Azərbaycan Ermənistana qarşı şikayətlərlə bağlı sənədləri Avropa Məhkəməsinə təqdim edib

Səməd Seyidov: “AŞ PA-nın münaqişələrlə bağlı yeni alt komitəsi Dağlıq Qarabağ problemini də araşdıracaq”
Azərbaycanda “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun qəbul olunmalıdırmı?
Azərbaycanın BMT-dəki səfiri: “Həmsədrlərin bəyanatı ikibaşlı və məntiqsizdir”

Azərbaycan Respublikasının İnsan Haqları üzrə Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun Trend News-a müsahibəsi

– Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə göndərilən şikayətlərlə bağlı son durum necədir?

– Bu günə kimi Avropa Məhkəməsindən ümumiyyətlə, 127 şikayətlə bağlı bildirişlər və ya sorğular göndərilib. 40 şikayət üzrə yekun qərar qəbul olunub, bunlardan 16-da insan hüquqlarının pozulması müəyyən olunub, 24-ü isə rədd edilib.

– Azərbaycan dövləti Avropa Məhkəməsi ilə neçə şikayət üzrə komunikasiya aparır? Bu işlərlə bağlı məlumat verərdiniz.

– Hazırda Avropa Məhkəməsi ilə 40-a yaxın şikayət üzrə yazışma aparılır. Bunların əsas hissəsini 2005-ci il parlament seçkiləri zamanı seçki hüquqlarının pozulmasını iddia edən şəxslərin və mənzilləri Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində məcburi köçkün və qaçqın vəziyyətinə düşmüş şəxslər tərəfindən zəbt olunmuş şəxslərin şikayətləri təşkil edir.

– Əvvəlki illərlə müqayisədə Avropa Məhkəməsinə Azərbaycandan göndərilən şikayətlərin məzmununda hansı dəyişikliklər nəzərə çarpır? Şikayətlər daha çox hansı hüquqların pozuntusu ilə bağlıdır?

– Şikayətlərin məzmunu və ya keyfiyyəti ilə bağlı, demək olar ki, heç bir dəyişikliklər baş vermir. Şikayətlərin yazılması keyfiyyəti çox aşağıdır. Belə təsəvvür yaranır ki, insanlar Avropa Məhkəməsinə müraciət etməklə öz pozulmuş hüquqlarının bərpa olunmasına deyil, Azərbaycan dövləti hesabına varlanmağa çalışırlar. Bu isə, Avropa Məhkəməsində açıq-aydın görünür və çox vaxt vətəndaşlarımızın tələbləri rədd edilir. Şikayətlərin böyük əksəriyyəti İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının ədalətli məhkəmə hüququnun, seçki hüquqlarının və mülkiyyət hüquqlarının pozuntusu ilə bağlıdır.

– Şikayətlər təhlil olunarkən qanunvericiliyin ən çox hansı sahələrində boşluqlar olduğu, Avropa standartlarına uyğunlaşdırılmaya ehtiyac duyulduğu müəyyən olunub?

– Şikayətlərin təhlili göstərir ki, Azərbaycan qanunvericiliyi tamamilə ümumavropa dəyərlərinə və tələblərinə cavab verir. Lakin hüququn tətbiqi sahəsində problemlər hələ ki, mövcuddur və bu, insanların öz hüquqlarının pozulmasını iddia etməsinə gətirib çıxarır.

– Azərbaycana qarşı qəbul edilən qərarların icrası ilə bağlı vəziyyət necədir?

– Qərarların icrası ilə bağlı bütün zəruri tədbirlər vaxtında görülür və bu barədə qərarların icrasına nəzarət edən Avropa Şurasının Nazirlər Komitəsi müvafiq qaydada məlumatlandırılır. Avropa Məhkəməsinin qərarı qüvvəyə mindikdən sonra üç ay ərzində müvafiq maliyyə kompensasiyası ödənilir, qərar isə nəzərdən keçirilməsi və pozulmuş hüququn bərpa olunması üçün zəruri tədbirlərin görülməsi üçün Ali Məhkəməyə və müvafiq dövlət orqanlarına təqdim olunur.

– Ermənistana qarşı Azərbaycan vətəndaşları tərəfindən verilən neçə şikayət Avropa Məhkəməsinin icraatındadır və bu şikayətlərə nə vaxt baxılacaq? Ümumiyyətlə, bu məsələ ilə bağlı dövlət tərəfindən hansı işlər görülür?

– Azərbaycanın 6 vətəndaşının Ermənistana qarşı şikayəti ilə bağlı Avropa Məhkəməsi cavabdeh dövlət olan Ermənistanla və maraqlı tərəf kimi Azərbaycanla yazışma aparır. Şikayətdə Azərbaycan Respublikasının Laçın rayonunun Ermənistan tərəfindən işğal olunması nəticəsində həmin şəxslərin bir sıra insan hüquqlarının pozulması bildirilir. Bu şikayət ilə əlaqədar olaraq Azərbaycan hökuməti öz mövqeyini Avropa Məhkəməsinə bildirib, işin baxılması üçün zəruri olan bütün sənədləri təqdim edib.

Ehtimal etmək olar ki, şikayətin baxılması üçün məqbul olunması məsələsi gələn il nəzərdən keçiriləcəkdir.

Bu halda, Azərbaycan hökuməti də məhkəmə iclasında təmsil olunaraq öz mövqeyini Avropa Məhkəməsi hakimlərinin diqqətinə çatdıracaq.