Arxangelsk vilayətində şimal şairlərinin Azərbaycan dilinə tərcümə edilmiş şeirlər məcmuəsinin təqdimatı olub

Dünyada COVID-19 səbəbindən ölənlərin sayı 5 milyon nəfəri keçib
Prezident Administrasiyasının məsul işçiləri şəhər və rayonlarda vətəndaşları qəbul edəcək
Fuad Sadıqov: “Ölkədə aqrar siğortanın əhatə dairəsi kəskin artıb”

Rusiyanın Arxangelsk vilayətində N.Dobrolyubov adına kitabxanada şimal şairlərinin Bakıda çapdan çıxmış əsərlərinin Azərbaycan dilinə tərcümə edilmiş “Fəzanın cazibəsi” adlı şeirlər məcmuəsinin təqdimatı olub.

Mərasimdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun vitse-konsulu Elçin Məmmədovun rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti iştirak edib.

AZƏRTAC xəbər verir ki, nəşr Dünya Gənc Türk Yazarlar Birliyinin, Rusiya Yazıçılar İttifaqının Arxangelsk regional şöbəsinin, “Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının dəstəyi ilə Arxangelskdə keçirilən “Azərbaycan günləri” çərçivəsində hazırlanıb.

Təqdimat mərasimində çıxış edən Arxangelsk vilayətinin Azərbaycan diaspor təşkilatının sədri Tərlan Qasımov bildirib ki, vilayətdə 10 minə yaxın azərbaycanlı yaşayır. Onlar Rusiyanın bu regionunun həyatında fəal iştirak edirlər.

Görüş çərçivəsində M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının və Arxangelsk vilayətinin Azərbaycan diasporu adından kitabxananın fonduna ölkəmizin tarixi, ədəbiyyatı və incəsənətinə aid 130-a yaxın kitab hədiyyə edilib.

Azərbaycan nümayəndə heyətinin tərkibində olan mədəniyyət xadimləri və jurnalistlər regionun hökumətində də görüşlər keçiriblər. Arxangelsk vilayəti qubernatorunun strateji plan və investisiya siyasəti sahəsi üzrə müavini Viktor İkonnikov regionun iqtisadi və humanitar inkişafı barədə nümayəndə heyətinə məlumat verib. Qeyd edib ki, dekabrın sonunda vilayətin Azərbaycana biznes missiyasının təşkili və əməkdaşlıq barədə razılığın imzalanması planlaşdırılır.

Fəridə Abdullayeva, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva