AVCİYA yeni layihənin icrasına başlayır-Ahıska türkləri Azərbaycanda

Bolqarıstandan olan müşahidə missiyası prezident seçkiləri ilə bağlı fəaliyyətə başlayıb
Bərdə-Ağdam avtomobil yolunun tikintisinə başlanılıb
Dövlət Təhlükəsizliyi Xidmətinin gənc əsgərlərinin andiçmə mərasimi olub Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak edib

Layihənin məqsədi 1944-cü ildə tarixi vətənlərindən Orta Asiyaya və Qazaxıstana sürgün edilmiş, 1958-ci ildən başlayaraq toplum halında Respublikamızın müxtəlif regionlarında məskunlaşmış Ahıska türklərinin Azərbaycan multikultural mühitinə inteqrasiyasını və  etnik-mədəni inkişafını araşdırmaqdan ibarətdir. Sürgün dövründə milli hüquqlarından məhrum olunmuş Ahıska türklərinin Azərbaycana köçməsi bu xalqın taleyində tarixi rol oynamış, onlar öz milli varlıqlarını və mədəniyyətlərini qorumaq, ictimai həyatda fəal iştirak, əmin-amanlıq şəraitində yaşamaq imkanı əldə etmişlər. 1958-ci ildən 80-ci illərin sonlarına qədər 50 mindən çox Ahıska türkü Azərbaycanın  Mil-Muğan və Quba-Xaçmaz bölgələrində məskunlaşmışdır. 1989-cu il Fərqanə hadisələrindən sonra qaçqınların böyük hissəsi, 40 mindən çox Ahıska türkü də Azərbaycana köçmüş, ahıskalıların   ənənəvi olaraq yerləşdiyi bölgələrdə, eləcə də Bakı, Gəncə, Mingəçevir, Şamaxı, Qazax, Ağsu, Qəbələ, Əskəran, Xocalı və digər ərazilərdə yerləşmişlər.

  Azərbaycan dövləti və xalqı, ictimaiyyət Ahıska türklərinə hərtərəfli yardım göstərmiş və bu gün də göstərməkdədir. Ümummilli lider Heydər Əliyev 1973-cü ildə Saatlının Varxan kəndindəahıskalılarla görüşdən sonra onların xahişi ilə Ahıska türkləri  gənclərinin Azərbaycanın ali məktəblərinə müstəsna hal kimi müsabiqədənkənar qəbul edilmələri barədə sərəncam vermiş və bu sərəncam Ahıska türklərinin maariflənməsində,  sosial-mədəni tərəqqisində misilsiz rol oynamışdır. Bu sərəncamdan sonra bu xalqın ali savadlı gəncləri yetişir, onlar seçkili orqanlarda, inzibati vəzifələrdə, elm və təhsil müəssisələrində təmsil olunmağa başlayırlar.Prezident İlham Əliyev Ahıska türklərinə böyük qayğı və dəstək göstərir, onun təşəbbüsü və dəstəyi ilə keçirilən bir çox beynəlxalq tədbirlərdə Ahıska türklərinin məsələləri müzakirə olunur, ölkəmizdə ahıskalıların ictimai təşkilatlarının, mədəni-maarif qurumlarının fəaliyyəti üçün hər cür şərait yaradılmışdır.

  Azərbaycan cəmiyyətinə ahəngdar inteqrasiya etmiş Ahıska türkləri də Respublikamızın ictimai, siyasi, mədəni həyatında fəal iştirak edirlər. Ahıska türkləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən kənar qalmamışdır. Birinci Qarabağ müharibəsində və 44 günlük müzəffər Vətən müharibəsində yüzlərlə ahıskalı gənc qəhrəmanlıqla döyüşmüş, Birinci müharibədə 81, 44 günlük Vətən müharibəsində 9 nəfər Ahıska türkü şəhid olmuşdur. Bir çox ahıskalı şəhid və qazi orden və medallarla təltif edilmiş, İskəndər Aznaur Azərbaycan Respublikası Milli Qəhrəmanı adına layiq görülmüşdür.  

Bu gün Azərbaycanda Ahıska türklərinin “Vətən” İctimai Birliyi, Ahıska Türkləri Yazarlar Birliyi, müxtəlif ictimai qurumlar, özfəaliyyət dərnəkləri, musiqi kollektivləri fəaliyyət göstərir. Azərbaycanda Ahıska türklərinin şifahi və yazılı bədii yaradıcılığı inkişaf etmiş və hazırda bir çox şair və yazıçı ədəbi yaradıcılıqla məşğul olur. Azərbaycan ədəbi mühiti ilə sıx əlaqədə inkişaf edən Ahıska yazıçı və şairlərinin bir neçə nümayəndəsi Azərbaycan Yazarlar Birliyinin üzvüdür, eyni zamanda Saatlı rayonda Ahıska Türkləri Yazarlarının Birliyi uğurla fəaliyyət göstərir. Azərbaycanda Ahıska türklərinin xalq yaradıcılığı inkişaf etmiş, Azərbaycan folkloru, ədəbiyyatı ilə təmas nəticəsində özünəməxsus xüsusiyyətlər qazanmışdır. Bir çox ənənəvi folklor janrları yeni məzmun, obraz və süjetlər, üslubi vasitələrlə zənginləşmiş, eyni zamanda yeni janrlar formalaşmış, ədəbi əlaqələr dərinləşmişdir.  Ahıska türk yazıçı və şairlərinin yaradıcılığında doğma yurd, vətən həsrəti motivləri ilə yanaşı, Azərbaycan mövzusu, Qarabağ motivləri, erməni təcavüzü mühüm yer tutur. Bir çox Ahıskalı ədib əsərlərində müasir Azərbaycan həqiqətlərini tərənnüm edir. Bütövlükdə, Ahıska türklərinin Azərbaycanda inkişaf edən folkloru və yazılı ədəbiyyatı bu xalqın milli və vətəndaş kimliyi şüurunda mühüm rol oynayan amil kimi maraq doğurur. Ölkəmizdəki multikultural mühitdə Ahıska türkləri ilə azərbaycanlılar arasında izlənən bu mədəni dialoq fəal ictimai proses kimi diqqəti cəlb edir.

Bu amilləri nəzərə alaraq, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Ahıska türklərinin Azərbaycanın multikultural cəmiyyətinə inteqrasiyasına, bu toplumun tarixinə, etnik mədəniyyətinə həsr olunmuş Ahıska türkləri Azərbaycanda: multikultural dialoq və etnik-mədəni inkişaf” adlı yeni Layihənin icrasına başlayır. AVCİYA-nın Prezidenti Elxan Süleymanovun təşəbbüsü və rəhbərliyi ilə, AVCİYA-nın eksperti, Azərbaycan Universitetinin professoru, Ahıska türklərinin tarixinə, etnik mədəniyyətinə və folkloruna aid əsərlər müəllifi  Asif Hacıyev tərəfindən icra olunan, maarifçi və tarixi-ictimai səciyyə daşıyan Layihənin məqsəd və vəzifələri Ahıska türklərinin etnik mədəniyyəti, xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin izlənməsindən, onların Azərbaycanın dövlətçilik tarixində rolu və müasir ictimai həyatında iştirakı, folkloru, ədəbiyyatı və mədəniyyəti haqqında ətraflı məlumat verilməsindən ibarətdir.

Qeyd edək ki, 2004-cü ildən fəaliyyət göstərən, bir çox ictimai təşkilatları birləşdirən AVCİYA bu müddət ərzində xarici ölkələrdən görkəmli dövlət xadimlərinin və mütəxəssislərin iştirakı ilə milli və dövlət mənafeyimizə uyğun bir sıra mühüm beynəlxalq layihələr, dövlətçilik tariximizə və suveren dövlət quruculuğumuza, beynəlxalq əməkdaşlığımıza dair tədbirlər, o cümlədən Şamaxı soyqırımı, Xocalı soyqırımı, “Sərsəng harayı”, 1918-ci il Göyçay döyüşləri, Bakı şəhərinin İkinci Dünya Müharibəsində qələbəyə verdiyi töhfələr,“Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu”, “Cənubi-qərbi Qafqazda ermənilərin törətdiyi soyqırımları” və sairə bu  kimi vacib məsələlər barədə əhəmiyyətli tədbirlər həyata keçirmiş, fərqli mövzularda onlarla tədqiqat, sənədlər toplusu dərc etmiş, beynəlxalq təşkilatlarda ümummilli əhəmiyyətli sənədlərin qəbuluna nail olmuşdur. 

Layihəyə müxtəlif ölkələrdən bu sahənin mütəxəssisləri də cəlb olunacaq, aktual müzakirələr aparılacaq.

Mətbuat xidməti