AŞPA-da Ermənistana dair qətnamə təklifi

Xarici Kəşfiyyat Xidmətinin Əsasnaməsi və strukturu
Azərbaycan QHT-ləri Şuşa ilə bağlı bəyanat veriblər
ABŞ mətbuatında Ağdaban və Başlıbel qətliamlarından bəhs edən məqalələr dərc olunub

AŞPA-da Ermənistanın Nazirlər Şurasında qarşıdan gələn sədrliyinə dair qətnamə təklifi irəli sürülüb. Bu barədə AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, Şamaxının Millət vəkili Elxan Süleymanov məlumat verib. Deputat vurğulayıb ki, bu qətnamə təklifi AŞPA-nın 8 üzv dövlətini təmsil edən 31 deputatı imzalayıb. Bu, qurumun prosedur qaydalarına tam uyğundur. Belə ki, Prosedur Qaydalarına əsasən qətnamə təklifi ən azı 5 üzv dövləti təmsil edən 25 deputat tərəfindən imzalandıqdan sonra gündəliyə daxil edilməlidir. Deputat onu da bildirib ki, AŞPA-nın yaz sessiyası çərçivəsində 5 nümayəndə heyətini təmsil edən 25 deputatın imzası ilə 18 fevral 2013-cü il tarixdə Ermənistanda keçirilmiş prezident seçkilərində AŞPA seçki müşahidə missiyasına etirazı özündə ehtiva edən qətnamə təklifi irəli sürülmüşdü. Lakin Assambleyada Prosedur Qaydalarına uyğun təqdim olunmasına baxmayaraq, müxtəlif bəhanələrlə qətnamə təklifinin müzakirəyə çıxarılmasının və məsələ ilə bağlı şəffaf şəkildə müzakirələrin keçirilməsinin qarşısı alındı.
Elxan Süleymanov həmçinin diqqətə çatdırdı ki, işğalçı Ermənistan bu ilin iyul ayından Avropa Şurasının əsas qurumlarından biri olan Nazirlər Şurasına sədrlik edəcək. Şübhəsiz ki, yuxarıda qeyd edilən fakt və Avropa Şurasına üzv olan bir dövlətin ərazilərini 20 ildən artıq bir müddət ərzində hərbi işğal altında saxlayan digər üzv dövlət olan Ermənistanın Avropa Şurasında Avropa dəyərləri, demokratiya, insan hüquqları və hüququn aliliyinə nəzarət edən bir ququma sədrlik etməsi bu qurumun üzvü olan və öz obyektivliyi və prinsipiallığı seçilən deputatları ciddi narahat etdi. Onlar bu səbəbdən Ermənistanın Nazirlər Şurasına sədrliyinə dair yeni qətnamə təklifi ilə çıxış etdilər. Əldə edilən məlumata görə, bu qətnamə təklifi artıq AŞPA-nın gündəliyinə salınıb.
Qeyd edilən qətnamə təklifinin əhəmiyyətini nəzərə alaraq, onun tam mətnini olduğu kimi oxucuların diqqətinə çatdırırıq:
“Nazirlər Şurasında Ermənistanın sədrliyi”nə dair
QƏTNAMƏ TƏKLİFİ
Təqribən 13 il əvvəl Parlament Assambleyası Ermənistanı yeni üzv kimi qəbul etdi. Həm Avropa Şurası, həm də qlobal beynəlxalq ictimaiyyətin  Ermənistanın bu beynəlxalq demokratiya forumuna üzvlüyünün Cənubi Qafqazda əmin-amanlığın artmasına töhfə verəcəyi barədə gözləntiləri var idi.
Beynəlxalq ictimaiyyətin bir sıra qətnamələrində, o cümlədən Avropa Şurası tərəfindən, Ermənistan dəfələrlə silahlı təcavüzə görə pislənərək, açıq-aydın təcavüzkar ölkə adlandırılmış və bu kontekstdə Ermənistanın mövqeyinin AŞPA-nın fundamental prinsiplərinə birbaşa əks olduğu bildirilmişdir.
Parlament Assambleyasının üzvləri Ermənistanın bu mövqeyi ilə bağlı o qədər narahatdırlar ki, Ermənistanın 1 iyul 2013-cü ildə başlayacaq sədrliyindən çox ehtiyat edirlər.
Biz Nazirlər Şurasındakı həmkarlarımıza qarşıda gələn sədrliyi müddətində Ermənistanın mövqeyini ciddi şəkildə nəzərdən keçirməyi və təcavüzkar ölkə kimi öz mövqeyini düzəltməsi üçün təcili addımlar atmaları məqsədilə Ermənistan hakimiyyətinə istənilən növ təzyiq göstərmələrini tövsiyə etməyi düzgün və müvafiq hesab edirik.
Bundan başqa, biz Büroya məsələ ilə bağlı Ermənistanın beynəlxalq qətnamələrə əməl etməməsi haqqında məruzə və ya qətnamə hazırlamasını tövsiyə edirik. Bu məruzəyə eyni zamanda Ermənistanın Avropa Şurasına qoşulduğu andan etibarən məsələ ilə bağlı Assambleya tərəfindən göstərilmiş təşəbbüslərin qiymətləndirilməsi də daxil edilməlidir.
Assambleyanın məruzəsi əsas maneələri, siyasi iştirakçıları və onların məsuliyyətlərini aydın şəkildə müəyyən etməlidir. Yaxın gələcək üçün konkret tövsiyələr hazırlanmalı və bu mövzu Ermənistanın sədrliyi dövründə gündəlikdə əsas məsələ olmalıdır”.
Bir daha bildiririk ki, qətnamə təklifi 8 ölkəni təmsil edən 31 AŞPA üzvü tərəfindən imzalanıb.