ABŞ ekspertləri Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah-sursat ötürməsi barədə informasiyalardan narahatdır

Obamanın seçilməsi ilə Azərbaycan – Amerika münasibətləri əhəmiyyətli dərəcədə dəyişməyəcək
Azərbaycan siyasətçilərinin Türkiyə-Ermənistan münasibətlərində Dağlıq Qarabağla bağlı məqama aid fikirləri
Xocalı soyqırımının tanınmasını və günahkarların cəzalandırılmasını gözləyirik

Rusiyanın Ermənistana 800 milyon dollarlıq silah-sursat ötürməsi ilə bağlı informasiyalar amerikalı ekspertlərdə narahatlıq yaradıb.

Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Star APA-nın ABŞ bürosuna açıqlamasında Ermənistana silah ötürülməsi haqqında sənədlərin kim tərəfindən üzə çıxarıldığını bilmədiklərini deyib: “Bu əməliyyatın Rusiya ordusu və ya Rusiya siyasi dairələrindəki daxili anlaşılmazlığın nəticə olub-olmadığı, eləcə də Ermənistanda Azərbaycan-Rusiya əlaqələrinə zərbə vurmaq istəyən qüvvələr tərəfindən təşkil edilib-edilmədiyi bəlli deyil. Lakin bir məqam aydındır ki, bu məsələ diqqətsiz qala bilməz və Rusiyanın addımı xoşagəlməz ab-hava yaradır”. F. Starın fikrincə, bu neqativ hadisələr Azərbaycanı münaqişənin həlli məqsədindən yayındırmamalıdır: “Mən münaqişənin necə həll olunacağını bilmirəm. Lakin Azərbaycan vətəndaşlarının əksəriyyəti münaqişənin sülh yoluyla həll olunmasını istəyirmi? Bəli, istəyir. Ermənistan vətəndaşları da münaqişənin sülh yolu ilə həllini istəyir. Ermənistan nəzarət etdiyi torpaqlara görə daxili sosial-iqtisadi inkişafdan məhrum olub. Buna dəyərmi? Əlbəttə, yox. Müəyyən məqamda Ermənistan bunu anlayacaq və bundan sonra konfliktin həllində sürətli inkişaf müşahidə ediləcək”. 

Corctaun Universitetinin Avroasiya Strateji Layihəsinin rəhbəri Kory Velt isə bildirib ki, Rusiyanın Ermənistana silah verməsi təsdiqini tapsa belə, bu, Azərbaycan əhalisi üçün sürpriz olmamalıdır: “Çünki Rusiya ilə Ermənistanın strateji müttəfiqliyi bəllidir. Lakin Rusiyanın son addımı sübut edir ki, rəsmi Moskva münaqişədə bitərəf deyil və konfliktə cəlb olunan tərəflərdən birinin mövqeyini müdafiə edir. Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Qərbin yanaşmasından nə qədər məyus olsa da, aydındır ki, Rusiya yeganə vasitəçi ola bilməz. Hesab etmirəm ki, Rusiya danışıqlar prosesindən uzaqlaşdırıla bilər və ya özü könüllü uzaqlaşar. Lakin bir məsələ tam aydındır ki, Azərbaycan münaqişənin həll olunmasında ABŞ və Avropanın davamlı iştirakına çalışmalıdır”.

“Heritage” Fondunun mütəxəssisi Ariel Koen isə Rusiyanın ciddi problemlə üzləşdiyini söyləyib: “Onlar bilirlər ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsinə bərabərdir. Rusiya düşünür ki, Azərbaycanla Ermənistan arasında balansı təmin etməlidir. Tarix boyu Rusiya Ermənistanı dəstəkləyib. Lakin Ermənistana silahların ötürülməsi mənasızdır. Nəzərə alın ki, Azərbaycan Qərb yönümlü siyasət aparır. Moskvanın yanaşması isə ondan ibarətdir ki, konfliktlər dondurulmuş vəziyyətdə qalmalıdır və Rusiyanın maraqları tələb etdikdə yenidən canlanmalıdır. Bir tərəfdən Rusiya Ermənistana silah ötürür, digər tərəfdən isə Dmitri Medvedev iki prezidentin iştirakı ilə sammit keçirir. Lakin sammitin nəticəsi Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşmasına ciddi təsir göstərməyib”. /APA/