“Aspirantura sözünü yadınızdan çıxarın”

Azərbaycan ədliyyəsi uğurlu inkişaf yolundadır
Oruc Zalov: “İctimai polislə sovet dövrünün “drujinaçılar”ı arasında heç bir oxşarlıq yoxdur”
Azərbaycan tamaşaçısı daha çox hansı telekanallara və hansı verilişlərə baxır?

Azərbaycan Milli Məclisinin Elm və təhsil məsələləri daimi komissiyasının sədri “Təhsil haqqında” qanun layihəsinin detallarını açıqlayıb
Azərbaycan Milli Məclisinin Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyevin APA-ya müsahibəsi
– “Təhsil haqqqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə nə vaxt çıxarılacaq?
– Cəmiyyətdə belə bir fikir yaranmışdı ki, biz parlamentin payız sessiyasında da bu qanun layihəsini müzakirəyə çıxara bilməyəcəyik. Ancaq sənədin müzakirəyə çıxarılması ilə bağlı hazırlıqlar aparılır. Gələn həftənin əvvəli çox güman ki, qanun layihəsi komissiyada müzakirə ediləcək.

– Siz dəfələrlə bu məzmunlu açıqlamalar vermisiniz. Payız sessiyasının başa çatmasına isə cəmi on gün vaxt qalır…

– Parlamentin növbəti iclası dekabrın 19-da olacaq. Ondan sonra isə hələ iki iclas keçiriləcək. Məsələni bir qədər də konkretləşdirsək, dekabrın 26-da qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılacağını güman edirəm. Spiker Oqtay Əsədov mənə dedi ki, ehtiyac yaranarsa, qanun layihəsi iki iclas ardıcıl müzakirə oluna bilər.

– 2007-ci il dekabrın 27-də Milli Məclis “Təhsil haqqında” qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxarıb. Maraqlıdır, bir il ərzində sənəd üzərində hansısa ciddi dəyişikliklər aparılıbmı?

– Əvvəlcə deyim ki, həmin müddətdən bir il keçməsi qanunun nə dərəcədə mühüm əhəmiyyət kəsb etməsindən irəli gəlir. Bu çox məsuliyyətli işdir. Biz onu başa çatdırdıq. Birinci oxunuşdan sonra sənəddə çoxlu dəyişik edilib. Deputatların səsləndirdiyi iradlar, tövsiyələr və təkliflər nəzərə alınıb. Dövlət başçısının ali təhsilin Avropa təhsilinə inteqrasiyası və elmin inkişaf konsepsiyası haqqında sərəncamlarından irəli gələn vəzifələr sənəddə əksini tapıb. Daha çox Boloniya prosesinə uyğunlaşma istiqamətində qanunun müvafiq bölmələrində maddələr nəzərdə tutulub. Bir sıra maddələr isə sənəddən tamamilə çıxarılıb.

– Konkret hansı maddələrdən söhbət gedir?

– Ən çox irada səbəb olan maddələrdən… Bir sıra maddələrlə bağlı isə dəqiqləşdirmələr aparılıb. Əsas mübahisəyə səbəb olan təhsil işçilərinin, təhsil alanların və təhsil verənlərin geyim forması ilə bağlı məsələ isə artıq qanun predmeti deyil. Hər bir təhsil müəssisəsi həm geyim formalarını, həm də müxtəlif atributları sərbəst şəkildə müəyyənləşdirəcək.

– Təhsil müəssisəsi bu məsələni özbaşına necə həll edəcək?

– Bu gün Azərbaycanda müxtəlif strukturlar var ki, onların vahid geyim formaları müəyyənləşib. Bu məsələ təhsil müəssisəsinin rəhbərinin iradəsindən asılı olmayacaq. Kollektivin ümumi yığıncağında məsələ müzakirə edilərək qəbul ediləcək.

– Tutaq ki, hansısa məktəb ümumi yığıncaq etdi və şagirdlərin dərsə hicablı gəlməsinə icazə verən qərar çıxardı…

– Belə qərar olacaqsa, şagirdlər də dərsə hicablı gələcək. Yəni bundan narahat olmağa dəyməz. Heç kimin hüquqları əlindən alınmır. Burada tam demokratik yolla qərar çıxarılır.

– Cəmiyyətdə belə bir narahatlıq var ki, məsələ bu cür həll edilsə, hicablı tələbə və şagirdlərin sayı arta bilər.

– Yenə də deyirəm ki, bu məsələdən qorxmaq lazım deyil. Azərbaycan dünyəvi dövlətdir. Bu gün lazımi səviyyədə maarifləndirmə işləri aparırıq. Bizim 14 mindən çox gündüz təhsil alan tələbəmiz var ki, onların heç 10 nəfəri dərsə başıbağlı gəlmir. Biz qanunda elə maddələr nəzərdə tuturuq ki, bütün proseslər təhsil alanın sərbəst seçimi əsasında baş versin. Qanunda nəzərdə tutulub ki, tələbə qəbul olunduqdan sonra ixtisasını sərbəst seçəcək.

– Bəs təhsilin pillələri ilə bağlı mübahisəli məsələ necə həll edilib?

– Biz təhsili üç pilləyə bölmüşük. Hər üç pillə tam başa çatmış təhsil hesab olunur. Əvvəl deyirdilər ki, bakalavr yarımçıq ali təhsildir. Biz isə hesab edirik ki, bakalavr pilləsi də tam ali təhsil hesab olunmalıdır. Bundan sonra, magistratura pilləsi gəlir. Üçüncü pillə isə doktorantura hesab olunur. Doktoranturanın özünü də iki pilləli saxlamışıq. Yəni həm fəlsəfə və elmlər doktoru olmaq imkanı saxlanılır. Fəlsəfə doktorları elmlər namizədinə bərabər tutulur. Bütün bunlar qanun layihəsində səlis şəkildə əksini tapıb.

– Bəs aspirantura məsələsi necə olacaq?

– Aspirantura sözünü yadınızdan çıxarın. Yuxarıda dediyim kimi ali təhsil yuxarıda göstərilən üç pillədən ibarət olacaq.

– Qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılanda yenidən mübahisələr yaranmayacaq ki?

– Ola bilər ki, bu baş versin. Yəni təhsil prosesi yeniləşir, hər kəsin də bir dünya görüşü, baxışı var. Ola bilər, ortaya yeni məsələlər çıxsın. Konstruktiv təklifləri isə nəzərə alacağıq.

– Siz bu qanunun nə vaxt qüvvəyə minəcəyini düşünürsünüz?

– Hesab edirəm ki, yeni dərs ilinə qədər bu qanun qüvvəyə minməlidir. İkinci oxunuş indi yekunlaşsa, yaz sessiyasında üçüncü oxunuşdan keçirsək, deməli, qanunu yeni dərs ilinə çatdıra biləcəyik. Bilirsiniz, bu qanunda Azərbaycan təhsilinin yeni struktur modelini hazırlamışıq. Əsas məsələ Boloniya prosesindən irəli gələn doqquz kriteriyanın müəyyənləşdirilməsidir. Buraya təhsilin çox pilləliyi, keyfiyyəti, parametri, diplomların qarşılıqlı tanınması, karyeranın qurulması, fasiləsiz təhsil və digər məsələlər daxildir. Əsas məsələ odur ki, bu qanun qəbul edildikdən sonra Azərbaycan təhsilində qanundankənar heç bir proses baş verə bilməyəcək, bütün məsələlər qanunla tənzimlənəcək.

– Bu qanunla universitetlərin qanunsuz tələbə qəbulu aparmasının qarşısı almaq mümkün olacaqmı?

– Bu layihədə dövlət təhsil sənədi haqqında maddə var. Orada göstərilir ki, yalnız o ali məktəblərin diplomu beynəlxalq səviyyədə tanınacaq ki, həmin məktəblər qoyulmuş tələblərə cavab versin. Ümumiyyətlə, kiminsə hansısa yolla ali məktəbə qəbul olunması məsələsini arxivə atın. Qəbul siyasəti olacaq və bütün qəbullar bu siyasətə uyğun aparılacaq.

– “Təhsil haqqında” qanun qəbul edildikdən sonra tələblərə cavab verməyən ali məktəblər bağlana bilərmi?

– Qanun layihəsində yazılıb ki, bütün təhsil müəssisələri akkreditasiyadan keçməlidir. Akkreditasiyadan və attestasiyadan keçməyən heç bir ali təhsil müəssisəsinin diplomu respublikada tanınmayacaq. Eyni zamanda akkreditasiya və attestasiya həm yerli, həm də beynəlxalq səviyyədə olacaq. Dünyada xüsusi akkreditasiya qurumları var. Onlar göstəricilər sistemi ilə işləyir. Biz müraciət edəcəyik, onlar da gəlib burada universitetləri akkreditasiyadan keçirəcəklər. Yalnız ondan sonra diplomların tanınması və digər məsələlər haqqında danışmağa dəyər. Çünki artıq biz özümüz-özümüzü akkreditasiya edirik. Akkreditasiyadan keçən ali məktəbin diplomu beynəlxalq səviyyədə tam tanınacaq.

– Azərbaycanda 40-dan artıq ali təhsil müəssisəsi var. Onların hamısı bu akkreditasiyadan keçə biləcəklərmi?

– Mən hesab edirəm ki, Azərbaycanda paralel fəaliyyət göstərən bəzi universitetlərin birləşdirilməsi, böyüməsi yaxşı effekt verərdi. Akkreditasiya elə bir prosesdir ki, bu, ali məktəbin bütün strukturuna şamil olunur. Bu gün bütün universitetlər çalışır ki, bir neçə prestijli ixtisaslara tələbə qəbulu aparsın, amma onların hamısının maddi-texniki bazası, kadr potensialı və digər səbəblər qətiyyən keyfiyyətli təhsili təmin etməyə imkan vermir. Ola bilsin ki, belə ali məktəblər bağlansın. /APA/