“Azərbaycan” İstilik Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu ilə bağlı ciddi tapşırıqlar verdi
BMT müvafiq sahələrdə Azərbaycana kömək etməyə hazırdır
Müdafiə Nazirliyi: “Qanunsuz erməni silahlı dəstələrinin təxribatının qarşısı alınıb”

“Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra iyunun 25-də istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Qeyd edək ki, tikintisinə 1974-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanan “Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bloku 1981-ci il oktyabrın 20-də, sonuncu – 8-ci blok isə 1990-cı ildə istismara verilib. Öz dövrü üçün nəhəng infrastruktur layihəsi olan və respublikanın energetika sistemində xüsusi əhəmiyyəti ilə seçilən “Azərbaycan” İES elə o vaxtdan ölkənin elektrik enerjisinə tələbatının qarşılanmasında hər zaman birinciliyini qoruyub saxlayıb. Lakin 2018-ci il iyulun 3-də stansiyada baş vermiş qəza nəticəsində ölkənin yarıdan çoxu qaranlıqda qaldı. 330 kilovoltluq yarımstansiyasındakı cərəyan transformatorunda baş verən qəza nəticəsində təxminən min kiloqrama qədər yağ ətrafa axmışdı, yaxınlıqdan keçən elektrotexniki avadanlıqların, eləcə də kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq güclü yanğına səbəb olmuşdu. Nəticədə bir-birinin ardınca baş verən qəzalar ölkənin enerji sisteminə ciddi ziyan vurmuşdu.

Araşdırmalar nəticəsində məlum olmuşdu ki, stansiyadakı generatorlarda təsirlənmə sistemləri, soyuducuları köhnəlmiş və istismara tamamilə yararsızdır. Qazanlarda küləkdən mühafizə lövhələri dağılıb, qazan avadanlıqları aşınıb və sıradan çıxıb. Regenerativ hava qızdırıcıları, qaz yolları, kompensatorlar və digər qurğular uzun müddət istismar olunduğundan yararsız vəziyyətə düşüb. Stansiyanın tüstü boruları və konstruksiyaları da aşınmaya məruz qalmışdı, Fasiləsiz Qida Mənbələri demək olar ki, işləmirdi. Maşın zalının konstruksiyası, dam örtüyü və döşəməsi dağılmışdı. Kimyəvi sutəmizləmə qurğusu olduqca köhnəlmişdi, azot və oksigen qurğuları, reagent və yağ təsərrüfatları istismar müddətini iki dəfədən çox başa vurmuşdu. Hidrogen qurğusu uzunmüddətli istismar edildiyindən təhlükə yaradırdı. Hətta Yuxarı Qarabağ kanalının stansiya ərazisindən keçən çıxış su kanalı hissəsinin yamacları dağılmışdı. 330 və 500 kilovoltluq yarımstansiyaların avadanlığı və mühafizə sistemləri öz ömrünü başa vurmuşdu. Bu isə sistem qəzasının olması ehtimalını ən yüksək səviyyəyə çatdırmışdı.

Prezident İlham Əliyev elektromobillə stansiyanın ərazisini gəzdi.

Stansiyada yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev bildirdi ki, enerji bloklarının texniki su təchizatı Yuxarı Qarabağ kanalı vasitəsilə təmin edilir. Kanalın yamacları və dib hissəsi beton örtüklərlə bərpa olunub, dövran su xətlərinin altındakı dayaqlar əsaslı təmir edilib. Ərazidə yeni mazut çənləri, dövran və mazut nasosları quraşdırılıb. Stansiyanın qaz qəbulu məntəqələri də əsaslı təmir olunub.

İki il ərzində həyata keçirilən proqram çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasında bütün parametrlər üzrə tikinti və bərpa işləri sürətlə aparılıb. Əsas diqqət həm də “Azərbaycan” İstilik Elektrik Stansiyasının hər biri ayrıca elektrik stansiyası statusuna malik 8 blokunun yenidən qurulmasına yönəlib. Blokların təbii təsirlərdən qorunması və ən əsası da itkilərin azaldılması üçün izolyasiya işləri görülüb. Yenidəqurma proqramı çərçivəsində yararsız metal konstruksiyalar yenilənib, yük məhdudiyyətinə təsir edən regenerativ hava qızdırıcılarının daxili elementləri dəyişdirilib, turbin qurğularında zədələnmiş işçi kürəklər, hidrogen və yağ istilik mübadilə aparatları da təzələnib. Kimya sexi müasir tipli əks-osmos sutəmizləyici texnologiyaya əsasən yenidən qurulub, reagent təsərrüfatı yenilənib, əlavə ehtiyat su çənləri yaradılıb.

Diqqətə çatdırıldı ki, enerji bloklarında sıradan çıxmış elektrik mühərriki və nasos avadanlıqları, istismar və təmir üçün tələb olunan liftlər, ağırtonnajlı yükqaldırıcı kran və mexanizmlərin elementləri, yüksək gərginlikli cərəyan şinləri, güc və nəzarət kabelləri tam yenisi ilə əvəz olunub. Blok və xüsusi sərfiyyat transformatorları da təmir edilib.

Qeyd olundu ki, 2018-ci ildə sistem qəzasının mənbəyi olan 330 və 500 kilovoltluq yarımstansiyalar yenidən qurulub. İstismar müddəti bitmiş və partlayış təhlükəsi olan bütün hava açarları eleqaz tipli açarlarla, cərəyan və gərginlik transformatorları müasir tipli avadanlıqla əvəzlənib. Yarımstansiyaların hər biri üçün yeni idarəetmə binaları tikilib.

İndi “Azərbaycan” İES-in fəaliyyəti yeni tikilən inzibati binadan həyata keçirilir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş akt zalı yaradılıb. Bütün proseslər yeni quraşdırılan nəhəng monitordan idarə olunur.

Burada stansiyanın idarə olunması ilə bağlı videoçarx nümayiş etdirildi.

Sonra dövlətimizin başçısı “Azərbaycan” İstilik Elektrik Stansiyasını işə saldı.

Prezident İlham Əliyevə yeni tikiləcək “Qobu” Elektrik Stansiyasının layihəsi barədə məlumat verildi.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdi.

Prezident İlham Əliyev çıxış etdi.

X X X

Qeyd edək ki, stansiyada yenidənqurma işləri aparılarkən ölkəyə elektrik verilişi bir dəqiqə də olsun dayanmayıb. Bütün işlər paralel olaraq yerinə yetirilib. Yanğın təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət göstərilib.

“Azərbaycan” İES ölkənin elektrik enerjisinə olan tələbatının 40 faizini ödəyir. Stansiyada istehsal edilən elektrik enerjisi respublikanın enerji sisteminə 330 və 500 kilovoltluq elektrik verilişi xətləri ilə ötürülür.

Yenidənqurma işlərindən sonra stansiyanın qoyuluş gücü 2400 MVt-a çatdırılıb və 600 MVt itirilmiş güc bərpa olunub. Bununla da “Azərbaycan” İES-in etibarlılığı artıb, dayanıqlılığı, təhlükəsizliyi və səmərəliliyi təmin olunub.

Azərtac