AVCİYA-nın eksperti, professor Asif Hacıyev Moskva universitetinin tələbələrinə mühazirə oxuyub

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
Prezident işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması haqqında sərəncam imzalayıb
Azərbaycan İlahiyyat İnstitutu və Heydər Əliyev İrsini Araşdırma Mərkəzi diskussiyalar silsiləsinə start verir

Azərbaycan Universitetinin professoru Asif Hacıyev Moskva Pedaqoji Dövlət Universitetinin “Regionşünaslıq və etnomədəni təhsil” fakültəsinin filologiya və regionşünaslıq ixtisasları üzrə təhsil alan tələbələri üçün “Rus və Azərbaycan şəbəkə ədəbiyyatının tarixi, tipologiyası və poetikası” mövzusunda onlayn mühazirə oxuyub. Mühazirədən öncə fakültə dekanı prof. Yelena Omelçenko professor Asif Hacıyevi iştirakçılara təqdim etmiş, onun elmi-pedaqoji fəaliyyəti, müxtəlif ölkələrdə dərc olunmuş kitabları haqqında məlumat vermişdir.
Universitetin 70 nəfərdən çox tələbə, müəllim və doktorantlarının iştirak etdiyi mühazirədə Asif Hacıyev müasir ədəbi prosesin və ədəbiyyatşünaslığın aktual məsələlərindən olan şəbəkə ədəbiyyatının tarixi, yaradıcılıq səciyyəsi, bədii xüsusiyyətləri haqqında ətraflı məlumat verib.

Mühazirədə rus şəbəkə ədəbiyyatının tipologiyası, məzmun və forma xüsusiyyətləri, janr sistemi, funksional aspektlərindən ətraflı bəhs edilib. Müasir dövrdə sosial şəbəkələrdə, o cümlədən rusdilli informasiya, mədəniyyət, təhsil şəbəkələrində xalqların etnik mədəniyyətinə, milli xüsusiyyət və ənənələrə tolerant münasibətin vacibliyi qeyd olunub, ölkəmizin bu sahədə təcrübəsi nümunə kimi göstərilib.

Azərbaycan şəbəkə ədəbiyyatı haqqında müqayisəli məlumat verən professor Asif Hacıyev Respublikamızda başqa dillərlə yanaşı, rus dilinin də cəmiyyətdə, təhsildə geniş istifadə edildiyini, rusdilli ədəbiyyatın inkişaf etdiyini və müxtəlif internet şəbəkələrinin fəaliyyət göstərdiyini dinləyicilərin diqqətinə çatdırıb.

Beynəlxalq Ana dili günündə keçirilən mühazirədə Respublikamızda olan multikultural mühit və dövlət siyasətinə toxunulub, rus və digər xalqların dilinin, mədəniyyətinin inkişafı üçün münbit şərait yaradıldığı vurğulanıb. Bir saatdan çox davam edən mühazirədən sonra professor Asif Hacıyev müəllimlərin və tələbələrin çoxsaylı suallarını cavablandırıb. Mövzuya aid suallardan əlavə, mühazirənin təəssüratı ilə müəllim və tələbələrin Azərbaycan ədəbiyyatı, mədəniyyəti haqqında da sualları səsləndirilib. Tədbirin sonunda Asif Hacıyev Rusiyan Federasiyasının Saratov şəhərində “Ali təhsil” nəşriyyatında çap olunmuş, Rusiyanın ali məktəblərində istifadə olunan “Rus şəbəkə ədəbiyyatı: kontekst, tarix, tipologiya, poetika” (Русская сетевая литература : контекст, история, типология, поэтика) adlı dərs vəsaitinin elektron variantını iştirakçılara hədiyyə etmişdir.

Qeyd edək ki, bir qədər əvvəl Moskva şəhərində çıxan nüfuzlu “Etnodialoqlar” jurnalında Asif Hacıyevin rus şəbəkə ədəbiyyatına dair iri həcmli məqaləsi dərc olunmuşdur.