AVCİYA prezident seçkiləri ilə bağlı KİV-də aparılan monitorinqin nəticələrini açıqlayıb

Sual-cavab
AVCİYA Seçki Qərargahı regionlarda fəaliyyətini genişləndirir
AVCIYA Xaçmaz, Quba və Qusar müşahidəçiləri üçün seminarlar keçirdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) prezident seçkiləri ilə bağlı KİV-də apardığı monitorinqin bir aylıq nəticələrini açıqlayıb. Assosiasiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, monitorinq səsvermə gününədək davam edəcək. Monitorinq 7 telekanal, 8 gündəlik qəzetin fəaliyyətini əhatə edir.

Ötən müddət ərzində telekanallarda seçkiyə aid ümumilikdə 327 informasiya yayımlanıb ki, onlardan 295-i rəsmi və ümumi, beynəlxalq missiyalar, seçki prosesinin monitorinqinə dair xəbərlər, 17-i tok-şou, dəyirmi masa, 105-i isə namizədlər haqqında məlumatlar və siyasi reklamdır. Bu müddətdə ATV və Lider telekanalları istisna olunmaqla özəl telekanallarda namizədlərin ödənişli efir vaxtı qeydə alınmayıb. AzTV, “Space” və “Lider” telekanallarının seçki prosesi ilə bağlı ümumi məlumatlarının 67%-i fəaliyyətdə olan prezident və hökumət üzvləri, 26%-i MSK-ın məlumatları və beynəlxalq müşahidəçilər, yerdə qalan 7%-i isə digər namizədlər barəsindədir. Ümumilikdə isə seçki ilə bağlı məlumatlar daha çox İctimai Televiziyada yayımlanıb.

Monitorinqə cəlb edilmiş 8 qəzet ötən müddət ərzində ümumilikdə 862 material dərc edib ki, onlardan 502-i ümumi məlumatlar və beynəlxalq missiyaların seçki ilə bağlı rəy və çıxışları, 360-ı isə namizədlər və seçkiləri boykot edən müxalifət partiyaları haqqındadır. /APA/