AVCİYA seçki komissiyaları ilə bağlı təklifləri araşdırıb

AVCİYA Oğuz nümayəndəliyi müşahidəçilərini müəyyən edib
AVCİYA Bələdiyyə seçkiləri ilə bağlı Aralıq Hesabat təqdim etdi
ATƏT-in müşahidəçiləri AVCİYA-nın regional ofislərində olub

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) ölkəmizdə keçirilən seçkilərlə bağlı ən çox müzakirə predmetinə çevrilən “Seçki Məcəlləsi”nin ilk eksperizasını keçirən qurumdur. Təşkilatın təmsilçiləri seçki komissiyalarının təşkilinə aid olan 24, 30 və 36-cı maddələr barədə təkliflərini ictimaiyyətə açıqlayıblar.
Əvvəlcə AVCİYA əməkdaşlarının apardığı təhlillərə diqqət yetirək. Onların qənaətincə, 2000-ci il parlament seçkiləri ilə əlaqədar qəbul olunmuş “Mərkəzi Seçki Komissiyası haqqında” Qanunda Venetsiya Komissiyasının irəli sürdüyü təklif nəzərə alınıb. Belə ki, müvafiq qanunvericiliyə görə, 18 nəfər üzvü olan MSK-nın 1/3-i hakim partiyanın, 1/3-i Milli Məclisdə təmsil olunan 2 müxalifət partiyasının, 1/3-i müstəqil deputatlar tərəfindən təyin olunmalı idi. Müstəqil deputatların da təyin edəcəyi 6 nəfərdən biri iqtidar partiyası, biri isə həmin 2 müxalif partiya ilə razılaşdırılmalı idi. Qərarların MSK-da üzvlərin 2/3-sinin səsi ilə qəbul olunması da qanunda öz əksini tapmışdı. Bir nəfərin müxalifətlə razılaşdırılması, yəni onun rəyi ilə təsdiq olunması MSK-da heç bir tərəfin, yəni nə iqtidarın, nə də müxalifətin 2/3 səsə malik olmamasına gətirib çıxarırdı ki, MSK haqqında həmin qanun məhz bu cəhəti ilə əvvəlki qanunlardan fərqlənirdi. Lakin müxalifətlə razılaşdırılmalı olan bir namizədin seçilməsi ilə bağlı problem yarandığına və bu səbəbdən MSK-nın iclaslarını keçirmək ümkün olmadığina görə həmin müddəa sonradan dəyişdirildi.
“Seçki Məcəlləsi”nin müzakirələrində siyasi partiyaların, qeyri-hökümət təşkilatlarının və ictimaiyyətin digər nümayəndələri ilə yanaşı Avropa Şurasının, ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosu və Avropanın Venetsiya Komissiyasının, Beynəlxalq Seçki Fondunun (İFES), ABŞ Milli Demokratiya və Respublikaçılar İnstitutlarının, ölkədə akkreditə olunmuş bir sıra ölkələrin səfirliklərinin nümayəndələri də iştirak etmişlər. Bu dövrdə ATƏT DTİHB-nin təşəbbüsü ilə 2002-ci il dekabrın 16-17-də dəyirmi masa, ATƏT Bakı ofisinin təşəbbüsü ilə 2003-cü il fevralın 26-27-də elmi-praktik konfrans keçirilmişdir. Bundan başqa Seçki Məcəlləsinin müzakirəsi 2003-cü ilin fevralında Strasburqda Azərbaycan Respublikası Prezident Aparatının nümayəndəsi ilə Avropa ekspertləri arasında da aparılmışdır.
Bu dövrdə müxalifət partiyalarının daxil olduqları Müxalifətin Koordinasiya Mərkəzi (MKM) yeni təkliflə çıxış etmişdir. Bu təklifin əsas məzmunu ondan ibarət idi ki, Mərkəzi Seçki Komissiyası 2000-ci il parlament seçkilərində bir faizlik barajı keçmiş partiyaların nümayəndələrindən təşkil olunsun. İqtidar nümayəndələri bu təkliflə razılaşmamışlar.
Növbəti mərhələdə ATƏT-in Bakı ofisinin rəhbəri Piter Burhardın təşəbbüsü ilə iqtidar-müxalifət ekspertlərinin Milli Məclisin binasında görüşü təşkil olunmuşdur. Bu görüşdə iqtidar tərəfdən Prezident Aparatının şöbə müdiri Şahin Əliyev, Müxalifətin Koordinasiya Mərkəzindən hüquqşünas Fuad Ağayev iştirak etmişlər. 2003-cü il martın 7-si və 10-unda keçirilmiş görüşlərin heç birində müsbət irəliləyiş olmamışdır. Bu görüşlərdən sonra ATƏT-in missiyasının bitdiyini deyən Piter Burahrd eyni zamanda tərəflərin istəyi olarsa, təşkilatın vasitəçilik səylərinin bərpasının mümkün olduğunu da bildirmişdir.
Bundan sonra MKM seçki komissiyalarının tərkibi və iş qaydasına dair müzakirələrin başlanması şərti ilə iqtidarın Seçki Məcəlləsi layihəsinin bütöv mətnini məqbul saydığını bəyan etmişdir. MKM-in bu güzəşti onu nəzərdə tuturdu ki, seçki komissiyalarının tərkibi və iş qaydası ilə bağlı ortaq məxrəcə gəlinərsə müxalifət indiki Seçki Məcəlləsi layihəsinin digər maddələrinə etiraz etməyəcək. Bu müxalifət partiyalarının seçki qanununun demokratikliyi naminə etdiyi çox böyük güzəşt olsa da iqtidar bu təklifi də qəbul etməmişdir.
Seçki Məcəlləsi layihəsinin MM-də maddələrlə müzakirəsi 10 aprel 2003-cü il tarixdə başa çatsa da parlamentdə SM layihəsinin ikinci oxunuşda səsverməyə çıxarılıb qəbul edilməsi təxirə salınmışdı.
Bu mərhələdə Avropa Şurası Venetsiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun təklifi ilə Milli Məclis katibliyinin rəhbəri Səfa Mirzəyev və Prezident Aparatının şöbə müdiri, layihənin müəlliflərindən olan Şahin Əliyev Strasburqa çağrılmış və aprelin 14-də müzakirələr bu mötəbər qurumda davam etdirilmişdir.
“Seçki Məcəlləsi”nin 24-cü maddəsi müxtəlif dövlərdə təkmilləşdirilmiş və hazırkı formanı almışdır. Seçki komissiyalarının hazırki formatı Venetsiya Komissiyası və Azərbaycan Hökuməti arasında gedən danışıqların nəticəsi olaraq Azərbaycan Respublikasınin 27 may 2003-cü il tarixli qanunu ilə müəyyənləşdirilmişdir. Həmin Qanuna əsasən Seçki Məcəlləsinin seçki komissiyalarının tərkibi ilə bağlı maddələr 2005-ci ildə yeni seçilmiş Azərbaycan Respublikası Milli Məclisinin birinci iclası günü qüvvəyə minmişdir.
2008-ci il prezident seçkiləri ilə əlaqədar Venetsiya Komissiyası seçki komissiyalarının yenidən formalaşdırılmasıyla bağlı Azərbaycan tərəfi ilə növbəti danışıqlara başlayaraq müxalifət partiyalarının təklifinə əsasən seçki komissiyalarının paritet əsaslarla siyasi partiyalardan formalaşdırılması təklifini irəli sürüb. Lakin bu təklif qəbul olunmayıb. Fikrimizcə, bu təklifin qəbul olunmamasının səbəbləri aşağıdakılardır:
• Paritet kimi nəzərdə tutulan iki tərəf arasında qüvvələr nüsbəti çox fərqlidir; (iqtidar və müxalifət partiyalarını təmsil edən deputatların sayları arasında fərq çox böyükdür)
• Bu təklifdə paritetin bir tərəfi hesab olunan müxalif qüvvələrini hansı partyaların namizədlərinin irəli sürəcəyi qeyri-müəyyəndir(Parlamentdə təmsil olunmayan müxalifət partiyaları ilə parlamentdə təmsil olunan müxalifət partiyaları arasında bu məsələdə yekdil fikir yoxdur).

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2009-cu ildə “Seçki Məcəlləsi”nin 24, 30 və 36-cı maddələrə dəyişikliklərlə bağlı yekun təklifləri isə aşağıdakılardan ibarətdir.

Maddə 24. Mərkəzi Seçki Komissiyasının yaradılması qaydası:
24.2. Mərkəzi Seçki Komissiyasının üzvləri xüsusi test imtahanlarında müsbət nəticə qazanmış şəxlər sırasından mühasibə yolu ilə müəyyənləşdirilir və Milli Məclis tərəfindən seçilir.
24.3. Mərkəzi Seçki Komissiyası azı son 5 ildə heç bir patiyanın üzvü olmayan Azərbaycan Respublikası vətəndaşlarından təşkil olunur;
24.4. Mərkəzi Seçki Komissiyasının üzvləri seçkilər sahəsində böyük təcrübəyə malik olmalıdırlar;
Maddə 30. Dairə seçki komissiyalarının təşkili
30.2. Dairə seçki komissiyası 9 üzvdən ibarətdir. Dairə seçki komissiyasının üzvləri xüsusi test imtahanlarında müvəffəqiyyət qazanmış şəxslər arasından müsahibə yolu ilə seçilərək Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilirlər.
30.3. Dairə seçki komissiyası azı son 5 ildə heç bir patiyanın üzvü olmayan seçki dairəsinin ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarından təşkil olunur;
Maddə 36. Məntəqə seçki komissiyalarının təşkili
36.2. Məntəqə seçki komissiyası azı son 5 ildə heç bir patiyanın üzvü olmayan şəxslərdən təşkil olunur. Həmin namizədlər müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları olmalıdırlar.
36.3. Məntəqə seçki komissiyasının üzvləri onların müstəqil fəaliyyətinə maneə olan hər hansı dövlət vəzifəsi tuta bilməzlər. Məntəqə seçki komissiyasının heç bir üzvü bələdiyyə qulluğunda ola bilməz.
36.7. Bu Məcəllənin 35.4 və 35.5-ci maddələrində göstərilən hallarda seçicilərin sayı 100-dən az olan və 50-dən çox olan və yolu çətin keçilən yerlərdə yerləşən seçki məntəqələrində məntəqə seçki komissiyası seçicilərin ümumi yığıncağında gizli səsvermə yolu ilə seçilir. Bu halda məntəqə seçki komissiyasının tərkibi dairə seçki komissiyası tərəfindən səlahiyyətli hesab olunur.