əsrin əvvəllərində ölkəmizdə azərbaycanlılara qarşı ermənilər tərəfindən soyqırımı həyata keçirildiyini təsdiq edir. Bunu sənədlər, haqq-ədalət, Quba məzarlığı təsdiq edir. Elmi araşdırmalar sübut edir ki, ermənilərin azərbaycanlılara qarşı soyqırımı, terror siyasəti sistemli və məqsədli olaraq törədilib. Məqsəd Azərbaycan torpaqlarını ələ keçirməkdir. Eyni zamanda, aparılan tədqiqatlar göstərir ki, bu hadisənin coğrafiyası daha geniş olub. Orta Asiyadakı müsəlman əhalisinə də eyni vaxtda belə divanlar tutulub. Özbəkistanda baş verən hadisələr Qafqaz hadisələri ilə eyni vaxta düşür və bunun türk-müsəlman əhalisinə qarşı həyata keçirilən vahid siyasətin tərkib hissəsi olduğu elmi dəlillərlə isbat olunur. Qafqaz, Hindistan, Fransa, Rusiya arxivlərindən Azərbaycana gətirilən minlərlə sənəd ermənilərin qaniçən, cəllad, soyqırımının icraçıları olduğunu aydın şəkildə isbat edir. Xocalı soyqırımı da bu hadisələrin davamıdır.

Alim bildirib ki, Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamında məsələyə daha kompleks münasibət ifadə olunub. Sənəddə XX əsrdə baş vermiş hadisələrin soyqırımı, deportasiya və etnik təmizləmə xarakteri daşıdığı çox obyektiv şəkildə öz əksini tapıb. Biz bu gün Quba Soyqırımı Memorial Kompleksində bu konfransı həmin Sərəncama əsasən keçiririk. Quba məzarlığında aparılan tədqiqatlar sübut edib ki, burada vəhşicəsinə qətlə yetirilən Azərbaycan əhalisi, eyni zamanda, onlarla bərabər bu torpaqlarda qədimdən tolerant şəkildə yaşayan digər xalqların nümayəndələrinə qarşı da ermənilər eyni ağır cəzaları, qətliam hadisələrini törədiblər. Quba məzarlığı xalqımızın tolerantlıq, qardaşlıq, həmrəylik abidəsidir. Bu abidə Azərbaycan dövlətinin, xalqının terrora, təcavüzə, işğala “yox”, sülhə, həmrəyliyə “hə” dediyinin bir ifadəsidir.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV çıxış edib.

Azərbaycanlıların soyqırımının 100 illiyi və Quba Soyqırımı Memorial Kompleksi ilə bağlı görülən işlər barədə məlumat verən Əli Həsənov deyib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Prezident Administrasiyasının rəhbəri tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə dair Tədbirlər Planı” təsdiq edilib. Bu gün Quba soyqırımı qurbanlarının xatirəsini anma mərasimi və öz işinə başlayan respublika elmi konfransı da həmin Tədbirlər Planına uyğun olaraq keçirilir. Eyni zamanda, xatırlatmaq istəyirəm ki, dövlətimizin başçısının tapşırığı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 2017-ci il iyunun 5-də “Quba şəhərində Soyqırımı Memorial Kompleksi ilə bağlı bəzi məsələlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən yaradılan Komissiyanın qarşısına Kompleksdə yaranmış vəziyyətin ətraflı öyrənilməsi və məzarlığın durumuna təhlükə törədə biləcək proseslərin qarşısının alınması ilə bağlı təkliflər təqdim etmək vəzifəsi qoyulub. Bu tapşırığa uyğun olaraq, 2017-ci il iyunun 9-da Komissiya tam tərkibdə Quba şəhərinə gəlib, məzarlığa baxış keçirib, burada yaradılmış muzeyin iş şəraiti ilə tanış olub. Komissiya belə bir qənaətə gəlib ki, insan qalıqlarının çürüməsinin sürətlənməsi və torpağın sürüşmə hallarının aktivləşməsi məzarlığın olduğu şəkildə qorunub saxlanmasını çətinləşdirir. Ona görə də həmin ərazidəki insan sümüklərinin dini adət-ənənələrə uyğun dəfn olunması, qəbirüstü xatirə lövhəsinin qoyulması, gələcəkdə zəruri hallarda tarixi araşdırma məqsədilə qazıntı işləri üçün şəraitin yaradılması məqsədəuyğun hesab olunub və bu barədə ölkə rəhbərliyinə məruzə edilib. Artıq Komissiyanın təklifləri nəzərə alınaraq, soyqırımı qurbanlarının qalıqları dəfn edilib və məzarüstü xatirə lövhəsi qoyulub.

Əslində, azərbaycanlıların 1918-ci il soyqırımının Azərbaycan Xalq Cümhuriyyətinin qurulması yolunda xalqımızın üzləşdiyi ən ağır sınaq olduğunu vurğulayan Prezidentin köməkçisi deyib ki, amansız qırğına və ağır itkilərə baxmayaraq, xalqımız bu sınaqdan keçərək öz taleyinə və torpaqlarına sahib çıxdı, Şərqdə ilk müstəqil respublika yaratdı. İki aydan sonra Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili tamam olur. Bu yubileyin respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi üçün Azərbaycan Prezidenti 2017-ci il mayın 16-da xüsusi Sərəncam imzalayıb. Bu Sərəncam tariximizin həmin şərəfli dövrünü daha dərindən öyrənmək üçün yeni imkanlar açır.

Tarixin müxtəlif dövrlərində xalqımız erməni millətçiləri tərəfindən soyqırımı cinayətlərinə, kütləvi qırğınlara, deportasiyalara, etnik təmizləmələrə və terrora məruz qalsa da, həmin hadisələrə heç bir siyasi-hüquqi qiymət verilməsi mümkün olmayıb. Ona görə ki, hər dəfə ermənilər məkrli niyyətlərini öz havadarlarına, başqa sözlə, mərkəzi hakimiyyətə, real güc sahiblərinə arxalanaraq və onların iştirakı ilə həyata keçirirdilər. Bu, 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü illərdə və sonrakı dövrdə də məhz belə olub. Elə bu səbəbdən də soyqırımı faktları gizlədilir və ya təhrif olunmuş şəkildə təqdim edilir, elmi tədqiqat işləri sərt inzibati-ideoloji nəzarət altında aparılırdı. Nəticədə ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində erməni ekspansionist şovinizmi bir daha baş qaldırdı, Azərbaycan xalqı yenidən çətin sınaqlara, deportasiyaya, etnik təmizləməyə, işğala düçar oldu və Xocalı soyqırımı kimi dəhşətli faciə yaşadı.

Çıxışına davam edən Əli Həsənov deyib: “Yalnız müstəqillik illərində keçmişimizin gerçək mənzərəsini yaratmaq və xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət vermək imkanı qazandıq. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman mühüm tarixi əhəmiyyət kəsb edir. Həmin sənəddə XIX əsrin əvvəllərindən müasir dövrümüzə qədər Azərbaycan torpaqlarının zəbti, kütləvi qırğınlar, deportasiya və etnik təmizləmələrlə müşayiət olunan faciələr ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri kimi qiymətləndirilib və 31 mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində aparılan işlər sayəsində faciə ilə bağlı faktlar geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan məlumatlandırılıb. Artıq dünyanın 16 ölkəsi, ABŞ-ın 20-dən çox ştatı hökumət və ya parlament səviyyəsində, habelə İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb”.

Azərbaycan Respublikasının 1996-cı ilin mayında “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında Konvensiya”ya qoşulduğunu xatırladan Prezidentin köməkçisi bildirib ki, bu Konvensiya Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 1948-ci il dekabrın 9-da qəbul olunub. Lakin həmin sənədin qəbulundan 70 il keçməsinə baxmayaraq, hələ də dünyanın bir çox yerlərində soyqırımı cinayətləri baş verir. Bunun başlıca səbəbi dünyada hökm sürən ikili standartlar, beynəlxalq birliyin, xüsusilə də aparıcı dövlətlərin soyqırımı cinayətlərinə vaxtında adekvat münasibət bildirməməsidir. Ona görə də dünyanın mütərəqqi qüvvələri, ictimai, siyasi, elm və mədəniyyət xadimləri soyqırımı cinayətlərinə yol açan etnik, irqi və dini dözümsüzlüyə, düşmənçilik yaradan bütün hallara qarşı qətiyyətlə mübarizə aparmalıdırlar. Digər tərəfdən, Azərbaycanda olduğu kimi, hər bir ölkədə etnik, mədəni və konfessional rəngarəngliyin milli sərvət, bəşəri dəyər kimi qəbul edilməsi, multikulturalizmin və tolerantlığın cəmiyyətin həyat tərzinə çevrilməsinə nail olunması lazımdır.

Elmi konfransın əhəmiyyətinə toxunan Əli Həsənov deyib: “Bugünkü respublika elmi konfransı erməni millətçilərinin insanlığa qarşı əməllərini ifşa etməklə yanaşı, bir daha belə halların baş verməməsi, insanların sülh və əmin-amanlıq şəraitində təhlükəsiz yaşayışının təmin olunması istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü fəaliyyətə ölkəmizin elmi ictimaiyyətinin bir töhfəsidir”.

Mədəniyyət və turizm naziri Əbülfəs QARAYEV çıxış edərək konfransın keçirildiyi Quba Soyqırımı Memorial Kompleksinin olduqca təsirli, insanı çox kədərləndirən, eyni zamanda, böyük düşüncələrə çağıran bir məkan olduğunu deyib. İnsanı düşündürən ilk amil ondan ibarətdir ki, nə qədər vaxt keçsə də, həqiqət öz yerini tapacaq. Bu gün toplaşdığımız məkan bunun əyani təsdiqidir.

Kompleksin yaranma tarixindən danışan nazir bildirib ki, burada tikinti aparılmalı idi və hazırlıq işləri zamanı quyular aşkar olundu. Quyuların birində 500-dən çox insan cəsədinin qalıqları tapıldı və 100 il keçəndən sonra erməni vandalizmini, vəhşiliyini sübut edən bu insan sümükləri torpağın üzünə çıxdı. Azərbaycan Milli Elmlər Akademiyasının, Mədəniyyət və Turizm Nazirliyinin və digər aidiyyəti qurumların 2007-ci ildən 2009-cu ilədək apardıqları tədqiqatlar zamanı müəyyən olundu ki, təkcə bir quyuda 500 deyil, 1500-dən çox insanın kəsilmiş, doğranmış şəkildə qalıqları var.

“Təbii ki, Azərbaycan rəhbərliyi tərəfindən xüsusi qərarlar, sərəncamlar verildi, tədqiqatlar aparıldı və bütün bunlar kompleksin ərsəyə gəlməsinə təkan verdi”, – deyə Əbülfəs Qarayev əlavə edib ki, bu kompleksin inşası ilk gündən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəxsi nəzarəti altında ərsəyə gəlib. Bütün bu işlər Heydər Əliyev Fondunun dəstəyi ilə görüldü və Quba Soyqırımı Memorial Kompleksi kimi bir abidə yaradıldı.

“Bu məkan, eyni zamanda, bizi daim diqqətli və ayıq olmağa çağırır. Bu məkan deyir: baxın və agah olun! Çünki erməni işğalçı siyasəti heç də yalnız torpaqların işğalı ilə məhdudlaşmır”, – deyən nazir bildirib ki, mən iki faktı gətirmək istəyirəm. Bu yaxınlarda Azərbaycan Prezidenti Bərdədə türbənin bərpasından sonra açılışında iştirak etdi. Böyük tarixi məkandır. 1960-cı illərdə – Sovet İttifaqı dövründə Azərbaycanda bərpa təşkilatına rəhbərlik edən erməni kərpicdən tikilmiş o abidənin üzərinə 60 tonluq beton örtüyü qoymuşdu. Məqsəd ondan ibarət idi ki, Azərbaycan xalqına aid olan tarixi abidə getdikcə çöksün, dağılsın. Bu gün bu proses Azərbaycanın işğal altındakı ərazilərində davam edir. Bu gün Azıx mağarasında qanunsuz qazıntı işləri aparırlar, uydurduqları faktlar əsasında özləri üçün saxta tarix yazırlar. Dağlıq Qarabağda bir daş tapdılar və yazdılar ki, bu, Tiqrana kəndinin qalıqlarıdır. Orada Tiqrana kəndi necə ola bilər ki, orada heç vaxt ermənilər yaşamayıblar?! Onlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə köçürülüblər. Bu köçün 150 illiyi ilə bağlı özləri abidə qoymuşdular, onu da dağıtdılar ki, bu iz qalmasın. Bu gün ermənilər bu torpaqlarda yaşayan azərbaycanlının, rusun, gürcünün, ləzginin, yəhudinin və digər millətlərə məxsus olan çörəyi də beynəlxalq səviyyədə öz adlarına çıxırlar. UNESCO səviyyəsində deyirlər ki, lavaş, musiqi, rəqs bizimkidir, hər şey bizimkidir. Bu çirkin siyasət davam edir. Biz beynəlxalq ictimaiyyəti daim məlumatlandırmalıyıq. Biz Azərbaycan xalqının, burada əsrlərlə yaşayan digər xalqların yaratdığı nemətləri, adət-ənənələri qorumalıyıq və gənc nəslə ötürməliyik. Onlar bilməlidirlər ki, bu nemətləri, bu adət-ənənələri burada daimi yaşayan xalqlar yaradıblar. Bədnam qonşularımız isə işğalçılıq siyasəti yürüdərək milli mədəniyyətimizə əl uzadır, ona sahib çıxmaq istəyirlər. Lakin unutmasınlar ki, bu, heç vaxt mümkün olmayacaq. Çünki biz öz sərvətlərimizi qoruyuruq və dövlətimizin siyasəti beynəlxalq səviyyədə ona yönəlibdir. Heç kəs Azərbaycan xalqının mədəni sərvətlərinə, torpaqlarına sahib çıxa bilməz. Bu gün bu məkan bir nümunədir, milli yaddaşımızın bir hissəsidir. Bizim məqsədimiz milli mədəniyyətimizi, milli sərvətlərimizi qoruyub yaşatmaq və dünyaya sübut etməkdir ki, erməni faşizmi bu gün də yaşayır və ona qarşı bütün bəşəriyyət tərəfindən mübarizə aparılmalıdır.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin ƏLİYEV çıxış edərək deyib ki, Azərbaycan torpaqlarında sonradan məskunlaşdırılmış nankor və mənfur ermənilər tarix boyu xalqımıza qarşı bir neçə dəfə dəhşətli soyqırımları törədib, öz məkrli məqsədlərinə çatmaq üçün hər cür vəhşiliyə, vandalizmə əl atıblar. 1918-ci ilin mart ayından etibarən azğın erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüz siyasəti nəticəsində Bakı, Quba, Şamaxı, Göyçay, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilib. Həmin ilin aprel-may aylarında erməni daşnakları Quba qəzasında amansız vəhşiliklər törədib, onlarla kənd, Quba şəhərinin özü talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və yəhudi əhalisi kütləvi surətdə qətlə yetirilib.

İcra başçısı deyib ki, 2007-ci ilin aprel ayında Quba şəhərində torpaq işləri aparılarkən aşkar edilmiş kütləvi məzarlıq erməni vəhşiliklərinin bariz nümunəsi, azərbaycanlıların soyqırımının danılmaz sübutudur. Məzarlıq aşkar edildikdən sonra Quba ziyalıları, ictimaiyyəti ali orqanlara müraciət edərək bu istiqamətdə araşdırmaların aparılmasını xahiş etmişlər. Müvafiq qurumlardan əraziyə mütəxəssislər ezam olunmuş, dərhal tədqiqatların aparılmasına başlanmışdır. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bu kütləvi məzarlıq 1918-ci ilin aprel-may aylarında cəllad Amazaspın ermənilərdən ibarət 3 min nəfərlik quldur dəstəsinin Qubada yerli dinc əhaliyə qarşı törətdiyi vəhşiliyin illər boyu gizli qalan qanlı izidir. Aparılan bütün tədqiqatların və araşdırmaların nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin inşa edilməsi barədə” 2009-cu il 30 dekabr tarixli Sərəncam imzalayıb. Sərəncama müvafiq olaraq 2012-2013-cü illərdə Heydər Əliyev Fondu tərəfindən ümumi sahəsi 3,5 hektar olan Soyqırımı Memorial Kompleksi inşa edilib. Memorial Kompleksin 2013-cü il sentyabrın 18-də dövlət rəsmilərinin iştirakı ilə açılışı olub.

“Memorial Kompleksə respublikamızın rəhbərliyi tərəfindən yetirilən xüsusi diqqət onun yalnız tarixi əhəmiyyəti ilə məhdudlaşmır”, – deyən Ziyəddin Əliyev bildirib ki, Azərbaycan Respublikasının bu gün də Ermənistan tərəfindən təcavüzə məruz qalması, bir milyondan artıq qaçqın və məcburi köçkün faktı, xüsusilə Xocalı soyqırımı onu göstərir ki, millətçi ermənilərin xalqımıza qarşı törətdikləri qanlı cinayətlər heç də bu günün hadisəsi deyil. Bu qırğınların tarixi çox qədimlərə gedib çıxır və 1918-ci il hadisələri məhz həmin tarixin bariz nümunəsidir. Ancaq xalqımızın gözəl bir misalı var, qisas yerdə qalmaz. İnanırıq ki, qüdrətli Silahlı Qüvvələrimiz tezliklə erməni cəlladlarına öz yerlərini göstərəcək, torpaqlarımız işğaldan azad olunacaq, tarixi ədalət bərpa ediləcəkdir.

AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı akademik Yaqub MAHMUDOVçıxışında bildirib ki, bu gün biz Azərbaycan xalqına qarşı soyqırımı cinayətinin törədildiyini sübut edən bir məkandayıq. Biz ona görə buradayıq ki, dövlətimiz öz millətinə, xalqımızın tarixinə dərin qayğı və ehtiramla yanaşır, xalqımızı tarixinə qovuşdurmaqdan ötrü bütün addımları atır.

“Bizim torpaqlarımızda erməni tarixi yoxdur”, – deyən akademik bildirib ki, 1918-ci il mayın 29-da İrəvan onlara verilənə qədər burada erməni dövləti olmayıb. İlk dəfə erməni vilayəti anlayışı çar I Nikolayın fərmanı ilə Türkmənçay müqaviləsi imzalanandan sonra Qarabağ, Naxçıvan İrəvan xanlığının yerində gələcəkdə erməni dövləti yaratmaqdan ötrü Ermənistan vilayəti yaradıldı – Armeniya. Bu, 1828-ci ilə təsadüf edir. Amma tarix saxtalaşdırıldı. Həmin qırğınları törədən qüvvələr təzə tarix yaratdılar. Məqsəd bu regionda başqa xalqların hamısını məhv etmək, türk-islam amilini silmək, Qacarlar İranını və Osmanlı dövlətini aradan qaldırmaqdan ötrü ocaq yaratmaq idi. O ocaq da ondan ibarət oldu ki, erməniləri kütləvi surətdə bizim torpaqlara köçürdülər. İrəvan xanlığının ərazisinə, Naxçıvana gətirdilər, buranın camaatı ayağa qalxdı, onları qovub ərazidən çıxardılar.

Beləliklə, Cənubi Qafqazda tarixin əvvəlki gedişatı pozuldu. Məqsəd yalnız bu idi – türk-islam amilini, yerli xalqları məhv edib “böyük Ermənistan” yaratmaq. Birinci Dünya müharibəsinin gedişində erməniləri inandıra bildilər ki, Osmanlı imperiyasını bölüşdürəcəyik. Erməniləri ruhlandıran, onları qəddarlaşdıran da bu şirnikləndirici vədlər idi.

Azərbaycan dövləti bizim qarşımızda xalqımızın və Vətənimizin həqiqi tarixini yazmaq vəzifəsi qoyub. Bizim institutun alimləri xarici ölkələrin arxivlərində Azərbaycanla bağlı sənədləri ölkəmizə gətiriblər. Bu sənədlər Azərbaycan xalqına, bu regionda türk, müsəlman əhaliyə, digər millətlərin nümayəndələrinə qarşı törədilmiş soyqırımları faktını əyani surətdə təsdiq edir. Ən tutarlı fakt odur ki, vaxtilə İrəvan və ətrafındakı 9 min kvadratkilometr sahəsi olan Azərbaycan torpaqları ermənilərə dövlət yaratmaq üçün verildi. Şərt qoyuldu ki, bir daha Azərbaycandan torpaq istəməməlisiniz, soyqırımını dayandırmalısınız, bu torpaqlarda azərbaycanlılara eyni hüquqları verməlisiniz. Yaradılan Ararat Ermənistan respublikası isə orada dövlət səviyyəsində soyqırımı həyata keçirdi. Şaumyanla, Andraniklə əlaqə yaratdılar və Azərbaycan Xalq Cümhuriyyətini çökdürməkdən ötrü əllərindən gələni etdilər. Amma Azərbaycan xalqı, Azərbaycan dövləti yaşadı.

Bizim arxamızda ermənilərin arxasında olan böyük qüvvələr yox idi. Onlara verilmiş silahlardan da bizdə yox idi. Amma dövlətçilik mədəniyyəti olan Azərbaycan xalqı, türk-islam birliyi mübarizə apardı. Bu, bizim qəhrəmanlıq səhifəmizdir. Bu gün biz yaşayırıq. Biz qüdrətli xalqıq, bizim qədim dövlətçilik mədəniyyətimiz var. Bu gün qarşımızda duran vəzifə ondan ibarətdir ki, müstəqilliyimizi qoruyaq, torpaqlarımızı işğaldan azad edək. Bu yolda hamımıza uğurlar diləyirəm.

Sonra konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz QURBANLI çıxış etdi. Komitə sədri bildirdi ki, bu gün dünyanın hər yerində – harada azərbaycanlılar, harada Azərbaycanın səfirliyi, konsulluğu, harada azərbaycansevərlər varsa, onlar xalqımıza qarşı soyqırımı qurbanlarının xatirəsini yad edirlər. Bu tədbirlərdə son zamanlar soyqırımı ilə əlaqədar yazılan çoxsaylı tədqiqat əsərləri, üzə çıxarılan materiallar barədə ətraflı məlumat verilir. Bu iş mütəmadi aparılmalı, beynəlxalq ictimaiyyətə çatdırılmalıdır ki, ermənilər tarixdə təkcə azərbaycanlılara qarşı deyil, əksər xalqlara qarşı soyqırımları törədiblər. Ermənilər harada məskunlaşıblarsa, orada monoetnik toplum yaratmağa çalışıblar. Bu gün bunu ABŞ-da, Fransada ermənilərin yaşadıqları məhəllələrdə görə bilərik. Erməniləri uşaqlıqdan terror təşkilatının üzvü kimi tərbiyə edirlər. Bu işlərin təşkilində isə erməni kilsəsi öndə gedir. Erməni kilsəsi, əslində, xristian kilsəsinin ayrı bir parçasıdır. Bəlkə də dəqiq tədqiqatlar aparılsa, alimlərin fikirlərinə istinad olunsa, xristianlığa çox da dəxli olmayan bir kilsədir. Bu kilsə, əslində, terror yuvasının başında dayanır və onu qidalandırır. Bu əvvəllər də olub və bu gün də davam etməkdədir. Ermənilər harada olublarsa, ətrafındakılara qarşı özlərini üstün göstərməyə çalışıblar. Əgər çoxluqda olublarsa, digər xalqları əzməyə, məhv etməyə başlayıblar. Azlıqda olduqda isə yazıq cildinə girərək imdad diləyib, pay umublar. Bu gün Rusiyanın Krasnodar vilayətində yaşayan ermənilər orada torpaq iddiası irəli sürürlər. Gürcüstanın Cavaxetiya bölgəsində torpaq iddiası ilə çıxış edirlər. Bu gün artıq onlar Avropada da yaşadıqları yerlərdə torpaq iddiasındadırlar.

Azərbaycanda da ermənilərin törətdikləri soyqırımlarının məqsədi yeni torpaqlar ələ keçirmək idi. Bu torpaqları ələ keçirmək üçün insanları fiziki olaraq məhv edirdilər. Bu əməllərin nəticəsidir ki, ermənilər bu gün Azərbaycanın tarixi torpaqlarında özlərinə dövlət qurub, adına da Ermənistan deyirlər. Əslində bu torpaqların hamısı bizə məxsusdur. Bunu heç bir tarixçi inkar edə bilməz.

“Ermənilər Azərbaycan torpaqlarını mərhələlərlə işğal ediblər”, – deyən Mübariz Qurbanlı bildirib ki, bunun nəticəsində Xalq Cümhuriyyəti dövründə 114 min kvadratkilometr ərazimizdən 86,6 min kvadratkilometri qaldı. Ərazimizə növbəti dəfə göz dikən ermənilər Azərbaycanın 20 faiz torpaqlarını da işğal etdilər. Ermənilər bizim torpaqlarımızı işğal etməklə ərazilərini genişləndirmək siyasətini soyqırımı vasitəsilə həyata keçirirlər. Dünya tarixində minlərlə müharibələr olub. Bu müharibələrdə çox sayda faciələr, qırğınlar baş verib. Amma digər müharibələrdən fərqli olaraq, ermənilər ələ keçirdikləri torpaqlarımızda yaşayan bütün əhalini qovub, ya da tamamilə məhv ediblər.

Ermənilərin törətdikləri soyqırımları yalnız insanların fiziki məhv edilməsi ilə bitmir. Burada mədəniyyətə, dinə, millətə məxsus dəyərlərə qarşı cinayət var. Bu cinayətlər davam etməkdədir. İşğal olunmuş ərazilərimizdə ermənilər bütün tarixi, dini, mədəni abidələrimizi məhv ediblər.

Türk Tarix Qurumunun Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, professor Kamal ÇİÇƏKçıxışında yüz il əvvəl ermənilərin Bakıda, Qubada və digər bölgələrdə Azərbaycanın türk-müsəlman əhalisinə qarşı törətdikləri qanlı cinayətlərin, etnik təmizləmə və soyqırımının qurbanlarının xatirəsinə həsr olunan konfransın əhəmiyyətini yüksək qiymətləndirib. 2008-ci ildə Quba rayonuna səfərini xatırladan türkiyəli tarixçi deyib: “Çayın sahilindəki bu ərazi həmin vaxt istifadə olunmayan yer idi. Hazırda – ovaxtkı səfərimdən on il sonra görürəm ki, burada möhtəşəm Memorial Kompleks inşa olunub və onun daxilində çox tarixi əhəmiyyətli muzey yaradılıb. Bu kompleksin, eləcə də muzeyin inşasına və son dərəcə sanballı tarixi faktların və sənədlərin nümayişi üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Kamal Çiçək diqqətə çatdırıb ki, Quba Soyqırımı Memorial Kompleksi Azərbaycan xalqının yüz il əvvəl ermənilərin qanlı qırğınına məruz qalan qardaş və bacılarının xatirəsinə dərin ehtiramının nümunəsi kimi əbədi qalacaq. Bu abidə həm də soyqırımı qurbanlarının xatirəsinin anılması üçün ziyarətgahdır. Quba Soyqırımı Memorial Kompleksi, həmçinin ermənilərin yox etməyə çalışdığı tarixin məhv edilməsinin mümkünsüzlüyünün göstəricisidir.

Türkiyəli alim deyib ki, ermənilər işğal etdikləri tarixi torpaqlarımızda dövlət qurduqdan sonra bu ərazilərdə türk-müsəlman əhalisinin izlərini silməyə çalışıblar. 2004-cü ildə Ermənistana səfəri zamanı bunun canlı şahidi olduğunu vurğulayan Kamal Çiçək qeyd edib ki, bu ölkənin ərazisində türk-müsəlman əhalisinə aid hər hansı abidə, o cümlədən məscid, hamam, mədəniyyət mərkəzi, karvansaray qalmayıb. Ermənilər işğal etdikləri ərazilərdə türklərin, azərbaycanlıların izlərini silmək üçün var gücləri ilə çalışırlar. Hətta Qubada, Bakıda, Naxçıvanda və digər ərazilərdə törətdikləri soyqırımlarına dair ABŞ arxivlərində saxlanılan sənədləri belə məhv ediblər.

Professor Kamal Çiçək rəhbəri olduğu Türk Tarix Qurumunun Erməni Araşdırmaları Mərkəzinin ermənilərin Azərbaycanda törətdikləri soyqırımları ilə bağlı geniş araşdırmalar apararaq, bu barədə tarixi faktların, məlumatların türk və ingilis dillərində dünya ictimaiyyətinin diqqətinə çatdırdığını bildirib. O, bu sahədə daha səmərəli nəticəyə nail olunmasında azərbaycanlı və türkiyəli alimlərin, tarixçilərin birgə fəaliyyətinin önəmini vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ çıxış edərək dedi ki, məndən əvvəlki natiqlər ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımları haqqında ətraflı məlumat verdilər. Mən bir məsələni əlavə etmək istəyirəm. Bu, tarixi faktdır ki, ermənilər ərazilərimizi işğal ediblər, xalqımıza qarşı soyqırımları törədiblər, insanları öldürüblər, başlarını kəsiblər. Ermənilər bu siyasəti bu gün də davam etdirirlər. Amma onun forması dəyişib. İndi onlar Azərbaycan xalqına qarşı informasiya müharibəsi aparırlar, özü də sapı bizdən olan baltalar vasitəsilə. Mən tam əminəm ki, bu informasiya müharibəsinin də arxasında ermənilər dayanırlar. Yəqin ki, o vaxt da belə satqınlar olub. Onlar olmasaydı, ermənilər bizə qarşı bu cür soyqırımları törədə bilməzdilər.

Biz bir neçə gün əvvəl dini konfessiyaların rəhbərləri ilə birgə tədbir keçirdik və soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət olundu. Müraciətdə ermənilərin xalqımıza qarşı apardığı soyqırımı siyasəti barədə beynəlxalq təşkilatlara ətraflı məlumat verilib. Ona görə də mən burada geniş çıxış etmək istəmirəm.

Mən bu müqəddəs yerdən bir daha çağırış edirəm. Bir tərəfimdə yəhudi, o biri tərəfimdə xristian, udin və Qafqazın müftisi dayanıb. Azərbaycanda soyqırımına məruz qalanlar arasında azərbaycanlılarla bərabər, ləzgilər, yəhudilər, ruslar da olub. Ona görə də biz bu dövləti birlikdə qorumalıyıq. Din xadimləri bu işdə fəal olmalıdırlar. Əlbəttə, din dövlətdən ayrıdır. Amma dindar cəmiyyətdən, dövlətdən, dövlətçilikdən, Vətəndən ayrı ola bilməz. Bu dövlət bizim dövlətimizdir. Ona görə də xaricdən dövlətimizə qarşı aparılan təxribatlara birlikdə cavab verməliyik.

Daha sonra dini konfessiyaların rəhbərləri soyqırımı qurbanlarının xatirəsinə dualar oxuyublar.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov konfransa yekun vurdu.