Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimində nitqi

İlham Əliyevlə Ərdoğan parlaq qələbə münasibətilə bir-birini təbrik ediblər
Azad edilmiş ərazilərimizin zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir
Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı olub

 

Hörmətli xanımlar və cənablar.

İlk növbədə, bir daha mənə bu seçkilərdə göstərilən yüksək etimada görə doğma Azərbaycan xalqına dərin təşəkkürümü bildirmək istəyirəm. Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm.

Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir.

Mən 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi və mən də öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz Ulu Öndərin yolu ilə gedirik. Onun qoyduğu yol yeganə düzgün yoldur və Azərbaycanın müstəqillik tarixi bunun əyani sübutudur.

Son 15 il ərzində bu yolla gedərək biz böyük uğurlara imza atdıq, Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşamışdır. Bu 15 il ərzində dünyanın müxtəlif bölgələrində, bizim bölgəmizdə, Avropada çox təhlükəli proseslər baş verirdi: qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişləri. Yəni, təhlükəsizlik baxımından son 15 il çox gərgin keçmişdir. Azərbaycanda isə xalqımız təhlükəsizlik şəraitində yaşamışdır. Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq. Azərbaycan xalqı bu 15 il ərzində sabitlik şəraitində yaşamışdır. Bu da inkişafımız üçün əsas şərtdir. Biz görürük ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz. Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir.

Bu 15 il ərzində Azərbaycanda demokratik inkişaf çox sürətlə getmişdir, Azərbaycanda bütün azadlıqlar təmin edilmişdir. Hesab edirəm ki, bu 15 il demokratik inkişaf baxımından çox uğurlu illər olmuşdur. Biz siyasi islahatları dərinləşdirərək bütün azadlıqları – söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etmişik. Təkcə onu demək kifayətdir ki, bu gün Azərbaycan vətəndaşlarının 80 faizi internet istifadəçiləridir və internet Azərbaycanda azaddır. Yəni, demokratik inkişafla bağlı bizim siyasətimiz çox düzgün siyasətdir və bizim milli maraqlarımızı təmin edir. Biz bunu kiminsə xoşuna gəlmək üçün yox, ona görə edirik ki, Azərbaycanda siyasi islahatlar daha da dərinləşsin, Azərbaycan xalqı həmişə öz taleyinin sahibi olsun, necə ki, bu gün Azərbaycan xalqı öz taleyinin sahibidir və seçkilər, onun nəticələri bunu bir daha təsdiqləyir.

Deyə bilərəm ki, son 15 il ərzində Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyillər müşahidə olunur və prezident seçkiləri kampaniyası bunu bir daha göstərir. Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənmişdir, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Qeyd etməliyəm ki, prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaqdır. Bir sözlə, bu 15 il ərzində biz çalışmışıq ki, Azərbaycanda siyasi mübarizə sivil qaydada təmin olunsun və buna böyük dərəcədə nail ola bilmişik. Fürsətdən istifadə edərək, seçkilərdə iştirak etmiş bütün namizədlərə öz təşəkkürümü bildirirəm, onlara gələcək fəaliyyətlərində uğurlar diləyirəm.

O ki qaldı, antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır.

Azərbaycan bu 15 il ərzində uğurla inkişaf edib. Azərbaycan xalqı birlik, həmrəylik nümayiş etdirib. Bizim gələcək fəaliyyətimiz üçün milli ideologiyamız əsas rol oynayır. Azərbaycançılıq məfkurəsi Azərbaycanda tam bərqərar olub, Azərbaycan xalqı vahid milli ideya ətrafında birləşib və ölkəmiz çox uğurla inkişaf edir. Azərbaycanda dinlərarası, millətlərarası münasibətlər nümunəvi xarakter daşıyır. Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi mehribanlıq şəraitində yaşayır və bundan sonra da yaşayacaqdır. Bizim siyasətimiz və cəmiyyətin istəkləri bu istiqamətdə atılacaq addımları da şərtləndirəcək.

Azərbaycan ölkə daxilində dinlərarası, millətlərarası münasibətlərin tənzimlənməsində çox böyük uğurlara nail olub və biz son 15 il ərzində bunu dünyaya nümayiş etdirmişik. Təkcə ona görə yox ki, özümüzü göstərək, ona görə ki, dünyada da müsbət meyillər üstünlük təşkil etsin. Əfsuslar olsun ki, son 15 il ərzində dünyada bu istiqamətdə çox təhlükəli proseslər cərəyan edib. İslamofobiya, ksenofobiya, ayrı-seçkilik artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrilir, başqa millətlərin, dinlərin nümayəndələrinə mənfi münasibət göstərilir. Ona görə biz çalışmışıq və bundan sonra da çalışacağıq ki, öz nümunəmizi göstərərək sübut edək ki, multikulturalizm yaşayır və yaşamalıdır. Eyni zamanda, biz öz milli mənəvi dəyərlərimizə sadiqik, buna bağlıyıq və təsadüfi deyil ki, 2016-cı və 2017-ci illər Azərbaycanda “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri elan olunmuşdur.

Azərbaycan son 15 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atdı. Bizim dünyadakı mövqelərimiz möhkəmlənir, Azərbaycan çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkədir. Bizə qarşı dünya birliyi tərəfindən böyük rəğbət, dəstək var, biz bunu hiss edirik və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarlar bunu bir daha təsdiqləyir. Əlbəttə ki, bunun ən bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olubdur. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir.

Biz son 15 il ərzində qonşu dövlətlərlə daha da sıx münasibətlər qura bildik. Deyə bilərəm ki, ikitərəfli münasibətlərimiz indi ən yüksək səviyyədədir, qonşu dövlətlərlə bizim heç bir problemimiz yoxdur, bütün məsələlər konstruktiv şəkildə öz həllini tapır və ikitərəfli əməkdaşlıq çoxtərəfli əməkdaşlığa şərait yaradır. Çoxtərəfli əməkdaşlıq da Azərbaycanın təşəbbüsü ilə baş verir. Bizim təşəbbüsümüzlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradılıbdır və bu, işlək formatlardır. Biz bu üçtərəfli və dördtərəfli görüşlərdə çox önəmli məsələləri müzakirə edirik, həll edirik. Məsələlərin həlli bütün qonşu ölkələr, o cümlədən Azərbaycan üçün böyük fayda verir, eyni zamanda, qonşularla isti münasibətlərimiz regional sabitliyə, təhlükəsizliyə də öz müsbət təsirini göstərir.

Biz son 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iştirak etmişik, bundan sonra da fəal iştirak edəcəyik. Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 il ərzində bir çox ən mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul etmişlər. Orada göstərilir ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul etmişdir. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul etmişdir ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır.

Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində beynəlxalq təşkilatların dəstəyini tam qazana bilmişik, Ermənistanın işğalçı siyasətini ifşa etmişik. Nail ola bilmişik ki, Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir. BMT Təhlükəsizlik Şurasının qətnamələri münaqişənin həlli üçün əsas bazadır, hüquqi bazadır. Dünyaya bir daha sübut edə bilmişik ki, biz haqlıyıq. Baxmayaraq ki, bizə qarşı kampaniyalar aparılır, erməni lobbi təşkilatları bizə qarşı kampaniyalar aparır. Ancaq bu kampaniyalar beynəlxalq təşkilatların qərarlarına təsir edə bilmədi. Biz siyasi və diplomatik uğurlar qazana bildik. Qondarma “Dağlıq Qarabağ”ı heç kim tanımır və əminəm ki, tanımayacaq. Orada keçirilən qondarma “referendum”u bizim qonşu ölkələrimiz və beynəlxalq təşkilatlar pislədilər.

Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Hüquqi baza var. Biz 15 il ərzində bu bazanı möhkəmləndirdik. Biz son 15 il ərzində münaqişə ilə bağlı həqiqətləri dünya birliyinə çatdıra bilmişik, kitablar yazıldı, xəritələr, qədim xəritələr ortaya qoyuldu, təqdimatlar, sərgilər keçirildi. Ondan çox ölkə Xocalı qətliamını soyqırımı kimi tanıdı. Bizim diplomatik və siyasi uğurlarımız öz nəticəsini verməkdədir.

Bu gün Ermənistan dalan ölkəyə çevrilib. Biz gizlətmirik ki, səylərimiz nəticəsində Ermənistanı bütün regional layihələrdən təcrid etmişik və bu siyasət öz nəticələrini verməkdədir. Biz bundan sonra da bu siyasəti davam etdirəcəyik və əminəm ki, istədiyimizə nail olacağıq. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın.

Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir neçə deportasiyaya məruz qalmışıq. Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini verməkdədir.

Bizim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyimiz Azərbaycan xalqı tərəfindən dəstəklənir. Biz bu siyasətdən dönməyəcəyik, bundan sonrakı illərdə də işğalçını bütün işlərdən, regional işlərdən təcrid edəcəyik, onları ifşa edəcəyik. Gələcək illərdə isə bizim gücümüz daha da artacaq. Çünki bu gün reallaşan böyük təşəbbüslər, layihələr bizim gücümüzü daha da artıracaqdır.

Eyni zamanda, biz yaxşı bilirik və bunu tarix, yaxın tarix və bölgədə gedən proseslər göstərir ki, bir çox hallarda beynəlxalq hüquq normaları işləmir. Kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmüşük, bu gün də görürük. Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi, beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq.

Bu reallıq bir də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir. Bu siyasətin əvvəlində böyük işlər görüldü. Son 15 il ərzində ordu quruculuğu prosesi sürətlə getmişdir. Bəzi hallarda bizi tənqid edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq.

Ordumuzun gücünü düşmən də gördü. Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad etdi, minlərlə hektar torpağa biz nəzarət edirik. Bu torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, insanlar qayıdır, yeni qəsəbə salınıbdır. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Onu göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Bunu göstərir ki, biz öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq.

Cocuq Mərcanlı qəsəbəsi bizim dirçəliş rəmzimizə çevrilibdir. Cocuq Mərcanlıya qayıdan həyat hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir, onu qürurlandırır. Ermənilər, vandallar, Ermənistan rəhbərliyi bizim tarixi abidələrimizə də soyqırımı törədib, məscidlərimizi dağıdıb. Amma onlar başa düşmürlər ki, biz dağılmış məscidləri qəlbimizdə yaşadırıq. Biz dağılmış məscidləri qəlbimizdə ucaltmışıq. Torpaqlar işğaldan azad olunandan sonra vandallar tərəfindən dağıdılmış Şuşa məscidinin bənzərini biz Cocuq Mərcanlıya gətirdik, orada tikdik. Bu gün bu torpaqlarda bizim insanlarımız ibadət edə bilirlər. Bu, bir daha onu göstərir ki, biz heç vaxt işğalla barışmayacağıq.

Biz köçkünlərlə bağlı olan məsələləri də uğurla həll edirik. Yüzə yaxın qəsəbə salınıb, 280-290 min köçkün soydaşımız yeni evlərlə, mənzillərlə təmin edilibdir. Biz bundan sonra da onlara dəstək göstərəcəyik. Köçkünlərin məişət problemləri, onların məşğulluğu daim diqqət mərkəzindədir. Gələcəkdə də bu istiqamətdə addımlar atılacaqdır.

Ümumiyyətlə, deyə bilərəm ki, son 15 il ərzində biz sosial məsələlərin həllinə çox böyük diqqət göstərmişik. Bunu rəqəmlər də təsdiqləyir. Maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artıb. Sosial infrastruktur yaradılır. 3100-dən çox məktəb tikilib və təmir edilib. 640-dan çox xəstəxana tikilib və təmir edilib. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradılıb. Yəni, sosial siyasət daim diqqət mərkəzindədir. Dəfələrlə bu məsələ ilə bağlı fikrimi bildirmişəm, bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimdə də Azərbaycan vətəndaşının maraqları, onun rifahı daim diqqət mərkəzində olacaqdır.

Nəzərə alsaq ki, növbəti illərdə biz çox ciddi islahatlar aparacağıq, islahatları dərinləşdirəcəyik, əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yaxşılaşacaqdır. Yoxsulluğa qarşı mübarizədə Azərbaycan böyük uğurlara imza atıb. Demək olar ki, bu məsələlərlə məşğul olan bütün beynəlxalq təşkilatlar bunu nümunə kimi göstərirlər ki, yoxsulluq təxminən 50 faizdən 5,4 faizə düşübdür. İşsizliklə bağlı böyük işlər görülüb. İşsizlik Azərbaycanda 5 faiz səviyyəsindədir. Son 15 il ərzində əhalinin sayı 1,5 milyon nəfər artıb. Ancaq iş yerləri də təxminən o səviyyədə artıbdır. Mən bunu bir daha demək istəyirəm ki, gələcək fəaliyyətimizdə biz bu amili daim diqqətdə saxlayacağıq. Çünki bizdə mövcud olan müsbət demoqrafik dinamika tələb edir ki, iş yerlərinin yaradılması prosesi daim getsin. Əgər nəzərə alsaq ki, indi dünyada, o cümlədən Azərbaycanda yeni texnologiyalar tətbiq olunur və bu texnologiyalar bəzi hallarda insan əməyini aradan götürür, yeni texnoloji müəssisələrin yaradılması bizim planlarımızdadır. Biz yeni iş yerlərinin yaradılması ilə bağlı daha çevik və səmərəli siyasət aparmalıyıq.

Bu illər ərzində Azərbaycan intellektual məhsulun ixracatçısına çevrilibdir. “ASAN xidmət” artıq başqa ölkələrdə tətbiq olunur, bizim təcrübəmiz öyrənilir. Bu, ictimai xidmətlər sahəsində bir inqilab idi. Bu, sosial layihədir. Çünki bu layihə insanlara xidmət göstərir. On üç “ASAN xidmət” mərkəzimiz var. Bu ilin sonuna qədər onların sayı 15-ə, gələn ilin sonuna qədər isə 20-yə çatacaqdır. “ASAN xidmət” mərkəzlərində 20 milyondan çox müraciət qeydə alındı və bu qurumu bəyənmə əmsalı 100 faizə yaxındır.

Bu, bir daha bizim niyyətimizi, siyasətimizi göstərir. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparılır, bundan sonra da aparılacaqdır. Bu istiqamətdə inzibati tədbirlər, cəza tədbirləri görüləcək və ən böyük səmərə verən sistem xarakterli tədbirlər, institusional islahatlar həyata keçiriləcəkdir. “ASAN xidmət” onların arasında xüsusi yer tutur. Azərbaycan vətəndaşları görürlər ki, biz tədricən bu qurumun funksiyalarını genişləndiririk.

Biz son 15 il ərzində iqtisadi islahatlar aparmışıq və iqtisadi məsələlərə xüsusi diqqət yetirmişik. Çünki mən dəfələrlə demişəm və həyat bunu göstərir, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Əgər sən kimdənsə asılısansa, – ya kreditdən asılısan, ya başqa dövlətdən asılısan, – heç vaxt, sözün əsl mənasında, müstəqil siyasət aparmaq iqtidarında olmayacaqsan. Ona görə biz çalışırdıq ki, iqtisadi müstəqilliyə çataq və buna da nail olduq. Biz indi heç bir kreditə möhtac deyilik, özümüz kreditlər veririk. Bizim dövlət borcumuz ümumi daxili məhsulumuzun 20 faizini təşkil edir. Mən qarşıya vəzifə qoymuşam və biz gələcək illərdə dövlət borcumuzu daha da aşağı səviyyəyə salmalıyıq. İqtisadiyyat son 15 il ərzində 3,2 dəfə artıbdır. Bu, çox böyük göstəricidir. Əlbəttə ki, bu göstəricinin tərkibində neft amili xüsusi yer tutur. Ancaq bununla bərabər, bizim qeyri-neft ixracımız 15 il ərzində dörd dəfədən çox artıbdır. Bu da onu göstərir ki, bizim islahatlarımız böyük səmərə verir.

Sənaye istehsalı 2,6 dəfə artmışdır. Valyuta ehtiyatlarımız 24 dəfə artmışdır, bu gün 44 milyard dollara bərabərdir. Ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulub. Ölkəmizdə çox gözəl investisiya iqlimi vardır. Xarici və yerli sərmayə ölkəmizə bundan sonra da qoyulacaqdır. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görübdür. İnkişafda olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə biz üçüncü yerdəyik. Yəni, bu göstəricilər özlüyündə hər şeyi açıq-aydın bildirir, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar, nailiyyətlər tarixi nailiyyətlərdir.

Bu gün də Azərbaycan iqtisadiyyatı inkişaf edir. Biz dünyada baş vermiş böhranlar zamanı da bu böhranlardan ən az itkilərlə çıxa bilmişik. Artıq bu böhranlar arxada qalıb və iqtisadi sabitlik, maliyyə sabitliyi, əlbəttə ki, həm investisiya iqliminə müsbət şərait yaradır, həm də biznes mühitini daha da yaxşılaşdırır. Gələcək illərdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə addımlar atılacaq, iqtisadi islahatlar dərinləşəcək. İqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir, bütün xoşagəlməz hallara son qoyulmalıdır. Bütün iqtisadi qurumlar dünyanın inkişaf etmiş ölkələrində olan müsbət təcrübəni tətbiq etməlidirlər. Belə göstərişlər verilibdir. Əminəm ki, Azərbaycan vətəndaşları, sahibkarlar yaxın gələcəkdə bizim islahatlarımızın müsbət təsirini görəcəklər.

Sahibkarlığın inkişafı sürətlə getmişdir. Bu illər ərzində sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Bu kreditlər hesabına və sahibkarların öz vəsaiti hesabına yüzlərlə, bəlkə də minlərlə yeni müəssisə yaradılmışdır və qeyri-neft sektorunun inkişafı təmin edilmişdir. Növbəti illər ərzində, qeyd etdiyim kimi, iqtisadi sahədə islahatlar təmin ediləcək, dərinləşəcək ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf etsin və biz neft-qaz amilindən asılılığı azaldaq.

Bu illər ərzində biz yeni texnologiyalara böyük diqqət vermişik. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu. Bizim indi iki peykimiz var və üçüncü peykin orbitə buraxılması nəzərdə tutulur. Azərbaycan bu sahədə də liderlik nümayiş etdirir. Bu, onu göstərir ki, biz gələcəyə baxırıq və gələcək də elmi-texnoloji inkişafla bağlıdır. Məhz buna görə biz təhsilə, elmə diqqət veririk, növbəti illərdə daha da böyük diqqət göstərməliyik. Çünki hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Biz ən müasir texnologiyaları Azərbaycanda tətbiq etməliyik. Buna nail olmaq üçün bizdə hazırlıqlı kadr potensialı olmalıdır, bu istiqamətdə bundan sonrakı illərdə də işlər görüləcəkdir.

Əlbəttə ki, bizim iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir. Təbii ki, son 15 il ərzində bu sahəyə xüsusi diqqət göstərilirdi və bundan sonra da göstəriləcək. Bu illər ərzində biz doğrudan da tarixi nailiyyətlərə nail ola bilmişik. Ulu öndər Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və beləliklə, biz böyük gəlirlər əldə etməyə başlamışdıq. Ondan bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir. Hazırda biz Cənub Qaz Dəhlizinin icrası ilə məşğuluq. Bu layihə bizim təşəbbüsümüzlə həyata keçirilir. 2012-ci ildə bu layihəyə start verildi. Ondan əvvəlki illər isə demək olar ki, nəticəsiz keçmişdir. Çünki Azərbaycan qazını böyük həcmlərlə Avropa bazarlarına çıxarmaq üçün bir neçə il ərzində müzakirələr gedirdi, amma heç bir nəticə yox idi. Biz bunu görəndə artıq bildik ki, ancaq özümüzə güvənməliyik və tarixi qərarlar qəbul edildi. Çox çətin layihəni uğurla icra edirik. Bu, həm iqtisadi, həm texniki cəhətdən maliyyə tutumlu layihədir. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur. Ona görə xüsusilə bu da dünyada mövcud olan iqtisadi böhrana təsadüf etdi və bu vəsaiti ölkəmizə cəlb etmək o qədər də asan məsələ deyildi. Biz, əlbəttə, diplomatik, siyasi və iqtisadi yollarla buna nail ola bilmişik. “Cənub Qaz Dəhlizi” layihələrinin üçü bu il istifadəyə veriləcəkdir – “Şahdəniz-2”, “Cənubi Qafqaz Kəməri” və TANAP. Biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik. Bundan sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək. Əlbəttə, bizə əlavə gəlirlər gələcək ki, bu gəlirləri də biz ölkəmizin inkişafına yönəldəcəyik. Biz bu illər ərzində “Azəri-Çıraq-Günəşli” yatağının gələcək işlənilməsi ilə bağlı önəmli addımlar atmışıq, yeni kontrakt imzalanıb. Kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb və biz öz payımızı artıra bilmişik. Eyni zamanda, 3,6 milyard dollar bonus almışıq və onun birinci hissəsi artıq bu il xəzinəyə daxil olub. Növbəti illərdə biz neft-qaz sektorunda digər perspektiv strukturlar ətrafında tərəfdaşlarla işləyəcəyik. Demək olar ki, neft-qaz sektorunda Azərbaycan istədiyinə artıq nail olubdur və bir-iki ildən sonra Cənub Qaz Dəhlizi tam istifadəyə veriləcəkdir.

Biz bu illər ərzində ölkə daxilində enerji təminatını yaxşılaşdıra bilmişik. Böyük infrastruktur layihələri icra edilib. Son 15 il ərzində 30-dan çox elektrik stansiyası tikilib. Onların generasiya gücü 3900 meqavata bərabərdir. Müqayisə üçün deyə bilərəm ki, bizim indi ümumi generasiya gücümüz təqribən 6,5 min meqavata bərabərdir. Onun 3,9 min meqavatını biz 15 il ərzində yarada bilmişik. Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir.

Qazlaşdırma bu ilin sonuna qədər Azərbaycanda 95 faizə çatacaqdır. Hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir və biz bundan sonra da bu işlərlə məşğul olacağıq.

Bu ilin sonuna qədər, – əgər 2004-cü ilin əvvəlindən hesablasaq, – ölkəmizdə 15 min kilometr yeni yol çəkilişi təmin edilmiş olacaqdır. Bu proses bundan sonrakı illərdə də davam edəcək. Bütün kənd yolları ilə bağlı təkliflər artıq bizə daxil olub. İmkan olduqca biz bütün kənd yollarını yenidən quracağıq. Bu istiqamətdə artıq böyük işlər görülübdür.

2004-cü ildə Bakının su təchizatı ilə bağlı problemləri çox ciddi idi. O vaxt Bakı sakinlərinin 29 faizi davamlı təmiz içməli su ilə təmin olunurdu. Bu gün bu rəqəm 81 faizə çatıbdır. Ölkə üzrə isə 2004-cü ildə təqribən 20 faiz əhali içməli su ilə təmin edilirdi, hazırda bu rəqəm 67 faizə çatıbdır. Bundan sonrakı illərdə bu günə qədər görə bilmədiyimiz işləri biz başa çatdıracağıq. Bütün şəhərlərdə, bütün kəndlərdə insanlar təmiz içməli su ilə təmin olunmalıdırlar. Bizim proqramlarımızda bu var. Bu da infrastruktur layihələri arasında xüsusi yer tutan sahədir.

Kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya tədbirləri görülübdür, dörd böyük su anbarı tikilib və son bir neçə il ərzində biz hər il 100 mindən çox hektara yeni su mənbəyi gətiririk. Əminəm ki, kənd təsərrüfatının inkişafına bunun çox böyük təsiri olacaqdır.

Biz son illərdə ölkə daxilində nəqliyyat infrastrukturu ilə çox ciddi məşğul olmuşuq. Demək olar ki, nəqliyyat infrastrukturuna çox böyük vəsait qoyulubdur. Biz yeddi aeroport tikmişik, onlardan altısı beynəlxalq statusa malikdir. O aeroportlar indi işləyir, xaricdən gələn turistlərin sayı artır. Ələtdə Xəzər dənizində ən böyük yeni ticarət limanı tikilir, yaxın gələcəkdə istifadəyə veriləcəkdir. Dəmir yolu infrastrukturu yeniləşir. Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir. Burada da biz liderliyi möhkəmləndiririk. Gəmiqayırma zavodunun tikintisi artıq xaricdən gəmilərin alınmasına ehtiyac qalmadığını göstərir.

Bir sözlə, nəqliyyat infrastrukturunun yeniləşməsi, yaradılması, əlbəttə ki, daxili tələbat idi. Eyni zamanda, biz qonşularla əməkdaşlıq edərək regional infrastrukturu da yaratmışıq. Keçən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı növbəti tarixi nailiyyətimizdir. Qonşularla birlikdə bu tarixi yolu biz istifadəyə verdik və indi Azərbaycan ərazisindən yüklərin daşınması gündən-günə artmaqdadır. Bununla paralel olaraq, hazırda biz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq və Azərbaycan ərazisində bütün işləri tamamladıq. İndi biz, ümumiyyətlə, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq. Əminəm ki, qonşu ölkələrlə əməkdaşlıq edərək bu yolun çatışmayan hissəsi də yaxın gələcəkdə tikilib istifadəyə veriləcək. Beləliklə, açıq dənizlərə çıxışı olmayan ölkə olan Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir. Bu, real işlərin nəticələridir.

Bizim coğrafi yerləşməyimiz bir tərəfdən əlverişlidir, digər tərəfdən əlverişsizdir. Biz Avropa ilə Asiya arasında yerləşirik, ancaq, eyni zamanda, bizim açıq dənizlərə çıxışımız yoxdur. Əgər olsa idi, onda heç neft və qaz kəmərlərini tikməyə ehtiyac qalmazdı. Ona görə, belə qapalı şəraitdə Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilməyimiz tarixi nailiyyətimizdir.

Qeyd etməliyəm ki, biz digər sahələrdə də böyük uğurlar qazanmışıq. Bir çıxışda onların hamısını sadalamaq mümkün deyil. Təkcə onu demək istəyirəm ki, 2004-cü ildə Azərbaycana xaricdən bir milyon qonaq gəlmişdirsə, bu il gələcək qonaqların sayı üç milyona çatacaqdır. Biz ölkəmizi dünyada tanıtdıra bilmişik. Beynəlxalq tədbirlərin keçirilməsi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, siyasi, humanitar tədbirlər Azərbaycanı dünyaya təqdim etdi. Bununla paralel olaraq, xalqımızın qonaqpərvərliyi, gözəl iqlim, təhlükəsizlik, gözəl infrastruktur, şərait, tarixi abidələrimiz Azərbaycanı sürətlə inkişaf edən böyük turizm mərkəzinə çevirir. Əlbəttə, bu, ölkəmizə valyuta gətirir, bu, ölkəmizi daha da gücləndirir və bu sahədə minlərlə iş yeri yaradılır və yaradılacaqdır.

Biz böyük idman uğurları ilə fəxr edə bilərik. Bizim idmançılarımız son 15 il ərzində Olimpiya Oyunlarında, dünya, Avropa çempionatlarında böyük qələbələr qazanmışlar. Avropa Oyunlarında biz ikinci yerə layiq görüldük, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə nail olduq. Biz Rio Olimpiya Oyunlarında medalların sayına görə 14-cü yerdəyik. Tarixi qələbələrdir. Hara baxsaq, hansı sahəyə baxsaq, biz inkişaf, nəticə və uğur görürük. Nəyə görə? Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir. Bir daha qayıdıram çıxışımın əvvəlinə, xalq-iqtidar birliyi bütün bu uğurları mümkün edir. Biz regional inkişafla çox ciddi məşğul olmuşuq. Üç regional inkişaf proqramı qəbul edilibdir. Üçüncüsü bu il başa çatır. Regionların siması dəyişilib, şəhərlər abadlaşıb, gözəlləşib. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bakı şəhəri bizim qürur mənbəyimizdir.

Yəni, son 15 il ərzində kifayət qədər uğurlar, nailiyyətlər var. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Biz qeyd etdiyim sahələr üzrə səylərimizi davam etdirəcəyik, Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.

Çıxışımın sonunda bir məsələni də qeyd etməliyəm. Bütün bu uğurlar ancaq müstəqillik dövründə mümkün olmuşdur. Azərbaycan xalqı bir daha görür ki, müstəqilliyimizin üstünlükləri nədən ibarətdir. Bizim taleyimiz öz əlimizdədir, biz öz taleyimizin sahibiyik. Biz ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik. Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik.

Eşq olsun Azərbaycan xalqına!

Yaşasın Azərbaycan!

AZƏRTAC