Azərbaycanın siyasi partiyaları dövlət büdcəsindən nə qədər vəsait ayrılmasında maraqlıdırlar — SORĞU

Erməni tərəfi söz verib ki, minalanmış bütün ərazilərin xəritəsini bizə verəcək
Oruc Zalov: “İctimai polislə sovet dövrünün “drujinaçılar”ı arasında heç bir oxşarlıq yoxdur”
Azərbaycan və Estoniyanın enerji təhlükəsizliyi məsələlərinə baxışları oxşardır

Azərbaycanda «Siyasi partiyalar haqqında» yeni Qanun qəbul olunandan sonra dövlət qeydiyyatından keçən siyasi partiyaların maliyyələşdirilməsi üçün büdcədən vəsait ayrılması nəzərdə tutulur. TrendNews-un Azərbaycanın siyasi partiyaları arasında apardığı sorğu nəticəsində onların nə qədər vəsait ayrılmasında maraqlı olduğu müəyyənləşib.

İqtidaryönlü Vəhdət Partiyasının sədri Tahir Kərimli: Maliyyələşmə zamanı hakim Yeni Azərbaycan Partiyası ilə digər siyasi hərəkatlara eyni mövqedən yanaşılmayacaq. 6 milyon manat 20 partiya arasında bölünərsə, hər partiyaya, orta hesabla, 300 min manat düşür. Bu, optimal rəqəmdir. Düşünürəm ki, 300 min manatla hər bir partiya il ərzitndə normal fəaliyyət göstərə bilər. Məndə olan məlumata görə, 2009 – cu ilin büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsinə 6 milyon manat ayrılacaq. İndi YAP-dan başqa heç bir siyasi partiya özünü maliyyə ilə təmin edə bilmir. Büdcədən ayrılan vəsait hesabına rayon təşkilatlarını da maliyyələşdirmək olar. Yaxud seçkilərdə daha çox kontingentlə iştirak edər, daha çox təşviqat, təbliğat apara bilərsən. 

Müxalifətyönlü Müasir Müsavat Partiyasının sədri, prezidentliyə keçmiş namizəd Hafiz Hacıyev: Partiyaların rayon təşkilatlarının fəaliyyətini təmin etmək üçün ciddi maliyyə tələb olunur. Rayon təşkilatlarını maliyyələşdirmək, siyasi proseslərə daha aktiv qoşmaq üçün ildə minimum 700 – 800 min manat lazımdır. Seçki ilində isə, daha çox maliyyəyə ehtiyac yaranır.

Müxalif Böyük Quruluş Partiyasının başqanı, prezidentliyə keçmiş namizəd Fazil Qəzənfəroğlu: Partiyiamızın hərətərəfli fəaliyyətini təmin etmək üçün ayda dövlət büdcəsindən 20 -25 min manat ayrılması kifayət edər. Maliyyə yardımının hansı formada ayrılmasından da çox şey asılıdır. Düşünürəm ki, bundan əvvəl siyasi partiyalar qərargahla təmin olunmalıdır.

İqtidaryönlü Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadə: Partiyaların üzvlərinin sayından asılı olaraq, dövlət büdcəsindən vəsait ayrılmalıdır. Partiya üzvlərinin sayı nəzərə alınmamaqla, eyni miqdarda vəsaitin ayrılması ədalətsizlik olar. Bizi partiyanın üzvlərini saxlanması, rayon təşkilatlarının normal fəaliyyəti üçün il ərzində 50 min manat kifayət edər.

Müxalif Ümid Partiyasının sədri, prezidentliyə keçmiş namizəd İqbal Ağazadə: Azərbaycanda qeydiyyatdan keçən 50 partiya var. Məncə, reallıqları nəzərə alsaq, hər bir siyasi hərəkatın normal fəaliyyəti üçün ayda 20 -25 min manat maliyyə ayrılması normal olardı. Siyasi partiyalara büdcədən maliyyə ayrılanda, onların seçki proseslərində iştirak edib – etməməsi mütləq nəzərə alınmalıdır. Seçkilərdə iştirak edən partiyalar daha çox vəsait xərcləməli olurlar. Düşünürəm ki, «Siyasi partiyalar haqqında» yeni Qanunda bu məsələ mütləq əksini tapacaq.

Müxalif Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu: Dövlət büdcəsindən siyasi partiyalara ayrılacaq vəsaitin hansı prinsiplər əsasında bölünəcəyi prinsipial məsələdir. Partiyalara maliyyə ayrılması iki variantda ola bilər. Birincisi, qeydiyyatdan keçən siyasi hərəkatların ölkənin siyasi həyatında necə iştirak etməsi əsas götürülməlidir. İndi Azərbaycanda normal fəaliyyət göstərən 4 -5 partiya var. İkincisi, partiyaların parlament seçkilərindəki nəticələrini əsas götürmək olar. Partiyaların fəaliyəti üçün ildə 200 -300 min manat lazımdır. Əlbəttə, siyasi hərəkatların seçkilərdə iştirakı üçün də əlavə vəsait lazımdır. Pulun çox olması hər bir partiyanın fəaliyyət imkanların genişləndirəcək.

Müxalif Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı: Dövlət büdcəsindən ayrılacaq vəsait siyasi hərəkatların gücünə uyğun bölünməlidir. Partiyaların seçkilərdə göstərdikləri nəticələr də maliyyələşmə zamanı nəzərə alınmalıdır. Siyasi partiyaların siyasi proseslərə təsir imkanları, Azərbaycandakı və beynəlxalq ictimaiyyət arasındakı nüfuzu, ölkə ərazisindəki strukturları da əsas götürülməlidir. İndi ölkədə ciddi inflyasiya müşahidə olunur. Maliyyə vəsaiti nə qədər çox olarsa, daha ciddi layihələr həyata keçirmək mümkündür.

Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov məsələ ilə bağlı münasibət bildirməyin tez olduğunu deyib. /Trend/