Ağcabədi rayonu haqqinda ümumi məlumat

AŞPA Sərsəng su anbarı ilə bağlı qərar verdi
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin son təxribatları ilə bağlı

Ağcabədi — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Ağcabədi şəhəridir. Ağcabədi Azərbaycan Respublikasında 1939-1962-ci illərdə şəhər tipli olmuşdur. Ağcabədi rayonunun mərkəzi aeroport, Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərindədir.

Tarixi

Kür-Araz ovalığının Mil və Qarabağ düzlərində yerləşən Ağcabədinin adı ilk dəfə 1593-cü ildə çəkilmiş və qədim tayfaların yaşayış məskəni olmuşdur. Ağcabədi yaxınlığında eneolit, tunc, antik dövrünə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları və müxtəlif qəbir abidələri aşkar edilmişdir. Orta əsrlərə aid qəbiristanda daşdan yonulmuş qoyun formalı başdaşıları vardır. Ağcabədi Qarabağın dayağı olan Kəbirlilərin, 32-lərin məskunlaşdığı ərazidir. Qədim tayfaların məskunlaşdığı ərazidə həmin tayfaların adı ilə bağlı olan kənd adları bu günə kimi yaşamaqdadır. Kəbirli kəndinin adı Qarabağın Kəbirli tayfasının adı ilə bağlıdır.Şahsevən kəndinin adı isə XVI əsrdə I şah Abbas Qızılbaş tayfaların zəiflətmək üçün könüllü qvardiya düzəltmiş və onlara torpaq payları vermişdir. Həmin torpaqlar bu günə qədər öz qədim adlarını saxlayırlar. Ağcabədinin Şahsevən kəndinin adı məhz bu Şahsevən qvardiyasının adı ilə bağlıdır. 1727-ci ildə Gəncə-Qarabağın Müsəffəl tarix dəftərii sənədində Bərdə Livasına tabe olan Bayot nahiyəsi tərkibində Ağcabədi kəndinin adı çəkilir.Ağcabədi rayonunun Boyad kəndində Pənahəlixan 1747-1748-ci ildə Bayot qalasını tikdirmişdir. XVIII əsrin 50-ci illərində Hacı Çələbi Boyad qalasına hücum etsə də, onu ala bilməmişdir. Bunda sonra Pənahəlixan Boyat qalasının duzən yerdə yerləşdiyinə görə başqa qala tikdirmək qərarına gəlir. 1823-cü ilin məlumatına görə Ağcabədinin aşağı hisssəsində yerləşən Xəlfərəddin kəndi sonralar Ağcabədi ilə birləşərək Ağcabədi Xəlfərəddin adlandırılmışdır. 1930-cu ildə Sovet hakimiyyəti Azərbaycan ərazisi inzibati bölgüyə bölən zaman Ağcabədi də inzibatı bölgüsünə görə rayon adı almış,1963-cü ildə ləğv edilərək Ağdam rayonuna verilmişdir. Rayonun ərazisi 1756 km2, əhalisi 117500 nəfərdir. Rayon Ağdamın tərkibindən 1965-ci ildə ayrılmış və yenidən rayon statusu almışdır.

Coğrafi mövqeyi

Ağcabədi rayonu Bərdə, Zərdab, Füzuli, Ağdam, Xocavənd, Beyləqan rayonları ilə həmsərhəddir. Rayonunun mərkəzi Ağdam dəmir yolu stansiyasından 45 km, Bakıdan 374 km aralı, Qarqar çayının hər iki sahilində, Mil və Qarabağ düzlərindədir.

Təbiəti

Rayonun şimal-şərq sərhədi ilə Kür çayı, mərkəzi hissədən Qarqar çayı axır. Rayonun ərazisindən Yuxarı Qarabağ kanalı keçir. Ərazisində şor sulu göl var. Boz-çəmən, boz, çəmən-boz torpaqları yayılmışdır. Mərkəzi hissədə şor və şorakət torpaq sahələrinə təsadüf olunur. Bitkiləri çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində kolluqlar və seyrəlmiş Tuqay meşələri vardır. Heyvanları: ceyran, canavar, çöldonuzu, çaqqal, tülkü, bataqlıq qunduzu, porsuq, boz dovşan, Kiçik Asiya qum siçanı və s. Quşları: turac, göyərçin, qaraqarın bağrıqara, qırqovul və s. Ağgöl Milli Parkı Ağcabədi rayonu ərazisindədir. Burada 15 növ heyvan, 20 növ balıq və 40 növ bitki qeydə alınmışdır. Ağcabədi rayonun meşə sahəsi az olması ilə səciyyələnir. Rayon ərazisində meşə təsərrüfatının ümümi sahəsi 5933 hektar, meşə ilə örtülü sahə 1355 hektardır.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

Rayonda 62 ümumtəhsil məktəbi, 1 texniki peşə məktəbi, 2 məktəbdənkənar uşaq müəssisəsi, 39 uşaq bağçası, 8 musiqi məktəbi, 20 mədəniyyət evi, 43 klub, incəsənət məktəbi, tarix-diyarşünaslıq muzeyi, 74 kitabxana, 12 xəstəxana, vərəm dispanseri, sanitar-epidemiologiya stansiyası, 22 feldşer-mama məntəqəsi var. Ermənistanın təcavüzü nəticəsində Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində yüzlərlə ev, 1 məktəb binası, 1 kənd mədəniyyət evi, 1 kitabxana yandırılaraq məhv edilmişdir.

Maddi-mədəni irsi

Ağcabədi rayonunun ərazisində tarixi, memarlıq və incəsənət abidələri mövcuddur. Belə ki, rayonda eneolit, tunc, antik dövr və orta əsrlərə aid yaşıyş yerlərinin qalıqları tapılmışdır.