AVCİYA-nın bölgə müşahidəçilərinin seçki təəssüratları

Heydər Əliyevin 100 illiyinə həsr olunan “Göyçay Ensiklopediyası”nın təntənəli təqdimat mərasimi keçirilib
AVCİYA müşahidəçilik institutunu tam formalaşdırıb
Azərbaycan prezidenti seçkisində seçicilərin fəallığı 20, 2 faiz təşkil edir – exit-poll

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı 7 noyabr Milli Məclisə keçirilən seçkilərdə 4400 məntəqədə müşahidə missiyasını həyata keçirib. Əvvəlki seçkilərdə olduğu kimi assosiasiya seçki sahəsində qazandığı təcrübədən yararlanaraq müşahidəçilik prosesini çox uğurla həyata keçirib. Seçki günü qərargaha daxil olan məlumatlar kütləvi informasiya vasitələri ilə bütün ölkə ictimaiyyətinin diqqətinə çatdırılıb. Seçki prosesinin gedişatı ilə bağlı AVCİYA Seçki Qərargahının regional nümayəndəliklərinin böyük rolu olub. Onların seçki günündəki fəaliyyəti xarici müşahidəçilərin də diqqətini cəlb edib. Onların seçkilərin gedişi ilə bağlı təəssüratlarını AVCİYA-nın təqdimatında hazırlanan “Seçki-2010” buraxılışının oxucularının da diqqətinə çatdırmaq istəyirik.

SEÇKİLƏR LERİK VƏ YARDIMLIDA DA MÜŞAHİDƏ OLUNDU

AVCİYA Seçki Qərargaıhının Lənkəran Regional Nümayəndəliyinin rəhbəri Ceyhun İsmayılov bildirdi ki, nümayəndəlik 6 rayonda müşahidəçilik missiyasını həyata keçirib. Onun sözlərinə görə, bu rayonlardakı dairələrdə yerləşən məntəqələrin hər birində müşahidəçilər olub: «Seçki günü müşahidəçilər lazımi ləvazimatlarla təmin olunmuşdu. Hətta ucqar rayonlarımız olan Lerik və Yardımlıda müşahidəçilərimiz məntəqələrdə seçki prsesini izləyiblər. Bundan başqa onlar seçki günündən əvvəl treninqlərdə iştirak etmişdilər. Seçki qanunvericiliyi, proseduraları, Seçki Məcəlləsinə edlimiş dəyişikliklər və ümumilikdə müşahidənin prinsipləri, müşahidəçilərin vəzifə və öhdəlikləri haqqında müşahidəçilər tam məlumatlandırılıblar. Səhər saatlarında müşahidəçilərimiz məntəqələrdə qeydiyyatdan keçiblər. Bir məqamı qeyd edim ki, bizim müşahidəçilər aktivliyi ilə məntəqələrdə seçiliblər. Bu barədə həm dairə seçki komissiyaları, həm də məntəqələrdən məlumatlar verilib. Seçki günü günorta saatlarına qədər müşahidəçilərdən seçici fəallığı ilə bağlı mütəmadi informasiyalar alınıb və assosiasiyanın Seçki Qərargahına ötürülüb. Eyni zamanda yaranmış kiçik problemlər yerindəcə həll edilib və anlaşılmazlıqlar aradan qaldırılaraq lazımi tədbirlər həyata keçirilib. Protokolların surətlərinin əldə olunması ilə bağlı da ciddi probleblərimiz olmayıb. Regional nümayəndəliyə daxil olan rayonlardan əldə etdiyimiz məlumatlara görə, müşahidə aparılan məntəqələrdən protokolların surətləri əldə edilib. Bundan əlavə Seçki Qərargahı bilavasitə məntəqələrdəki müşahidəçilərimizlə telefon əlaqəsi yaradaraq, seçici fəallığı, hər hansı qanun pozuntusu və digər məsələlər barədə ətraflı məlumatlar toplayıb. Hazırda müşahidəçilərin əldə etdiyi protokollar Seçki Qərargahına göndərilməsi üçün toplanılır. Bir məqamı da qeyd edim ki, müşahidəçilərimizin olduğu bir sıra məntəqələrdə MDB regionlararası müşahidə missiyasının nümayəndələri və Türkiyənin hakim partiyası olan AKP təmsilçiləri də olub».

ZAQATALADA SÜNİ MANEƏLƏR OLMADI

AVCİYA Zaqatala Regional Nümayəndəliyinin rəhbəri Asif Bayramov bildirib ki, seçki günü regional nümayəndəliyə daxil olan rayonlarda seçki normal şəraitdə keçib. Onun sözlərinə görə, bütün məntəqələrdə müşahidəçilər olub və seçki prosesini yaxından izləyiblər: «Müşahidəçilərimiz həm Seçki Qərargahına, həm də regional nümayəndəliyə seçkinin gedişatı ilə bağlı mütəmadi məlumatlar ötürüblər. Onlar tərəfindən ciddi qanun pozuntuları müşahidə edilməyib. Parlament seçkisində bizim müşahidəçildərimiz öz işlərinin öhdəsindən yaxşı gəldilər. Protokolların surətlərinin əldə edilməsində problem yarandı. Amma bütövlükdə seçkilər tam demokratik şəraitdə keçdi və süni maneələr yaradılmadı».

UCARDA QANUN POZUNTUSU QEYDƏ ALINMADI

Ucar Regional Nümayəndəliyinin rəhbəri Nüsrət Soltanovun fikrincə, müşahidəçilər heç bir ciddi problemlə qarşılaşmayıblar. Onun sözlərinə görə, seçki günü müşahidəçilər tərəfindən qanun pozuntusu qeydə alınmayıb: «Müşahidəçilərimiz öz işlərinin öhdəsindən layiqincə gəldilər. Bu da ondan irəli gəlir ki, müşahidəçilərimizin böyük əksəriyyəriyyəti əvvəlki seçkilərdə iştirak etmiş və müşahidəçilik sahəsində təcrübəyə malik insanlardır. Həmçinin müşahidəçilər Seçki Qərargahının xətti ilə bir neçə dəfə treninqlərdə iştirak ediblər. Hazırda regional nümayəndəlik seçki gününün sonunda məntəqələrdən əldə edilən protokolların surətlərini toplayır və bu sənədlər assosiasiyanın Seçki Qərargahına təhvil veriləcək».

ŞİRVANDA BÜTÜN PROTOKOLLAR ƏLDƏ EDİLİB

Şirvan regional nümayəndəliyinin rəhbəri Hafiz Bağırov bildirib ki, seçki günü aparılan müşahidələr uğurla başa çatıb: «Müşahidəçilərimiz tərəfindən ciddi qanun pozuntusu qeydə alınmayıb. Məntəqələrdən protokolların surətləri əldə edilib və Seçki Qərargahına çatdırılacaq. Müşahidələr əsasında demək olar ki, bütövlükdə Milli Məclisə keçirilən seçkilər demokratik şəraitdə başa çatdı».

AVCİYA-ÇILAR XAÇMAZDA DA BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏRLƏ ƏMƏKDAŞLIQ EDİBLƏR

Xaçmaz regional nümayəndəliyinin rəhbəri Solmaz Mehdiyevanın sözlərinə görə, bölgəni 6 dairə əhatə edib və seçici fəallığı regionda üstünlük təşkil edib. Onun dediyinə görə, seçki günü müşahidəçilərlə mütəmadi əlaqə yaradılıb və məlumatlar əldə olunub: «Bu dəfəki seçkilər bizim regional nümayəndəliyə daxil olan dairələrdə maraqlı keçib. Çünki namizədlərin sayı çoxluq təşkil edirdi. Həmçinin seçki günü müşahidəçilərimiz xaricdən gələn müşahidəçilərlə görüşüblər. Seçkidən öncə isə ATƏT-in nümayəndələri ilə görüşümüz olmuşdu. Bundan əlavə seçki günü daha çox kiçik pozuntu halları 53-cü dairədə müşahidə olunub. Bu pozuntu halları bir sıra məqamlarda müşahidəçilərimizin müraciəti ilə aradan qaldırılıb. Eyni zamanda həmin pozuntu halları ilə bağlı regional nümayəndəliyə zənglər daxil olanda tərəfimizdən onun həllinə nail olurduq».

OĞUZDA PROTOKOLLARIN SURƏTİ MÜŞAHİDƏÇİLƏRƏ VERİLİB

Oğuz regional nümayəndəliyinin rəhbəri Cavidan Həsənov bildirib ki, seçki günü müşahidəçilər tərəfindən ciddi qanun pozuntuları olmayıb. Onun sözlərinə görə, bu nümayəndəlikdə də protokollarla bağlı heç bir ciddi problem yaşanmayıb: «Protokolların surətlərinin əldə edilməsi ilə bağlı problem olmayıb və bu sənədlər toplanaraq Seçki Qərargahına göndəriləcək».

AVCİYA MÜŞAHİDƏÇİLƏRİ GƏNCƏDƏ DƏ NORMAL İŞLƏYİBLƏR

Gəncə regional nümayəndələyinin rəhbəri Muxtar Əsədov seçkilərin şəffaf keçdiyini və ciddi qanun pozuntusunun qeydə alınmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, seçki gününün sonunda protokolların surətləri əldə edilib: «Bir məqamı qeyd edim ki, müşahidəçilərimiz onlara həvalə olunmuş işi uğurla başa vurdular. Heç bir ciddi problemlər olmadı».