
Qış fəslinin yaxınlaşmasına baxmayaraq, işğaldan azad olunmuş rayonlarda bərpa-tikinti işləri sürətlə davam edir. Mövsümə hazırlıqla əlaqədar qabaqcadan zəruri tədbirlər həyata keçirilir. Məqsəd keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışı, həmçinin məskunlaşmış sakinlər və əraziyə səfər edənlər üçün lazımi şəraitin yaradılması, eləcə də yeni yaşayış məntəqələrinin davamlı, təhlükəsiz və rahat şəkildə idarə olunmasını təmin etməkdir. Cəbrayıl, Qubadlı və Zəngilanda da bu məsələ diqqətdə saxlanılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərində qış dövründə elektrik verilişində mümkün kəsintilərin qarşısını almaq məqsədilə xətlərin izolyasiyası, əlavə transformatorların quraşdırılması və ehtiyat avadanlıqların yerləşdirilməsi işləri görülür. Yolların qış aylarında qar və buzlaşmaya qarşı işlək vəziyyətdə saxlanması üçün duz-qum ehtiyatı yaradılıb, xüsusi texnikalar hazır vəziyyətə gətirilib. Yeni yaşayış məskənlərində içməli və texniki su xətlərinin izolyasiyası aparılır, nasos stansiyalarına mütəmadi olaraq profilaktik baxış keçirilir.
Qış aylarında yarana biləcək çətinliklərə operativ reaksiya verilməsi üçün mobil briqadalar, xüsusi nəqliyyat vasitələri və generatorlar daim hazır vəziyyətdə saxlanılır.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva AZƏRTAC-a bildirib ki, qurumun fəaliyyəti yalnız tikinti layihələrinin icrası ilə məhdudlaşmır. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında həyata keçirilən bərpa, tikinti və idarəetmə işləri hazırda intensiv mərhələdədir. Əsas məqsəd azad edilmiş ərazilərdə həyatın təhlükəsiz, dayanıqlı və uzunmüddətli şəkildə bərpasını təmin etməkdir. Hazırda qarşıdan gələn qış mövsümü ilə bağlı hazırlıq tədbirləri xüsusi prioritet kimi müəyyən olunub”, – deyə o vurğulayıb.

Su, elektrik, qaz, rabitə və digər kommunal xidmətlərin fasiləsiz işləməsi üçün müvafiq xidmət qruplarının idarə edilməsi ilə yanaşı, tikilmiş obyektlərdə mühəndis sistemlərinin mütəmadi monitorinqi və nasazlıqların qarşısının alınması da diqqətdə saxlanılır. Ərazinin yaşıllaşdırılması, təmizliyin qorunub saxlanılması, tullantıların ərazidən daşınması və idarə olunması, park və ictimai məkanların qorunması da diqqət mərkəzindədir. Mühüm obyektlərdə təhlükəsizlik protokollarının tətbiqi, videonəzarət sistemlərinin qurulması və monitorinq xidmətlərinin həyata keçirilməsi ilə bərabər, tikinti materiallarının və avadanlıqların çatdırılması, texnikanın düzgün istifadəsi və sahələrarası daşınma işlərinin koordinasiyası gündəlikdə olan istiqamətlərdəndir. Qış mövsümündə istifadə ediləcək texnikalar da sazlanıb. Belə ki, ərazidə işlərin görülməsi, yığılan qarın daşınması üçün özüboşaldan maşın, qarın təmizlənməsi üçün yükləyici ekskavator, həmçinin səkilərin təmizlənməsi üçün miniyükləyici, yığılan qarı daşımaq və özüboşaldanlara yükləmək üçün frontal yükləyici kimi texnikalar hazır vəziyyətdədir.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Regionların inkişafı və idarəedilməsi departamentinin şöbə müdiri İlham Quliyev isə qeyd edib ki, qarşıdakı mövsümün sərt keçə biləcəyini nəzərə alaraq, qabaqlayıcı tədbirlər görülüb. “Həm infrastrukturun, həm sosial obyektlərin, həm də yaşayış evlərinin qış şəraitinə uyğunlaşdırılması istiqamətində tədbirlər icra olunur. Məktəblər, uşaq bağçaları, inzibati binalar və digər sosial obyektlər üzrə istilik sistemlərinin quraşdırılması və yeni salınan yaşayış massivlərində mərkəzləşdirilmiş, eləcə də fərdi istilik mənbələrinin təhlükəsizlik standartlarına uyğunluğu yoxlanılır. Çalışırıq ki, qışın yarada biləcəyi çətinlikləri tez bir zamanda aradan qaldıra bilək”, – deyə şöbə müdiri bildirib.
AZƏRTAC