Akademik Arif Paşayev: Yolların və elmi istiqamətlərin kəsişməsində

Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 557 namizəd qeydə alınıb
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri təhlükəsizlik məsələlərinə nəzarət edən yüksək vəzifəli nümayəndələrin 9-cu Beynəlxalq görüşündə iştirak edib
Prezident İlham Əliyev bir il əvvəlki reytinqini və seçicilərinin yüksək etimadını daha da artırıb

Moskvada nəşr olunan “Инженерная газета”nın may nömrəsində Azərbaycan Mühəndislik Akademiyasının (AMA) prezidenti, akademik Arif Paşayevin “Yolların və elmi istiqamətlərin kəsişməsində” sərlövhəli məqaləsi dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

X X X

Azərbaycan Mühəndislik Akademiyası (AMA) yaradıcı şəxsiyyətin özünüifadəsinə, təhsilin inkişafına, Azərbaycanda tətbiqi elmi tədqiqatların genişləndirilməsinə yönəlmiş bütün mühəndislik istiqamətləri üzrə alim və mütəxəssisləri öz sıralarında birləşdirən ictimai yaradıcı elmi təşkilatdır.

Akademiyanın sıralarında aparıcı elmi tədqiqat təşkilatlarının və ali məktəblərin elmlər doktorları və namizədləri, professorlar və dosentlər, mühəndislik elmi istiqamətlərinin əsasını qoyanlar cəmləşib. Akademiyanın üzvləri arasında Dövlət Mükafatı laureatları, əməkdar elm və texnika xadimləri, digər fəxri ad sahibləri vardır.

Akademiyanın üzvləri ali təhsilin dövlət standartlarının işlənib hazırlanmasında fəal iştirak edirlər. “Aviakosmos” istiqaməti üzrə gənc alimlər üçün hər il seminarlar, məktəblər təşkil edilir. AMA üzvləri ölkənin ali məktəblərinin akkreditasiyası prosesində iştirak ediblər. Elmi tədqiqat institutlarının proqramları əsasında ali və orta ixtisas təhsilinin keyfiyyətinin monitorinqi sistemi yaradılıb.

Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı həyata keçirilir. Orbitə çıxarılmış telekommunikasiya peykinin köməyi ilə hazırda 150-dən çox telekanal və 30 radiostansiya vasitəsilə yayım aparılır.

Bu il Azərbaycan Fransanın “Arianespace” şirkəti ilə birlikdə daha bir peyki orbitə çıxaracaq. “Azerspace-2” adlı bu peyk hazırda orbitdə olan “Azerspace-1” peykinin əhatə dairəsini genişləndirməklə bərabər, həm də onun ehtiyat variantı kimi xidmət edəcək. Bu, müştərilərə daha etibarlı xidmətlər göstərməyə imkan verəcək. Peykin xidmət zonası Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələrini əhatə edəcək. Mühəndislik Akademiyası bu proqramın reallaşdırılmasında fəal iştirak edir və Kosmos üzrə Şuraya rəhbərlik edir. Mühəndislik Akademiyası təbii ehtiyatların idarə edilməsi və istismarı ilə bağlı məsələlərin həllində, fotoqrammetrik və geoinformasiya layihələrinin icrası, tematik geoportalların və geoinformasiya sistemlərinin işlənib hazırlanmasında, aviakosmik informasiyanın işlənməsi üçün sifarişçinin alqoritmləri və metodikaları əsasında innovasiya texnologiyalarının yaradılmasında, habelə konsaltinq və kadr hazırlığı məsələlərinin həllində peykdən informasiyanın operativ qəbulu sahəsində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin nailiyyətlərini əsas götürür.

Ətraf mühitin neftdən çirklənməsi parametrlərinin qiymətləndirilməsi üçün yüksək ayırdetmə qabiliyyətli RADARSAT-2 kosmik radiolokasiya sistemindən istifadə edilməsi əsasında Xəzər dənizinin Azərbaycan sektoru akvatoriyasında neft sızmalarının parametrləri aşkar edilib. RADARSAT-2 peykinin radiolokasiya təsvirlərindən və geoinformasiya yanaşmalarından istifadə əsasında Neft Daşları rayonunda neft ləkələrinin dinamikası və bu cür tullantıların obyektləri təhlil edilib, ləkələrin paylanması xəritəsi yaradılıb. Bu, aşkar edilmiş neft ləkələrinin parametrlərini və xarakteristikalarını operativ şəkildə ölçməyə, tədqiq olunan akvatoriyanın müxtəlif sahələrində neftin paylanmasını təhlil etməyə, dənizdə çirklənmələr və onların mənbələri arasında əlaqəni aşkar etməyə imkan verir.

2017-ci ildə energetika sahəsində tarixi hadisələr baş verib. Belə hadisələrdən biri də “Azəri-Çıraq-Günəşli” yatağına dair kontraktın müddətinin 2050-ci ilə qədər uzadılmasıdır. Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR digər tərəfdaşlarla birlikdə bu layihədə operator kimi iştirak edəcək. Azərbaycan Mühəndislik Akademiyasının üzvlərinin də fəal iştirak etdiyi bu layihə sayəsində biz hələ uzun illər boyu neft hasilatını sabit səviyyədə saxlaya biləcəyik.

Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi qlobal layihələr uğurla həyata keçirilir.

Marşrutların şaxələndirilməsi və Böyük İpək Yolu üzərində yerləşən ölkələrlə iqtisadi əlaqələrin genişləndirilməsi baxımından Avropa qitəsinin də nəqliyyat müstəqilliyini təmin edən daha bir genişmiqyaslı transregional layihə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsidir. Mühəndislik Akademiyasının üzvlərinin də iştirak etdiyi bu tarixi layihənin həyata keçirilməsi nəticəsində Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilir. Bizim Akademiyanın üzvləri İran sərhədinə qədər dəmir yolu çəkilişini təmin edən Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində mühüm addımlar atırlar.

Azərbaycanda Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin birinci mərhələsi çərçivəsində Hollandiyanın “Royal Haskoning” şirkəti ilə birgə inşa edilmiş bərə terminalı açılıb. Bu layihədə Azərbaycan Mühəndislik Akademiyasının üzvləri də çox fəal iştirak ediblər. Limanda yükaşırmanın illik həcmi 25 milyon ton yükə və 1 milyon konteynerə bərabər olacaq. Layihəyə əsasən limanda logistika mərkəzinin yaradılması da böyük əhəmiyyət kəsb edir. Bu mərkəz Azərbaycanı Qərb ilə Şərq arasında yükaşırma mərkəzinə çevirəcək.

Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində ümumi sahəsi 12 min kvadratmetr olan Bakı Yük Terminalı açılıb. Bu layihə Beynəlxalq Yerüstü Xidmət Şirkətinin (International Handling Company) maliyyə dəstəyi ilə “Khazar Construction” şirkəti tərəfindən həyata keçirilib. Böyük Britaniya, ABŞ və Kanadada istehsal edilmiş texniki avadanlıqlarla təchiz olunmuş terminalın əlverişli ərazidə yerləşməsi sayəsində Azərbaycan Amerikadan və Avropadan Asiyaya, eləcə də Asiyadan əks istiqamətdə daşınan yüklər üçün aşırma məntəqəsinə çevriləcək. Bu, “İpək Yolu” layihəsinin ayrılmaz tərkib hissəsidir. Bundan əlavə, terminal bütün regionlardan respublikamıza yük axınını xeyli artırmağa imkan verəcək, nəticədə Bakı avtomatik surətdə mühüm tranzit zonaya çevriləcək. Ekspertlər təsdiqləyirlər ki, bu terminal MDB məkanında ən böyük və texniki cəhətdən ən yaxşı təchiz olunmuş yük terminalıdır. Həmçinin bu terminal bütün Avropada ən yüksək beynəlxalq tələblərə cavab verən ən yaxşı yük terminallarından biridir. Terminalın texniki bazası yüklərin bütün növlərinin saxlanmasını və işlənməsini, müştərilər üçün servis xidmətlərinin keyfiyyətini xeyli artırmağı, gömrük xidmətlərinin tam dəstini, o cümlədən gömrük bəyannaməsi və yüklərin çatdırılması üzrə xidmətləri nəzərdə tutur. Aviaşirkət qeyri-neft sektorunun sərmayələşdirilməsi üzrə birinci yeri tutur. Bütövlükdə nəqliyyat sektoru çox sürətlə inkişaf edir. Dövlət konserninin işi sayəsində yeni təyyarələr, helikopterlər alınır, aeroportlar modernləşdirilir, dəmir yolu yükdaşımalarının həcmi artır, yeni tankerlər və quru yük gəmiləri istifadəyə verilir, yol tikintisi inkişaf edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin reallaşdırılmasında mühüm rol oynayır.

2017-ci il bir sıra yeni layihələrin iştirakçısı kimi Azərbaycan Mühəndislik Akademiyası üçün iqtisadiyyatda artımın təmin edilməsi, iri infrastruktur layihələrinin həyata keçirilməsi, genişmiqyaslı regional və beynəlxalq sammitlərin keçirilməsi ilə əlamətdar və səmərəli il olub.

Akademiyada sənaye innovasiya texnologiyalarının tətbiqi sahəsində ayrı-ayrı müəssisə və birliklərin sifarişi ilə təcrübə üçün əhəmiyyətli məsələlər həyata keçirilir. Məsələn, “Aqreqat” İstehsalat Birliyinin sifarişi ilə gücü 2000 vatta qədər olan aviasiya qızdırıcıları üçün termostabilizasiya və qəza ayırma qurğusu yaradılıb. Azərbaycan Mühəndislik Akademiyası çərçivəsində “İqlim” elm-istehsalat müəssisəsinin sifarişi ilə çoxdamarlı sıxacların avtomatik yoxlanması və sınaqları üçün daha mükəmməl qurğunun yaradılması başa çatdırılıb. Bu qurğu sıxacların prinsipial sxemə uyğunluğuna avtomatik nəzarət, rabitəsiz elektrik dövrələrinin izolyasiya müqavimətinin yoxlanması, idarəedici proqram və fərdi kompüter vasitəsilə onların elektrik möhkəmliyinin sınaqdan keçirilməsi üçün nəzərdə tutulub.

Suyun ilkin tərkibi mürəkkəb və çox çirklənmiş olduğu yaşayış məntəqələri üçün içməli suyun təmizlənməsi məqsədilə sutkalıq məhsuldarlığı 36, 60 və 100 tona bərabər olan modul qurğuları yeni avtomatik idarəetmə bloku yaradılıb. Qurğu modulun işini məsafədən, simsiz müşahidə və idarə etməyə imkan verir. İndiyə qədər bu layihə əsasında yaşayış məntəqələri üçün içməli suyu təmizləyən modul tipli 260 konteyner hazırlanıb.

Aeroportlar zonasında uçma-enmə zolağının sərhədlərindən keçmək niyyətində olan yerüstü nəqliyyat vasitələrinin icazəsiz daxil olması kimi potensial təhlükənin qarşısının alınması sistemi yaradılıb və sınaqdan keçirilib. Həmçinin sistemin işləyən nümunəsi hazırlanıb və sınaqdan keçirilib. Nəqliyyat sistemlərinin intellektual idarəetmə kompleksinin yaradılması üzrə iş aparılır.

Akademiyanın alim və mühəndisləri neft-kimya texnologiyaları sahəsində neft-qaz mədənlərinin tərkibində hidrogen-sulfid və karbon qazı olan lay sularında metalın müdafiəsi üçün korroziya ingibitorları yaradıblar. Bu ingibitorların yaradılması zamanı neft-kimya sintezi üçün xammal mənbələri kimi təbii və sintetik üzvi turşulardan istifadə edilib. Tərkibində karbon qazı çox olan lay suları şəraitində metalı qorumağa imkan verən çoxfunksiyalı və yüksək səmərəli korroziya ingibitorları alınıb.

Neft-kimya texnologiyaları sahəsində alimlərimizin daha bir orijinal işi neftin reoloji xassələrinin yaxşılaşdırılması üçün mərkəzində dördlü ammonium makrotsiklik birləşmələrin sintezi üsuludur. Bu, ağır neftlərin özlülüyünü aşağı salmağa və neft qatranlarının miqdarını azaltmağa imkan verəcək.

Akademiyanın alimləri tərəfindən aviasiya, təbabət, kənd təsərrüfatı və ölkə iqtisadiyyatının digər sahələrində istifadə edilən xüsusi ozonlaşdırma texnologiyası və müvafiq avadanlıq yaradılıb.

Akademiya aviadaşımalar zamanı infeksion xəstəliklərin yayılması riski ilə əlaqədar uçuşların təhlükəsizliyi problemi üzərində “Azərbaycan Hava Yolları” QSC ilə birlikdə fəal iş aparır. İnsanın və ətraf mühitin təhlükəsizliyi sahəsində sanitar-epidemioloji tələblərə və normalara cavab verən kompozision dielektrik izolyasiyalı ikibaryerli ozonatorlar işlənib hazırlanıb və yaradılıb. Onların orijinallığı və analoqlarla müqayisədə yüksək keyfiyyəti patentlər və sertifikatlarla təsdiq edilib. Hazırda Akademiyada məxsusi olaraq işlənib hazırlanmış, İKAO-ya və Dünya Səhiyyə Təşkilatına təqdim olunmuş proqram əsasında ozondan aviasiyada istifadənin hərtərəfli öyrənilməsi məqsədilə xüsusi elmi-texniki istiqamətdə işlər aparılır.

Kənd təsərrüfatının inkişafı sahəsində ölkənin aqrar təhlükəsizliyinin təmin edilməsi məqsədilə aqrar-sənaye sektorunda quraqlığa davamlı kənd təsərrüfatı bitkilərinin yaradılması, Azərbaycan Respublikasının aran və dağətəyi quraqlıq zonalarında və dağ yamaclarında eroziyaya qarşı mübarizə və sudan istifadə proqramlarını xüsusi qeyd etmək lazımdır.

Azərbaycan Mühəndislik Akademiyası Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutu ilə birlikdə çoxillik fasilədən sonra ilk dəfə olaraq pambıq əkini sahələrində rekord dərəcədə yüksək – 200 min ton məhsul almağa müvəffəq olub. Bu, əvvəlki ilin müvafiq göstəricisindən 3 dəfə çoxdur.

Buğda, qarğıdalı, arpa, pambıq, şəkər çuğunduru toxumlarının səpinqabağı stimulyasiyası texnologiyası, çayın fermentasiya üsulları yaradılıb, 2016-2017-ci illərdə yüksək məhsul alınıb. Bizim Akademiyanın mütəxəssisləri tərəfindən taxıl anbarlarının dezinfeksiyası və səpinqabağı işlənməsi üçün ozonatorlar tətbiq edilməsi nəticəsində dənli bitkilərin qorunub saxlanması, onlardan həm qida məqsədilə, həm də genetik fond kimi istifadə edilməsi üçün ekoloji şərait təmin olunub. Toxum partiyasının ozon vasitəsilə zərərsizləşdirilməsinin effektivliyi müvafiq kimyəvi vasitələrlə zərərsizləşdirmə ilə müqayisəli şəkildə qiymətləndirilib. Məlum olub ki, toxumların ozon-hava qarışığı ilə işlənməsi daha yüksək məhsuldarlığı təmin edir.

Azərbaycan bu istiqamətdə Rusiya Federasiyası ilə birlikdə kənd təsərrüfatının inkişafına dair dövlətlərarası proqram hazırlayır. Bizim Akademiya N.İ.Vavilovun genetik resurslara dair elmi irsinin inkişaf etdirilməsi üzrə birgə iş aparır.

Bütün mövcud layihələrə ölkənin aparıcı elmi potensialı – əsasən Milli Elmlər Akademiyasında, ölkənin qabaqcıl ali məktəblərində və onun intellektual innovasiya klasterində, Azərbaycan Mühəndislik Akademiyasının da aid olduğu elmi mərkəzlərdə və təşkilatlarda təmsil olunmuş qüvvələr cəlb olunur.

Milli Aviasiya Akademiyasında hər il aviakosmik problemlərin həllində gənclərin kreativ potensialının üzə çıxarılmasına və inkişaf etdirilməsinə həsr olunmuş “Fevral qiraətləri” keçirilir. Bu tədbirlərin təşkilatçıları Təhsil Nazirliyi, “Azərbaycan Hava Yolları” QSC, Milli Aviasiya Akademiyası, Azərbaycan Mühəndislik Akademiyası və “Azərkosmos” ASC-dir. “Fevral qiraətləri – 2018” çərçivəsində “Aviakosmik problemlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda III beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransın işində Rusiya, ABŞ, İngiltərə və Qazaxıstandan gələn qonaqlar iştirak ediblər. Bu konfrans gənclərin intellektual potensialından aviakosmos sahəsində mövcud elmi problemlərin obyektiv və hərtərəfli araşdırılmasında istifadə imkanlarının artırılması istiqamətində mühüm addımdır. Gənclər arasında maraqlı elmi diskussiyalar və müzakirələr, riyaziyyat və fizika, müasir informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı mütəxəssislərin ustad dərsləri, “dəyirmi masalar” və digər tədbirlər keçirilir. Üç gün davam edən konfransda 8 seksiya çərçivəsində 120-dən çox məruzə dinlənilib.

Bizim mühəndislərin fikrincə, təhsil sahəsində əsas resurs məhz istedadlı və hazırlıqlı insanlar olmalıdır. Kadr potensialı kimi əsasən Milli Aviasiya Akademiyası və Azərbaycanın digər aparıcı ali məktəbləri nəzərdə tutulub. Akademiyanın üzvləri Azərbaycanın ali məktəblərində təhsilin keyfiyyətinin idarə edilməsi və yüksək ixtisaslı, o cümlədən mühəndis profilli mütəxəssislər hazırlanması üzrə iş aparırlar. Yeni iqtisadiyyata keçid problemləri, regionların innovasiyalı inkişaf üçün aparıcı texnoloji parklar kimi təsdiq olunması, bu məsələnin həllində ali məktəbin rolu və iştirakı birinci dərəcəli vəzifələr hesab edilir.

Beynəlxalq əməkdaşlıq sahəsində Azərbaycan Mühəndislik Akademiyası Beynəlxalq Mühəndislik Akademiyası ilə birlikdə Qırğızıstanın və Sloveniyanın mühəndislik akademiyaları ilə üçtərəfli müqavilə üzrə fəal iş aparır.

Bir sıra ölkələrin mühəndislik akademiyaları ilə, xüsusən Beynəlxalq Mühəndislik Akademiyası, Rusiya, Özbəkistan, Ukrayna, Belarus, Sloveniya mühəndislik akademiyaları ilə sıx əməkdaşlığı davam etdiririk. İslam Ölkələri Mühəndislik İnstitutları Federasiyasına (İÖMİF) daxil olan Azərbaycan Mühəndislik Akademiyası bu qurum və onun üzvləri ilə əməkdaşlığı genişləndirir.

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” adlı beynəlxalq elmi-texniki jurnal artıq doqquz ildir ki, Azərbaycanın və xarici ölkələrin elmi həyatında fəal iştirak edir. “Xəbərlər”də müasir dünya standartlarından istifadə edilməklə elektron formatda ingilis dilində məqalələrə ayrıca annotasiyalar dərc edilir, bu materiallar kommersiya məlumat bazalarından birinin köməyi ilə yayılır, xarici analitik bazaya (SCOPUS və Clarivate Analitics) keçidlə indeksləşdirmə və sitatgətirmə işləri görülür.

“Azərbaycan Mühəndislik Akademiyasının xəbərləri” jurnalı internet şəbəkəsində inteqrasiya edilmiş elmi resurs hüquqlarının sahibidir. Bu resursa Rusiyanın Elmi Sitatlar İndeksi (RESİ), elektron elmi nəşrlər, elmi nəşrlərin informasiya məlumat bazaları, habelə elmi nəşrlərin elektron versiyalarına fərdi abunə servisi daxildir. Jurnalın reytinqi RESİ-nin impakt-faktor əmsalı ilə təyin olunur. Jurnalın tammətnli elektron versiyası Rusiya Universal Elmi Elektron Kitabxanasının məlumat bazasında (www.elibrary.ru) yerləşdirilir.

Bizim Akademiyanın üzvləri il ərzində çoxsaylı konqreslərdə, beynəlxalq və regional elmi forumlarda, simpozium və konfranslarda iştirak ediblər. Alimlərimiz və mühəndislərimiz Azərbaycan iqtisadiyyatının davamlı inkişaf strategiyasının reallaşdırılması və təkmilləşdirilməsi üçün xüsusi fəallıq göstərirlər.

Arif Paşayev

Azərbaycan Mühəndislik Akademiyasının prezidenti,

akademik