“Aeroportu bombalamaq üçün Xocalıya uçduq…” – TƏŞKİLATÇI TARİXİ ANLARI DANIŞIR – II YAZI

“Generalın qətiyyəti… 1967-ci il, Xankəndi şəhəri…”
Kazan anonsu, Ali Baş Komandanın seçimi və Lələtəpədə dalğalanan bayraq – ŞƏRH
Beynəlxalq media, kommersiya maraqları və Qarabağ həqiqətləri

1992-ci ildə Azərbaycanın ilk hərbi təyyarəsi olan SU-25-in qaçırılmasının təşkilatçısı Akif Hacıyev 25 ildən sonra baş verənlər barədə danışır.

əvvəli:http://news.lent.az/news/268445

 

“Hamısını danışacam”

– Sizinlə görüşümüz yadınızdadır? 12 il bundan əvvəl.

– Vizual olaraq Sizi xatırlamıram.

– Sizin avtomobilinizdə olmuşdu söhbətimiz. Məni bir yarım saat gəzdirdiniz. Vaqif barədə danışmaq istəyirdim.

– Hə. “Dostlq” kinoteatrı ətrafında görüşmüşdük.

– Orada görüşdük. Şəhərdə bir iki dövrə vurduq. Amma Siz demək olar ki, heç nə demədiniz. Daha çox sual verirdiniz. Niyə bu barədə danışmaq istəmirdiniz?

– Nəyə lazımdır axı? Doğurdanmı lazımdı bu barədə danışmaq?

– Əlbəttə, lazımdı. Bu, tək Sizin yox, Azərbaycanın tarixidir.

– Nəyi bilmək istəyirsiniz?

– Hər şeyi. Bu ideya hardan yarandı? Niyə məhz Vaqif?..

– İndi fikirləşirəm ki, bəlkə də o rəhmətliyin həyatını mən məhv elədim. (Bir xeyli susur). Axı mən onun evinə getdim, onu yoldan çıxartdım…(Susur) lap cavan idilər. Yoldaşı mənə çay verdi. Körpə uşağı vardı. (Yenə susur) Hamısını danışacam…

Birinci plan

– Deyəsən, əvvəl plan təyyarəni qaçırtmaq deyildi?

– Hə, biz əvvəl başqa şey planlaşdırırdıq. Bunu Sizə kim deyib?

– Fuad Məmmədov. Təyyarənin texniki heyətində olub. Hazırda general-mayordur.

– Düzdü. Əvvəl qaçırılma planı yox idi. Fuad qoçaq oğlan idi. Amma orda başqaları da vardı.

– Gülbudaq Bünyatov, Akif Quliyev…

– Hə. Mən Akifə daha çox inanırdım…

– Bəşir Əliyev, Tofiq Şalbuzov, Elman Cəlilov…

– Hə, Elman da yadımdadı…

– İlk plana görə Xocalı aeroportu bombalanmalı, təyyarə partladılmalı, Vaqif başqa adla ailəsi ilə birlikdə xaricə getməliydi.

– Hə. Belə bir fikirdə vardı. Amma bu ilk plan deyildi. Planlar çox olub. Bilirsiz, o vaxt situasiya elə tez-tez dəyişirdi ki, məcbur olub, planları da dəyişirdik.

– Bəs hər şey nədən başladı?

Abdulla Allahverdiyevin və Tofiq Kərimovun “dobro”su

– O vaxt hamı çalışırdı ki, nəsə etsin. Abşeron rayonunda milis rəisinin müavini vardı – Camal Kərimov. Sahə müvəkkili vəzifəsindən rəis müavininə kimi yüksəlmişdi. Dostum idi. Onun xidməti ərazisində bir xeyli hərbi hissə vardı. O cümlədən də Sitalçaydakı aviabaza. Onun vasitəsi ilə hərbi hissəylə əlaqə qurub, oradan müəyyən şeylər alırdıq. Avtomatdan tutmuş idarə olunmayan raketlərə qədər. “NURS” deyirdilər. Sonra fikirləşdim ki, bəs niyə təyyarə almayaq? Amma bu, çətin iş idi. Ora gedib-gələndə Vaqifi də tanımışdıq. Amma ilk dəfə onunla mən söhbət eləməmişəm.

– Kim söhbət edib onunla bu barədə?

– İlham.

– Kim idi İlham? Onun adını Fuad da mənə demişdi.

– İlham Babaşov. Rusiyadan gəlmişdi. Biznesmen idi. Yaxşı pulu vardı. Və bu yolda xərcləyirdi. Onu da mən qoşmuşdum bu işlərə. İlham Vaqiflə görüşdü, söhbət elədi. Mənə danışdı. Belə başa düşdük ki, bu adama etibar eləmək olar.

– Sonra Siz də görüşdüz. Və nə təklif elədiz?

– Heç nə. Sizə bir şey deyim. Bu uşaqlara o vaxt heç kim, heç nə təklif eləməyib və heç nə də verməyib. Onlar bu işə təmənnasız, 100 faiz təmənnasız girişiblər.

– Mən nə iş görmək təklifini nəzərdə tuturdum.

– Mən onlarla görüşəndə hansı plan üzərində işləyəcəyimizi düşünmürdüm. Sadəcə, variantları nəzərdən keçirirdim. Bu görüşlərim barədə rəisimə məlumat verdim. Olardı fevral ayının əvvəli. O zaman bizim rəisimiz Abdulla Allahverdiyev idi. Sonradan daxili işlər naziri oldu. Çox təmiz, təmənnasız, vətənpərvər insan idi.

– Siz o vaxt harada işləyirdiz?

– İndi pentensiar xidmət deyirlər. O vaxt Daxili İşlər Nazirliyi İslah İşləri İdarəsi adlanırdı. Abdulla Allahverdiyev rəis idi, mən də müavini. Mən rəisə məruzə elədim ki, belə bir variant var. Rəis dedi “ay Akif, bu tək mənlik məsələ deyil, qoy mən nazirə məlumat verim”.

– Nazir kim idi?

– Nazir Kərimov Tofiq Mirzoyeviç idi. Abdulla müəllim zəng vurdu ki, şəxsən görüşmək lazımdı. Dedi, durun gəlin. Getdik. Mən hər şeyi danışdım.

– Nə reaksiya verdi?

– Tofiq Kərimov ağıllı adam idi. Bildirdi ki, imperiya hələ dağılmayıb, ehtiyatlı olmaq lazımdı. Amma həm də hazır olmaq lazımdı. Yəni “dobro” verdi.

– Və Siz…

– Mən başladım kənarda hazırlıqlarımı görməyə. Variantları araşdırmağa. Araşdırılan variantların reallaşması yollarını araşdırmağa. Və bizim Tofiq Kərimovla görüşümüzdən bir neçə gün sonra Xocalı faciəsi baş verdi. Amma mən nazirlə görüşənə qədər Vaqif mənə başqa bir informasiya verdi.

Təyyarənin yeni müştəriləri

– Nə informasiya?

– Vaqif bildirdi ki, iki nəfər onunla əlaqəyə girib və təyyarə almaq və yaxud qaçırtmaq təklif ediblər. Külli miqdarda pul da verirlər. O vaxt belə işlərə pul yığılırdı axı.

– Siz də silah-sursatı pulla alırdız? Bəs pul hardan idi?

– Düzdü, pulla iş görənlər vardı. Amma mən heç vaxt pulla silah almamışam.

– Təyyarə almaq istəyənlər kim idi?

– Vaqif onların “İnturist”də qaldıqlarını dedi və telefon nömrələrini mənə verdi. Zəng vurdum, görüşdük. Məzahir və Mirzə adlı iki nəfər idi. Məzahirə Uzun Məzahir deyirdilər. Mən onlara kim olduğumu aydınlaşdırdım. Başa düşdüm ki, məqsədləri pis deyil. Ehtiyat edirdim ki, rusların özünün qurması olar. Gördüm yox, təmiz adamlardı. Amma Vaqifdən kənar durmalarını tapşırdım. Razılaşdılar, sözümdən çıxmadılar. Onlar da bildirdi ki, mənim kim olduğumu bilirlər. Dedim, siz sakit dayanın, amma məndən xəbər gözləyin. Mənə lazım olacaqsınız. Həmin adamlar “İnturist”də mənim zəngimi gözləyəcəklərini bildirib getdilər. Sağ olsunlar, sonra onlara ehtiyacım oldu və kömək də etdilər.

Vəziyyət gərginləşir…

– Qayıdaq nazirlə söhbətinizə…

– Nazirlə söhbətimizdən bir-iki gün sonra Xocalı faciəsi baş verdi. Kabinetdə oturmuşdum, zəng gəldi. Tofiq Mirzoyeviç özü birbaşa mənə zəng vurmuşdu. Yanına çağırdı. Getdim.

– Nə üçün çağırmışdı?

– Təyyarə məsələsini soruşdu və məsələni belə qoydu ki, Xocalı aeroportu sıradan çıxarılmalıdır. Mənə dedi nə lazımdı elə, tələsmək lazımdı. Mən getdim Sitalçaya hərbi hissəyə. Vaqiflə görüşdüm. Birinci dəfə evinə getdim. Balamız olsun, həyat yoldaşı bir stəkan çay da verdi mənə. O, atasının xəstə olması bəhanəsi ilə bazadan çıxdı. İlham Babaşov maşını ilə bizi Sitalçaydan Bakıya gətirdi. İlhamı idarədə qoydum və mən Vaqiflə nazirliyə gəldim. Onun nazirlə görüşdüyünü heç kim bilməməliydi. Bu, tam məxfi görüş idi. 30 dəqiqə söhbətimiz oldu. Tofiq Kərimov Zabrat aeroportuna zəng vurdu tapşırdı ki, nazirliyin sərəncamında olan helikopter verilir Akif Hacıyevin sərəncamına. Nə vaxt istəsə, hara istəsə, uça bilər. Və artıq bu plan üzərində iş başladı. Vaqif hədəfi heç olmasa bir dəfə görmək istədiyini bildirdi. Biz helikopterlə Xocalıya uçduq. Gecə vaxtı.

– Xocalıya? İşğaldan sonra? Axı…

– Hə, uçduq. Düzdü, tam yaxına gedə bilmədik. Vaqif uzaqdan da olsa, Xocalı aeroportunu müşahidə elədi və bildirdi ki, tapşırığı yerinə yetirə bilər.

– Amma bu plan dəyişdi. Niyə?

– Əslində plan dəyişmədi. Xəbər aldıq ki, baza dislokasiya yerini dəyişir, təyyarələr Şimali Qafqaza aparılacaq. Eyni zamanda, məlumat daxil oldu ki, ruslar, yəni Sitalçaydakı ruslardan bizə kömək etmək istəyənlər var. Onlar nəyinsə müqabilində bizə kömək edəcək.

– Bəs plan necə idi?

– Belə düşünmüşdük. Təyyarələr dislokasiya yeri dəyişilən vaxt bir neçəsi Şimali Qafqaza Dağlıq Qarabağdan uçub getməli idi. Vaqif də onları yönəltməliydi Xankəndinə və Xocalı aeroportuna. Onlar lazım olan obyektləri bombalamalı və bundan sonra uçmalı idilər Şimali Qafqaza. Vaqif isə dönüb qayıtmalı idi bizim müəyyənləşdirdiyimiz yerə. Planın birinci hissəsini ruslar təbii ki, bilirdi. İkinci hissəsini isə ancaq Vaqif bilirdi. Biz eyni anda iki işi yerinə yetirməliydik. Amma bu, çox çətin idi. Bunun üçün ilk növbədə təyyarələrin uçuşunu izləyəcək radiolokasiya sistemləri sıradan çıxarılmalı idi.

– Bunu necə edəcəkdiniz?

– Hər şey hesablanmışdı. Təyyarələri nəzarətdə saxlayacaq radiolokasiya sistemləri sıradan çıxarılmalı idi. Bu əməliyyat üçün bizə dəqiqələr lazım idi. Nazir Tofiq Kərimov razılaşmışdı, amma diversiya, yəni haranısa partlatmaq, dağıtmaq məsələsini qadağan eləmişdi. Hər şey çox səliqəli olmalı idi. Bu məqsədlə “Azərenerji”nin rəhbəri ilə görüşdüm. Qarabağlıydı. Yaxşı qeyrətli kişi idi. O, lazım olan anda lazım olan obyektlərin yerləşdiyi ərazilərdə enerjinin kəsiləcəyinə söz verdi. 20 dəqiqə bizə kifayət idi. Hərbi hissələrin içərisində bu işlərin yoluna qoyulması üçün də iş aparmışdıq. Tofiq Kərimov iri yarımötürücü stansiyaların partladılmasını qadağan eləmişdi.

– Vaqifin qaçıracağı təyyarənin niyə məhz Yevlaxda endirilməsi nəzərdə tutulmuşdu. Surət Hüseynova görə?

– Yox. Mən heç Surət Hüseynovun üzünü də görməmişəm. O vaxt görməmişdim… (Akif Hacıyev bir ölkəni tərk edib xaricdə gizlənin bir çox məşhurların ölkəyə gətirilməsi əməliyyatlarında iştirak edib, o cümlədən də Surət Hüseynovun. Bu barədə bir qədər sonra – A.Q.) Vaqiflə müxtəlif yerlərə baxış keçirdirdik. Axırda Yevlax aeroportunun üstündə dayandıq. Vaqif bildirdi ki, burada rahat eniş edə bilər.

– Bəs orada kim qarşılayacaqdı? Yəni Yevlax aeroportunun hazırlanması filan…

– Yevlaxda milis rəisi vardı. İbrahim müəllim. Abdulla Allahverdiyev demişdi ki, ona etibar etmək olar. Getdim Yevlaxa. Şöbədən ona zəng vurdum. Dedi işə çıxa bilmirəm, xəstəyəm. Getdim onun yanına. Gördüm doğurdan da qızdırmadan yanır. Vəziyyəti danışdım. Fikrə getdi. Dedi “axı bunu necə etmək olar?” Dedim “bunu sən həll edəcəksən”. Nə isə, getdik aeroporta baxdıq, anqarlara baxdıq. Vaqif buranı bəyəndi. Bura baxıb qayıdanda İbrahim müəllim dedi ki, icazə olar mən zəng vurum? Soruşdum “kimə?” Dedi “kimə istəyirsən”. Dedim “bu saat Tofiq Mirzoyeviçə zəng vur, soruş”. O nazirə zəng vurmaq istəmədi. Abdulla Allahverdiyevə zəng vurdu. Bundan sonra dedi ki, heç nədən narahat olma, nə lazımsa edəcəyik. Doğurdan da elədi.

Baş Kəşfiyyat İdarəsindən təlimat və pozulan razılaşma

– Amma bu plan da baş tutmadı. Niyə?

– Bu ərəfədə Tofiq Kərimovu işdən çıxartdılar.

– Yeni nazir…

– Tahir Əliyev. Bilmirəm nədənsə mənə “qohum” deyirdi həmişə. Məsələni ona məruzə elədim. İlham Babaşov səs yazısı gətirmişdi. Ruslarla aparılan danışıqların səs yazısını. Təqdim elədim Tahir Əliyevə ki, buna qulaq asın və icazə verin reallaşdıraq. Elə mənim yanımdaca müavini Natiq Talıbovu çağırdı. Natiq Talıbovu yaxşı tanıyırdım. Mən kolon rəisi olanda o idarə rəisinin müavini idi. Sonra nazir müavini olmuşdu. Amma onun məsələyə münasibəti məni qane etmədi. Mən Tahir Əliyevə dedim ki, vaxt azdır. Təcili qərar vermək lazımdır. Soruşdu ki, nə qədər vaxtımız var. Dedim maksimum bir həftə. Natiq Talıbov bildirdi ki, bir həftəyə çatdıra bilər. Natiq Talıbovla çıxdıq dəhlizə. Məndən soruşdu ki, bu nədir? Dedim təyyarə ilə bağlı məxfi danışıqlardı.

– Sitalçayda da xəbər gözləyirdilər. Bəs Natiq Talıbov sizə nə cavab verdi?

– Nə Natiq Talıbov, nə də Tahir Əliyev mənə cavab vermədi. Deyilən vaxtdan bir neçə gün sonra mən Talıbova zəng vurdum. Dedi hələ qulaq asmamışam. Gözləyin. Həmin vaxt da Abdulla Allahverdiyevi nazir müavini təyin elədilər. Mən qaldım onun yerində. İki gün sonra yenə zəng vurdum. Yenə cavab ala bilmədim. Dedi “gözləyin də”. Amma Sitalçaydan pis xəbər aldım. İlham gəldi ki, yoldaşlar təcili Sizi görmək istəyir. Getdim Sitalçaya.

– Və gördünüz ki, mühafizə gücləndirilib?

– Hə. Həmişə getdiyim hərbi hissəyə bu dəfə məni buraxmadılar. Həmişə adi mühafizə dayanırdı, bu dəfə gördüm ki, seçmə əsgərlərdi və hamısı da dəyişdirilib. Soruşdum nə məsələdi? Dedilər ki, Moskvadan təlimat gəlib. Baş Kəşfiyyat İdarəsinə təyyarə qaçırılacağı ilə bağlı məlumat daxil olub. Bizimlə razılaşan ruslar da artıq etiraz edirdilər ki, bizim başımızı aldadıb təyyarə qaçırmaq istəyirsiniz. Nə isə onlarla söhbətimiz alınmadı. Razılaşma pozuldu.

– İnformasiya haradan sıza bilərdi?

– Demək çətindi. Amma bundan sonra Tahir Əliyev özünü elə apardı ki, elə bil bu barədə heç bir məlumatı yoxdu. Elə bil heç belə söhbətimiz olmayıb.

– Bu plan da təxirə salındı?

– Razılaşma pozuldu. Biz həmin o ruslarla görüşdük. Dedik axı biz razılaşmışıq, siz hədiyyələr almısız. Dedilər “yox, mümkün deyil”. Şurabaddan adamlar vardı ki, bizə kömək etmək üçün hər şeyə hazır idi. Ataxan kişi vardı. Nə dedik, dedi mən hazır. Təyyarəni dənizlə qaçırtmaq barədə də fikirləşirdik. Sonra axtarıb dərmanlar tapdıq ki, şəxsi heyəti dərmanlayaq. Bundan ötrü aşpazları ələ aldıq. Nə isə, çox variant götür-qoy edirdik. Məsələ onda idi ki, ümumi bazanın mühafizəsi ilə yanaşı, hər bir təyyarənin mühafizəsi də gücləndirilmişdi. Təyyarələrin qarşısına bloklar qoyulmuşdu. Uşaqları bazadan çıxmağa da qoymurdular. Belə olan halda qərara alındı ki, heç olmasa bir dənə Vaqif təyyarəni qaçırsın. Artıq son variant işə düşdü.

– Amma bu, çox çətin idi.

– Çətin nədi e? Bu mümkün deyildi…

Bacardılar

– Amma bacardılar…

– Hə. Bacardılar. Bilirsiniz, bu təyyarə başqa bir şeydi. Onun batareyalarla təmin olunması, naviqasiya sisteminin sazlanması, yanacağı… Bütün bunların hərəsi bir adamın işi idi. Bax bütün bunları o cür şəraitdə etmək qəhrəmanlıq idi. Və bunun üçün onlara heç kim, heç nə vəd etməmişdi. Vaqif və oradakı uşaqlar bunu bacardılar, bu millət onlara minnətdar olmalıdır.

– Yaranmış situasiyada nə qərar qəbul elədiniz?

– İlk növbədə Vaqifin ailəsini oradan çıxartdım. Yadımda deyil hansı bəhanə ilə. Həyat yoldaşını və körpə qızını. Hərbi şəhərcikdə xidməti evdə yaşayırdılar. Qızı yenicə dünyaya gəlmişdi…

– Adı da Sevinc. Artıq Sevinc ailə də qurub. İki il əvvəl.

– …

– Sonra nə oldu?

– Oradakı uşaqlara da tapşırdım ki, kef görüntüsü yaratsınlar, yesinlər-içsinlər. Guya Şimali Qafqaza gedəcəklərinə sevinirlər. Diqqəti yayındırmaq lazım idi. Fikirləşirdim ki, heç olmasa bir təyyarə. Çünki istəyirdim ki, Xocalı aeroportunun idarəetmə məntəqəsi dağıdılsın.

– Bəs özünüz neynədiniz?

– Artıq heç nə etmək mümkün deyildi. Kabinetdə oturub xəbər gözləyirdim. Bir gün. İki gün. Üç gün. Hərdən istəyirdim gedəm Sitalçaya. Vəziyyəti öyrənəm. Sonra yenə səbir edirdim. Gözləyirdim. Həmin o Məzahir və Mirzəyə də tapşırmışdım ki, yerlərindən tərpənməsinlər, zəngimi gözləsinlər. Bir də Babaşov İlhama. Vaqif uça bilsə, texniki heyəti Yevlaxa aparmaq lazım olacaqdı.

– Nə qədər gözlədiz?

– Bir neçə gün çəkdi.

– Deməli, 8 aprel əvvəlcədən müəyyən olunmuş tarix deyildi?

– Yox e. Nə müəyyən etmək. Sadəcə içəridəki, uşaqlar – Akif, Elman, Fuad və digərləri təyyarəni hazır vəziyyətə gətirməliydilər ki, Vaqif uçsun. Uça bilsə…

– Və 8 apreldə xəbər gəldi ki, bacardılar?

– Hə. Kabinetdə oturmuşdum. Xəbər gəldi ki, “veş-meşok”lu adamlar gəlib, sizi soruşurlar. Dedim qaldırın yuxarı. Tez Məzahirgilə xəbər elədim ki, sizin vaxtınız gəldi. Onları yola saldım Yevlaxa. İbrahim müəllimə zəng vurdum. O da dedi narahat olma, gəldi. Hər şey qaydasındadı…

– Bəs Surət Hüseynov bu işə necə qoşuldu?

– Surət Hüseynovla mən görüşməmişəm. Ona əvvəlcədən Məzahirgil demişdi ki, belə bir iş ola bilər. Təyyarə Yevlaxa oturandan bir-iki saat sonra Surət özünü çatdırıb və son günə qədər nə lazımdısa, edib.

– Bəs Siz sonra Yevlaxa getmədiz?

– İki gündən sonra getdim. Gördüm ki, hər şey öz qaydasındadı. İstər təminatları, istər təhlükəsizlikləri, istərsə də digər məsələlər. Bundan sonra mən qarışmadım. Şübhəsiz ki, Tofiq Kərimov nazir kimi qalsaydı, başqa cür olacaqdı. Mən sadəcə kənardan nəzarətçi qoydum və getdim başqa işlərin dalınca.

– Beləliklə, təyyarə əməliyyatı Sizin üçün başa çatdı?

– Bundan sonra bir dəfə bu məsələ ilə bağlı məni çağırdılar.

– Kim?

– Daxili işlər nazirinin müavini Abdulla Allahverdiyev mənə zəng vurdu. Dedi Rəhim müəllimlə birlikdəyəm, səni xidməti otağında gözləyir. Rəhim Quliyev. O da daxili işlər nazirinin müavini idi. Niyə Rəhim Quliyev, bilmirəm. Getdim. Mənə dedi ki, dövlət rəhbəri Sizi Yevlaxda gözləyir. Dedim nə məsələdi? Dedi bu nə sualdı?.. Nə isə… Mən bilirdim nə məsələdi. Artıq Şuşaya hücum olmuşdu. Vaqif ilk uçuşları etmişdi. Şuşaya. Yaqub Məmmədov da bundan xəbər tutmuşdu.

– Görüşdüz Yaqub Məmmədovla?

– Yox.

– Bəs nəyə çağırmışdılar?

– Heç nə. Minnətdarlıq edirdilər. Və gülməli bir söz dedilər. Dedilər ki, biz bilirik, Siz bu xalq üçün, bu millət üçün neynəmisiz. Sizin imkanınız olub ki, neçə təyyarə gətirəsiniz. Xahiş edirik bunu həyata keçirəsiniz. Mən də onlara çox ağır cavab verdim…

– Və təyyarə əməliyyatı başa çatdı. Amma həyat davam edirdi. Bundan sonra da əməliyyatlar çox oldu.

– Bundan sonra mənə qarşı əməliyyat hazırlanırdı.

– Kim?..

(Davamı olacaq)

 

Akif Hacıyevə qarşı əməliyyatı kim hazırlayırdı?

Əlikram Hümbətov Akif Hacıyevdən nə tələb edirdi?

Akif Hacıyev Pankisi dərəsinə nəyə getmişdi?

Hansı qalmaqallı ölüm işini açmaq Akif Hacıyevə tapşırıldı?

 

Asəf Quliyev

http://news.lent.az/news/268527

Müəllif müsabiqənin xüsusi diplomuna layiq görülüb.