“Azərbaycanda analoqu olmayan yeni təşkilat yaradacağıq”

Oruc Zalov: “İctimai polislə sovet dövrünün “drujinaçılar”ı arasında heç bir oxşarlıq yoxdur”
Azərbaycanda 2015-ci il 1 noyabr parlament seçkiləri ilə bağlı ATƏT/DTİHB-in Ehtiyacların Qiymətləndirilməsi Missiyasının hesabatına dair Analİtİk Təhlil
AİC çərçivəsində gömrük ittifaqının yaradılmasına Rusiyanın təsiri altında olmamaq istəyi mane ola bilər

Dalğa” Hərəkatının adı eşidiləndə ilk növbədə ağıla gələn “azad seks” layihəsi olur
– “İrəli” Gənclər Hərəkatının buraxılması ilə bağlı qərar cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Yeni yaranan təşkilatın buraxılmasına səbəb nədir və ümumilikdə, 2008-ci il “İrəli” Gənclər Hərəkatı üçün necə keçdi?
– 2008-ci ilin Azərbaycan üçün qaynar keçəcəyi əvvəlcədən bəlli idi. Çünki prezident seçkiləri ili idi və təbii ki, cəmiyyətdəki bir çox proseslər prezident seçkilərinə indeksləşmişdi. Yəni belə bir seçki əhval-ruhiyyəsi var idi. İqtisadiyyatda davamlı inkişaf oldu. Gömrük islahatları keçirildi. bizim arzuladığımız dəyərlərdən biri də liberal iqtisadiyyatdır. Bunun üçün də azad gömrük, azad vergi sistemi olmalıdır. Biz güman edirik ki, bu sahədə proqres daha da artacaq. Bu ili siyasətdə yeni siyasi mədəniyyət ili kimi qiymətləndirmək olar. Son seçkidə yeni siyasi mədəniyyət yarandı. Hərəkatımız üçün də 2008-ci il uğurlu sayıram, təşkilat öz pik nöqtəsinə çatdı. Bizim seçdiyimiz inkişaf modeli hərəkat formatında, xaotik inkişaf modeli idi. İearxiyaya əsaslanmayan bir idarəçilik prinsipi idi. Biz yaranan zaman proqnozlaşdırmışdıq ki, bu modellə təxminən 5 min gənci əhatə edə bilərik. Amma proqnozlarımızın üstündə bir rəqəmlə qarşılaşdıq, 6 min gənci əhatə etdik. Görünür, fəaliyyətimiz çox uğurlu oldu ki, cəmiyyətdə böyük bir ictimai sifariş yarandı və daha geniş təbəqələr “İrəli”də təmsil olunmaq istədilər. Xüsusən də gənclər və digər qruplar. Amma biz onların hamısını əhatə edə bilmirdik. Çünki bizim idarəçilik modeli artıq o qədər məhdud idi, bütün qrupları əhatə etmək imkanlarımız xaricində idi. Və biz hesab etdik ki, zirvədə olarkən yeni bir siyasi mədəniyyət nümayiş etdirərək vaxtında fəaliyyətimizə xitam verək və yaddaşlarda ən güclü hərəkat kimi qalaq. Eyni zamanda da nə özümüzü, nə də cəmiyyətimizi aldadaq. Bizim üçün əsas keyfiyyət prinsipi olub. həmişə idarə edə biləcəyimiz qədər insanla işləməyə üstünlük vermişik. Prezident seçkilərində hərəkatımızın brendlərindən biri İlham Əliyevin rəsmi brendi “İlhamla irəli” oldu. Bu da bizim üçün xüsusilə sevinc gətirən bir məsələ idi və bu “İrəli”nin Azərbaycanda bir az da tanınmasına səbəb oldu. Hərəkat bu vaxta qədər 550 layihə həyata keçirdi, 500-dən çox hərəkat üzvlərimizi 40-dan çox ölkədə müxtəlif kurslarda, proqramlarda iştirakını təmin etdik. Bunun özü böyük bir göstəricidir. 20 ali məktəbi, 30 regionu əhatə etdik. Amma hesab etdik ki, fəaliyyətimizin pikində getməliyik. 

– Qarşıdakı mərhələdə hansı addımlar olacaq. Yeni təşkilat yaratmaq fikriniz varmı?

– Hərəkatın fəaliyyəti dayanandan sonra böyük bir boşluğun yaranacağını bilirik. Çünki Azərbaycan cəmiyyətinə yeni simalar gətirdiyimizi bilirik. Yüzlərlə gənc lider gəldi və onlar 100-ə yaxın yeni təşkilatlar yaratdılar. Yəni bizə olan tələbatı qiymətləndirsək, bu gün üç istiqamətdə tələbat var. Biri odur ki, fərdi olaraq üzv olmaq istəyən çox sayda insan var, onları əhatə edəcək bir model haqda fikirləşməliyik. İkincisi, ictimai təşkilatlar kollektiv üzvlük barədə düşünürlər. “İrəli”ni fərdi inkişafla yanaşı, təşkilatları koordinasiya edən bir təşkilat kimi də görmək istəyənlər vardı. Üçüncüsü, Avropa və Amerikada olan üzvlərimiz orada yaxşı əlaqədədirlər və onlar “İrəli”nin xarici fəaliyyətinin dominantlıq təşkil edən təşkilat kimi görmək istəyirlər. Biz bir meqastrukturun yaradılması üzərinə işləyirik. Bunu bəziləri partiya, bəziləri fond kimi qiymətləndirirlər. Amma biz hələ formanı tam seçməmişik. Formanın necə olmasından asılı olmayaraq bu üç istiqaməti tam əhatə edəcəyik. Yəqin ki, yaxın günlərdə hansı modeli seçəcəyimizi müəyyənləşdirəcəyik. Bizim çox modellərimiz var, amma Azərbaycan qanunvericiliyi bu sahədə məhduddur. Qanun cəmi üç model təklif edir – partiya, fond və ictimai birlik. Biz də bu üçündən birini seçəcəyik.

– “İrəli” bu vaxta qədər hansı modeldə fəaliyyət göstərirdi?

– Yalnız hərəkat kimi fəaliyyət göstərib.

– Dövlət qeydiyyatından da keçmədiniz…

– Üç il ərzində qeydiyyatsız fəaliyyət göstərdik. Ən böyük problemlərdən biri də bu olub. Biz heç bir yerdə hüquqi şəkildə təmsil oluna bilmirdik. Çünki qanunvericilikdə bizim formatın mexanizmi yox idi. Biz məsələylə bağlı bazar günü toplantı keçirdik, bir daha müzakirə apardıq. Bu üç formadan birini seçməklə baza olaraq 6 min gənci götürməklə yeni bir təşkilat yaranacaq. Struktur çox geniş olacaq.

– Yeni təşkilatda yalnız gənclər olacaq, yoxsa yaşlı nəsilin də təmsilçilik imkanı var?

– Bu təkcə gəncləri əhatə etməyəcək. Bütün yaş qruplarını əhatə edə biləcək böyük bir təşkilat kimi yaranacaq. Qeyd edim ki, bu Azərbaycanda indiyə kimi analoqu olmayan bir qurum olacaq.

– “İrəli” çox populyarlaşdı. Həmişə belə fikir olub ki, bu təşkilatın arxasında bir görünməyən əl var və bu hakimiyyətdir. Sizin hakimiyyətlə məsafəniz nə qədərdir?

– “İrəli”ni hakimiyyətə bağlamaq analogiyası düzgün deyil. “İrəli” şəxsən İlham Əliyevi dəstəkləyən bir hərəkat olub. Amma hakimiyyətin içində elə insanlar olub ki, onların fəaliyyəti alqışlanıb, elə insanlar var ki, tənqid etmişik. Çünki “İrəli” Azərbaycanda yeni keyfiyyət, yeni simalar, Azərbaycanı sevən, ölkəyə bağlı, milli-mənəvi dəyərləri və müasirliyi özündə əks etdirən təşkilatdır. Biz kosmopolit gəncləri heç bir zaman aramıza buraxmamışıq. Bir gəncik ilk növbədə mənəvi bazası olmalı və eyni zamanda xarici dilləri bilməli, müasir texnologiyadan anlamalıdır. Bəzi təşkilatlar var ki, onlar kosmopolit, heç bir dəyəri özündə əks etdirməyən qrant təşkilatlarıdır. Üç il bizim üçün çox gözəl start idi. Bəzi analitiklər hətta “İrəli”ni bəzi siyasi partiyalardan daha güclü hesab edirdilər. Mən əminəm ki, yeni yaranacaq struktura insanların ümidləri daha böyük olacaq.

– Hökumətdə bəzi şəxsləri narazı olduğunuzu bildirirsiniz. Fikirlərinizi konkretləşdirə bilərsiniz?

– Mən adlar çəkmək istəmirəm. Bəzi problemlər var ki, onların dünyanın hər yerində var. Bəri problemlər spesfikdir, bəzi problemlər var ki, onlar yalnız bizdədir.

– Bizdə olan konkret problemlər hansılardır?

– Cəmiyyətdə sosial ədalət problemi var. Biz hesab edirik ki, cəmiyyətdə sosial ədalət olmalıdır. Bunun olması üçün təkcə prezidentin çalışması kifayət deyil. Bütün insanlar bunun üçün çalışmalıdır. Biz yeni mədəniyyətin formalaşmasını istəyirik. Bunlar hamısı elmin, təhsilin əsasında meydana gəlir. Biz hesab edirik ki, Azərbaycanda təhsil müasirləşməlidir. Bu gün Azərbaycanda təhsilin bizim arzu etdiyimiz səviyyədə olmaması təhsil nazirini günahı deyil. Bu hər birimizin günahıdır. Bir valideyn övladının əlinə pul verib məktəbə göndərirsə ki, o müəyyən güzəştlər əldə etsin, artıq burada cəmiyyətin bir sütunu dağıdılır. Cəmiyyət öz hüququnu tələb etməyi bacarmalıdır. Təhsil naziri ölkədəki 2 milyon valideynə, minlərlə müəllimə nəzarət edə bilməz. Bütün dünyada bu nəzarəti vətəndaşlar özləri həyata keçirir.

– Təşkilatın forması dəyişəndən sonra adında da dəyişiklik ediləcəkmi?

– Bəli, olacaq.

– Burada yenə də “İrəli” sözü olacaqmı?

– Hələlik bu barədə heç nə deyə bilmərəm. Bu yaxın günlərdə bəlli olacaq.

– Hərəkat fəaliyyətini dayandırandan sonra parlamentdə təmsil olunmağa hazırlaşmağınızla bağlı fikirlər səsləndi və hətta konkret rəqəmlər də göstərildi. Bu nə qədər həqiqətə uyğundur?

– Parlamentdən əvvəl bələdiyyə seçkiləri var və biz bələdiyyə seçkilərində də bir neçə min nəfər gənc namizədlə iştirak edəcəyik. Bələdiyyələrin bir çoxu hələ də öz fuksiyalarını başa düşə bilməyiblər, o cümlədən cəmiyyət də. Biz bunu izah eləməklə yanaşı, həm də bələdiyyələrdə geniş təmsil olunmağa çalışacağıq.

– Amma bələdiyyələrin də səlahiyyətləri geniş deyil…

– Əgər bələdiyyələr öz səlahiyyətlərini düzgün dərk etsələr. qanunda onlara kifayət qədər səlahiyyətlər və güzəştlər verilib. Doğru insanlar doğru yerdə təmsil olunmayanda həmişə problemlər olur. O cümlədən bələdiyyələrdə də. Harada olmağından asılı olmayaraq biz istəyirik ki, gənclərimiz təmsil olunsun. Bu gənclərin bələdiyyələrdə təmsilçiliyinə çalışacağıq. Parlamentdə nəyə görə təmsil olunmayaq? Bizim buna etirazımız ola bilməz ki. Əlbəttə bunu istəyənlər, namizədlər olacaq bizim də dəstəyimizi verəcəyik. Yəni ölkənin bir nömrəli ictimai-siyasi təşkilatı olmağı qarşımıza məqsəd qoymuşuq.

– Sizin təşkilatın parlamentdə təmsil olunmaq şansı nə qədərdir?

– Mən indidən bir söz deyə bilmərəm. Biz ifrat maksimalist, populist olmamaşıq. Konkret mərhələ olsun, seçkiqabağı vəziyyətə baxaq görək kimlər namizədliyini verəcək? Bəlkə bizdən heç kim namizəd olmayacaq. Bu barədə indidən bir söz demək olmaz. İndiki mərhələdə bələdiyyə seçkiləri barədə düşünürük.

– Bəzi təşkilatlar “İrəli”nin dayandırılması barədə ittihamlar səsləndirdilər. Məqsəd nədir, bu ittihamların kökündə nə dayanır?

– Mən bu məsələni çox təhlil etdim. “İrəli”nin öz məqsədlərin çatdığını elan etmişik. Bizim dayanmağımızla bağlı dolaşan versiyaların ən yaddaqalanı ya “İrəli”nin siyasi partiyaya çevriləcəyini bildirdilər, ya da “İrəli” fəallarının vəzifəyə təyinat alacaqlarını dedilər. Yəni bu o deməkdir ki, “İrəli”nin fəaliyyəti kifayət qədər aydın olub, böyük təşkilatdır. Anlayırlar ki, “İrəli”də olan resurs gələcəkdə daha səmərəli istifadə olunaq. O ki qaldı məqsədsiz təşkilatlar var ki, məsələn Dalğa Gənclər Hərəkatı -onlar öz səviyyələrinə uyğun münasibət bildirdilər. Onlar qeyri-adekvat münasibət bildirdilər. Baxmayaraq ki, “İrəli” buraxılandan 5 gün sonra “Dalğa” münasibət bildirdi. Məntiqli o olardı ki, bu məsələyə birinci növbədə gənclər təşkilatları münasibət bildirməli idilər. Amma 5 gün sonra nə üçün münasibət bildirilib, bunun səbəbini bilirəm. Ümumiyyətlə, “Dalğa” Hərəkatı adlı strukturun sözün əsl mənasında mövcudluğu şübhə doğurur. Çünki “Dalğa” Demokratik İslahatlar Partiyasının kiçik, həm də uğursuz bir layihəsidir. Bu qrant əsasında formalaşan hərəkatdır. Bəzi gənclər, bəzi belə liderlərin əlində marionet fiqurlara çevrilirlər. Onu da başa düşürük ki, bəzi adamların qardaşı Amerikada oturub gənclər adı ilə qrantlar alırlar və o qrantları realizə etmək üçün bəzən də belə bəyanatlar vermək lazım olur. “Yıxılanı vuraq” prinsipi ilə də “Dalğa” rəhbərliyi “İrəli”nin fəaliyyətinin dayanmasına münasibət bildirdilər. “Dalğa” sədrinin açıqlaması da DİP-in mətbəxində hazırlanıb. Asim Mollazadə digər partiyaların liderlərini yeni siyasi mədəniyyətə çağırır. Amma mən istərdim ki, başqalarını siyasi mədəniyyətə çağıran insan ilk növbədə buna özlərində başlasınlar. “İrəli” hərəkatı deyəndə milli-mənəvi dəyərlərlə bağlı layihələr göz önünə gəlir. Amma “Dalğa” deyəndə ilk növbədə ağıla “azad seks” layihəsi gəlir. Onların təbliğ etdiyi dəyər budur. /APA/