Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır

Prezident İlham Əliyev Bakının Xətai rayonunda “Azərenerji”nin “Əhmədli” yarımstansiyasının açılışında iştirak edib
Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirakı ilə Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib
AVCİYA “Borçalıda yaşayan azərbaycanlıların erməni quldurlarına qarşı mübarizəsi” silsiləsindən müzakirələrə başlayır

Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

Dövlətimizin başçısı qeyd edib: “Bizim islahatlarımız davam edir. Bu gün məruzələrdə səslənən fikirlər deməyə əsas verir ki, islahatlar yaxşı nəticələr verir. Strateji Yol xəritələrinin icrası ilə bağlı məlumat verildi və iki il ərzində yol xəritələrinin icrası 52 faiz təşkil edir. Bu, deməyə əsas verir ki, bu önəmli proqram 2020-ci ilin sonuna qədər icra ediləcək və beləliklə, biz bütün sahələrdə irəliləyişə nail olacağıq. Çünki artıq məruzə edilən məsələlər göstərir ki, hər bir sahə üzrə çox ciddi addımlar atılır. Büdcə gəlirlərimiz artır, makroiqtisadi vəziyyət sabitdir, islahatlar öz nəticəsini verir, biznes mühiti yaxşılaşır. Yəni, biz bütün sahələrdə islahatların uğurlu nəticələrini görürük. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar öz nəticəsini verir, icbari tibbi sığorta ilə bağlı görülən işlər gözəl nəticə verir. İki ildir ki, bu proqram icra edilir və pilot layihələr insanları razı salır, vətəndaşlar razıdır, həkimlərin əməkhaqqı qalxır. Yəni, bu, ciddi addımlardır və göstərir ki, biz hər bir sahədə yeni addımlar atmalıyıq, dünyanın ən mütərəqqi təcrübəsini Azərbaycana gətirməliyik, tətbiq etməliyik və nəticə etibarilə daha da uğurlu inkişaf modeli ortaya qoymalıyıq.

Ümumiyyətlə, deyə bilərəm ki, biz hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işləyirik, bu proses başlanmışdır. Bu prosesə qabaqcıl beynəlxalq mütəxəssislər, alimlər cəlb ediləcək ki, yeni inkişaf strategiyamız uğurlu olsun və gözəl nəticələrə gətirib çıxarsın. Bu günə qədər görülmüş işlər bunun üçün gözəl zəmin yaratdı. Biz əsas infrastruktur layihələrini icra etdik. Qeyd etdiyim kimi, növbəti beşillik proqram – Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu gün hələ də görə bilmədiyimiz bütün layihələri icra edəcəyik. Bu, möhkəm bir zəmindir. Biz bu zəmin üzərində yeni iqtisadi inkişaf modeli qurmalıyıq və qururuq. Bizdə həm təcrübə, həm də iradə var. Deyə bilərəm ki, aparıcı beynəlxalq maliyyə qurumları bizim bu siyasətimizi dəstəkləyir. Mənim həm Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumlarının rəhbərləri ilə keçirdiyim çoxsaylı görüşlər göstərir ki, aparılan islahatlara bu qurumlar tərəfindən çox böyük dəstək var. Onlar da öz tərəfindən dəstəyini bundan sonra da göstərmək, bu işləri bizimlə birlikdə görmək istəyirlər. Biz də bunu istəyirik və onların təcrübəsi, o qurumlarda fəaliyyət göstərən mütəxəssislər, əlbəttə ki, bu işlərə cəlb olunacaqdır. Beləliklə, biz indiki yol xəritələrinin icrasını uğurla başa vurmalıyıq və 2021-2025-ci illəri əhatə edən yeni proqramı işləyib təqdim etməliyik”.

O ki qaldı, digər məsələlərə, İlham Əliyev bildirib ki, ilin sonuna qədər elektrik enerjisi ilə bağlı modernləşdirmə prosesi davam etdiriləcək: “Mövcud stansiyaların potensialının gücləndirilməsi üçün işlər aparılır. Yenidənqurma, bərpa, modernləşmə işləri nəticəsində biz mövcud stansiyalarda ən azı 400-500 meqavat əlavə enerji gücü əldə edə bilərik. Artıq bütün hesablamalar var və əminəm ki, biz bu işdə uğur qazanacağıq. Beləliklə, hesab edirik ki, ancaq modernləşmə nəticəsində bir böyük yeni stansiya qurulacaq. Əgər biz “Şimal-2” stansiyasının tikintisini də əlavə etsək, – o da təqribən 400-500 meqavat gücünə malik stansiya olacaq, – bizim enerji potensialımız daha da artacaq və ölkəmizin artan sənaye potensialı, artan əhali əlbəttə ki, gələcəkdə də etibarlı qaydada elektrik enerjisi ilə təmin ediləcəkdir.

Giriş sözümdə qeyd etdim ki, qazlaşdırma Azərbaycanda ən yüksək səviyyədədir və bu il də qazlaşdırma ilə bağlı işlər aparılır. Biz imkanlardan maksimum istifadə etməliyik ki, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkək. Şəhərlərdə bəzi yerlərdə qazın təzyiqi aşağıdır və bu məsələ ilə bağlı müvafiq göstərişlər verildi, işlər görülür ki, əhaliyə keyfiyyətli qaz verilsin. Eyni zamanda, “Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərə də son qoyulmalıdır. Çünki mənə məlumat verilir ki, “Azəriqaz” özü birtərəfli olaraq hansısa qaydalar tətbiq edir və bəzi hallarda insanlara problemlər yaradır. Buna son qoyulmalıdır və burada maksimum şəffaflıq, ədalət olmalıdır. Çünki yerlərdən belə siqnallar gəlir ki, həm sayğaclarla, həm qazın keyfiyyəti ilə bağlı problemlər var, bunlar tamamilə aradan qaldırılmalıdır. Bütün sahələrdə – elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olmalıdır.

İçməli su layihələrinin icrası ilə bağlı deyə bilərəm ki, bu günə qədər 38 şəhərdə bu layihələr başa çatıb. Əvvəlki illərdə su ilə təmin edilməyən 38 şəhərə biz təmiz içməli su xətləri çəkdik ki, suyun keyfiyyəti Dünya Səhiyyə Təşkilatının standartlarına uyğundur. Bu ilin sonuna qədər əlavə 5 şəhərdə bu layihələr başa çatmalıdır və 12 şəhərdə işlər davam edir. Növbəti illərdə onlar da başa çatacaq”.

Prezident deyib ki, son illərdə meliorativ tədbirlərin həyata keçirilməsi geniş vüsət alıb: “Biz bir neçə il ərzində yüz minlərlə hektar yeni torpağa su xətləri çəkdik. Bu il biz ən azı əlavə 70 min hektara su xətləri çəkib, orada da meliorativ tədbirləri yaxşılaşdıracağıq. Minimum 1000 kilometr avtomobil yolu çəkilməlidir. Minimum ona görə deyirəm ki, biz ilin əvvəlində bu hədəfi götürmüşdük. Ancaq yerlərdən gələn təkliflər və müraciətlər deməyə əsas verir ki, bu problem hələ də mövcuddur, baxmayaraq ki, 15 min kilometr avtomobil yolu çəkmişik. Ona görə də həm Bakı şəhərində, həm Bakı qəsəbələrində, – bildiyiniz kimi, indi bu işlər geniş vüsət alıb, – və bölgələrdə əlavə tədbirlər görüləcək. Bu proses su xətlərinin çəkilişi ilə uzlaşmalıdır. İlk növbədə, kommunikasiyalar, su xətləri çəkilməlidir, ondan sonra yollar. Yəni, biz bu işləri paralel şəkildə görürük.

Mən qeyd etdim ki, Azərbaycan bu gün xarici sərmayələrin qoyuluşu üçün öz imkanlarını təqdim edir və bu, hər bir ölkə üçün çox önəmli məsələdir. Şadam ki, qeyri-neft sektoruna investorlar tərəfindən böyük maraq var. Burada əsas məsələ bürokratik əngəlləri aradan götürməkdir. Biz potensial investoru cəlb etməliyik, investoru axtarmalıyıq, ona sübut etməliyik ki, Azərbaycana sərmayə qoysun. Ancaq bəzi hallarda hansısa yerli və ya xarici şirkət investisiya qoymaq istəyəndə onun qarşısında süni, bürokratik və digər əngəllər yaradılır. Bu, tamamilə qəbuledilməzdir, buna yol vermək olmaz. İnvestisiyaların cəlb edilməsi hər bir ölkənin iqtisadi inkişafı üçün əsas şərtlərdən biridir. Azərbaycanda dövlət investisiyaları qoyulur və qoyulmalıdır. Ancaq biz çalışmalıyıq ki, özəl sektor daha da böyük həvəslə investisiyalar qoysun. Biz buna nail oluruq və nail olacağıq. Dövlət hər zaman bu sahədə öz dəstəyini göstərəcək”.

İlham Əliyev vurğulayıb ki, bu il məcburi köçkünlər üçün yeni yaşayış binalarının tikintisi nəzərdə tutulur: “Bildiyiniz kimi, son illərdə yüzdən çox köçkün şəhərciyi salınıb. Biz 10 ildən çoxdur ki, çadır şəhərciklərini ləğv etdik və məcburi köçkünlərə yaxşı şərait yaratdıq. Ancaq hələ də ağır vəziyyətdə yaşayan köçkünlər var və onların problemlərinin həlli bizim üçün əsas məsələlərdən biridir. Keçən il 6 min köçkün ailəsi üçün yeni müasir evlər tikilib, mənzillər təqdim edilib. İlin əvvəlində təqribən 6 min köçkün ailəsi üçün mənzillərin tikintisi nəzərdə tutulurdu, biz bu mənzillərin, evlərin sayını artıracağıq. Artıq müvafiq göstərişlər verildi, əlavə vəsait ayrılıb və işlər başlamışdır. Burada da ədalət əsas prinsip olmalıdır və bu gün bu prinsip təmin edilir”.

Dövlətimizin başçısı əlavə edib ki, bu il şəhid ailələrinə dövlət tərəfindən ən azı 800 mənzil veriləcək: “Bütövlükdə, 6500-dən çox şəhid ailəsi dövlət tərəfindən mənzillə təmin olunub. Qarabağ müharibəsi əlillərinə bu il ən azı 600 minik avtomobili veriləcəkdir. Bu günə qədər 6200 avtomobil verilibdir. Onu da bildirməliyəm ki, bu həcmdə bu təcrübə ancaq Azərbaycanda mövcuddur. Biz bu işləri ardıcıl şəkildə görürük və görməliyik. Ona görə bizim bu sahədəki siyasət bir daha onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz ağır, çətin vəziyyətdə yaşayan insanlara mütləq kömək etməliyik və edirik. Qeyd etdiyim rəqəmlər bunun əyani sübutudur”.

Prezident qeyd edib ki, iş yerlərinin yaradılması Azərbaycanda daimi proses olmalıdır: “Son 15 il ərzində 2 milyon iş yeri yaradılmışdır. Ancaq, eyni zamanda, bu müddət ərzində əhali 1,7 milyon artmışdır. Bu, çox müsbət haldır. Bildiyiniz kimi, bu il 10 milyonuncu vətəndaş dünyaya gəlib. Artıq biz 10 milyonuq. Bu, tarixi nailiyyətdir. Əlbəttə ki, bu, ölkəmizi gücləndirir, potensialımızı artırır. Ancaq, eyni zamanda, artan əhali infrastruktur layihələrinin, iş yerlərinin yaradılması üçün əsas şərtdir. Çünki uşaq bağçaları, məktəblər tikilməlidir, infrastruktur layihələri icra edilməlidir. Sovet vaxtında yaradılmış infrastruktur ovaxtkı əhaliyə hesablanmışdı. İndi Bakı şəhəri böyüyüb, əhalisi artıb, rayonlarda da əhali artıb. Ona görə bu məsələyə biz daim diqqət göstərməliyik. Misal üçün, bir çox infrastruktur layihələri, o cümlədən içməli su layihələri artan əhalini nəzərə almaq şərtilə 2030-cu ilə qədər hesablanıb.

Yenə də deyirəm, iş yerlərinin yaradılması üçün sərmayə qoyuluşu əsas vəzifədir. Dövlət tərəfindən yaradılan iş yerləri, sadəcə olaraq, sosial xarakter alır. Biz bunu edirik və edəcəyik. Ancaq bu missiyanı özəl sektor sərmayə qoyuluşu hesabına öz üzərinə götürməlidir. Sərmayə qoyuluşu olmasa, iş yerləri necə yaradıla bilər?! Dövlət daim iş yerlərini yarada bilməz. Biz, sadəcə olaraq, işsizliyin azaldılması üçün bu işləri görürük. Bildirməliyəm ki, bu il 40 min ödənişli ictimai iş yeri açılır. Mənə verilən məlumata görə, artıq 35 min insan bu il ödənişli ictimai işlərlə təmin edilib. Bu, yenə də deyirəm, sosial təşəbbüsdür, sosial dəstəkdir. Ancaq özəl sektor, ilk növbədə, sərmayə qoymalıdır, iş yerləri yaratmalıdır və rəqabətqabiliyyətli məhsul istehsal etməlidir”.

İlham Əliyev deyib ki, iş yerlərinin yaradılması üçün, əlbəttə ki, vacib amillərdən, vasitələrdən biri özünüməşğulluq proqramıdır: “Biz buna da başlamışıq. Bu proqram çox böyük rəğbət qazanıb. Biz hər il özünüməşğulluq proqramı çərçivəsində təqribən 7 minə yaxın insanı işə cəlb etmək fikrindəyik. Ancaq yerlərdən gələn sifarişlər qat-qat çoxdur. Bunu biz nəzərə almalıyıq və öz planımıza düzəlişlər etməliyik. Bu, əlbəttə ki, təkcə maliyyə vəsaiti tələb edən məsələ deyil, burada bir çox texniki məsələlər, vasitələrin alınması var, ondan sonra, nəzarət mexanizmi tətbiq edilməlidir. Bəzən müəyyən vasitələr vətəndaşlara veriləndən sonra bəzi vətəndaşlar o vasitələrdən səmərəli şəkildə istifadə edə bilmirlər və bu imkanı əldən verirlər. Ona görə burada, əlbəttə ki, dövlət tərəfindən həm tövsiyə verilməlidir, – mən bilirəm ki, treninqlər də keçirilir, – eyni zamanda, nəzarət də kifayət qədər güclü olmalıdır. Azərbaycanda özünüməşğulluq proqramının həm məşğulluq, həm iqtisadi inkişaf, həm də istehsal baxımından çox böyük gələcəyi var. Onu da bildirməliyəm ki, aparıcı beynəlxalq maliyyə qurumlarının, misal üçün, Dünya Bankının, digər bankların rəhbərləri ilə görüşlər əsnasında bu məsələni də mən qaldırmışdım və onlarda da buna böyük maraq var. Biz onları cəlb etməliyik. Bizim indi maliyyə imkanlarımız var. Ancaq təcrübə baxımından, onlarda olan təcrübə bizdə yoxdur. Çünki biz bu işə təzə başlamışıq, onlar isə dünyanın müxtəlif yerlərində bu proqramı təşviq edirlər. Ona görə özünüməşğulluq proqramına daim diqqət göstərilməlidir. Mən bu mövzu ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişəm. Məhz ona görə ki, bu, çox vacib məsələdir”.

Azərbaycan Prezidenti qeyd edib ki, bu il maaşlar, pensiyalar artırıldı və bu proses davam etdiriləcək: “Mən bildirmişəm, biz bu məsələni daim diqqətdə saxlayırıq. Qeyd etdim ki, son 15 il ərzində maaşlar və pensiyalar dəfələrlə artıb. Ancaq bu, bizi tam qane edə bilməz. Ona görə, bundan sonra da minimum əməkhaqqı, minimum pensiya və digər sosial müavinətlərin artırılması nəzərdə tutulur. İmkan daxilində biz bunu edəcəyik. Bu sahədə öz siyasətimizi ardıcıl şəkildə aparacağıq.

Sosial infrastrukturla bağlı, – bu da daim diqqət mərkəzində olan məsələdir, – bildirməliyəm ki, bu il 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcək, o cümlədən modul tipli məktəblər. Bunun da çox böyük faydası var, xüsusilə ucqar kəndlərdə. Bu məktəblər həm tez bir zamanda ərsəyə gəlir, həm də keyfiyyət baxımından çox yüksək standartlara cavab verir. Beləliklə, hesab edirəm ki, biz qəzalı məktəblər problemini bu il, uzaqbaşı gələn il həll edəcəyik. Yəni, Azərbaycanda bir dənə də olsun qəzalı məktəb olmamalıdır. Bu istiqamətdə böyük işlər görülüb və görüləcək”.

İlham Əliyev bildirib ki, bu il 10-a yaxın yeni mərkəzi rayon xəstəxanası fəaliyyətə başlayacaq. Beləliklə, Azərbaycanda bir dənə də şəhər, rayon olmayacaq ki, orada ən müasir standartlara cavab verən tibb mərkəzi olmasın:

“Üç olimpiya idman mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulurdu, onlardan biri artıq açıldı. Altı milyon insan dövlət hesabına tibbi müayinədən keçəcəkdir. Bu da bizim təşəbbüsümüzdür, çox ciddi sosial addımdır və vətəndaşlar bundan faydalanırlar. Hər bir vətəndaş il ərzində öz sağlamlığına fikir verməlidir və müayinədən keçməlidir. Dövlət bu şəraiti yaradıb. İlk növbədə, hər bir yerdə müasir avadanlıqlar var. Eyni zamanda, dövlət hesabına bu məsələ öz həllini tapır.

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı artıq qeyd etdim ki, 3 pilot layihənin təcrübəsi çox müsbətdir. Artıq məruzədə də səsləndi ki, biz indi genişmiqyaslı proqramın icra edilməsinə hazırıq. Bu da çox ciddi sosial addım olacaqdır”.

Prezident vurğulayıb ki, Bakı şəhərində nəqliyyat-təsərrüfat problemlərinin həlli üçün əlavə tədbirlər nəzərdə tutulur, şəhər nəqliyyatı təkmilləşir: “Bu il 300 ən müasir avtobusun Bakıya gətirilməsi nəzərdə tutulur. Beləliklə, bu, şəhər nəqliyyatına böyük töhfə olacaqdır. Şəhərə yeni metro vaqonları gətiriləcəkdir. Yüzlərlə yeni lift quraşdırılacaq. Bu məqsədlər üçün dövlət büdcəsində vəsait nəzərdə tutulur. Şəhərətrafı dəmir yolunun çəkilişi prosesi davam etdirilir. Bu da şəhər nəqliyyatının işini böyük dərəcədə yaxşılaşdıracaqdır”.

İlham Əliyev bildirib ki, bu il Ağsu, İsmayıllı, Şamaxı rayonlarında baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması üçün fəal işlər gedir: “Müntəzəm olaraq mənə məruzə edilir. Minlərlə yeni ev tikilib əsaslı təmir ediləcək. Dövlət vəsaiti ayrıldı. Yenə də demək istəyirəm ki, biz bu məsələyə çox operativ şəkildə yanaşdıq. Vətəndaşların problemlərini nəzərə alaraq çalışmalıyıq ki, bu işlər tez bir zamanda başa çatsın. Halbuki bu, ağır işdir, ilk növbədə, təhlil aparılmalıdır, komissiya işləməlidir, dəymiş ziyanın həcmi müəyyən edilməlidir və tikinti işləri aparılmalıdır. Əlbəttə ki, bu, zaman tələb edən bir məsələdir. Həm dövlət qurumları, həm də özəl sektor bu işlərə qoşulub. İşlər indi geniş vüsət alıb. Həm vətəndaşların evləri təmir olunur, yeni evlər tikilir, həm də çoxmərtəbəli binaların tikintisi başlamışdır. Çalışmalıyıq ki, bu məsələ də qısa müddət ərzində öz həllini tapsın. Mən bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişdim. Bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrdə bu işləri sığorta şirkətləri görür. Vətəndaşın evi sığortalıdır, sığorta pulunu alır, gedir özü üçün ev tikir. Nəzərə alsaq ki, bizdə belə deyil, dövlət bu məsələni öz üzərinə götürür. Bir daha demək istəyirəm ki, ən gözəl nümunə göstərən ölkələrdən biri Azərbaycandır, həm keyfiyyət, həm müddət, həm operativlik və həm də vətəndaşlara qayğı baxımından.

Ona görə Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır. Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar. Müvafiq icra orqanlarının rəhbərlərinə və məsul şəxslərə göstəriş verildi ki, onlar daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar. İcra başçıları qəsəbələrdə, kəndlərdə olmalıdırlar, vətəndaşların problemlərini eşitməlidirlər, onlara biganə qalmamalıdırlar, onlara şərait yaratmalıdırlar, onlara dəstək olmalıdırlar, kömək göstərməlidirlər. Bu sahədə çox ciddi islahatlar aparılır və aparılacaq”.

İlham Əliyev bildirib ki, ümumiyyətlə, idarəetmə sahəsində islahatların aparılmasına böyük ehtiyac var: “Mən bunu demişəm, bu gün də, əvvəlki çıxışlarda da. Hər bir sahədə inkişaf üçün böyük meydan var. Hər bir sahədə, əgər o sahəyə rəhbərlik edən insanlar öz işinə vicdanla yanaşarlarsa, mütləq nəticə də olacaq. Bu, ictimaiyyət tərəfindən də mütləq yüksək qiymətləndiriləcək. Ona görə bir daha demək istəyirəm ki, yerli və mərkəzi icra orqanlarının nümayəndələri daim vətəndaşların problemləri ilə məşğul olmalıdırlar.

Biz regional inkişaf proqramını böyük dərəcədə yerlərdən gələn məktublar, sifarişlər əsasında formalaşdırmışıq. Hansı problemlər insanları narahat edir, biz o problemləri də dövlət proqramına salmışıq və onları həll edirik. Amma bəzi hallarda bu layihələrin icrası ilə bağlı da bir çox qüsurlar, bir çox çatışmazlıqlar olur. Bunlar aradan qaldırılmalıdır. Əlbəttə ki, ictimai nəzarət daha da güclü olmalıdır”.

Prezident deyib ki, ölkəmizdə makroiqtisadi vəziyyət sabitdir: “Mən qeyd etdim, inflyasiya aşağı səviyyədədir – 2 faizdən bir qədər çoxdur. Manatın məzənnəsi sabitdir. Belə olan halda, əlbəttə ki, süni qiymət artımına yol vermək qətiyyən olmaz. Bəzi hallarda bəzi məhsulların qiymətlərində artım olur. Bunun heç bir əsası yoxdur. Bəzi hallarda mövsümi xarakter daşıyır. Amma bəzi hallarda qiymətlər süni şəkildə artırılır. İndi ölkə iqtisadiyyatında canlanma var. İnsanların alıcılıq qabiliyyəti artır. Biz bunu indi statistik göstəricilərdən görürük. İndi istehlak bazarına nəzarət edən qurumlar bunu görür. Maaşlar, müavinətlər artır, problemli kreditlərlə bağlı ödənişlər başlamışdır. Ancaq biz imkan verə bilmərik ki, bundan hansısa natəmiz adamlar, möhtəkirlər istifadə etsinlər, qiymətləri süni şəkildə qaldırsınlar, yaxud da ki, hansısa bir inhisarçılıqla məşğul olsunlar. Ona görə istehlak qiymətlərinə daim nəzarət olmalıdır. Süni qiymət artımına qətiyyən yol verilməməlidir. Müvafiq qurumlar bu işlərlə çox ciddi məşğul olmalıdırlar”.

İlham Əliyev qeyd edib ki, sənaye istehsalı sahəsində iri sənaye müəssisələrinin yaradılması prosesi yaxşı nəticələr verir: “Ancaq biz çalışmalıyıq ki, kiçik, orta sənaye müəssisələri daha da fəal olsun, həm yeniləri yaradılsın, həm də fəaliyyətdə olan sənaye obyektləri öz işini təkmilləşdirsinlər ki, rəqabətqabiliyyətli məhsullar istehsal olunsun. Bu, həm iş yerləridir, həm yerli istehsaldır, idxaldan asılılığın aradan qaldırılmasıdır. Sənaye parklarının bu sahədə böyük əhəmiyyəti var. Bizdə sənaye parklarında, sənaye zonalarında 60-a yaxın rezident var. Bu parklara, zonalara artıq 3,3 milyard dollar sərmayə qoyulub. Əgər biz sənaye parklarını yaratmasaydıq, bu vəsait də qoyulmazdı. Orada güzəştli şərtlər tətbiq olunur, investorlar vəsait qoyur, iş yerləri yaradır və nəticə etibarilə ölkəmiz inkişaf edir.

İnşaat sektorunun inkişafına biz daha böyük diqqət göstərməliyik. İnşaat sektorunda hazırda canlanma var. İnşaat sektorunda minlərlə, on minlərlə insan işləyir. Hazırda Bakı şəhərində 400-ə yaxın çoxmərtəbəli bina tikilir. Bu, onu göstərir ki, bu sektorda çox böyük canlanma, irəliləyiş var, tikinti materiallarının istehsalı artır. Yəni, inşaat sektoru iqtisadiyyat üçün çox böyük əhəmiyyət daşıyan sahədir. Burada, əlbəttə ki, dövlət tərəfindən sahibkarlara tam dəstək verilməlidir, bütün bürokratik əngəllər aradan qaldırılmalıdır. Əlbəttə ki, sahibkarlar da dövlət nəzarəti altında bütün memarlıq və şəhərsalma qaydalarına əməl etməlidirlər”.

Dövlət başçısı söyləyib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə birinci sosial evlər layihəsi uğurla başa çatıb: “Yasamal yaşayış kompleksi istifadəyə verilib. Mən bu kompleksin açılışında olmuşam. İndi isə ikinci layihə icra edilir – Hövsan qəsəbəsində. Orada indi 3 minə yaxın mənzil inşa edilir. Bu qurum – MİDA mənim təşəbbüsümlə yaradıldı və məhz sosial məna daşıyan bir layihədir. Sosial evlərin tikintisi minlərlə ailənin mənzillə təmin edilməsi üçün şərait yaradır. Bu, minlərlə iş yeri yaradır və eyni zamanda, inşaat sektoruna böyük təkan verir. Yəni, təkcə bir yaşayış kompleksində 3 minə yaxın mənzilin tikintisi görün nə qədər insanı bu işlərə cəlb edir, nə qədər sahibkarı işlə təmin edir.

Kənd təsərrüfatı ilə bağlı aparılan islahatlar haqqında məruzə edildi. Bu sahə də daim diqqət mərkəzindədir. Bildiyiniz kimi, dövlət bu sahəyə çox böyük dəstək, yardım göstərir. Güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar, texnika verilir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə dünya miqyasında fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir. Həm də onlardan vergilər də tutulmur, torpaq vergisi istisna olmaq şərti ilə. Yəni, bu sahəyə maksimum dəstək verilir. Bu sahədə aparılan islahatlar, əminəm ki, daha da böyük nəticələrə gətirib çıxaracaq. Hesab edirəm ki, idiki 3,6 faiz artım bizim potensialımızı tam əks etdirmir. Çünki bu qədər işlər görülür – həm meliorativ tədbirlər, həm dövlət tərəfindən dəstək. Fındıqçılıq, üzümçülük, pambıqçılıq, taxılçılıq, meyvəçilik, tərəvəzçilik sahəsində görülən işlər indi burada məruzədə də səsləndi. Yəni, bizim istehsalımız və ixracımız böyük dərəcədə artır. Mən hesab edirəm ki, görülmüş işləri və islahatları nəzərə alsaq kənd təsərrüfatında artım daha da yüksək ola bilər”.

İlham Əliyev bildirib ki, Azərbaycanda kənd təsərrüfatı texnoloji sahəyə çevrilməlidir və burada yeni mexanizmlər, o cümlədən aqrar sığorta mexanizmi tətbiq edilməlidir: “Bununla paralel olaraq, biz kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı düşünməliyik. Mən tapşırıq verirəm ki, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə işləsinlər. Bəlkə işçi qrup da yaradıla bilər ki, kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı təkliflər hazırlansın. Hər bir kənd üzrə belə proqram ola bilər. Biz investisiyaları daha çox şəhərlərə cəlb edirik. Ancaq kəndlərin yeni inkişaf konsepsiyası hazırlanmalıdır.

Əlbəttə ki, mən bütün bu işlərdə sahibkarların rolunu qeyd etmək istərdim. Son vaxtlar Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb. Mən sahibkarları daim dəstəkləyirəm, sahibkarlarla çoxsaylı görüşlərdə onlara öz dəstəyimi ifadə edirəm, dövlət onları dəstəkləyir, həm güzəştli kreditlərlə, həm tövsiyələrlə və yaradılmış şəraitlə. Əgər infrastruktur layihələri olmasa idi, sahibkar investisiya qoya bilməzdi. Əgər işıq, qaz, yol yoxdursa, hansı sahibkar harasa vəsait qoya bilər. Biz bunu yaratdıq, üstəlik kreditlər də verdik. Bu günə qədər sahibkarlara 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilmişdir. Təkcə bu il 170 milyon manat həcmində kredit veriləcək, əvvəllər verilmiş və qaytarılan kreditlər hesabına. Ona görə sahibkarlar bundan sonra da fəal olmalıdırlar və yeni müəssisələr, iş yerləri yaradılmalıdır. Mən onlara tövsiyə etmişdim ki, mövcud müəssisələrdə əlavə iş yerləri yaratsınlar. Çünki dövlət 40 min ödənişli ictimai iş yeri yaradır. Mənə verilən məlumata görə, sahibkarlar bu il təqribən 8 min ödənişli ictimai iş yeri yaradacaqlar. Bu, onlar üçün böyük bir yük olmayacaq, ancaq vətəndaşların məşğulluq problemini həll edəcək. Baxın, dövlət və özəl sektor ancaq bir il ərzində 50 minə yaxın ictimai iş yeri yaradacaq. Əlbəttə, biz gözləyirik ki, yeni müəssisələr, yeni sənaye sahələri yaradılsın və burada iş yerləri kifayət qədər çox olsun”.

Ptrezident deyib ki, bu il bölgələrdə beş “ASAN xidmət” mərkəzinin yaradılması nəzərdə tutulur və beləliklə, onların sayı 20-yə çatacaq: “Mənə verilən məlumata görə, Bakı şəhərində də yeni mərkəzlərin tikintisinə ehtiyac var. Çünki “ASAN xidmət”in funksiyalarının həcmi və müraciətlərin sayı artır, bəzi yerlərdə növbələr yaranır. Biz “ASAN xidmət”i məhz ona görə yaratdıq ki, bu, asan olsun, bu xidmət rahat olsun, növbə olmasın, heç bir pozuntu olmasın, şəffaf olsun. Buna nail olmuşuq. “ASAN xidmət”in bəyənmə əmsalı 100 faizə yaxındır. Ancaq nəzərə alsaq ki, funksiya genişlənir və müraciətlərin sayı artır, bəzi yerlərdə növbələr yaranır. Ona görə göstəriş vermişəm ki, – ilkin vəsait də ayrıldı, – Bakı şəhərində əlavə iki “ASAN xidmət” mərkəzi yaradılsın və beləliklə, onların sayı 22-yə çatacaq.

Görülmüş işlər deməyə əsas verir ki, biz düzgün yoldayıq. Buna heç bir şübhəmiz yoxdur. İqtisadi, sosial sahələrdə və bütün başqa sahələrdə islahatlar bundan sonra da aparılacaq. Bildiyiniz kimi, bu yaxınlarda məhkəmə-hüquq sahəsində islahatlarla bağlı müvafiq Fərman imzalanmışdır. Hesab edirəm ki, onun icrası bu sahədə də ciddi dönüşə səbəb olacaq. Yəni, biz gərək hər bir sahədə irəli gedək. Yeniliklər, müsbət təcrübə, dünyada mövcud olan ən mütərəqqi yanaşma Azərbaycanda tətbiq edilməlidir. Nəzərə almalıyıq ki, bizim neft-qaz sektorumuz da iqtisadiyyata böyük dəstəkdir. Nəzərə almalıyıq ki, biz indi nəqliyyat mərkəzlərindən birinə çevrilirik. Bu yaxınlarda Çində keçirilmiş “Bir kəmər, bir yol” Forumunda Azərbaycanın iştirakı bir daha onu göstərir ki, ölkəmiz bu önəmli layihənin tərkib hissəsidir. Bizim gəlirlərimiz artacaq, maliyyə və iqtisadi imkanlarımız daha da böyüyəcək.

Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, daim irəliyə baxmalıyıq. Əminəm ki, biz bu ili də uğurla başa vuracağıq, 2019-cu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu olacaq”.