Asif Hacılı-Cənubi-qərbi Qafqazda erməni terror fəaliyyətinin tarixindən

“Keçmiş məhkumların cəmiyyətə inteqrasiyasına və hüquqlarının müdafiəsinə ictimai dəstək” layihəsinin icrası başa çatıb
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Azərbaycana səfərə gələcək
Nəsimi yaradıcılığına həsr olunmuş inşa müsabiqəsi – Elxan Süleymanovdan “Nəsimi ili”nə töhfə

“Borçalıda yaşayan azərbaycanlıların erməni quldurlarına qarşı mübarizəsi” silsiləsindən: Cənubi-qərbi Qafqazda erməni terror fəaliyyətinin tarixindənI hissə

Asif Hacılı,

filologiya elmləri doktoru,

professor, AVCİYA-nın eksperti

XIX əsrin əvvəllərindən Osmanlının tənəzzülə uğraması Qafqazın türk-müsəlman xalqlarının, o cümlədən, Gürcüstanda yaşayan Borçalı və Ahıska türklərinin də taleyində faciəli rol oynayır. XIX yüzildə Osmanlıya qarşı əsl səlib yürüşü başlayır. Bu yürüş 1815-ci ildə Vyana konqresində rəsmən ortaya atılmış qəsbkar «Şərq məsələsi»nin əsas həlqəsi idi və türk dövlətini parçalayıb yox etmək, islam Şərqini istila məqsədi daşıyırdı.

Türkiyə və İranın erməni icması qəsbkar «Şərq siyasəti»ni öz mənafeyinə yönəltməyə nail olur. Başqa xalqları əzən imperiya siyasəti erməni icmasının mənafeyinə işləməyə başlayır, köhnə qonşularının və əzəli himayədarlarının qanı bahasına ermənilərin «xoşbəxt əsri», «gözəl baharları» yaradılmağa başlanır.

XIX əsrin əvvəllərindən başlayaraq, çar imperiyasının Cənuba irəliləməsi ilə, Qafqazda və Osmanlıda ermənilərin yerli xalqlara qarşı təxribatları və terroru xüsusi vüsət alır. Qafqazda yerli müsəlman əhalini və xristian gürcüləri sıxışdırmaq, bu ərazilərə yiyələnmək məqsədilə onlar müxtəlif güc mərkəzləri – Osmanlı dövləti, İran, Rusiya, bir qədər sonra İngiltərə, Fransa ilə siyasi oyunlara girir, intriqalar yaradırlar. 

Çar Rusiyası, Pyotrun vəsiyyətlərilə səsləşən “Şərq” hərəkatının əsas iştirakçılarından idi və öz məqsədləri üçün ermənilərdən fəal istifadə edirdi. Əslində Qafqaz döyüşlərində türklərin məğlubiyyətlərinin əsas səbəbi heç də türk silahının zəifliyi deyil, ermənilərin xəyanətləri olur. Bu dönüklük getdikcə o dərəcədə qabarıqlaşır ki, hətta K.Marks F.Engels bu haqda ayrıca məqalələr yazırlar («Qarsın süqutu», «Asiyada müharibə», «Avropa müharibəsi»).

XVIII  əsrdən izlənən bu nankor xəyanətin ermənilərin irsi xüsusiyyəti olmasını bir çox faktlar təsdiqləyir. Yalnız xarici müşahdəçilərin qeyd etdiyi bəzilərini göstərək. Amerikalı müəllif S.A.Uimz yazır: «Çar Böyük Pyotr (1689-1725) Qafqazın işğalında erməni satqınlığından məharətlə və səmərəli istifadə etdi. II Yekaterinanın dövründə də ermənilər Rusiyaya köməkliyini davam edirdilər… 1796-cı ildə ruslar Dərbənd şəhərini mühasirəyə aldı. Özlərini Osmanlılara sadiq göstərən erməni sakinləri şəhərin su ilə təchizi haqqında məlumatı ruslara çatdırdılar və məhz bunun nəticəsində ruslar döyüşdə qələbə çaldılar… 1808-ci ildə çar I Aleksandr (1801-1825) Rusiyaya kömək məqsədi ilə apardığı casusluq fəaliyyətinə görə Erməni Kilsəsinin katolikosu Danieli birinci dərəcəli Müqəddəs Anna ordeni ilə təltif etdi… Rusiya-Osmanlı müharibələrinin hər birində Osmanlı erməniləri adi qaydalar əsasında döyüş xətlərini keçir və xəbərçilik edərək düşmənə – ruslara hərbi məlumat çatdırırdılar». (Səmuel A.Uimz. Ermənistan – terrorçu «xristian» ölkənin gizlinləri. Ermənilərin böyük fırıldaq seriyaları – I cild. B., 2004, s.34,75)

Qafqaza yaxşı bələd olan rus məmuru və publisisti V.L.Veliçko “Qafqaz…” kitabında yazır ki, iranlıların təqibindən qurtularaq II İrakliyə pənah gətirmiş, Borçalı torpaqlarında ermənilər üçün salınmış Şulaverdə yerləşdirilmiş erməni məlikləri AboMəcnun 1795-ci ildə İran şahı Qacar Tiflisə hücum edəndə, öz gürcü xilaskarları və himayədarlarını, xristian dindaşlarını sataraq, şah qoşunlarına bələdçilik etmişlər (В..Л.Величко. Кавказ. Русское дело и междуплеменные вопросы. Б., 1990, с. 35-36)

Borçalı igidləri isə Yadigar oğullarından Sadıq Bəyin, oğlu Allahverdi Bəyin, qardaşı oğlu Xudu Bəyin başçılığı ilə II İraklinin tərəfində iranlılara qarşı vuruşmuşlar. Allahverdi Bəyin arvadı Nabat xanım isə dağ yolları ilə çarın arvadı Darecanı və uşaqlarını xilas edərək Duşetə müşayiət etmişdir.

…Tiflisdə milli varlığımızı yaşadan fədakar ziyalımız və tədqiqatçımız Mirzə Məmmədoğlu Maşov “Xudu Borçalı” tarixi povestində və “Yadigaröyünün yadigar qılıncı” sənədli hekayəsində borçalılarla gürcülərin silah dostluğunu təsvir edərək, sənədlər əsasında göstərir ki, iranlılarla həmin müharibədə 150 nəfər say-seçmə Borçalı igidi sayca qat-qat çox İran ordusunu qəhrəmancasına dəf etmiş və onların hamısı “vətən uğrunda, torpaq uğrunda mübarizə apararaq həlak olmuşdur”.

1828-ci ilin aprelində imperator Nikolay Türkiyəyə müharibə elan edir və iyunun ortalarında əsas döyüşlər Qafqaz cəbhəsinə keçirilir. Beləliklə, Azərbaycan və Gürcüstan Qafqaz müharibələrinin hədəflərindən biri olur və ermənilərin yerli gürcü və türklərə qarşı təxribat və terroru geniş miqyas alır. …Bu dövrdə Azərbaycan, Osmanlı şəhərlərinin işğalında, dinc xalqın qətllərində erməni xəyanəti əsas amillərdən olub.

Qraf İ.F.Paskeviçin qoşunları iyunda Gümrü yaxınlığında Arpaçayı keçərək, iyulun 19-da Qarsa gəlir. Qars ətrafındakı ağır döyüşlər bir nəticə vermir. Rus hissələrinin Qarsdan geri çəkilməsi haqqında söhbətlərin getdiyi bir vaxtda şəhərdəki ermənilər gecə şəhər divarlarından rus qrenaderlərinə (seçmə əskər) kəndir nərdivanlar tullayır, içəri girən qrenaderlər darvazaları açıb qoşunları şəhərə buraxırlar (М.А.Задонский. Жизнь Муравьева. Документы и воспоминания. М., 1989, с.240-246).

Dərbəndin, Gəncənin, Təbrizin, İrəvanın ruslar tərəfindən tutulmasında da öz himayədarlarına, yerli əhaliyə qarşı satqınlıq edərək böyük qırğınlara səbəb olmuş erməni xəyanəti həlledici rol oynayır (K.Şulgin. İrəvanın alınması //SMOMPK, 1884, 4-cü buraxılış, s. 34-39; İrəvanın türk hökmdarları haqqında bax: P. Zelenski. İrəvan şəhəri // SMOMPK, 1881,1-ci buraxılış, s.1-54).

Qafqazda erməni təxribatlarının və terrorunun əsas hədəflərindən biri də Gürcüstanda yaşayan türklər olur. Rusiya və Osmanlı arasında münasibətlərn gərginləşməsi ilə ermənilərin tarix boyu himayə və xeyirxahlıqlarından bəhrələndikləri türklərə, dağlılara, hətta dindaşları gürcülərə xəyanəti və açıq terroru başlayır. Ermənilərin xəyanətkar  təhriki və birbaşa iştirakı ilə Qafqaz  müsəlmanlarının əraziləri qəsb edilir, əhali köçürülür, erməni quldur və terror təşkilatları tərəfindən qanlı qırğınlar törədilir.  

Bütün bunları müşahidə edən gürcü ziyalısı İlya Çavçavadze 1887-ci ildə yazırdı: «Türklər (azərbaycanlılar)… ürəyiaçıq, sakit, təmkinli və vüqarlıdırlar. Türk bir adama hörmət edib inanarsa, heç vaxt ona xəyanət etməz. Türklər yalnız ağıllı və mərd adama hörmət edirlər… Ermənilər adımızı ləkələməklə, milli ləyaqətimizi tapdalamaqla kifayətlənməyərək bizi yer üzündən birdəfəlik silmək üçün bütün tariximizin, salnamələrimizin üstündən qələm çəkir, tarixi yadigarlarımızı, abidələrimizi… bütün tarixi sərvətlərimizi müxtəlif hiylələrlə öz adlarına çıxırlar» (D. Əliyeva Ürək bir, dilək bir. B., 1981, s. 145).

1828-ci ildə Osmanlının şimal-şərq və Şimali Azərbaycan torpaqları Rusiya imperiyası tərəfindən işğal olunduqdan və buralara ermənilər ayaq açdıqdan sonra Gürcüstan türklərinin tarixində də faciəli dövr başlanır. Yerli türk-müsəlman əhalisinə qarşı mürtəce imperiya siyasəti yürüdülür: türklərin xeyli hissəsi Türkiyəyə köçürülür, Cavaxet tərəflərin böyük hissəsi, Aran və Dağ Borçalının bir sıra məskənləri az qala tam boşalır. Bu torpaqların Qars, Bəyazid mühacirləri hesabına kütləvi şəkildə erməniləşdirilməsi başlanır. Qafqaz xalqlarının taleyilə oynayan Paşkeviçin əmri ilə yüz minlərlə erməni Azərbaycan və Gürcüstan ərazilərinə yerləşdirilir. XIX əsrin ortalarında və sonralar da kütləvi erməniləşdirmə siyasəti davam edir, «…məhz bu üsulla indi Ermənistan Respublikası adlanan ərazidə erməni əhalisinin üstünlüyü əmələ gətirilmişdir – bu üstünlük rusların hərbi gücü sayəsində yaradılmışdır. Beləliklə, onların «qədim» vətən adlandırdığı ölkənin tarixi 1850-ci illərin ortalarından başlayır» (S.A.Uimz).

Qafqazın məşhur tədqiqatçısı V.Veliçko Cənubi Qafqazda müsəlmanların yerini tutmuş ermənilər haqqında yazırdı: «ermənilər orada XIX yüzilliyin birinci yarısında böyük miqdarda peyda oldular, özü də Türkiyədən qaçqınlar kimi, yerli əhali kimi yox» (В.Величко. Кавказ. Русское дело и междуплеменные вопросы. СПб., 1904, т.1, с.69).

Heç bir əndazəyə sığmayan erməniləşdirmə siyasətinin acı nəticələri, əvvəl türklərə xəyanət etmiş ermənilərin indi də himayədarları olmuş rusların özünə və gürcü dindaşlarına qarşı yönəlir, ermənilər gürcü abidələrini erməniləş­dir­məyə, pravoslav rusları sıxışdırmağa, dövlətə qarşı fitnələrə başlayır. Bu fitnəkarlıq A.S.Puşkinin («Sən köləsən, sən oğrusan, sən ermənisən»), A.S.Qriboyedovun  (А.С.Грибоедов. Записки о переселении армян из Персии в наши области // А.С.Грибоедов. Сочинения в двух томах, т.2., 1971, с.339-341), N.İ.Şavrovun (Н.И.Шавров. Новая угроза русскому делу в Закавказье: Предстоящая распродажа Мугани инородцам. СПб., 1911, с.59-61), V.L.Veliçkonun (В.Величко. Кавказ. Русское дело и междуп­лемен­ные вопросы. Б., 1990),  İ.Çavçavadzenin  (И.Чавчавадзе. Армянские ученые и вопиющие камни. Тифлис, 1902) əsərlərində, XIX-XX əsrin əvvəllərinin mətbuatında geniş şərh olunub. 1897-ci ildə «Qafqaz» dərgisində (№ 94) dərc olunmuş «Axaltsıx dözümsüzlüyü» (Ахалцихская нетерпимость. «Кавказ», 1897, № 94)  adlı məqalədə erməni icmasının ruslara, gürcülərə və türklərə qarşı törətdikləri fitnələr ətraflı təsvir olunur.

XX əsrin əvvəllərində xarici havadarlarına arxalanan, müasir silahlarla yaxşı təchiz olunmuş, lakin heç vaxt Osmanlı və Azərbaycanın nizami ordusu ilə qarşılışmağa cəsarət etməyən erməni qoşun hissələrinin dinc əhaliyə qarşı terror fəaliyyəti Tiflisdə, Borçalı və Ahıskada şiddətlənir. 1905-ci ildə ermənilərin Tiflisdə azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar sözün tam mənasında soyqırım hadisəsi idi. Silahlı erməni daşnak-terror dəstələri Tiflisin azərbaycanlılar yaşayan Şeytanbazar məhəlləsinə hücum edərək silahsız şəhər əhalisini amansızlıqla qətl etmiş, evləri, mülkləri yandırmış, insanlara olmazın işgəncələr vermişlər. Bu hadisə, təəssüf ki, tarixçiliyimizdə öz qiymətini almayıb. Bu qətliam zamanı Azərbaycan türkləri və gürcü xalqının tarixi qardaşlıq münasibətləri növbəti dəfə öz təsdiqini tapıb. Gürcü ziyalıları, sadə əhali qətiyyətlə silahlı erməni terrorunu pisləmiş, xüsusi komssiya yaradaraq fəaliyyətə başlamışlar. Qeyd edək ki, 1905-ci il noyabr soyqırımında erməni daşnak dəstələri minlərlə pravoslav gürcünü də amansızlıqla qətl etmişlər. Bu soyqırımının qarşısını məhz Borçalı ağalarının başçılığı ilə başlayan xalq hərəkatı, azərbaycanlıların könüllü silahlı dəstələri almışdır. Borçalı atlıları Tiflisə daxil olaraq, erməniləri zərərsizləşdirib, həm azərbaycanlıları, həm də gürcüləri erməni soyqırımından xilas edib. Qeyd edək ki, bu dövrdə Cənubi Gürcüstanda – Batumdan Borçalıya qədər minlərlə türk-müsəlman erməni faşist-quldur dəstələri tərəfindən qətl edilmişdir və bu məsələ ətraflı araşdırılaraq hüquqi qiymətini almalıdır.

Erməni terrorçularının Borçalı əhalisinə qarşı hücumları, soyqırımlar keçən əsrin ilk onilliklərində davam etmiş və 1918-ci ildə xüsusilə kəskinləşmişdir. 1918-ci ildə canilər Andranikin, Kantarçıyev Aqanikin, Areşovun quldur dəstələri Qars-Ahıska-Borçalıda, eləcə də Azərbaycanın müxtəlif bölgələrində, Bakıda, İrəvanda, Göyçədə, Gəncədə, Qarabağda, Naxçıvanda on minlərlə türkü ən müdhiş, tükürpədici üsullarla qırır.

Türk ordusu 1918-ci ilin payızında bu qırğınları kəsmək üçün irəliləyir, sentyabrın 15-də Bakıya daxil olur, əhalini kütləvi qırğından qurtarır. Hər tərəfdən hərbi təzyiq, beynəlxalq intriqalar nəticəsində 1918-ci il oktyabrın 30-da Türkiyə çox ağır şərtlərlə Mondros sazişini imzalayır və ordunu cənubi-qərbi Qafqazdan çıxarmağa boyun olur. Qars, Ərdəhan, İrəvan, Borçalı, Zəngəzur, Batum, Naxçıvan, Ahıska, Axılkələk, Göyçə, Ağbaba, zavallı türkləri məkrli düşmən qarşısında təkbaşına qalırlar.

İngilis, fransız, rus yardımına arxalanan erməni hərbi dəstələri bu bölgələri həlqəyə alır. Bu ölüm-dirim məqamında yerli türk əhalisinin şanlı hürriyyət və istiqlal mücadiləsi, azadlıq, şərəf, ləyaqət uğrunda qeyri-adi qəhrəman­lıqla mübarizəsi başlayır. Xalq birləşir, təşkilatlanır, siyasi tədbirlər görür. Bu amacla «Ahıska hökuməti – müvəqqətəsi» (29 oktyabr 1918), «Araz Türk hökuməti» (3 noyabr 1918), «Qars İslam Şurası» (5 noyabr 1918), «Milli Şura hökuməti» (30 noyabr 1918) və nəhayət, «Cənubi-Qərbi Qafqaz hökuməti – Müvəqqətayi – Milliyyəsi» adlanan türk respublikaları qurulur (Bax: Asif Hacılı. Gəl dönəlim o yerlərə, arkadaş! // «Ulduz», 1989, №7; Asif Hacılı. Ahıska türklərinin tarixi // «Ulduz», 1991, № 8; Asif Abbasoğlu. Qafqazda türk cümhuriyyətləri // «Ədəbiyyat qəzeti», 01.04.1991; Asif Hacılı. Qəribəm bu vətəndə /Ahıska türklərinin etnik mədəniyyəti/. B., «Gənclik», 1992;  Asif Hacılı. Ahıska türkləri: Vətən bilgisi. İstanbul, 2009). 1919-cu ilin 12 aprelində Cənubi-qərbi Qafqaz Cümhuriyyəti ingilislər tərəfindən dağıdılır. Şəhərə ingilislərin arxasınca, 30 apreldə ermənilər daxil olur.

Bu dövrdə həm Borçalı, həm Ahıska, həm də Qərbi Azərbaycanda erməni terroruna qarşı yenidən xalq hərəkatı başlayır. Qars hökuməti dağıldıqdan sonra xalqı qorumaq üçün Batumdan Ordubada qədərki ərazidə aşağıdakı qısamüddətli yerli hökumətlər qurulur: Naxçıvan Şurası, Çingiz bəy hökuməti (Şahtaxtı mərkəz olmaqla Vedi, Eçmiyədzin yörəsi, Zəngibasarın bəzi kəndləri), Qulp (Duzluca) Şurası, Oltu müvəqqəti hökuməti, Ağbaba Şurası, Çıldır milli Şurası, Batum İslam cəmiyyəti, Şəvşət milli Şurası, Əcərə və Çürüksu hökumətləri, Borçalı – Qarapapaq Şurası.

Azərbaycan Cümhuriyyəti öz məhdud durumuna, bir neçə cəbhədə müdaxilə ilə üzləşdiyinə baxmayaraq, İrəvan, Borçalı, Sürməli, Qars, Ahıska, Axılkələk, Batum türklərinin, eləcə də kürdlərin ağır vəziyyətinə heç vaxt biganə qalmamış, hər vasitə ilə yardım göstərməyə çalışmış, bu əraziləri dövlət siyasətinin tərkib hissəsi kimi götürmüşdür və bunu beynəlxalq səviyyədə bəyan etmişdir (Az. EA MDƏYTA. f . 970, s.1, iş 42, s.3-4; Azərbaycan  SSR  EA Tarix, fəlsəfə,hüquq «Xəbərləri», 1990, №2, s. 61-63; Ş.P.Şamıoğlu. Borçalıda etnik proseslər və millətlərarası münasibətləri (X1X-XX əsrlər). B., 1997, s.93-94).

Bu aralarda erməni təcavüzlərinin ən hərarətli zamanı başlayır. Qafqaza ayaq qoyduqları ilk günlərdən Azərbaycan və Gürcüstan ərazilərinə iddia edən ermənilər bu fəaliyyəti bütün XX əsr boyu və bu gün də davam etdirirlər. Hələ 1913-cü ildə Qafqaz canişini Vorontsov-Daşkov Borçalı və Axılkələk qəzalarını Tiflis quberniyasından alıb Gümrü quberniyasına birləşdirmək barədə ermənilərin tələbini müzakirə üçün xüsusi komissiya yaradır. 1914-cü ilin 24 yanvarında bu plan Tiflis Quberniya Şurasının yığıncağında müzakirə olunur, lakin komissiyanın mənfi rəyinə görə qəbul edilmir. 1917-ci ildə yenidən Gümrü (Aleksandropol) quberniyası yaradılması, Borçalının Loru nahiyəsinin bura daxil edilməsi məsələsi qoyulur, elə bu dövrlərdə «üç dəniz» arasında böyük əraziləri, o cümlədən Borçalı, Ahıska, Axılkələk, Tiflis və Batumu əhatə edən «Böyük Ermənistan» ideyası irəli sürülür (Borçalı, Ahıska-Axılkələkdə bu və digər erməni fitnələri haqqında bax: İ.Cavaxişvili. Torpaq çəkir. B., 1990; Ş.Məmmədli. Paralanmış Borçalı və ya 1918-ci il Ermənistan-Gürcüstan müharibəsinin acı nəticələri. B., 1991;                 Ş. Şamıoğlu. Borçalıda etnik proseslər və millətlərarası münasibətlər (XIX-XX əsrlər). B., 1997; S.Kiladze. Bir müharibə haqqında sənədli məlumatlar // «Axalqazrda İverieli» qəzeti, № 55,56,57,58; «Sabah» qəzeti, № 2(3), 1992)).

Qeyd edək ki, Loru nahiyəsinin ermənilər tərəfindən 1917-ci ildə ilhaqının qarşısını həmin il Borçalının komissarı olan Əbdürrəhim bəy Haqverdiyev alır. Lakin sonradan Lorunu, bütövlükdə Dağ Borçalını ələ keçirib Ermənistana birləşdirilər (bu haqda istedadlı gənc tədqiqatçı və diplomat Fəxri Valehoğlu-Hacıyevin AVCİYA səhifəsində “Borçalı türklərinin gürcü dövlətçiliyi tarixində rolu” adlı müsahibəsinə baxa bilərsiniz).

Vəziyyətin gərginliyi türkləri və gürcüləri 1917-ci ilin yayında Tiflisdə kəndlilərin qurultayında ermənilərə qarşı Gürcü-Müsəlman İttifaqı yaratmağa məcbur edir (В.Гурко-Княжин. Армянский вопрос. Баку, Коммунист, 1990, с.13).

Həmin ilin oktyabrında isə həyasızlaşmış ermənilərin Gürcüstana ərazi iddialarını gerçəkləşdirmək üçün Tiflisin özündə erməni milli konqresi toplaşır, Erməni Milli Mərkəzi və Milli Şura yaradılır. Zaqafqaziya Seymi (15 noyabr 1917 – 10 aprel 1918) dağıldıqdan sonra ermənilərin torpaq iddiaları artıq müstəqil respublikalar arasında hərbi münaqişələrə səbəb olur. «1918-ci ildə Ermənistan cırtdan respublika kimi peyda olar-olmaz öz qonşularına – Gürcüstan, Osmanlı İmperiyası və Azərbaycana saxta torpaq iddiaları irəli sürdü. Ermənilər Gürcüstana müharibəni uduzduqdan sonra ikinci hücum üçün Azərbaycanı seçdilər. Bu müharibə ərzində xristian ermənilər 115 Azərbaycan kəndini xaraba qoydular. 7.000 nəfərdən çox adamı öldürdülər və 50.000-dən çox müsəlmanı ev-eşiyini ataraq qaçmağa məcbur etdilər. Lakin azərbaycanlılar döyüşə atılan kimi ermənilər qaçıb getdilər» (S.A. Uimz, s. 362, 363).

Bütövlükdə cənubi Qafqaz türkləri və Azərbaycan Respublikası Ermənistanın təzyiqinə məruz qalır, sərhədlər, bölgələrin təhlükəsizliyi uğrunda çarpışma başlayır (bax: А.А.Топчибашев. Дипломатические беседы в Стамбуле (1918-1919); M.Ə.Rəsulzadə. Azərbaycan cümhuriyyəti. B., 1990; N.Nəsibzadə. Azərbaycan Demokratik Respublikası. B., 1990; Zaqafqaziya və Gürcüstanın xarici siyasətinə dair sənədlər və materiallar. Tiflis, 1919; Ş.Məmmədli. Paralanmış Borçalı…; Ş.Şamıoğlu. Borçalıda etnik..; Asif Abbasoğlu. Qafqazda türk cüm­huriyyətləri // «Ədəbiyyat qəzeti», 4.01.1991)

Erməni fitnələri o qədər şaxələnir ki, 1918-ci il dekabrın 12-də artıq Ermənistanın dövlət səviyyəsində Gürcüstana qarşı müharibəsi başlayır! Erməni ordusu Borçalı ərazisindən Gürcüstana təcavüz edir.

Borçalı türklərinin Gürcüstana sədaqəti və gürcü xalqı ilə birliyi 1918-ci il müharibəsində, eləcə də 1921-ci ilin fevarlında artıq Dağ Borçalını, Loru bölgəsini işğal etmiş Sovet Ermənistanının Tiflisə hücumu zamanı tarixin sınağından çıxmışdır. Hər iki məqamda Borçalı igidləri gürcülərlə çiyin-çiyinə Gürcüstanın azadlığı və ərazi bütövlüyü uğrunda Ermənistanın işğalçı ordusuna qarşı qəhrəmanlıqla döyüşmüşlər.

1921-ci ildə ermənilərin riyakar xisləti tam aşkarlığı ilə üzə çıxır. Əvvəllər çar Rusiyasından, sonra ingilislərdən bəhrələnən ermənilər indi həm Denikinə arxalanır, həm də bolşeviklərdən istifadə edirlər! Müstəqil Gürcüstanı dağıtmaq üçün ermənilər bu dəfə də xəyanət edir. 1921-ci il fevralın əvvəllərində erməni İ.Lazyan başda olmaqla Loruda hərbi inqilab komitəsi yaradılır. İ.Lazyan, S.Yevonyan, S.Sarkisyan gürcü hökumətinə qarşı erməniləri üsyana qaldırır, fevralın 16-da Gürcüstan İnqilab Komitəsi yaradılır və bu komitə 20 fevralda «Gürcüstan fəhlə, kəndli və əsgərlərinə, bütün zəhmətkeşlərinə müraciətdə» belə bir saxta bəyanat verir: «Üsyana qalxmış Borçalının zəhmətkeş xalqına… imkan veriləcək ki, o, sərbəst olaraq könüllü surətdə Ermənistan, Azərbaycan, yaxud Gürcüstan sovet respublikalarının birinə ilhaq edilsin» («Бакинский рабочий» qəzeti, 20 fevral, 1921, № 40).

ARDI VAR