ƏLİYEV Vasili Əhməd oğlu

MİRZƏYEV Yusif Vəli oğlu
QƏNBƏROV Ramiz Bulud oğlu
ƏLİYEV Etibar Böyükağa oğlu
(15.1.1959, Qubadlı r. – 19.10.1992) – Azərbaycanın Milli Qəhrəmanı (11.5.1993, ölümündən sonra).

15 yanvar 1959-cu ildə Qubadlı rayonunda doğulmuşdur. 1966-cı ildə birinci sinfə getmiş, 1976-cı ildə orta təhsilini başa vurmuşdur.
1977-ci ildə Qubadlı rayon Hərbi Komissarlığı tərəfindən orduya çağırılmışdır. Daxili qoşunlarda xidmət etməsi Vasilinin polisə həvəsini daha da artırır. Ordudan tərxis olunduqdan sonra onu mühafızə bölməsinə gözətçi, 1980-ci ildə isə rayon Daxili İşlər Şöbəsinə polis nəfəri kimi işə qəbul edirlər. O, nümunəvi işçi kimi hamının hörmətini qazanmışdı. Əla xidmətinə görə Daxili İşlər Nazirliyi onu “Polis əlaçısı” döş nişanı ilə təltif etmişdi.
O, 1988-ci ildən başlayaraq tez-tez döyüş meydanlarında olur, əhalinin təhlükəsizliyinin təmin edilməsində fədakarlıq göstərirdi. 1989-cu ildə Qafan rayonunun Novruzlar kəndi yaxınlığındakı yüksəklikdə qurulmuş düşmən toplarının məhv edilməsində göstərdiyi qəhrəmanlıq onun şöhrətini hər yana yaydı. V.Əliyev öz dəstəsi ilə Seytas, Novlu və Yuxarı Cibikli kəndlərinin müdafiəsində də mərdliklə vuruşmuş, döyüş yoldaşlarının mühasirədən çıxarılmasında məharət və fədakarlıq göstərmişdi.
1992-ci il… Oktyabrın 19-u…. Hərbçilərlə birlikdə polis işçiləri də Qaraqaya yüksəkliyi uğrunda döyüşə başladılar. Döyüş uğurla başa çatdı. Qələbədən ruhlanan döyüşçülər oktyabrın 20-də Topağac yüksəkliyini azad etmək üçün hücuma keçdilər. Vasili öz dəstəsi ilə düşmən arxasına keçərkən mühasirəyə düşdü. Cəsur polis işçiləri mühasirəni yarmağı və son nəfəsədək vuruşmağı qərara aldılar. Onlar düşmənin xeyli canlı qüvvəsini məhv etdilər. Ancaq bu Vasilinin və onun dəstəsinin son döyüşü oldu. Onlar Vətən yolunda canlarından keçdilər.
Ailəli idi. İki övladı var.
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Vasili Əhməd oğlu Əliyevə ölümündən sonra “Azərbaycanm Milli Qəhrəmanı” adı verilmişdir.
Qubadlı rayonunda Şəhidlər Xiyabanında dəfn edilmişdir. Qubadlı rayon Mədəniyyət evi və Diləli-Müskanlı kənd orta məktəbi Qəhrəmanın adını daşıyır.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 90
ƏLİYEV Vasili Əhməd oğlu 1959-cu il yanvarın 15-də Qubadlı qəsəbəsində anadan olmuşdu. 1976-cı ildə qəsəbə orta məktəbini bitirmişdi. Hələ uşaqlıq çağlarında Vasili milis sisteminə böyük maraq göstərir və gələcəkdə bu sahədə işləməyi arzulayırdı. Bunun əsas səbəbi el-oba arasında böyük hörmət qazanan atası Əhməd Hüseynqulu oğlunun milis işçisi olması və bu sistemdə uzun illər təmiz və qüsursuz işləməsi ilə bağlı idi. 1977-ci ildə o, sovet ordusu sıralarına çağırılmış və hərbi xidməti daxili qoşunlar sistemində başa vurmuşdu. Taleyin qisməti ilə daxili qoşunlar sisteminə düşməsi onu hədsiz dərəcədə sevindirirdi. Milis sisteminə arzu və həvəsi nəzərə alınaraq 1979-cu il avqustun 1-də mühafizə bölməsinə gözətçi təyin edilir. 1980-cı ildə rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi işə qəbul olunur. O, qırx il bu sahədə çalışan atasının işini böyük həvəs və inamla davam etdirməyə başlayır. Polis sistemində qüsursuz və əla xidmətlərinə görə Vasili dəfələrlə mükafatlandırılır və respublika Daxili İşlər Nazirliyi onu “Polis əlaçısı” Döş nişanı ilə təltif edir.
Ermənilərin əsassız ərazi iddiaları, onların törətdiyi vəhşiliklər Vətənin bütün qeyrətli oğulları kimi Vasilini də  hədsiz dərəcədə hiddətləndirirdi. Buna görə də o, 1988-ci ildən başlayaraq torpaqlarımızın qorunması, əhalinin təhlükəsizliyinin təmin edilməsində böyük fədakarlıq göstərirdi.
1989-cu ildə Ermənistan Respublikası Qafan rayonunun Novruzlar kəndinin yaxınlığındakı yüksəklikdə qurulmuş toplardan atılan mərmilər rayon mərkəzində dağıntılara və insan tələfatına səbəb olurdu. Həmin toplar necə olursa-olsun susdurulmalı idi. Vasili rəisin əmrini gözləmədən bu çətin tapşırığı öz üzərinə götürdü. Könüllü sürətdə onun səsinə səs verən yoldaşları ilə birlikdə gecəyarı Ermənistan ərazisinə girərək həmin posta yaxınlaşdı və qumbaralarla topları susdurdu, 4 erməni quldurunu məhv etdi.
1989-cu ilin sentyabr ayında ermənilər Gorus rayonunun yaxınlığındakı Dovudlu kəndinə basqın edərək dinc əhalini girov aparmağa cəhd göstərmişdilər. Həmin kəndin yaxınlığındakı mövqedə olan Vasili bu xəbəri eşidən kimi öz yoldaşları ilə birlikdə dərhal hadisə yerinə çatmış, xain düşmənə öz həddini bildirmiş, dovudluları dardan qurtarmışdı.
1991-ci ildə erməni quldurları Qafan-Gorus yolunun yaxınlığında yerləşən Yuxarı Cibikli kəndinə hücum edərək dinc sakinlərin iki nəfərini vəhşicəsinə qətlə yetirmiş, qalanlarını isə girov aparmaq istəmişdilər. Kənd camaatı sahə müvəkkli Əbdülqədir Hüseynovun başçılığı ilə düşmənə güclü müqavimət göstərirdi. Qüvvələrin qeyri-bərabər olduğu bu döyüşdə sahə müvəkkili yaralanmışdı. Həmişə olduğu kimi, polisin igid döyüşçüləri bu dəfə də vaxtında köməyə çatmışdılar. Bizimkilərin cəsarətli döyüşünə tab gətirməyən düşmənlər xeyli itki verərək qaçmağa məcbur olmuşdular. Bu uğurlu döyüşdə V.Əliyev yenə də fərqlənmişdi.
Həmin hadisədən bir neçə gün sonra polis işçilərinin həyata keçirdiyi əməliyyat nəticəsində Gorus rayonunun Şurnuxu kəndi yaxınlığındakı güclü düşmən postu yerlə yeksan olunmuş, Qurdqalaq kəndinə gedən quldur dəstəsi məhv edilmişdi. Vasili bu dəfə də əsl igidlik nümunələri göstərmişdi.
1992-ci il mayın 2-də polis şöbэsinə məlumat verilmişdi ki, Seytac kəndində postda dayanan 8 nəfər polis işçisi mühasirəyə düşmüşdür. Dərhal köməyə çatan polis işçiləri öz yoldaşlarının itkisiz mühasirədən çıxarılmasına nail olmuşdular. Düşmən xeyli itki verərək geri çəkilməyə məcbur olmuşdu.
Belə bir hadisə eynilə 1992-ci ilin aprel ayında Seytac kəndində təkrar olunmuşdu. Polis işçilərinin sayıqlığı nəticəsində düşmənin hiyləsi baş tutmamış, burnu ovulmuş, postda dayanan əməkdaşlar mühasirədən çıxarılmış, dinc əhalinin girov düşməsinin qarşısı alınmışdı. V.Əliyev Seytac kəndində həyata keçirilən hər iki əməliyyatda fəal iştirak etmiş, yoldaşlarının və kənd əhalisinin xilas edilməsi naminə öz həyatını təhlükədə qoymuşdu.
1992-ci ilin aprel ayında Laləzar körpüsü yaxınlığında həyata keçirilən əməliyyat zamanı V.Əliyev daha böyük cəsurluq göstərmişdi. Həmin gün polis işçiləri şöbə rəisi Nadir Hüseynovun rəhbərliyi ilə tarix səhifələrinə düşməyə layiq olan son dərəcə uğurlu və gözəl bir əməliyyat həyata keçirdilər. Qaniçən Karenin başçılığı ilə Laləzar körpüsünü partlatmaq istəyən erməni quldurlarını böyük məharətlə mühasirəyə aldılar. Əvvəlcədən hazırlanmış tədbirlər nəticəsində mühasirədəkiləri xilas etməyə gələn canlı qüvvələr və hərbi sursat dolu maşınlar məhv edildi. Şiddətli döyüş zamanı quldurlardan 11 nəfəri güllələndi. Müsəlman qanına yerikləyən Karen də onların arasında idi. Döyüşdən sonra öz əməkdaşlarına təşəkkür edən rəis V.Əliyevin adını xüsusi vurğuladı: “Sağ ol, — dedi, sən milli qəhrəman olmağa layiqsən”.
Vətənini canından artıq sevən cəsur polis starşinası V.Əliyevin qəhrəmanlıq zirvəsinə müzəffər yürüşü davam edirdi. Ermənilər strateji əhəmiyyətli Topağac və Qaraqaya yüksəkliklərini tutmaqla rayonu çıxılmaz vəziyyətə salmışdılar.
Bu, qəhrəman polis işçilərimizi ciddi narahat edirdi. Onlar 1992-ci il oktyabrın 19-da hərbçilərlə birlikdə Qaraqaya yüksəkliyi uğrunda döyüşə başladılar. Döyüşün uğurla başa çatdırılmasında polis işçiləri, o cümlədən V.Əliyev müstəsna rol oynadı. Vasilinin kəşfiyyatçı yoldaşları ilə birlikdə böyük cəsarətlə düşmən arxasına keçərək onun zəif yerlərini öyrənməsi qələbə üçün zəmin yaratdı.
Qələbədən ruhlanan döyüşçülər həmin günün səhəri Topağac yüksəkliyini azad etmək məqsədilə hücuma keçdilər. Vasili və onun yoldaşları kəşfiyyat tədbirlərindən sonra polis işçilərini düşmən arxasına çıxara bildilər. Hərbçilərimizin səhvləri ucbatından bu əməliyyat uğursuzluqla nəticələndi və onlar mühasirəyə düşdülər. Ölümü düşmən əlinə keçməkdən üstün tutan qəhrəman polis işçiləri mühasirəni yarmağı və son nəfəsədək vuruşmağı qərara aldılar. Qəhrəman polis işçiləri öz fədakarlıqları ilə düşməni sarsıtdılar. Vasili və onun cəsur yoldaşları bu döyüşdə qəhrəmanlıq zirvəsini fəth etdilər. Torpaqlarımızın bütövlüyü uğrunda öz canını qurban verən Vasili Əhməd oğlu Əliyevin xidmətləri Vətənin ən yüksək mükafatına layiq görüldü. Respublika Prezidentinin 11 may 1993-cü il tarixli fərmanı ilə ona (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adı verildi.
Vasilinin atası, müharibə və polis veteranı Əhməd Əliyev və anası Vera Kriçenko, həyat yoldaşı Aygün Əliyeva, qızı Zülfiyə və oğlu Elmir müvəqqəti olaraq Sumqayıtda məskunlaşmışlar. Aygün bacı qəhrəman ömür yoldaşının müqəddəs işini davam etdirir. O, Qubadlı Rayon Polis Şöbəsində polis nəfəri kimi işə başlamış və Polis Akademiyasına daxil olmuşdu. Hazırda şöbədə pasport masa rəisi vəzifəsində çalışır. Elmirin babası Əhməd kişi qürurla deyir ki, inşallah, nəvəsi gələcəkdə polis işçisi olacaq, ata-babasının işini davam etdirəcək. İnşallah!
Əd.: Tarıyel Cahangir “Vətən oğul istəyəndə”, “Günəş” nəşriyyatı, Bakı, 1998, s. 35-37