Şamaxı: 110 kəndin sakinləri soyqırımına məruz qalıblar

Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması
Prezident İlham Əliyev: “Bu gün mən burada olmalı idim, Müzəffər Ordumuzla bərabər olmalı idim, hər zaman olduğu kimi”
Əli Həsənov: Prezident İlham Əliyev dövlət dilinin saflığının qorunmasını Azərbaycan dövləti qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edir

1918-ci il qətliamı zamanı minlərlə insanın vəhşicəsinə öldürüldüyü Şamaxıda 31 mart – Azərbaycanlıların Soyqırımı Günü kütləvi surətdə anılıb. Mərasimdə rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, gənclər, ictimaiyyətin çoxsaylı nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iştirakçılar əvvəlcə soyqırımı abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.

Anım mərasimində əsrlərboyu bədnam erməni daşnakları və onların havadarları tərəfindən türk xalqına, o cümlədən azərbaycanlılara qarşı həyata keçirilən deportasiya və soyqırımı siyasətinin əsl mahiyyəti konkret faktlarla iştirakçıların diqqətinə çatdırılıb. Qeyd edilib ki, azərbaycanlıların kütləvi surətdə qırğını XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində təkcə XX əsrdə azərbaycanlılar dörd dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nəhayət, 1988-1993-cü illərdə soyqırımına məruz qalıblar. 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilən kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdəmir və Lənkəran ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində yüz minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilib. Təkcə ötən əsrin 90-cı illərin əvvəllərində erməni millətçiləri Xocalı faciəsi törədib, bir milyondan çox azərbaycanlı öz doğma torpaqlarından didərgin salınıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının bütün faciələri XIX əsrin əvvəllərində çar Rusiyasının Qafqazın işğalı, erməni əhalisinin torpaqlarımıza köçürülmələri ilə başlanıb. 1918-ci il aprelin 10-da Bakı qırğınlarında ağlasığmaz vəhşilikləri ilə məşhur olan Stepan Lalayev və Tatevos Əmirovun başçılığı ilə top və pulemyotlarla silahlandırılan erməni-daşnak qoşunları qəflətən silahsız şamaxılıları güllə atəşinə tutublar. Müsəlmanların təhlükə zamanı məscidlərə – Allahın evinə sığınmaq adətini yaxşı bilən S.Lalayevin əmri ilə erməni əsgərlər şəhərin bütün məscidlərini mühasirəyə alıb, bir çox hallarda özləri şəhər sakinlərini – qadın, uşaq və qocaları məscidlərə yığıb, sonra od vurublar. Məscidlərdən çıxmağa və xilas olmağa çalışanlar güllələniblər. Bu məscidlərdə 2 minə yaxın Şamaxı sakini diri-diri yandırılıb. Ümumilikdə isə Şamaxıda iki dəfə törədilən qırğınlar zamanı şəhərin 21127 nəfər müsəlman əhalisindən 10 minə yaxını qətlə yetirilib. Şamaxı qırğınları yalnız şəhəri deyil, qəzanın kəndlərini də əhatə edib və 1918-ci ilin iyul ayının ortalarınadək, bu ərazilər türk-Azərbaycan qoşunları tərəfindən azad olunana qədər davam edib. Həmin dövrdə Şamaxı qəzasının 106 kəndi yandırılıb və dağıdılıb. 110 kəndin sakinləri isə erməni quldur dəstələrinin hücumundan zərər çəkiblər. Törədilən soyqırımı zamanı ən böyük faciələrdən biri Cümə məscidində baş verib. Allah evi kimi məscidə sığınan 1700 nəfərdən çox günahsız insan ermənilər tərəfindən amansızcasına qətlə yetirilib. Məscid top atəşinə tutularaq yandırılıb.

Qeyd olunub ki, 1918-ci il soyqırımı zamanı ciddi ziyan dəyən Cümə məscidi Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun xidmətləri sayəsində 2013-cü ildə əsaslı bərpa edilib, yenidən qurularaq xalqın istifadəsinə verilib.

Çıxışlarda xalqımızın başına gətirilən faciələrin dünyaya çatdırılmasında ulu öndər Heydər Əliyevin böyük xidmətləri diqqətə çatdırılıb, bu gün Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə məqsədyönlü addımların atıldığı bildirilib.

Çıxışlarda azərbaycanlıların soyqırımı tarixinin sistemli şəkildə öyrənilməsi, tədqiqi, təbliği və tədrisinin vacibliyi də qeyd olunub.