Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti keçirilib

Rəcəb Tayyib Ərdoğan: Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzu bizim üçün daim qürurverici olub
AVCİYA təmsilçisi Türkiyədə Qarabağ zəfərinə həsr olunmuş konfransda iştirak edib
Polad Bülbüloğlu: “Böyük Vətən Müharibəsindəki qələbə ümumi qələbədir”

İyunun 9-da Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti keçirilib.

AZƏRTAC xəbər verir ki, “Ortaq gələcəyin qurulması” mövzusunda keçirilən sammitdə Avropanın müxtəlif ölkələrindən rəsmi şəxslər, deputatlar, ictimai-siyasi xadimlər, elm və iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi hissəsi Azərbaycan barədə təqdimatla başlayıb.

Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammitinin iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış edərək Avropanın ən nüfuzlu siyasi qurumlarından biri olan Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitinin Bakıda keçirilməsinin ölkəmizin həyatında əlamətdar hadisə olduğunu deyib. O, burada aparılacaq müzakirələrin Alyansın məqsədlərinin həyata keçirilməsinə kömək edəcəyinə əminliyini bildirib. “Bu gün biz elə bir dünyada yaşayırıq ki, qlobal dəyişikliklər nəticəsində dünyanın siyasi modeli və geosiyasi xəritədə əsas qüvvələrin nisbəti göz önündə dəyişir. Dünya birliyi beynəlxalq terrorizm, təcavüzkar separatizm, qaçqınlar, məcburi köçkünlər, mütəşəkkil cinayətkarlar, insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi kimi problemləri, yoxsulluq, iqlim dəyişiklikləri, təbii fəlakətlər, epidemiyalar kimi təhlükələri aradan qaldırmağın səmərəli yollarını tapmaq zərurəti ilə üz-üzə qalıb. Hər kəsə aydındır ki, müasir dövrün çağırışlarının həlli beynəlxalq münasibətlərin bütün iştirakçıları arasında hüquq bərabərliyinə əsaslanan davamlı dialoqdan çox asılıdır. Bununla əlaqədar mən parlamentlərarası əməkdaşlığın və onun keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyasının əhəmiyyətini xüsusilə qeyd etmək istəyirəm”, – deyə Ziyafət Əsgərov əlavə edib.

Milli Məclis sədrinin birinci müavini diqqətə çatdırıb ki, hökumətlərin xarici siyasət qərarlarına təsir göstərmək üçün spesifik siyasi mexanizm və alətlərə malik olan parlament demokratiyası dövlətlərarası əməkdaşlığın inkişafında mühüm rol oynayır. Müstəqil institut olan parlament diplomatiyası klassik diplomatiyanın bütün komponentləri ilə üzvi surətdə bağlıdır. Araşdırmalar göstərir ki, beynəlxalq münasibətlər çərçivəsində parlamentlərin çoxfunksiyalı fəaliyyətinin güclənməsi meyli universal xarakter daşıyır. Bu meyil dünyanın demək olar bütün dövlətlərini və onların yaratdıqları parlamentlərarası qurumları əhatə edir. Öz xalqlarından mandat alan müxtəlif siyasi qüvvələri və cərəyanları təmsil edən parlament üzvlərinin beynəlxalq təşkilatlar səviyyəsində əməkdaşlığı müasir dünya siyasətinin önəmli cəhətlərindən biridir.

Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycan parlamenti dövlətimizin xarici siyasətinin parlament ölçüsünü təmin etmək üçün bütün imkanlardan istifadə edir. Milli Məclisin deputatları beynəlxalq təşkilatlarda digər məsələlərlə yanaşı, ölkəmiz barədə həqiqətləri də həmkarlarına çatdırırlar. Biz inanırıq ki, qarşılıqlı hörmətə və etimada əsaslanan siyasi dialoq və əməkdaşlıq dünya birliyinin qarşılaşdığı problemlərin, o cümlədən dövlətimizin zorla cəlb edildiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərə bilər. Ermənistanın silahlı təcavüzü nəticəsində 30 ilə yaxındır ki, Azərbaycan ərazisinin 20 faizi işğal edilib, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Uzun illərdən bəri Azərbaycan beynəlxalq birliyə çağırışlar edərək ədalətin bərpa olunmasını, beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərin həyata keçirilməsini tələb edir. Milli Məclis sədrinin birinci müavini münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin, BMT Baş Məclisinin qərarının, Avropa Şurası Parlament Assambleyasının qətnaməsinin, habelə Avropa Parlamentinin və digər beynəlxalq qurumların sənədlərinin yerinə yetirilməsinin zəruriliyini qeyd edib. Bu münaqişənin, eləcə də digər oxşar münaqişə və problemlərin beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsipləri, xüsusən dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında nizama salınması Avropada və dünyada sülhün, sabitliyin, ədalətin və təhlükəsizliyin təmin edilməsinə xidmət etmiş olar.

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansına üzv olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Alyansın sammitinin Bakıda keçirilməsini mühüm hadisə adlandırıb. O, bu günlərdə ölkəmizdə və xaricdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd edildiyini, Şərqdə ilk dəfə Azərbaycanda qadınlara səsvermə hüququnun verildiyini bildirib.

Qüdrət Həsənquliyev Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başvermə səbəblərindən, ağır nəticələrindən, söhbət açıb. Vurğulayıb ki, Azərbaycanın qarşısında duran ən ciddi problem ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın ərazi bütövlüyünün pozulması, azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması Ermənistanın “böyük Ermənistan” yaratmaq siyasətinin tərkib hissəsidir. “Ermənistan beynəlxalq hüquqa riayət edərsə, münaqişə həllini tapacaq. Bu münaqişə regionda böyük humanitar fəlakətə gətirib çıxarıb. Əgər münaqişə həllini taparsa, ölkəmizdə hərbi sahəyə qoyulan vəsait digər sahələrə yönəldilə bilər. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli zamanının çatdığını düşünürük. Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün BMT Təhlükəsizlik Şurasının və digər təşkilatların sənədlərinə əməl etmək lazımdır”, – deyə o əlavə edib.

Qüdrət Həsənquliyev, həmçinin bu gün dünyada bir sıra terror qruplaşmalarının İslam dini adından törətdikləri cinayətlərdən danışıb, iştirakçıları bu proseslərə, o cümlədən Cənubi Qafqazda baş verən münaqişələrə səssiz qalmamağa, hüquq və ədaləti dəstəkləməyə çağırıb.

Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil çıxışında sammitin iştirakçılarına ünvanladığı təbrik məktubuna görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi. O, Avropa ilə Azərbaycan arasında əlaqələri yüksək qiymətləndirib. Yan Zahradil Alyansın Bakı sammitinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu günlərə təsadüf etməsinin, ilk parlamentli respublikanın məhz Azərbaycanda yaradılmasının sevindirici hal olduğunu deyib.

“Təəssüf ki, Azərbaycan müxtəlif oyunların qurbanına, Avropa Parlamentinin və Avropa Şurası Parlament Assambleyasının birtərəfli və qərəzli qərarlarının predmetinə çevrilib. Buna son qoyulmalıdır. Azərbaycan çox vacib və nadir ölkədir. Bunun bir neçə səbəbi var. Azərbaycan sabit, proqnozlaşdırıla bilən və etibarlı ölkədir. Bu, əməkdaşlıq üçün mühüm amildir. Bu xüsusiyyətlər əsasında biz birgə gələcəyimizi qurmalıyıq. Əminliklə deyə bilərəm ki, bütün bunlara görə Azərbaycan dünyada öz layiqli yerini tutmalıdır”, – deyə Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti bildirib.

Sonra birgə foto çəkdirilib.

Sammit işini panel iclasları ilə davam etdirib.

Enerji təhlükəsizliyi

Birinci panel iclası enerji təhlükəsizliyi mövzusunda olub.

İclasdan əvvəl çıxış edən Boliviyanın sabiq Prezidenti Xorxe Kiroqa Latın Amerikasındakı enerji, xüsusilə də neft və təbii qaz resurslarının iqtisadiyyata təsirlərindən, enerji təhlükəsizliyindən və karbohidrogenlərin ixrac coğrafiyasından danışıb. Bildirib ki, dünyada ən böyük neft ehtiyatlarına malik olan Venesuela məhz Amerika qitəsində yerləşir. Lakin son dövrlərdə Venesuela iqtisadiyyatındakı zəifləmə, ölkədə gedən siyasi proseslər və bu ölkəyə qarşı tətbiq edilən sanksiyalar fonunda neft hasilatı və ixracında geriləmələr yaşanıb.

Panel iclasının moderatoru Böyük Britaniya hökumətinin naziri Ceyms Varton qlobal enerji mənbələrinə tələbatdan, neft və təbii qazın ölkələrarası münasibətlərə təsirindən bəhs edib.

SOCAR-ın marketinq və biznesin inkişafı şöbəsinin rəisi Emil Qasımlı Azərbaycanın enerji resurslarının zənginliyindən və ölkəmizin neft tarixindən danışıb. Bildirib ki, dünya neftinin tarixi Azərbaycandan başlayır. 1846-cı ildə dünya miqyasında ilk dəfə olaraq sənaye üsulu ilə neft Bakıda hasil edilib.

Emil Qasımlı Azərbaycanın liderliyi ilə reallaşdırılan Cənub Qaz Dəhlizinin əhəmiyyətindən, bu boru kəməri zəncirinin Avropanın enerji təhlükəsizliyinə və mənbələrin şaxələndirilməsinə verəcəyi töhfələrdən bəhs edib. Diqqətə çatdırıb ki, layihənin ilk iki seqmenti artıq tamamlanıb, üçüncü seqmenti – TANAP isə yaxın günlərdə istismara veriləcək.

Siyasi analitik Alberto de Santis Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan TAP boru kəməri layihəsinin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, Avropa İttifaqı, xüsusilə də ABŞ bu layihəyə öz dəstəyini ifadə edib. Çünki bu boru kəməri Avropaya yeni mənbədən təbii qazı çatdıracaq, bir mənbədən asılılığı azaltmaqla qitənin enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. O deyib: “Bu boru kəməri Yunanıstan, Albaniya və İtaliya ərazisindən keçir. TAP-la Avropaya ildə 10 milyard kubmetr təbii qaz nəql olunacaq. Bununla da Xəzər dənizinin Azərbaycan sektorundan çıxarılan qaz həcmləri Aralıq dənizi sahillərinə çatacaq. Bu həcm qitənin tələbatını əhəmiyyətli dərəcədə ödəyəcək”.

Qazaxıstandan olan ekspert Qani Abadildinov isə Mərkəzi Asiya regionunun enerji resurslarından və ixrac marşrutlarından danışıb. Bildirib ki, bu regiondakı ölkələrdə hasil edilən təbii qazın əsas alıcısı Rusiyadır. Mərkəzi Asiyanın təbii qaz resurslarının Avropaya da nəqli hər zaman gündəmdə olub. Hazırda isə Çinin enerji, xüsusilə də təbii qaz tələbatı durmadan artır. Bu da regiondakı ölkələrin öz qazını yeni bazara ixracına imkan yaradır.

Siyasi ekspert Roger Evans isə dünyada, xüsusən də Avropada alternativ və bərpa olunan enerji mənbələrinə diqqətin artdığını deyib. Qeyd edib ki, hazırda bu sahə üzrə böyük potensialı olan ölkələr ənənəvi enerji mənbələri əvəzinə daha təmiz mənbələrə, yəni, bərpa olunan enerji növlərindən istifadəyə üstünlük verirlər. Çünki ənənəvi mənbələrdən asılılıq səmərəli deyil.

İqtisadi azadlıqlar

İkinci panel iclası iqtisadi azadlıqlar mövzusuna həsr edilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iclasda çıxış edərək ölkəmizin əldə etdiyi iqtisadi nailiyyətlərdən danışıb. O deyib ki, bu ilin birinci rübündə Azərbaycanda ümumi daxili məhsul 1,2 faiz artıb. Ölkədə əsas diqqət qeyri-neft sektoru üzrə ixraca yönəlib. Ümumi ixrac 16 faiz, qeyri-neft ixracı isə 19,3 faiz artıb.

Nazir müavini qeyd edib ki, Azərbaycan dünya iqtisadiyyatına uğurla inteqrasiya olunur: “Biz çoxtərəfli ticarət sazişləri imzalayır, eyni zamanda, hüquqi bazanı təkmilləşdiririk. Beynəlxalq Maliyyə Korporasiyası və Dünya Bankı ilə əməkdaşlıq edirik. İqtisadiyyatın şaxələndirilməsi neft və qaz ölkəsi üçün, eləcə də Azərbaycan üçün çox önəmlidir. Bunun üçün dəqiq strategiyaların olması önəmlidir. Azərbaycanda dövlət vəsaitinin hara xərclənməli olduğu dəqiq bilinir və bu da uğurlu nəticələrini verməkdədir”.

Kanadada fəaliyyət göstərən Fraser tədqiqat institutunun nümayəndəsi Fred Makmahon iqtisadi azadlıq üçün açıq rəqabətin, əmlak hüquqlarının müdafiəsinin təmin olunmasının əhəmiyyətini vurğulayıb. O deyib ki, ölkələr hüquqi bazanın necə yaradılması haqqında düşünməlidirlər. İnnovasiyaların təşviqinə önəm verilməlidir. Fred Makmahon Azərbaycanda insanların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri qeyd edib.

Böyük Britaniyanın İqtisadi Məsələlər İnstitutunun beynəlxalq ticarət və rəqabət bölməsinin rəhbəri Şanker Sinqham iqtisadi sahədə sağlam rəqabət mühitinin təmin edilməsinin əhəmiyyətindən danışıb, bunun sahibkarlığın inkişafına da təkan verdiyini söyləyib. O, Azərbaycanda belə bir mühitin yaradıldığını bildirib.

Omanın İnvestisiyaların və İxracın Təşviqi qurumunun nümayəndəsi Azzan Al Busaidi bildirib ki, hər hansı bir ölkədə biznes mühitinin yaxşılaşdırılması üçün sərmayə qoyuluşu vacib şərtdir. Əsas məsələ dövlət və özəl sektor arasında tərəfdaşlığın təmin edilməsidir. Özəl sektorun dövlət tərəfindən dəstəklənməsi olduqca önəmlidir.

Rəqəmsal iqtisadiyyat

Sammit çərçivəsində rəqəmsal iqtisadiyyat mövzusunda üçüncü panel iclası keçirilib.

Panelin moderatoru Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının İdarə Heyətinin üzvü Daniel Cappezon iclasın rəqəmsal iqtisadiyyatda xarici investisiyaların yatırımı istiqamətində atılan addımların, ən yaxşı təcrübələrin təhlil edilməsi imkanı yaratdığını söyləyib. O, əminliyini bildirib ki, rəqəmsal sahədə uğurlu nümunənin araşdırılması istiqamətində müzakirələr səmərəli nəticələr verəcək. Daniel Cappezon Azərbaycan hökumətinin rəqəmsal iqtisadiyyatı inkişaf etdirmək üçün önəmli addımlar atdığını vurğulayıb.

Fransanın Telecom Paris Tech qurumunun iqtisadiyyat və menecment üzrə professoru Gerard Pagorel texnoloji inqilab nəticəsində dünyada rəqəmsal keçid mərkəzlərinin, rəqəmsal robotların, layihələndirmə üçün virtual mühitin, sürətli prototip sistemlərinin yaradılması prosesindən danışıb. O deyib ki, rəqəmsal iqtisadiyyatın təşəkkülü və sürətli inkişafı ənənəvi iqtisadiyyatda da bir çox dəyişikliklərin, yeniliklərin yaranmasına gətirib çıxarıb.

Samsung şirkətinin baş meneceri Mişel Pastore rəqəmsal iqtisadiyyatda konkret iqtisadi aspektlərin müəyyən olunmasının vacibliyini bildirib. Əlavə edib ki, belə olan halda beynəlxalq platformalara çıxış imkanı yaranır və bu da strategiyaları inkişaf etdirməklə qarşılıqlı əlaqə yaratmağa və daha səmərəli layihələr həyata keçirməyə imkan verir.

Telekommunikasiya üzrə analitik Visiola Pula əsasən 5G xidmətinə diqqət çəkib. Qeyd edib ki, Avropada çox yayılan bu xidmət vasitəsilə genişzolaqlı internetlə ən ucqar yerlərdə belə iqtisadiyyata töhfə vermək mümkündür. 5G rəqəmli iqtisadiyyatın inkişafında da önəmli rol oynayır.

Finlandiyanın “Mavi İslahat” partiyasının qurucusu və lideri Simon Elo rəqəmsal iqtisadiyyatın sürətli və uğurlu inkişafı üçün birinci növbədə qanunvericilik bazasının təkmilləşdirilməsini vacib hesab etdiyini bildirib. Vurğulayıb ki, bu sahədə startapların və yeni layihələrin hazırlanıb həyata keçirilməsi üçün islahatlar aparılmalı və güclü baza olmalıdır. Rəqəmsal mühitin yaradılmasının əsasını dövlət orqanları, vətəndaşlar, o cümlədən biznes qurumları arasında səmərəli münasibətlərin formalaşdırılması təşkil edir. Bütün bunların reallaşması üçün isə təhlükəsizlik əsasdır.

Nəqliyyat və əlaqələndirmə

Azərbaycan regionda əsas nəqliyyat mərkəzinə çevrilib.

Bu fikir sammitin nəqliyyat və əlaqələndirmə mövzusuna həsr edilən dördüncü panel iclasında səsləndirilib.

İclasdan əvvəl Azərbaycanın beynəlxalq nəqliyyat sahəsində gördüyü işlərlə bağlı videotəqdimat olub.

Sonra çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməklə və bu sahədə uğurlu layihələr həyata keçirməklə dünyanın nəqliyyat xəritəsinə yeni imkanlar əlavə edib. Bu layihələr ölkəmizin əsas nəqliyyat və logistika mərkəzinə çevrilməsinə imkan yaradıb. Həmin layihələrin ən əsası Azərbaycan, Gürcüstan və Türkiyənin reallaşdırdığı və ölkəmizin təşəbbüsü olan Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu dəmir yolunu daha əhəmiyyətli edən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və həmin ərazidə yaradılmaqda olan Azad Ticarət Zonasıdır.

Nazir müavini Şimal-Cənub nəqliyyat dəhlizi barədə də məlumat verib. Bildirib ki, Astara (Azərbaycan) -Astara (İran) arasında yeni dəmir yolu körpüsü tikilərək istismara verilib. Həmçinin Azərbaycan İranda yük terminalı tikir. İlkin mərhələdə yaradılacaq infrastruktur sayəsində buradan quru yüklər, növbəti mərhələdə isə maye və dənli bitkilər daşınacaq.

Daha sonra panel iclasının moderatoru “Morgan Stanley” şirkətinin icraçı direktoru Tim Dier beynəlxalq nəqliyyat sahəsində baş verən yeniliklər barədə danışıb.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda nəqliyyatın bütün sahələrinin inkişaf etdiyini deyib. O, dəmir, avtomobil yollarının, gəmiçiliyin inkişafı ilə yanaşı, Azərbaycanın hava nəqliyyatı sahəsində də uğurlar əldə edildiyini söyləyib. Bildirib ki, Azərbaycanda 6 beynəlxalq hava limanı var və Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanlarının auditi sahəsində ən nüfuzlu “Skytrax World Airport Awards”ın maksimal “5 Ulduz” statusuna layiq görülüb.

“TRA” konsaltinq şirkətinin təsisçisi Andrea Giuricin və “Awan Marketing Plc”nin baş direktoru Nasir Avan nəqliyyat sahəsinin dünyada daim inkişaf tempi ilə yüksəldiyini, Azərbaycanın da bu sahəyə böyük töhfə verdiyini söyləyib.

Maldiv İnkişaf Alyansının nümayəndəsi Əhməd Şiyam isə nəqliyyatla turizm sahəsinin əlaqələrindən bəhs edib. Turizmin inkişafında bilavasitə nəqliyyatın əhəmiyyətli rolu olduğunu söyləyən Ə.Şiyam Azərbaycanın bu sahədəki fəaliyyətinin uğurlu olduğunu deyib.

Paneldə beynəlxalq nəqliyyat sahəsində görülən işlər və Azərbaycanın bu sahədəki fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təhsilin transformasiyası

Sammitin təhsilin transformasiyası mövzusunda keçirilən beşinci panel iclasında təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycanda təhsilin inkişafı istiqamətində görülən işlərdən, əldə edilən nailiyyətlərdən danışıb. O deyib ki, təhsilin normativ-hüquqi bazasının formalaşdırılması, maddi-texniki təminatı istiqamətində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanan sərəncamlar əsasında geniş tədbirlər həyata keçirilib. Ölkəmizdə son illərdə bir sıra dövlət proqramları uğurla icra olunub, təhsilin məzmunu yenilənib, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənib.

Ölkəmizdə son beş il ərzində təhsil sahəsində görülən işlərdən söz açan F.Qurbanov deyib: “Təhsil sistemində islahatlar nəticəsində 15 yaşdan yuxarı əhali arasında savadlılıq səviyyəsi, ibtidai təhsilə nailolma, ibtidai təhsili başavurma səviyyəsi demək olar ki, yüz faizə çatdırılıb. Təhsilin keyfiyyətinə təsir göstərən ən vacib amillərdən biri erkən yaş inkişafı ilə bağlıdır. Təhsil Nazirliyi bu istiqamətdə lazımi addımlar atır”.

Nazir müavini vurğulayıb ki, ölkədə cari ilin sonunadək 250-dək modul tipli məktəbin tikilməsi nəzərdə tutulur. “Ali təhsilə qəbul olunanların sayı 2013-cü ildəki 145 mindən artaraq 162 minə, ali təhsilin bakalavriat pilləsindən magistratura pilləsinə qəbul olunanların sayı 2013-cü ildəki 35 mindən artaraq 44 minə çatıb. Hazırda təhsildə qızların sayı artıb. Müəllimlərin 82 faizini, tələbələrin isə 46 faizini qadınlar təşkil edir. Bu gün əsas məqsədimiz universitetlərdə tələbələrin startap hərəkatlarına töhfə vermək, iş yerləri yaratmaq psixologiyasını formalaşdırmaqdır. Fikrimizcə, təhsilin transformasiyası sosial-mədəni potensial xarakteri alıb. Müasir dövrdə təhsildə transformasiyanı informasiya- kommunikasiya texnologiyalarının təsiri olmadan təmin etmək mümkün deyil. Onlar təhsil sisteminin daha dərin transformasiyası üçün onun maddi-texniki bazasına çevrilir. Ölkəmizdə bunları nəzərə alaraq təhsil prosesində multimedia texnologiyaları tətbiq edilir. Ümid edirəm ki, bu sammitdə qəbul edilən təklif və tövsiyələr hamı üçün faydalı olacaq”, – deyə nazir müavini bildirib.

F.Qurbanov diqqətə çatdırıb ki, 2019-cu ildə informatika üzrə şagirdlər arasında dünya olimpiadası Bakıda keçiriləcək. Artıq ölkəmizdə bunun üçün hazırlıq işlərinə başlanılıb.

Sonra Dini Azadlıq üzrə Avropa Dinlərarası Forumunun nümayəndəsi Erik Rouks, Polşanın Təhsil Nazirliyinin nümayəndəsi Sebastian Keciek, İslandiya Universitetinin professoru Hannes Gissurarson və Böyük Britaniyanın Aston Universitetinin nümayəndəsi Asif Əhməd mövzu ətrafında müzakirələr aparıblar.

Yerli idarəçilik

Bakı sammiti çərçivəsində sonuncu ‪panel iclası yerli idarəçilik mövzusuna həsr edilib.

‪ Panelin moderatoru Avropa Regionları Komitəsində ECR Qrupunun baş katibi Neva Sadikoğlu-Novaki mövzu ilə bağlı fikirlərini bildirib. O deyib ki, yerli idarəçilik qərarların yerli səviyyədə olmasına üstünlük verilməsidir. Siyasi partiyalar arasında ortaq məxrəcə gəlmək önəmlidir. O vurğulayıb ki, Azərbaycanda yerli idarəçilik sahəsinə xüsusi diqqət yetirilir.

İclasda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ölkəmizdə idarəçilik sisteminin yüksək səviyyədə qurulduğunu deyib. O bildirib ki, Azərbaycan hökuməti yerli idarəçiliyi inkişaf etdirmək üçün önəmli addımlar atıb.

İcra başçısı qonaqlara Gəncə şəhəri haqqında məlumat verib. Bildirib ki, Gəncədə inkişaf və müasirləşmə yeni mərhələyə qədəm qoyub. ‪Mövcud təhsil, səhiyyə məkanları yenidən qurulur, avtomobil yolları çəkilir, infrastrukturun yaxşılaşdırılması üzrə layihələr həyata keçirilir. Turizmin inkişafı ilə əlaqədar hazırda Gəncədə mühüm işlər görülür. Yeni sosial-mədəni, infrastruktur layihələrinin açılışı olur. Şəhərdə çoxsaylı ticarət, sənaye obyektləri, istirahət məkanları, mədəni mərkəzlər yaradılır.‪ Bu il beynəlxalq qatar yolu da istifadəyə veriləcək ki, bu da ölkəmizə turist axınına əlverişli şərait yaradacaq.

İtaliyanın Morazzone bələdiyyəsinin sədri və parlament üzvü Matteo Biançi bildirib ki, yerli hakimiyyət orqanlarının fəaliyyəti ondan ibarətdir ki, lazım olan məqamda idarəçiliyi ələ alsınlar və fəaliyyət göstərsinlər. Yerli icmalar maraqlarını nəzərə alaraq müəyyən qərarlar verə bilərlər. Bunun üçün yerli vətəndaşlara daha çox imkan verilməlidir.

Slovakiya Respublikası Milli Şurasının üzvü Juray Droba deyib ki, insanlar özləri üçün qərarlar verə bilərlər. Bunun üçün onlara lazımi şərait yaradılmalıdır. Yerli qurumlar vətəndaşlara öz işlərini aparmağa yardım etməlidir. Müasir dövrdə cəmiyyətdə yerli idarəetməyə daha çox önəm verilməlidir.

Böyük Britaniyanın Tees Valley şəhərinin meri Ben Houçen qeyd edib ki, yerli idarəçiliyin inkişafı dövlət idarəçiliyində rəhbər şəxslər qarşısında mühüm vəzifələr qoyur. Bu vəzifələri uğurla və səmərəli icra etmək üçün müasir təlim texnologiyalarından, yüksək bilik və təcrübədən geniş istifadə olunmalıdır.

X  X  X

Panel iclaslarından sonra Alyansın icraçı direktoru Riçard Milsom və “Yeni İstiqamət” (Avropa İslahat Fondu) təşkilatının icraçı direktoru Navid Xan yekun nitqi söyləyiblər. Onlar tədbirdə faydalı müzakirələrin aparıldığını, yeni fikir və təkliflərin irəli sürüldüyünü bildiriblər. Qeyd edilib ki, müasir dövrdə təcrübələr bölüşülməli, biliklərdən birgə istifadə edilməlidir. Bu baxımdan Bakıda keçirilən bu sammit xüsusi önəm kəsb edir.

Bununla da Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının Bakı sammiti başa çatıb.