Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilir

AVCİYA-nın “Baxış bucağı” debatlar silsiləsindən üçüncü debat olub
Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarında dəyişiklik edilib
Kamança UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına Azərbaycan və İranın mədəniyyət nümunəsi kimi daxil edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 18-də Milli Məclisdə andiçmə mərasimi keçirilir.

AZƏRTAC xəbər verir ki, andiçmə mərasimində Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak edirlər.

Prezident İlham Əliyevi müşayiət edən fəxri kortej Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasiminin keçirildiyi Milli Məclisə yola düşdü.

Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olundu.

Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşıladılar.

Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətirdilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olundular.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad ABDULLAYEV çıxış edərək dedi:

– Hörmətli xanımlar və cənablar.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2018-ci il 17 aprel tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.

Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içdi:

– Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içdi:

– Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam.

Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpdü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyir.