AŞPA-da Sərsəng su anbarı ilə bağlı qətnamə layihəsi müzakirə olunacaq

Quram Marxuliya: Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəsarətli mövqeyi dəyişməzdir
ABŞ mətbuatında Ağdaban və Başlıbel qətliamlarından bəhs edən məqalələr dərc olunub
MN: Qubadlı ərazisi Ermənistan ərazisindən artilleriya atəşinə tutulur

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Sərsəng su anbarı ilə bağlı qətnamə layihəsi müzakirə olunacaq.

Bu barədə APA-ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanovun ofisindən məlumat verilib. E. Süleymanov tərəfindən təqdim edilmiş və 14 Avropa ölkəsini təmsil edən deputatlar tərəfindən imzalanmış qətnamə layihəsinə bazar günü, aprel ayının 6-da Avropa Şurasının Prezidentlər Komissiyasında baxılacaq.

Qətnamə layihəsində Azərbaycanın cəbhəyanı rayonlarının (Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Tərtər, Yevlax) 400 mindən artıq mülki əhalisinin kəskin su qıtlığı səbəbindən gündəlik olaraq ciddi humanitar, iqtisadi, ekoloji və bioloji təhdidlərlə üz-üzə qaldığı bildirilir.

E. Süleymanov bildirib ki, AŞPA sərhədlərdən asılı olmayaraq sudan sərbəst istifadəni bütün vətəndaşların əsas hüququ hesab edir. Bu səbəbdən də qətnamə layihəsində bu məsələni araşdırmaq və problemin səbəblərini müəyyənləşdirmək məqsədilə məruzəçi təyin etməyə çağırış, problemə dair məruzənin hazırlanması və problemi aradan qaldırmaq məqsədilə beynəlxalq ictimaiyyətin dərhal və konkret tədbir görməsinin zəruriliyi əksini tapıb.

Qeyd edək ki, AVCİYA 2013-cü ilin may ayından etibarən Sərsəng su anbarının işğal altında qalmasının yaratdığı və yarada biləcəyi humanitar faciə, iqtisadi, ekoloji, bioloji böhranla bağlı geniş miqyaslı beynəlxalq layihəyə başlayıb.