Gəncə Avtomobil Zavodunda 10 mininci traktor konveyerdən çıxıb

Baş Nazirin müavini Dağlıq Qarabağla bağlı beynəlxalq təşkilatlara çağırış edib
Qüdrət Həsənquliyev: “AŞPA-nı fakt qarşısında qoyub ifşa etməliyik”
Şamaxı: 110 kəndin sakinləri soyqırımına məruz qalıblar

Gəncə Avtomobil Zavodunun (GAZ) istehsalı olan 10 mininci traktor konveyerdən çıxıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə aprelin 2-də “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşko, müavin köməkçisi Sergey Veliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Gəncə Avtomobil Zavodunun direktoru, Milli Məclisin deputatı Xanlar Fətiyev, “Minsk Traktor Zavodu” ASC-nin baş direktoru Fyodor Domatenko, “Minsk Avtomobil Zavodu” ASC-nin direktoru Dmitri Kateriniç, Belarusun Gürcüstandakı səfiri Mixail Miyatnikov iştirak ediblər.

Qonaqlar əvvəlcə müəssisədə yaradılan istehsal və əmək şəraiti, eləcə də traktorların yığım prosesi ilə yaxından tanış olub, zavodun istehsal etdiyi texnikalara baxış keçiriblər. Bir sıra texnikaların istehsal perspektivlərini müzakirə edən qonaqlar və zavod rəhbərliyi gələcək layihələr barədə fikir mübadiləsi aparıblar.

Belaruslu qonaqlara məlumat verilib ki, əsası 1986-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi uzun müddət fasilədən sonra 2004-cü ildə yenidən fəaliyyətə başlayıb. 2007-ci ilin mart ayına qədər müəssisədə “OKA”, “UAZ”, “ÇAN QAN” markalı avtomobillərin yığımı həyata keçirilib.

2006-cı ilin oktyabrında Prezident İlham Əliyevin Belarus Respublikasına səfəri zamanı bağlanmış ikitərəfli müqavilə çərçivəsində “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə Minsk Traktor Zavodu və Minsk Avtomobil Zavodu arasında birgə əməkdaşlığa başlanılıb. Müqaviləyə əsasən Gəncə Avtomobil Zavodunda yeni yığım xətləri quraşdırılıb və 2007-ci ilin martın 27-də ilk “Belarus 80.1” model traktoru konveyerdən çıxıb. Bu gün isə müəssisədə həmin traktorların 10-a yaxın modeli yığılır. Bununla yanaşı, 2007-ci ildən Gəncə Avtomobil Zavodunda 3000-ə yaxın “MAZ” avtomobili istehsal olunub.

Qeyd edilib ki, müəssisənin Belarusla əlaqələri təkcə traktor və avtomobillərin yığılması ilə yekunlaşmır. 2007-ci ilin sentyabrında Belarusun “Dorelektromaş” və “Smorqon aqreqat zavodu” ilə razılığa əsasən, “Belarus” traktorları bazasında asma avadanlığın yığılmasına başlanılıb. 2009-cu ildə “Moqilyovtransmaş” ASC ilə müqavilə imzalanıb və 25 tonluq avtokranların yığılması həyata keçirilib. 2013-cü ildə “Minsk təkərli dartıcılar” zavodu ilə bağlanmış ikitərəfli müqaviləyə əsasən 2014-cü ildən dartıcı avadanlıqların istehsalına başlanılıb. İkitərəfli əməkdaşlıq çərçivəsində Gəncə Avtomobil Zavodunda “MAZ” avtomobillərinin və traktorların yığımı hazırda da davam etdirilir.

Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Gəncə Avtomobil Zavodunun istehsal potensialının artmasının həm şəhərin, həm də respublikamızın iqtisadi inkişafı üçün böyük töhfə olduğunu deyib. Bildirilib ki, Minsk Avtomobil Zavodu ilə bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, 2007-ci il martın 27-də GAZ-da ilk “Belarus” traktoru, bu gün isə 10 mininci traktor konveyerdən çıxıb.

Belarus Respublikası Baş nazirinin müavini Vladimir Semaşko çıxışında ölkələrimiz arasında əlaqələrin öz dinamikliyi ilə fərqləndiyini qeyd edib. Gəncə Avtomobil Zavodu ilə Minsk Traktor və Avtomobil zavodları arasında əməkdaşlığın ildən-ilə inkişaf etdiyini bildirən nazir müavini bu müəssisələrin üçüncü ölkələrə texnikaların ixrac edilməsi istiqamətində yeni layihələr üzərində işlədiyini diqqətə çatdırıb.

“Gəncə Avtomobil Zavodunda yığılan 10 min “Belarus” traktoru, təxminən 3 minə yaxın “MAZ” yük maşını əməkdaşlığın bu formasının özünü doğrultduğunu göstərən real rəqəmlərdir. Bu il imzalanan ikitərəfli strateji əməkdaşlıq memorandumları yaxın vaxtlarda müəssisələr arasında daha sıx iş birliyinin olacağından xəbər verir”, – deyə V.Semaşko əlavə edib.

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov çıxışında Gəncə Avtomobil Zavodunda 10 mininci traktorun konveyerdən çıxmasına həsr edilən tədbirin ölkə iqtisadiyyatının inkişafının göstəricisi olduğunu bildirib. Bu uğurlu əlaqələrin təməlində Prezident İlham Əliyevin 2006-cı ildə Belarusa səfəri zamanı bağlanan ikitərəfli müqavilənin dayandığını deyən Yaqub Eyyubov Azərbaycan iqtisadiyyatının yüksək templə inkişaf etdiyini vurğulayıb. Həmçinin Yaqub Eyyubov dövlətimizin başçısının “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin fəaliyyəti ilə daim maraqlandığını və ondan öz qayğısını əsirgəmədiyini diqqətə çatdırıb. Baş nazirin birinci müavini ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.

Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev müəssisədə həyata keçirilən müştərək layihələrin səmərəli nəticələr verdiyindən məmnunluq ifadə edərək deyib ki, Belarus zavodları ilə qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

“Minsk Traktor Zavodu” ASC-nin baş direktoru Fyodor Domatenko Gəncədə yığılan yüksək keyfiyyətli avtomobillərin xarici ölkələrə ixrac edilməsi təşəbbüsünü yüksək dəyərləndirib.

Çıxışlardan sonra 10 mininci traktor konveyerdən buraxılıb.