Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.
Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardan olan Aşıq Ələsgər aşıq poeziyasını zənginləşdirib. Həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərib. Dövrünün tanınmış görkəmli aşıqlarından dərs alan Aşıq Ələsgər özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərib. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edib və Azərbaycan ədəbiyyatında böyük iz buraxıb. Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri Aşıq Ələsgər yaradıcılığında özünü ən gözəl şəkildə büruzə verməkdədir.
Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Aşıq Ələsgər–200” adlı virtual sərgi hazırlanıb.
Milli Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu, eləcə də haqqında yazılan kitab və məqalələr təqdim olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Asiq_Elesger_200/index.htm linkindən istifadə edə bilərlər.
AZƏRTAC