AVCİYA-nın vitse-prezidenti Məhərrəm Zülfüqarlının yeni kitabları nəşr olunub

Ukraynadan Moldovaya keçən azərbaycanlıların növbəti qrupu Vətənə yola düşüb
ATƏT/DTİHB-nin Azərbaycanda prezident seçkilərini müşahidə missiyası fəaliyyətə başlayıb
“MDB ölkələri üzrə gənc memarların iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi” elan edilir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti, Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) professoru, tarix elmləri doktoru Məhərrəm Zülfüqarlının “Quba şəhərinin yer üzündən silinmiş müdafiə istehkamı – Quba qalası (1747-1870)” və “Ümumdünya tarixi” adlı kitabları dövrün siyasi mənzərəsinin öyrənilməsi baxımından maraq doğurur.

“Quba şəhərinin yer üzündən silinmiş müdafiə istehkamı – Quba qalası (1747-1870)” kitabı 16 ili əhatə edən səmərəli tədqiqatlar nəticəsində ərsəyə gəlib. Professor M.Zülfüqarlının fikrincə, Quba qalasının 1811-ci ilə aid planının əldə olunması sayəsində qala divarlarının maketinin hazırlanması, yeraltı tunellərin bərpa edilib turistlərin səfər proqramına daxil edilməsi məqsədəuyğundur. Çar Rusiyasının dağıdıcı və mənfur siyasəti nəticəsində yer üzündən silinən Quba qalasının tarixini şərtləndirən bu kitabda Azərbaycanın digər qalalarından da bəhs olunub.

“Ümumdünya tarixi” kitabında isə dünyanın bir sıra dövlətlərinin qədim dövrlərdən günümüzədək olan tarixi keçmişi, o cümlədən Azərbaycan tarixinə dair məlum dərsliklərdə işıqlandırılmayan elmi faktlar, hadisələr, hüquqi sənədlər əksini tapıb. Kitabda, həmçinin əhəmiyyətli tarixi hadisələr, tələbələrin dərs prosesi zamanı yorğunluğunu aradan qaldıran lətifələr yer alıb.

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürov kitablara müsbət rəy verib. Qiymətli vəsaitlərin elmi redaktoru professor Asif Hacıyevdir.

Azərbaycan Turizm və Menecment Universiteti Elmi şurasının 2022-ci il 15 aprel tarixli iclasının qərarı ilə nəşr olunan kitablar bakalavr, magistrant və doktorantlar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.