Azərbaycan ilə UNESCO arasında səmərəli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

AIIB-də Azərbaycan üzrə alternativ direktor təyin edilib
Beynəlxalq Komissiyanın nümayəndələri itkin düşənlərin qalıqlarının məhkəmə-tibbi müayinəsi və eyniləşdirilməsi prosesi ilə tanış olublar
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşü olub

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov UNESCO-nun baş direktoru xanım Odre Azule ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təşkilatın mənzil-qərargahında keçirilən görüşdə E.Məmmədyarov UNESCO-nun baş direktorunu bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Söhbət zamanı UNESCO-nun beynəlxalq münasibətlərdə və müasir təhdidlərin qarşısının alınmasında mühüm rol oynadığı vurğulanıb. Nazir bu baxımdan UNESCO-nun Azərbaycan üçün önəmini qeyd edərək, ikitərəfli əməkdaşlığın güclənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın müstəsna rolunu diqqətə çatdırıb.

Görüşdə 2013-cü ildə Azərbaycan ilə UNESCO arasında imzalanmış Çərçivə Sazişi və onun əsasında yaradılmış beş milyon ABŞ dolları məbləğində Etimad Fondunun əhəmiyyətinə toxunulub. Bu Saziş çərçivəsində Azərbaycanın UNESCO-nun prioritet sahə kimi qəbul etdiyi Afrikada qızların təhsili üzrə, eləcə də digər ölkələrdə qeyri-maddi mədəni irsin qorunması, elm və texnologiyalar sahəsində maliyyələşdirdiyi layihələrin müəyyən edildiyi vurğulanıb.

Ölkəmizdə multikulturalizm və tolerantlıq ənənələri haqda həmsöhbətinə məlumat verən E.Məmmədyarov Azərbaycan ilə UNESCO arasında mədəniyyətlərarası dialoq sahəsində çox uğurlu əməkdaşlığın olduğunu bildirib.

Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlayan “Bakı Prosesi” barədə məlumat verib və bu il həmin uğurlu layihənin on illiyinin qeyd edildiyini diqqətə çatdırıb.

Xanım Odre Azule mədəniyyətlərarası dialoq sahəsində UNESCO-nun Azərbaycan ilə əməkdaşlığının vacib və təqdirəlayiq olduğunu diqqətə çatdıraraq, bu istiqamətdə birgə fəaliyyətin gələcəkdə də davam etdirilməsinin vacibliyini bildirib.

E.Məmmədyarov Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin nəzdində Beynəlxalq İnkişaf Agentliyi (AİDA) tərəfindən Qoşulmama Hərəkatına üzv ölkələrdə həyata keçirilən humanitar layihələr haqda məlumat verib. Nazir Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələr, xüsusilə də Afrika dövlətlərinə dəstək layihələrində UNESCO ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.

UNESCO-nun baş direktoru bu cür əməkdaşlığı alqışlayaraq, hazırda təşkilat üçün önəmli sahələrdən birinin Yaxın Şərqdə mədəni irsin bərpası olduğunu deyib.

Nazir Azərbaycanın mədəni irsin qorunması mövzusuna həssas yanaşdığını bildirib. O, Ermənistanın işğal etdiyi ərazilərimizdə mədəniyyət abidələrimizi məqsədyönlü şəkildə dağıtdığını və məhv etdiyini xüsusi vurğulayıb. E.Məmmədyarov ATƏT monitorinq missiyasının da bu faktları təsdiqlədiyini deyərək UNESCO-nun gələcəkdə bu monitorinq prosesinə qoşulmasının önəmini diqqətə çatdırıb.

Azərbaycanın xarici işlər naziri UNESCO-nun baş direktorunu ölkəmizə səfərə dəvət edib.