«Azərbaycanda da sığorta şirkətləri dünya maliyyə böhranı ilə üzləşəcək»

Xəzəryanı ölkələr birgə əməkdaşlığa üstünlük verməlidir
Oruc Zalov: “İctimai polislə sovet dövrünün “drujinaçılar”ı arasında heç bir oxşarlıq yoxdur”
“Bölgədə əsl dialoq yalnız Azərbaycan torpaqlarının işğaldan xilas edilməsindən sonra başlaya bilər”

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Müşahidə Şurasının sədri Cəmil Məlikovun «APA-ECONOMICS»ə eksklüziv müsahibəsi
– Azərbaycan Sığortaçılar Assosiasiyasının 2008-ci ildə fəaliyyətinin nəticələrini necə qiymətləndirirsiniz və 2009-cu il üçün hansı tədbirlər planı nəzərdə tutulub?
– Azərbaycan Sığortaçılar Assosiasiyası 2008-ci il ərzində bir sıra nailiyyət əldə edib. Belə ki, ASA tərəfindən ötən il sığortaçıların icra aparatının yaradılması, iyul ayında beynəlxalq sığorta konfransının keçirilməsi, seminar və treninqlərin təşkili, həmçinin «Sığorta fəaliyyəti haqında» yeni qanunun hazırlanması kimi işlər görülüb. Bu il üçün nəzərdə tutulan əsas prioritet sahələrdən biri sığortaçılara yeni normativ tələblərdən irəli gələn müvafiq çətinliklərin həll olunmasında yaxından köməklik göstərmək və dövlət orqanları və ictimaiyyət qarşısında ASA-nın nüfuzunu daha da artırmaqdan ibarətdir. Bundan başqa, 2009-cu il ərzində ASA-nın müvafiq komitələrinin yaradılması və sığortaçıların dünya maliyyə böhranı ilə bağlı problemlərini həll etmək üçün təkliflər hazırlanması planlaşdırılır.

– Sığorta daxilolmaları və ödənişlərlə bağlı 2008-ci il üçün gözlənilən göstəricilər, həmçinin 2009-cu il üçün analoji proqnozlarla bağlı fikirlərinizi öyrənmək istərdik.

– Qeyd etmək istəyirəm ki, 2008-ci il ərzində ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 180 mln. manat sığorta haqqı, 47 mln. manat həcmində isə sığorta ödənişlərinin aparılacağı gözlənilir. Bu il isə sığorta haqlarının 220 mln. manata çatacağı proqnozlaşdırılır.

– «İcbari sığorta haqqında» qanun nə vaxt qüvvəyə minə bilər və sənədin tətbiqində hansı effekt gözlənilir? Ümumiyyətlə, bu istiqamətdə aparılan işlər hazırda hansı mərhələdədir?

– Ümumiyyətlə deyə bilərəm ki, artıq «İcbari sığorta haqqında» qanun layihəsi hazırdır və baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunub. Bu qanun sığorta bazarında daxilolmaların artırılmasına təkan verməsə də, sığortanın mahiyyətinə düzgünlük gətirəcək və Azərbaycanda məsuliyyət anlayışının formalaşmasına köməklik edəcək. Hesab edirəm ki, «İcbari sığorta haqqında» qanun artıq 2009-cu il ərzində qüvvəyə minə bilər.

– Hələ 2002-2004-cü illərdə Maliyyə Nazirliyinin təsisçiliyi ilə dövlət təkrarsığorta şirkətinin yaradılması planlaşdırılırdı, lakin sonradan bu istiqamətdə aparılan diskussiyalar səngidi. Bu məsələ ilə bağlı fikirlərinizi bilmək istərdik.

– Dünya praktikası göstərir ki, nəzarətedici orqanın özünün təkrarsığorta şirkəti yaratması bazar iqtisadiyyatına və demokratik prinsiplərə ziddir. Şübhəsiz ki, belə bir qurumun yaradılması Azərbaycanda baş tuta bilməz.

– Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən toplanan daxilolmaların hansı hissəsi xaricə təkrarsığortaya yönəldilir? Bunun minimallaşdırılması üçün hansı tədbirlər görülməlidir?

– Toplanan məcmu sığorta daxilolmalarının 37%-i xaricə təkrarsığortaya yönəldilir. Bunu minimallaşdırmağa heç bir ehtiyac yoxdur, çünki şirkətdə bir manatlıq sığorta haqqı saxlayanda, onun arxasında təxminən 100-500 manatlıq risk dayanır. Bunun üçün isə ən yaxşı praktika sığorta haqlarını xaricə təkrarsığortaya yönəltməkdir.

– Dünya maliyyə böhranının Azərbaycanın sığorta bazarına təsirini necə qiymətləndirirsiz və bu böhran sığorta bazarının daha çox hansı seqmentlərinə təsir göstərə bilər?

– Dünya maliyyə böhranı ilk növbədə banklara, istehlakçılara, ardınca istehsalçılara, şirkətlərə və hər bir işçiyə təsir göstərəcək. Odur ki, sığorta şirkətləri də bu problemlə üzləşəcək. Bu böhranın sığorta bazarına təsirinin minimallaşdırılması üçün sığortaçılar tərəfindən onun həlli yolları tapılmalıdır.

– Bu il ASA tərəfindən sığorta şirkətləri üçün nəzərdə tutulan üzvlük haqqının artırılması gözlənilirmi?

– Xeyr, biz dünya maliyyə böhranını nəzərə alaraq, üzvlük haqlarının azaldılmasına nail olmaq istəyirik. /APA/