Mayın 5-6-da Banqladeşin Dəkkə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyası keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizi tədbirdə xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Sessiyada Elmar Məmmədyarov çıxış edərək bir sıra fundamental məsələlərə dair ölkəmizin mövqeyini diqqətə çatdırıb.
Tədbirdə qəbul edilmiş Dəkkə Bəyanatının 18-ci bəndində İƏT-ə üzv ölkələrdə mövcud olan münaqişə və böhranların BMT və İƏT-in nizamnamələrində təsbit olunmuş beynəlxalq hüquq normaları əsasında həlli, onların doğurduğu dağıdıcı təsirlərin aradan qaldırılması zərurəti qeyd edilir, bu xüsusda Azərbaycanla qəti həmrəylik bir daha ifadə olunur və münaqişənin dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipləri əsasında həll edilməli olduğu vurğulanır.
Sessiyada ölkəmizlə bağlı bir sıra mühüm qətnamələr, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib.
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adlı qətnamədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsi tələb edilir. Qətnamədə əks olunmuş tələblərin Ermənistan tərəfindən hələ də yerinə yetirilməməsinə dair narahatlıq ifadə olunur. Həmçinin bütün dövlətlər Ermənistanın silah və hərbi təchizatlarla təmin edilməsinə və öz ərazilərindən bu kimi təchizatların ötürülməsi məqsədilə istifadə edilməsinə yol verməməyə çağırılır. Eyni zamanda, Azərbaycanın işğal edilmiş ərazilərindəki arxeoloji, mədəni və dini abidələrin dağıdılması, talan edilməsi və vandalizm aktları kəskin şəkildə pislənilir.
Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, həmçinin ATƏT-in sənədləri və qərarlarına uyğun olaraq, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsi əsasında tez bir zamanda siyasi həllinin tapılmasına çağırış edilir. Sözügedən qətnamədə digər bir məqam üzv dövlətlərin BMT yanında daimi nümayəndələrinin BMT-nin Baş Assambleyasında səsvermə zamanı Azərbaycanın ərazi bütövlüyü məsələsinə tam dəstəyin verilməsi üzrə təlimatlandırma barədə qərarının əks olunmasıdır. Qətnamədə, həmçinin Azərbaycan hökuməti və xalqı tərəfindən ölkənin müdafiəsi üçün edilən səylərə həmrəylik və tam dəstək ifadə olunur.
“1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamədə 1992-ci ilin fevral ayında Azərbaycanın Xocalı şəhərində və digər işğal edilmiş ərazilərində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhali və hərbi şəxslərə qarşı törədilmiş kütləvi vəhşiliklər qəti şəkildə pislənilir və üzv dövlətlər münaqişə dövründə Azərbaycanın Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində törədilmiş cinayətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımi səy göstərməyə səslənilir.
Qətnamədə, həmçinin “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyasının fəaliyyəti yüksək qiymətləndirilir və üzv dövlətlər kampaniyanı dəstəkləməyə və onun fəaliyyətində yaxından iştirak etməyə dəvət edilir.
“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş torpaqlarında İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması” adlı sənəddə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin İslam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilir və bu irsin dağıdılması kəskin tənqid edilir. Bu kimi əməlləri ilə Ermənistan Respublikasının silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında konvensiya və onun əlavə protokollarını kobud şəkildə pozduğu qeyd olunur.
“Ali təhsil məsələlərinə dair” qətnamədə Azərbaycan Respublikasının Prezidenti tərəfindən İƏT-ə üzv ölkələrdən olan tələbələr üçün 5 illik proqram çərçivəsində 100 tələbə təqaüdünün təsis edilməsi təqdirəlayiq bir hal kimi qiymətləndirilir.
“Üzv ölkələr tərəfindən beynəlxalq təşkilatlara təqdim edilmiş namizədliklərə dair” qətnamədə ölkəmizin “Ekspo 2025”ə ev sahibliyi etmək üçün namizədliyi və Qeyri-Maddi Mədəni İrsin Qorunmasına dair Beynəlxalq Hökumətlərarası Komitənin üzvlüyünə namizədliyinin dəstəklənməsinə çağırış edilir.